Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Avtomobil parkı “yaşıllaşdırılır”

Avtomobil parkı “yaşıllaşdırılır”

16.05.2024 [10:50]

“Avro-5” normativlərinə cavab verməyən maşınların istifadəsi dayandırılacaq

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə 2024-cü il üçün Yol Xəritəsində əks olunmuş tədbirlərdən biri də Azərbaycanda avtomobil parkının daha təmiz enerjiyə keçidinin təmin olunması, “yaşıllaşdırılması”dır. Həmin sənəddə Azərbaycana idxal olunan avtonəqliyyat vasitələrində “Avro-5” və daha yüksək ekoloji standartların tətbiqi üçün zəruri və təxirəsalınmaz addımların atılması nəzərdə tutulub. Bu məqsədlə hökumətin müvafiq aidiyyatı qurumları tərəfindən sentyabrın 1-dək tədbirlər planı hazırlanacaq.

Avtomobil parkında vəziyyət necədir?

2024-cü il yanvarın 1-ə olan məlumata əsasən, ölkəmizdə dövlət qeydiyyatına alınmış 1 milyon 774 min 77 nəqliyyat vasitəsindən istehsal ili 10 ilədək olanların sayı 266 878-dir. Bu da təxmin Azərbaycanda olan avtomobillərin 15 faizi deməkdir. 10 ildən 20 ilədək olanların sayı 707 min 623-dür. Bu da dövlət qeydiyyatına alınmış avtomobillərin 39,9 faizini təşkil edir. 20 və ondan qabaqkı istehsal tarixi olan maşınların sayı isə 799 min ədəddir. Bu da avtomobillərin 45,1 faizi deməkdir. İlin əvvəlinə ölkədə hibrid avtomobillərinin sayı 42 min 461, elektrik mühərrikli avtomobillərin sayı isə 3 min 138-dir.

“Yaşıl tövsiyə”lərə əsasən, həmçinin, ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi planlaşdırılır. Bu plana əsasən, ölkədə maşın sənayesinin elektromobillik strategiyasına uyğunluğu üçün zəruri addımların atılması nəzərdə tutulur. Bu isə o deməkdir ki, hökumət həm ekoloji baxımdan yararsız avtomobillərin idxalını və istifadəsini məhdudlaşdırmaqla yanaşı, həm də avtomobil sənayesi üçün nəzərdə tutulan yanacağın keyfiyyətini də yaxşılaşdırmaq, eyni zamanda maşınlarda ənənəvi enerjidən istifadəni azaltmaq və elektromobilə daha çox üstünlük vermək üçün kompleks işlər görməlidir. Bu strategiyaya əsasən, ölkəyə elektriklə işləyən avtomobil idxalını təşviq etmək, idxalda gömrük-vergi güzəştlərinin əhatəsini artırmaq, həmçinin ölkənin özündə elektromobillərin istehsalını stimullaşdırmaq nəzərdə tutulur. Bu ssenari üzrə təkliflər hazırlanacaq. Birincisi, dövlət tərəfindən elektomobil istehsalına subsidiyaların  verilməsidir. İkincisi, dövlət-özəl tərəfdaşlığı və özəl investisiya ilə idarə olunan əməliyyatların tətəbiqi yolu ilə rəqabətqabiliyyətli elektromaşın sənayesinin formalaşdırılmasıdır.

Azərbaycan hökuməti ölkədə avtomobil sənayesi parkını tamamilə “yaşıllaşdırmaq”da israrlıdır və bu məqsədlə ekoloji cəhətdən daha sərfəli olan maşınların istifadəsini təmin edən ardıcıl addımlar atılır.

Bu siyasətin mühüm tərkib hissəsi kimi ölkənin maşın bazarının tamamilə “Avro-5” ekoloji standartlarına uyğunluğunun başa çatdırılmasıdır. Avropa Birliyi ölkələrində 2009-cu ildən tətbiq olunan “Avro-5” normativləri bir neçə ildir ki, ölkəmizin sənaye və yanacaq istehlakı sahələrində də prioritet istiqamətlər kimi diqqətdə saxlanılmaqla əsaslı işlərin görülməsi ilə müşayiət olunmaqdadır. Belə ki, Neft Emalı müəssisələrində istehsal oluna avtomobil və dizel yanacağının tamamilə həmin normativlərə uyğunlaşdırılması təmin edilib, havanın keyfiyyətini yaxşılaşdırmaq məqsədilə Azərbaycan özünün “Aİ-95” markalı benzin istehsalını yaradıb.

Qeyd edək ki, “Avro-5” avtomobilin işlənmiş qazlarındakı zərərli maddələrin tərkibini tənzimləyən ekoloji standartdır və təmiz ekoloji mühitin təmin edilməsində beynəlxalq miqyasda qarşıya qoyulmuş tələblərdən biridir.

“Avro-5” standartlı yanacağın istifadəsi avtomobilin işlənmiş qazının tüstüsünü azaldır və yanma məhsullarının (bərk hissəciklər, azot oksidləri, karbonmonoksit, yanmamış karbohidrogenlər) ətraf mühitə tullanmasını kifayət qədər azaldır. Bu standartda yanacağın maksimal dərəcədə yanması təmin edilir və mühərrikdə və yanacaq sistemində səs-küy və vibrasiya azalır, korroziya ehtimalı aşağı düşür, mühərriki işə salmağı asanlaşdırır. Yanacaq istehlakı azaldılır və avadanlığın ömrü uzanır.

Ən əsası isə bu standartların tətbiqi sayəsində ətraf mühitə atılan zərərli maddələrin həcmi əhəmiyyətli dərəcədə azalmış olur. Ona görə də “yaşıl iqtisadiyyat” quruculuğunda qətiyyətli iradə ortaya qoymuş hökumətin daha təmiz enerji və “yaşıl ətraf mühit” strategiyasına əsaslanmaqla avtomobillərin də “yaşıllaşdırılmasına” xüsusi önəm verəcəyi diqqətdən qaçmamalıdır.

Qeyd edək ki, Nazirlər Kabinetinin  martın 28-də qəbul etdiyi qərara əsasən şəhər nəqliyyatında avtomobil parkının yenilənməsi, ələlxüsus da taksi minik avtomobillərinin  “Avro-5” ekoloji standartına uyğunlaşdırılması barədə tələblər müəyyənləşib. NK-nın “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər” sənədinə əsasən, yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan ərazisinə gətirilməsi məhdudlaşdırılacaq. Həmçinin, iyunun 1-dən etibarən dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitəsinə “Avtomobil nəqliyyatı haqqında” qanunla müəyyən edilən buraxılış kartı verilməyəcək.

Həmçinin, dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz. Məqsəd insanların həyat və sağlamlığının, ətraf mühitin qorunması, avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılması və ekoloji vəziyyətin yaxşılaşdırılmasına dəstək olmaq, ölkənin avtomobil parkının “yaşıllaşdırılması”na nail olmaqdır.

Bunlar hələlik ilk tələblərdir, qarşıda da ciddi tələb və standartlar var. Söhbət “Avro-6” ekoloji standartına keçidin təmin edilməsidir. “Yaşıl dünya” koalisiyasında fəal mövqe nümayiş etdirən Azərbaycan bu normativlərin də tətbiqində israrlıdır və COP stratefiyasının əsas fəlsəfəsi də məhz ətraf mühitə buraxılan zərərli yanacaq emissiyalarının azaldılmasıdır. Bu baxımdan həmin strateji öhdəliklərə məsuliyyətlə riayət edən Azərbaycan daha təmiz nəqliyyat növlərinin təşviqi ilə bağlı çağırışların öhdəsindən gəlmək üçün beynəlxalq koalisiya ilə birlikdə hərəkət etməkdədir. Bu çağırışların növbəti mərhələsi isə avtomobillərin “Avro-6” və “Avro-7” standartına keçidinin təmin edilməsindən ibarət olacaq.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 166 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31