Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Dörd Proqramın uğuru, Beşinci Proqramın astanasında...

Dörd Proqramın uğuru, Beşinci Proqramın astanasında...

26.01.2024 [10:00]

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları Prezident İlham Əliyevin iqtisadi siyasətinin mühüm hissəsini təşkil edir və bu proqramların müəllifi dövlətimizin başçısıdır. 2003-cü ildə keçirilmiş prezident seçkilərində seçicilərin böyük əksəriyyətinin etimadını qazanmış cənab İlham Əliyev andiçmə mərasimində bəyan etmişdir ki, Azərbaycan iqtisadiyyatının əsas istiqaməti onun neft strategiyasının həyata keçirilməsi, əldə olunan gəlirlər əsasında qeyri-neft sektorunun inkişafıdır. Bu məqsədlə regionlardakı iqtisadi ehtiyatların səfərbər edilməsi, yeni müəssisələrin yaradılması, bölgələrdə işsizlik probleminin aradan qaldırılması qarşıya hədəf qoyuldu. Verilən vədlərin yerinə yetirilməsinin ilk təməli 2004-cü ildə qoyuldu.

Həmin dövrdən başlayaraq regional inkişaf proqramları təsdiq edilərək həyata keçirildi. Regional inkişaf proqramı çərçivəsində ilk növbədə, infrastruktur layihələrinə başlanıldı. Çünki infrastruktur olmadan iqtisadi-sosial layihələri icra etmək çətindir. İnfrastruktur layihələrinə yönəlmiş böyük investisiyalar icra olunmuş 4 proqram çərçivəsində, yəni ötən 20 il ərzində mühüm nəticələrini göstərdi. Bu dövr ərzində ölkədə 30-dan artıq elektrik stansiyası tikilib istifadəyə verildi, 2004-cü ildə Azərbaycan elektrik enerjisini idxal edirdisə hazırda elektrik enerjisini ixrac edən ölkədir. Qazlaşdırma ötən dövrdə 51 faizdən 97 faizə çatdırılıb. İçməli su və kanalizasiya problemləri həll edilib. 2004-cü ildə ölkə üzrə fasiləsiz içməli su ilə təminat 26 faiz idi, hazırda bu, 75 faizdir. Bakı şəhərində 85, bölgələrdə isə 55 faizdir. Kənd təsərrüfatının inkişafı üçün böyük meliorativ tədbirlər görülüb. Son 20 il ərzində dörd su anbarı - Taxtakörpü, Şəmkirçay, Göytəpə və Tovuzçay su anbarları tikilib istifadəyə verilib. Meliorativ tədbirlər kənd təsərrüfatının inkişafına mühüm təsir edib. Yol çəkilişi geniş vüsət alıb və 15 min kilometrdən çox yol çəkilib, 500-ə yaxın körpü tikilib.

Beləliklə. infrastruktur layihələrinin uğurlu icrası regionların inkişafında əsaslı dönüş yaratdı.

Post-neft iqtisadiyyatına keçid, regional tarazlıq, sosial ədalət...

Dövlət Proqramları çərçivəsində regionlarda infrastrukturun bərpası və inkişafı, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatının yaxşılaşdırılması, səhiyyə və təhsil müəssisələrinin tikintisi, regionların sərvətlərindən və təbii şəraitindən səmərəli istifadə edilməsi kənd təsərrüfatı məhsullarının, qeyri-neft sənaye sahələrinin, o cümlədən emal sənayesinin istehsalına əhəmiyyətli təkan verdi, turizmin inkişafını təmin etdi, məşğulluğun səviyyəsinin yüksəlməsində və əhalinin güzəranının daha da yaxşılaşmasında mühüm amilə çevrildi. Ölkədə müasir tələblərə cavab verən infrastruktur yaradıldı, ən yeni texnologiyalara əsaslanan müəssisələr quruldu, sahibkarlığa dövlət dəstəyi artırıldı, biznes mühiti təkmilləşdirildi və milli sahibkarlıq təbəqəsinin artan gücü sayəsində ixracyönümlü məhsul istehsalı və qeyri-neft ixracı artdı, Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyəti yüksəldi, əhalinin sosial həyat səviyyəsi davamlı olaraq yaxşılaşdı. Bu uğurlu siyasətin nəticəsində 2003-2023-cü illərdə sahibkarlara milyardlarla manat güzəştli şərtlərlə kreditlər verildi, iqtisadiyyatda muzdla çalışanların sayı 1 milyon 770 min nəfərə yüksəldi. Orta aylıq nominal əməkhaqqı 12 dəfə, minimum əməkhaqqı isə 38 dəfədən çox artdı, Son 20 ildə orta aylıq pensiya 18 dəfəyə yaxın, minimum pensiya məbləği isə 14 dəfə yüksədli. Bu illər ərzində minimum əməkhaqqı 38 dəfə artaraq 9 manatdan 345 manata, orta aylıq pensiyanın məbləği 18 dəfə artaraq 23,8 manatdan 435 manata yüksəlib. Minimum pensiyanın məbləği bu illər ərzində 14 dəfə artaraq 20 manatdan 280 manata çatdırılıb. Yoxsulluq səviyyəsi 45 faizdən 5,5 faizə endirildi.

Azərbaycan regionun sürətli inkişaf etmiş ölkəsinə çevrildi...

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları ölkə iqtisadiyyatının inkişafında da yeni yol, mərhələ aşmaqla sürətli tərəqqi hədəfinə çatmağa imkan verdi. Azərbaycan iqtisadiyyatı bu dövrdə 3,5 dəfə artdı, qeyri-neft sektoru üzrə ÜDM 3,8 dəfə artdı. Dövlət büdcəsinin gəlir və xərcləri 30 dəfəyə yaxın artaraq 37 milyard manata yüksəldi. İyirmi il əvvəl adambaşına düşən büdcə xərcləri 150 manatdan az idisə, hazırda bu rəqəm 3700 manata bərabərdir. Azərbaycana həmin illər ərzində, ümumilikdə, 300 milyard ABŞ dollarından artıq investisiya yatırılıb ki, bunun da təxminən 200 milyard dollara yaxın hissəsi qeyri-neft sektoruna yönəldilib.

Azərbaycan regional inkişaf proqramlarının maliyyələşdirilməsini öz maliyyə qaynaqları hesabına təmin edib. Diqqət yetirsək görərik ki, birinci proqramın icrasına başlanılan zaman Azərbaycanın strateji valyuta ehtiyatları cəmi 1,8 milyard dollar idisə, hazırda 68 milyard dollar təşkil edir. Yuxarıda da vurğuladıq ki, qeyd edilən illər ərzində Azərbaycan iqtisadiyyatının qeyri-neft bölməsinə 200 milyard dollara yaxın investisiya yönəldilib. Həmin vəsaitlərin həxminən 40 faizi, yəni 70 milyard manatı regionların inkişafına səfərbər olunub.

Bütün bu tədbirlər bölgələrdə məşğullun səviyyəsinin yüksəlməsinə də ciddi təsir edib və 2004-2023-cü illər ərzində 2,5 milyondan artıq yeni iş yeri yaradılıb, işsizliyin səviyyəsi əhəmiyyətli dərəcədə aşağı salınıb. Azərbaycan Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə “yuxarı orta gəlirli” ölkələr qrupuna daxil olub, eləcə də Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının insan inkişafı ilə bağlı 2010-cu il üzrə hesabatına əsasən, “orta insan inkişafı” ölkələri qrupunu tərk edərək, “yüksək insan inkişafı” ölkələri qrupuna yüksəlib.

Yeni Dövlət Proqramı ilk dəfə ölkəmizin bütün iqtisadi rayonlarını əhatə edəcək...

2004-2008-ci, 2008-2014-cü və 2014-2018-ci illər və 2019-2023-cü illərdə icra olunmuş dövlət proqramları həm də ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayıb. Regionların inkişafı ilə bağlı yürüdülən siyasət davamlı xarakter daşıyır. Vətən müharibəsində əldə olunan Qələbə ilə Azərbaycanda mahiyyət etibarilə yeni inkişaf mərhələsi başlanıb. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib, ölkə iqtisadiyyatının 86,6 min kv.km-lik iqtisadi-coğrafi resurslar üzərində inkişafı üçün yeni strateji kurs müəyyənləşir və bu konseptə əsasən, bütün iqtisadi rayonların potensial güc bazası üzərində yeni inkişaf modeli hazırlanır.

Regionların yeni inkişaf proqramı - Beşinci Dövlət Proqramı suveren Azərbaycanın bütün iqtisadi rayonlarını əhatə etməklə müstəqillik tariximizin ən əhatəli və ölkə miqyaslı Prqoram olacaqddır.

Yeni Proqramın əsas hədəflərindən biri  işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq üçün işlər görülür. İşğaldan azad edilmiş torpaqların iqtisadi potensialı çoxspektrli olub, kənd təsərrüfatının, sənayenin və turizmin müxtəlif sahələrini əhatə edir. İşğaldan azad edilmiş torpaqlar üzümçülük, tütünçülük, pambıqçılıq, baramaçılıq, meyvə-tərəvəz, bostançılıq və heyvandarlığın inkişafı üçün böyük potensiala sahibdir. İşğala qədər ölkə iqtisadiyyatında yaradılan əlavə dəyərin təxminən 1/4-i Qarabağ və Şərqi-Zəngəzur iqtisadi rayonlarının payına düşüb, respublikada istehsal olunan ÜDM istehsalının 24 %-ni məhz həmin ərazilər verirdi. Xüsusilə də aqrar sektorda həmin bölgənin xüsusi payı olmuşdur. Azərbaycanda istehsal edilən üzüm istehsalının 40%-i, kartof istehsalının 45%-i, ət istehsalının 18 %-i, süd istehsalının 34 %-i həmin rayonların payına düşübdür.

Bundan başqa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Ağdam, Füzuli inzibati rayonları böyük xammal bazasına malikdir. Həmin rayonlarımızda qızıl, mis, civə, dəmir, mərmər, xromit, perlit, əhəng, əqiq, və eləcə də inşaat materialları üçün xammal bazası var. Zəngilan rayonundakı Vejnəli, Ağdərə rayonunda Qızılbulaq və Kəlbəcər rayonundakı Zod yataqları sənaye ehtiyatları ilə zəngindir. Nəticədə bu bölgədə sənayenin yeni bumu başlayacaq, Azərbaycanın qeyri-neft sənayesinin uzunmüddətli intibahının əsası qoyulacaq. Eləcə də bu bölgə əsasən dağlıq ərazi olduğundan, dağçılıq və alpinizm, ekoturizm üçün xüsusi cəlbediciliyə malikdir. Yaxud, bərpa olunan enerji mənbələri “yaşıl enerji” üçün ən zəngin xəzinədir.

Bir sözlə, Qarabağ və Şərqi-Zəngəzur iqtisadi rayonlarının güclü iqtisadi resursları və potensialının səfərbər olunması sayəsində bu iqtisadi rayonların yaxın 4-5 ildə bu bölgənin iqtisadi artıma xüsusi qatqısı, əvəzolunmaz töhfələri olacaqdır. Yaxın perspektivdə bu bölgədə yüz mindən çox iş yerinin yaradılması gözlənilir. Eləcə də Azərbaycanda qeyri-neft iqtisadiyyatının potensiallarının güclənməsində işğaldan azad edilmiş rayonların töhfəverici rolunun möhkəm bazalardan biri olacağına dərin zəmin yaradır. Bu isə regionların inkişafında əsil intibahın baş verməsini təmin edəcəkdir.

Elbrus CƏFƏRLİ

Paylaş:
Baxılıb: 186 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Saxta üz kremləri...

21 Fevral 11:14

Xəbər lenti

Mənəviyyat bayrağı

21 Fevral 10:44

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29