Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / “F-16” problemi həll olunur?

“F-16” problemi həll olunur?

09.12.2022 [12:33]

ABŞ məhdudlaşdırıcı şərtlər qoymayacaq

ABŞ ilə Türkiyə arasında uzun müddətdir davam edən “F-16” problemi artıq öz həllini tapmaqdadır. Qeyd edək ki, ABŞ Konqresinin hər iki palatasının senatorları və nümayəndələrinin daxil olduğu konfrans komitəsi 857 milyard dollarlıq müdafiə büdcəsini ehtiva edən NDAA qanun layihəsini yekunlaşdırıb. Qanun layihəsinin son variantında Türkiyəyə “F-16” satışlarını məhdudlaşdırıcı şərtlərə bağlayan heç bir bənd yoxdur. Qanun layihəsinə Türkiyəyə “F-16” satışını məhdudlaşdırmağı nəzərdə tutan bənd yunan lobbisinə yaxınlığı ilə tanınan Nyu-Hempşir nümayəndəsi Demokrat Kris Pappas, Florida təmsilçisi Respublikaçı Qus Bilirakis, Nyu-York təmsilçisi respublikaçı Nikol Malliotakis və Nyu Cersi Nümayəndəsi Demokrat Frant Pallone daxil olmaqla 18 nümayəndə tərəfindən təklif edilmiş və qəbul olunmuşdu. Lakin həmin bəndin çıxarılması ilə Türkiyənin “F-16” almasına qanun əsasında qoyulan məhdudiyyətlər aradan qaldırılıb.

Bununla bağlı açıqlamasında ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, ABŞ Türkiyəni mühüm NATO müttəfiqi kimi görür. Onun sözlərinə görə, Vaşinqton Türkiyənin müdafiə ehtiyaclarını qarşılamağa hazırdır. Sözçü Türkiyəyə “F-16” satışı ilə bağlı məhdudlaşdırıcı şərtlərin qanun layihəsindən çıxarılmasını belə izah edib: “Heç bir NATO müttəfiqi türk müttəfiqlərimiz qədər öz torpaqlarında terror hücumlarına məruz qalmayıb. Ona görə də təhlükəsizlik sahəsində əməkdaşlıq bizim üçün böyük əhəmiyyət kəsb edir”.

Qeyd edək ki, qanun layihəsindən məhdudlaşdırıcı bənd çıxarıldıqdan sonra Türkiyənin ABŞ-dan “F-16” alması üçün rəhbərlik tərəfindən təqdim edilən satış bildirişinə konqresdən heç bir etiraz olmamalıdır. Konqresin bu addımı atmasında türk diplomatların və Vaşinqtondakı Xarici İşlər Nazirliyinin səylərinin təsirli olduğu bildirilir.

“F-16” manipulyasiyaları - irəli sürülən şərtlər nəyin göstəricisi idi?

Ümumiyyətlə, ABŞ Türkiyəyə qarşı “F-16” vasitəsilə təzyiqlərdən mütəmadi şəkildə istifadə edib. Bu ilin iyulunda ABŞ Konqresinin Nümayəndələr Palatası (Aşağı Palata) ölkənin təkmilləşdirilmiş “F-16” qırıcılarının və “F-16” modernləşdirmə dəstlərinin Türkiyəyə satışını məhdudlaşdıran qanun layihəsini təsdiqləmişdi. Prezident Cozef Bayden isə NATO-nun Madriddə keçirilən sammitindən sonrakı mətbuat konfransında ABŞ-ın Ankaraya “F-16” qırıcılarını göndərməli olduğunu demişdi.

Eyni zamanda, ABŞ özünün “qırıcı hədəsi”nin Türkiyənin Rusiya ilə münasibətlərindən qaynaqlandığını da etiraf etmişdi. ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendez bildirmişdi ki, ABŞ Türkiyədən “F-16” qırıcıları almaq üçün Rusiya ilə əlaqələri kəsməsini tələb edib. Çünki Vaşinqton öz hərbi texnikasını yalnız ABŞ-ın dəyərlərini paylaşan ölkələrə satacaq. Senator Ankaraya təyyarə satışına etirazını geri götürə biləcəyi şərtləri də sadalamışdı. Bunlar arasında Rusiyanın S-400 hava hücumundan müdafiə sisteminin alınması, Yunan adaları üzərində uçuşlar, Türkiyə hakimiyyəti ilə Moskva arasında sıx əlaqələr, jurnalist və vəkillərin həbsi də daxil olmaqla insan haqlarının pozulması yer alırdı.

Bu ilin oktyabr ayında da ABŞ Konqresində “F-16”ların Türkiyəyə şərti satışı və modernləşdirilməsini çətinləşdirmək üçün müzakirələr başlamışdı. Bu dəfə Konqresin Xarici Əlaqələr Komitəsinin üzvü Kris van Hollen Pentaqonun 2023-cü il üçün müdafiə büdcəsini ehtiva edən və ABŞ-ın müdafiə xərclərini müəyyən edən “Milli Müdafiə Səlahiyyətləri Aktını” (NDAA) qanun layihəsinə daxil edilməsi üçün təkliflər irəli sürmüşdü. Yeni şərtlərə əsasən Türkiyə “F-16”ları yalnız Yunanıstan üzərində icazəsiz uçuşlarda istifadə edilməməsi, həmin təyyarələrin Suriya Demokratik Qüvvələri (SDQ) daxil olmaqla ABŞ-ın İŞİD-ə qarşı səfərbərlikdə müttəfiqlərinə qarşı əməliyyatlarda istifadə olunmaması qarşılığında ala bilərdi. Eyni zamanda Türkiyə Finlandiya və İsveçin NATO üzvlüyünü ratifikasiya etməli idi.

Türkiyə isə bu şərtlərin qarşılığında hətta bu qırıcılardan imtina edə biləcəyini bildirmişdi. Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmail Dəmir demişdi ki, ABŞ Türkiyəyə döyüş təyyarələri satmaqdan imtina etsə, Rusiyanın “Su-35” qırıcıları Birləşmiş Ştatların “F-16” təyyarələrinə alternativ ola bilər. “F-16 qırıcılarının Türkiyəyə satışına dair sövdələşmə baş tutmasa, Ankara “Su-35” təyyarələri də daxil olmaqla, müxtəlif alternativləri nəzərdən keçirəcək”, - deyə İsmayıl Dəmir bildirmişdi.

“F-16”, yoxsa “Su-35”?

Qeyd edək ki, “F-16” döyüşən şahin (ing. “F-16” Fighting Falcon) Amerika Birləşmiş Ştatlarının “General Dynamics” şirkəti tərəfindən dizayn və istehsal edilib. Dördüncü nəsil çoxməqsədli funksiyaları özündə birləşdirən bu təyyarələr ABŞ və müttəfiq ölkələrinin ordularının arsenalında yer alır. Bu hərbi təyyarə II Dünya müharibəsindən sonra Sovet istehsalı “MiQ-21” və ABŞ istehsalı “F-4” qırıcı təyyarələrindən sonra ən çox istehsal olunan 3-cü qırıcı təyyarə hesab olunur. Bu qırıcılar “B-61” nüvə bombası da daşıya bilir. Qeyd edək ki, təyyarənin qiyməti 14.6 milyon ABŞ dolları ilə 70 milyon ABŞ dolları arasında dəyişir. Təyyarənin ümumi göstəricilərinə gəldikdə isə, 1 nəfərlik ekipaja malik “F-16”nın boş çəkisi 8,570 kq, maksimum qalxma ağırlığı isə 19,200 kq-dır. 1 ədəd “General Electric F110-GE-129” mühərrikinə malik “F-16”nın uçuş keyfiyyətləri də yüksək səviyyədədir. Təyyarənin dəniz səviyyəsində maksimum sürəti 1,470 km/s, yüksəkdə isə 2,120 km/s-dır. Döyüş radiusu 550 km (4 ədəd 450 kq-lıq bombalarla), uçuş tavanı 15,240 m, dırmanma sürəti 254 m/s, qanadların yüklənməsi isə 431 kq/kv.m-dır.

“Su-35” isə “Su-27” qırıcısının iki dəfə təkmilləşdirilmiş törəmə formasıdır. Bir oturacağı və supermanevretmə qabiliyyətinə malik olan təyyarələr Rusiyanın “Komsomolsk-on-Amur” təyyarə zavodunda istehsal olunub. Rahat stabilizasiya dizaynı və bərabərindəki ucdan-uca uçuş idarəetmə sistemi ilə işlənən aerodinamik dizayn, təyyarənin manevretmə qabiliyyətini inkişaf etdirib. Bunun sayəsində təyyarə şaquli istiqamətdə burnu ilə bir neçə dəqiqə uça bilir. Bu səbəbdən, nəzəri cəhətdən, hücum zamanı pilot təyyarəni 2 saniyədə 120 dərəcəyə qədər qaldıra və hədəfləri raket ilə vura bilər.

Manevr qabiliyyətinin artması ilə yanaşı “Su-35” yeni silah-nəzarət sisteminə malikdir. Bu sistemin əsas məqsədi üfüqün altındakı hədəfləri aşkar etməyə imkan verən çox funksiyalı N011 “Bars” radarıdır. İlk olaraq üçüncü prototipə quraşdırılan radar “Su-35”i sadəcə bir hava-müdafiə təyyarəsindən yerüstü hədəflərə hücum edə bilən çoxfunksiyalı təyyarə halına gətirib. “Su-35”də yerləşdirilən yeni radar on beş hədəfi izləməyə və eyni vaxtda altı istiqamətə raket yönəltmə qabiliyyətinə malikdir. Təyyarədə rəqəmsal “fly-by-wire” uçuş idarəetmə sistemi, “Head-up” ekranı və gecə görmə gözlükləri də mövcuddur.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 137 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

Xəbər lenti

Xəbər lenti

Analitik

Siyasət

Xarici siyasət

MEDİA

Siyasət

28 il əvvəl, bu gün

27 Yanvar 10:23

Siyasət

Klaar Bakıya gəlmədi...

27 Yanvar 10:16  

Xəbər lenti

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31