Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Daha geniş əməkdaşlığa doğru

Daha geniş əməkdaşlığa doğru

06.12.2023 [11:00]

COP28 çərçivəsində keçirilən görüşlər, aparılan müzakirələr və imzalanan sənədlər Azərbaycanın bütün dünyada etibarlı tərəfdaş imici qazandığını bir daha təsdiqləyir

Zəngin resurslara və müasir nəql infrastrukturuna malik olan Azərbaycan tərəfdaşlarla enerji dialoqunu genişləndirmək üçün müxtəlif platformalardan səmərəli şəkildə istifadə etməyə çalışır. Bu baxımdan BƏƏ-nin Dubay şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) ölkəmiz üçün kifayət qədər uğurlu olub. Belə ki, COP28 çərçivəsində həm Energetika Nazirliyinin, həm də SOCAR-ın təmsilçiləri müxtəlif tədbirlərə və görüşlərə qatılaraq aktual müzakirələr aparıblar. Bu müzakirələrdə Azərbaycanın müxtəlif sahələrdə, o cümlədən də enerji transformasiyasında geniş imkanları təqdim olunub və yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib. O cümlədən energetika naziri Pərviz Şahbazov ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt ilə görüşüb. Görüş Dubayda COP28 çərçivəsində yaradılan Azərbaycanın milli pavilyonunda baş tutub. Əvvəlcə Azərbaycanın milli pavilyonu ilə tanış olan Cefri Pyatti ölkəmizin “yaşıl enerji” və iqlim siyasəti, hədəfləri, həyata keçirilən “yaşıl inkişaf” kursu barədə məlumatlandırılıb. 2027-ci ilədək 1870 MVt həcmində bərpa olunan enerji güclərinin ölkənin enerji sisteminə inteqrasiya ediləcəyi, növbəti mərhələdə isə Avropaya ixrac məqsədilə dənizdə meqa istehsal güclərinin yaradılacağı, bu məqsədlə həyata keçirilən texniki-iqtisadi əsaslandırması başa çatdıqdan sonra tikinti prosesinin başlanacağı bildirilib.

Azərbaycanla Aİ arasında genişlənən enerji dialoqu

Müstəqil Azərbaycanın “Əsrin müqaviləsi” ilə uğurlu təməli qoyulan yeni neft strategiyasının növbəti mərhələsi Xəzərdəki zəngin qaz yataqlarının işlənməsini əhatə edir. “Əsrin müqaviləsi”ndə olduğu kimi, bu sahədə də xarici şirkətlərlə sıx əməkdaşlıq qurulub. Bu əməkdaşlığın nəticəsi olaraq hazırda Azərbaycan Avropanın mavi yanacağa tələbatının müəyyən hissəsini qarşılayan etibarlı mənbə ölkəsinə çevrilib.

Ötən il iyulun 18-də ölkəmizlə Avropa İttifaqı arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin imzaladıqları sənədlə ölkəmizlə Aİ arasında enerji dialoqunun keyfiyyətcə yeni səviyyəyə yüksələcəyi fikrini qətiyyətlə ifadə edə bilərik.

Sazişə uyğun olaraq respublikamız Avropaya qaz ixracını artırır. Xatırladaq ki, 2022-ci ildə Azərbaycan qaz ixracını 18 faiz artıraraq 22,3 milyard kubmetrə çatdırıb. Bunun 11,4 milyard kubmetri Avropaya ixrac olunub. 2023-cü ildə Azərbaycandan qaz ixracı 24,5 milyard kubmetr həcmində nəzərdə tutulub. Bunun 12 milyard kubmetrə qədəri Avropaya nəql olunacaq. 2027-ci ilədək isə Avropa məkanına qaz ixracının həcminin iki dəfə artırılması hədəflənib ki, bu da tam realdır.

Həm təchizatçı ölkə olan Azərbaycan, həm də Avropa İttifaqı enerji dialoqunun genişləndirilməsində maraqlıdır. COP28 çərçivəsində energetika naziri Pərviz Şahbazovla Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson arasında baş tutan görüşdə bu niyyət bir daha ifadə olunub. Görüşdə Cənub Qaz Dəhlizinin genişləndirilməsi, “Həmrəylik Halqası” təşəbbüsünün reallaşdırılması və “Xəzər-Qara dəniz-Avropa” Yaşıl Enerji Dəhlizinin həyata keçirilməsinə dair məsələlər müzakirə edilib.

Energetika naziri Pərviz Şahbazov Avropaya əlavə qaz tədarükünün mühüm mənbələri kimi istismara verilən “Abşeron” qaz-kondensat yatağı ilə yanaşı, işlənmədə olan qaz layihələrindən və ölkəmizdən qaz tədarükü üzrə əməkdaşlığa başlayan ölkələrdən bəhs edib. Nazir əlavə qaz həcmlərinin nəqlinin infrastrukturların inkişafını və uzunmüddətli əsasda qaz müqavilələrinin imzalanmasını şərtləndirdiyini vurğulayaraq bu istiqamətdə Avropa İttifaqı ilə sıx koordinasiyalı fəaliyyətin vacibliyini diqqətə çatdırıb. Söhbət zamanı Cənub Qaz Dəhlizi Məşvərət Şurasının növbəti iclası ilə bağlı da fikir mübadiləsi aparılıb.

Quruda və dənizdə güclü bərpaolunan enerji potensialına malik olan Azərbaycan “yaşıl enerji” üzrə beynəlxalq əməkdaşlığını da getdikcə genişləndirir. Hazırda xarici investisiyaların cəlb olunması ilə Abşeronda və işğaldan azad edilmiş ərazilərdə bir neçə yeni külək və günəş elektrik stansiyası yaradılır. Yaxın perspektivdə ölkəmizin bu sahədə də böyük istehsalçıya və ixracatçıya çevriləcəyi gözlənilir. Azərbaycanda bərpaolunan mənbələrindən alınan enerjinin Avropaya ötürülməsi ilə bağlı yeni dəhlizin yaradılması istiqamətində işlərə də start verilib. 2022-ci il dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Bəhs etdiyimiz görüşdə həmçinin Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerji dəhlizi layihəsinin icrası istiqamətində atılan addımlar nəzərdən keçirilib. Bildirilib ki, layihənin həyata keçirilməsinə məsul Birgə Müəssisənin tezliklə yaradılması, gələn ilin sonuna kimi  texniki-iqtisadi əsaslandırma (TİƏ) prosesinin yekunlaşdırılması nəzərdə tutulur. Həmçinin bu dəhlizlə Mərkəzi Asiyadan elektrik enerjisinin ötürülməsi üzrə Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında əməkdaşlıq barədə də məlumat verilib. Yaşıl enerji dəhlizinin genişləndirilməsi və bərpa olunan enerjinin bu nəhəng infrastrukturla nəqlinin Avropanın enerji təchizatının diversifikasiyasını təmin etməklə  enerji təhlükəsizliyinə töhfə verəcəyi qeyd olunub. Görüşdə Azərbaycan-Avropa İttifaqı arasında enerji dialoqunun digər aspektlərinə də toxunulub və strateji enerji tərəfdaşlığı sənədinin icrası ilə bağlı yol xəritəsini yeniləmək razılaşdırılıb.

SOCAR-ın dünyada artan nüfuzu

Dünyada müşahidə edilən kataklizmlər, o cümlədən də iqlim dəyişikliyinin və sürətli sənayeləşmənin nəticəsi olaraq qlobal istiləşmənin intensivləşməsi qarşıya yeni çağırışlar çıxarıb. İndiki dövdə dekarbonizasiya məsələlərinin aktuallığı heç vaxt olmadığı qədər artıb. Məsuliyyətli dövlət olan Azərbaycan müvafiq istiqamətlərdə öz fəaliyyətlərini qlobal çağırışlara adekvat qurur.   Ölkəmiz neft istehsalı sahəsində sıfır emissiyasız fəaliyyəti hədəfləyib və bu sahədə qlobal tərəfdaşlığa öz töhfələrini verir.  Azərbaycan Dövlət Neft Şirkəti 2008-ci ildən GGFR-in rəhbər komitəsinin üzvüdür. Respublikamızda həyata keçirilən layihələr nəticəsində il ərzində atmosferə atılan 1 milyard kubmetr qaz yığılaraq əhalinin istifadəsinə yönəldilib. SOCAR tərəfindən səmt qazının azaldılması tədbirləri Dünya Bankının Ekspert Şurası tərəfindən bir neçə dəfə ali mükafata layiq görülüb. Hazırda neft hasilatı zamanı səmt qazının emissiyası göstəricilərinin aşağı olmasına görə Avropa İttifaqına neft ixrac edən əsas 10 ölkə arasında Azərbaycan birinci yeri tutur. COP28 çərçivəsində keçirilən tədbirlərdə  SOCAR-ın prezidenti Rövşən Nəcəf bütün neft-qaz əməliyyatlarında 2030-cu ilə qədər normal hasilat prosesində məşəldə yandırmaların sıfıra endirilməsinin, 2022-ci il baza dövrü ilə müqayisədə 2030-cu ilə qədər “Upstream” seqmentində emissiya intensivliyinin 30 faiz, 2035-ci ilə qədər korporativ emissiya intensivliyinin 30 faiz azaldılmasının, 2035-ci ilə qədər “Sıfır metan” hədəfinə yaxınlaşmanın və 2050-ci ilə qədər “Xalis sıfır” hədəflərinə çatmanın şirkətin əsas məqsədlərindən olduğunu bildirib.

SOCAR-ın prezidentinin “Boston Consulting Group” (BCG) şirkətinin qlobal sədri Riç Lesser ilə görüşündə də iqlim dəyişiklikləri ilə bağlı aktual müzakirələr aparılıb. O cümlədən şirkətlər arasında iqlim dəyişmələri, emissiya həcmlərinin qiymətləndirilməsi istiqamətlərində birgə layihələrin uğurla həyata keçirildiyi vurğulanıb, enerji keçidi, dekarbonizasiya və rəqəmsallaşma sahələrində potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib. Görüşdə SOCAR ilə BCG arasında Əməkdaşlıq proqramının icrası ilə bağlı müqavilə imzalanıb.

Səfər çərçivəsində SOCAR prezidenti Rövşən Nəcəfin “Masdar” şirkətinin baş icraçı direktoru Məhəmməd Cəmil Əl Rəmahi ilə görüşü olub. Qeyd edək ki, 2021-ci il aprelin 6-da Azərbaycanın Energetika Nazirliyi, “AzərEnerji” ASC və Birləşmiş Ərəb Əmirliklərinin  “Masdar” şirkəti arasında investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma ilə bağlı müqavilələr imzalanıb. Stansiyanın təməlqoyma mərasimi isə 2022-ci il martın 15-də “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulub.  Layihə üzrə işlər sürətlə və yüksək standartlar səviyyəsində icra olunub. Cari il oktyabrın 26-da yenə də dövlətimizin başçısının iştirakı ilə 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi baş tutub. Açılış mərasiminə Birləşmiş Ərəb Əmirlikləri hökumətinin dörd naziri, həmçinin qardaş ölkədən böyük nümayəndə heyəti qatılıb. Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Eyni zamanda, atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyada 570 min günəş paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib. SOCAR prezidenti Rövşən Nəcəfin “Masdar” şirkətinin baş icraçı direktoru Məhəmməd Cəmil Əl Rəmahi ilə görüşündə birgə həyata keçirilən layihələrin Azərbaycanda istixana qazı emissiyalarının azaldılmasına, bərpa olunan enerji mənbələrinin inkişafına əhəmiyyətli töhfə verəcəyi qeyd edilib, həmçinin əməkdaşlığın genişləndirilməsinə dair məsələlər müzakirə olunub.

“Ernst & Young” şirkətinin qlobal sədr müavini xanım Amy M. Brachio ilə görüşdə isə bərpaolunan enerji, rəqəmsallaşma, könüllü karbon bazarları sahələrində potensial əməkdaşlıq imkanlarına və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Eyni zamanda, SOCAR ilə Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) arasında Strateji Əməkdaşlığa dair Saziş imzalanıb. Saziş SOCAR ilə ADNOC şirkətləri arasında ətraf mühitin mühafizəsi sahəsində birgə fəaliyyətin daha da genişləndirilməsini, “mavi hidrogen”, geotermal və karbon idarə edilməsi üzrə əməkdaşlıq məsələlərini nəzərdə tutur. COP28 çərçivəsində, həmçinin SOCAR ilə “Sirius” beynəlxalq holdinqi arasında Strateji Əməkdaşlığa dair Saziş imzalanıb.

MÜBARİZ

Paylaş:
Baxılıb: 446 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

İqtisadiyyat

Gündəm

Zəfərimizin 5-ci ili

20 Mart 13:33  

Analitik

Şər üçbucağı...

20 Mart 13:12  

Analitik

ABŞ geri çəkilir

20 Mart 12:33  

Analitik

Analitik

Analitik

Asiya

İkinci raund...

20 Mart 09:16

Dünya

Bizim planet!

20 Mart 08:56

Dünya

Xoşbəxt olun!

20 Mart 08:32  

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31