Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / İctimai nəqliyyatda tariflər niyə dəyişdi?

İctimai nəqliyyatda tariflər niyə dəyişdi?

02.02.2023 [10:51]

MÜBARİZ

Xəbər verildiyi kimi, Tarif (qiymət) Şurasının 31 yanvar 2023-cü il tarixində keçirilən növbəti iclasında daşıyıcı şirkətlərin müraciətlərinə baxılıb və ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiqlənib. Aparılan müzakirələrdən sonra 10 qəpik artırılmaqla metroda sərnişindaşıma tarifi 1 gediş üçün 40 qəpik, ölkə üzrə tarifin yuxarı həddi şəhərdaxili avtobus marşrutlarında 40 qəpik (hər iki seqment üzrə əvvəlki tarif 30 qəpik), şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 0,40-1,00 manat  (əvvəlki tarif 30-90 qəpik) təsdiq edilib. Şəhərlərarası avtobus marşrutlarında isə tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik səviyyəsində müəyyən olunub (əvvəlki tarif 2,4 qəpik). Bakı-Sumqayıt (Sumqayıt-Bakı) avtobus marşrutlarında isə tarif 60 qəpik olacaq (əvvəlki tarif 50 qəpik). Yeni tariflərin tətbiqinə fevralın 3-dən başlanacaq.

Daşıyıcı şirkətlərin əsaslandırmaları

Bəs sərnişindaşımada yeni tariflərin müəyyənləşdiriməsi hansı amillərlə şərtlənir? Sualın cavabı olaraq ilk növbədə vacib bir məqamı diqqətə çatdırmaq istərdik.  Tariflərin dəyişdirilməsi ilə bağlı müraciət dövlətdən deyil, məhz daşıyıcı şirkətlərdən gəlib. Bununla bağlı müzakirələr hələ xeyli müddət bundan əvvəl başlamışdı. Bakı Metropoliteninin, yerüstü sərnişindaşıma xidmətinə cəlb olunan şirkətlərin  mütəxəssisləri yaranan reallıqlar səbəbindən nəqliyyatda daşıma tariflərinin dəyişdirilməsinə ehtiyac yarandığını bildirirdilər. Əsaslandırılırdı ki, ölkəmizdə sərnişindaşıma xidmətinin tarifləri ilə bağlı sonuncu qərar 2018-ci ilin avqust ayında, yəni 5 il bundan əvvəl qüvvəyə minib. Həmin qərarın qəbul edildiyi tarixdən ötən dövrdə bütün dünyada malların və xidmətlərin qiymətlərində sıçrayışlı artımlar müşahidə edilib. Respublikamızda sərnişindaşımada yeni tariflərin müəyyənləşdirilməsi zərurəti də ilk növbədə xarici mənfi təsirlər nəticəsində yaranıb. Ölkəmizdə istifadə olunan metro vaqonları, avtobuslar və onların ehtiyat hissələri əsasən ölkə xaricindən gətirilir. Bundan başqa, son beş ildə yanacağın qiyməti də dəyişib, əməkhaqları artıb. Keçmiş tariflə parkı yeniləmək, nəqliyyat vasitələrini daim saz vəziyyətdə saxlamaq, xidmətin keyfiyyətini artırmaqla müştəri məmnunluğunu təmin etmək, eləcə də əməkdaşların sosial təminatını gücləndirmək sadəcə, mümkünsüz hala gəlmişdi.

Daşıma şirkətlərinin mütəxəssisləri yeni növ koronavirus pandemiyasının mənfi təsirlərinin də tarif dəyişikliyini zəruri edən amillər sırasında yer aldığını bildirirlər. Vurğulanır ki, ictimai nəqliyyatda sərnişin sıxlığı hələ də pandemiyadan əvvəlki dövrün səviyyəsinə çatmayıb. Bu isə öz növbəsində maya dəyərinin artmasına gətirib çıxardır. Məsələn, “Bakı Metropoliteni” QSC-nin hesablamalarına görə, pandemiya dövründə metroda bir sərnişinin daşınmasının maya dəyəri 1 manat 53 qəpik (2020-ci il) və 1 manat 40 qəpik (2021-ci il) olub. Tarifin 30 qəpik olduğunu nəzərə alsaq, bu iki il ərzində metropolitenin nə qədər ziyanla işlədiyi aydın olur. 2022-ci ildə isə ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin sayı pandemiyadan əvvəlki dövrün cəmi 62 %-ni təşkil edib.

Sosialyönümlülük əsas götürülüb

Daşıyıcı şirkətlərin mütəxəssisləri əsaslandırırlar ki, 1 sərnişinin daşınmasının maya dəyəri ilə tarif arasında fərq, bəzi hallarda 2 dəfəyə yaxın təşkil edir. Metroda 1 sərnişinin daşınmasının maya dəyərinin 2023-cü ildə 82 qəpik təşkil edəcəyi gözlənilir, şəhərdaxili avtobus marşrutlarında isə amortizasiya xərci ilə birlikdə bu göstərici 33,5 - 57,4 qəpik arasında dəyişir. Göründüyü kimi, yeraltı və yerüstü nəqliyyatda bir sərnişinin daşınmasının maya dəyəri 40 qəpikdən yüksəkdir. Burada müqayisələr aparmaq da mümkündür. Yeni tarif dəyişikliyindən sonra da Bakıda sərnişindaşıma qiymətləri əksər MDB ölkələrindəkindən aşağıdır. Avropa ölkələrində isə qiymətlər daha yüksəkdir.

Tarif (qiymət) Şurasının iclasında təklif olunan müxtəlif tarif dəyişikliyi variantları nəzərdən keçirilib, dövlətin sosial siyasətinə uyğun olaraq, sosialyönümlülük nəzərə alınmaqla ən optimal variant seçilib. Təkliflərin dəyərləndirilməsi zamanı xidmətin dayanıqlılığının təmin olunması, istehlakçı ilə xidmət göstərənin maraqlarının uzlaşdırılması, iqtisadi əlverişlilik, müştəri məmnuniyyəti, xidmət səviyyəsinin yaxşılaşdırılması kimi amillər əsas götürülüb. Yeni tariflərlə gündəlik metrodan və ya şəhərdaxili marşrutlardan istifadə edən bir vətəndaşın payına düşən aylıq artım cəmi 4-6 manat təşkil edəcək.

Sərnişindaşıma təsərrüfatına davamlı dövlət dəstəyi

Həm yeraltı, həm də yerüstü sərnişindaşıma təsərrüfatı daim yenilənməyə ehtiyac duyulan bir sahədir. Buna görə də bu sahəyə davamlı olaraq dövlət tərəfindən dəstək göstərilir.  Son 7 il ərzində Azərbaycana 1 466 avtobus gətirilib ki, bu da avtobus parkının 61 % yenilənməsi anlamına gəlir. Yalnız ötən il 170-i dövlət investisiyası, 85-i daşıyıcılar tərəfindən olmaqla, ümumilikdə, 255 ədəd avtobus gətirilib.

Son 7 ildə paytaxtda və ətraf qəsəbələrdə 1 215 dayanacaq məntəqəsi təşkil olunub. Yalnız 2022-ci il ərzində 4-ü smart tipli pavilyon olmaqla, ümumilikdə, 278 yeni avtobus dayanacaq məntəqəsi qurulub. 2022-ci ilin sonuna olan məlumata əsasən, Bakı şəhərində marşrut xətlərinin 50 %-də, avtobusların isə 64 %-də nağdsız ödəmə sistemi tətbiq olunub.

Metropolitenin saxlanılması, yeni vaqonların alınması,  stansiyaların inşası da böyük investisiya tələb edir. 2021-2022-ci illərdə Bakıda 2 yeni metro stansiyası (“8 Noyabr” və “Xocasən”) açılıb. Xətlərin cəmi uzunluğu 40,7 km-ə, xətlərin sayı 3-ə, stansiyaların sayı 27-yə çatdırılıb. Dövlət Proqramına görə yeraltı yolların ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 77-yə çatdırılacaq. Son 5 ildə innovasiyalar baxımından sonuncu nəslə mənsub müasir tipli 100 vaqon, 20 qatar alınıb. Yeni metro stansiyalarının tikintisinə investisiya qoyuluşundan başqa, son 4 ildə metroya ayrılan maliyyə yardımı 231 milyon manat təşkil edib.

Yeni tarif dəyişikliyindən sonra metro üzrə 20 milyon manat, avtobus nəqliyyatı ilə daşımalar üzrə isə 200 milyon manat əlavə vəsaitin yaranacağı gözlənilir. Tarif dəyişikliyi nəticəsində yaranacaq əlavə vəsait avtobus parklarının yenilənməsinə imkan yaradacaq, xidmətin keyfiyyətinin yüksəldilməsinə və dayanıqlılığına müsbət təsir göstərəcək.

Diferensial tariflərin tətbiqi gündəmdə

Perspektivdə ictimai nəqliyyatda diferensial tariflərin tətbiqi də mümkündür. Paytaxt sakinləri ictimai nəqliyyatda vahid tarifin tətbiqini məqbul saymırlar. Həqiqətən də, ictimai nəqliyyatda bir və yaxud 10 dayanacaq qət edən sərnişinin eyni tariflə ödəniş etməsinin məntiqi başa düşülmür. Qət edilən məsafə fərqi ödənişlərdə də mütləq nəzərə alınmalıdır. Yeri gəlmişkən, Tarif (qiymət)Şurasının iclasda sosial baxımdan həssas qrupların mənafeyinin qorunması məqsədilə tariflərin diferensiallaşdırılmasının, gediş sayına və vaxt limitinə görə fərqlənən çoxpilləli tariflərin tətbiqinin, gediş haqqının nağdsız qaydada ödənilməsini təmin edən zəruri işlərin qısa müddətdə başa çatdırılmasının zəruriliyi vurğulanıb.

Paylaş:
Baxılıb: 149 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xarici siyasət

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31