Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / ŞKTR Türk dövlətləri ailəsində

ŞKTR Türk dövlətləri ailəsində

23.04.2024 [10:35]

Müstəqillik yolu ilə inamla irəliləyən Azərbaycan tarixi Türk coğrafiyasının bərpasına, Türkdilli ölkələr arasında inteqrasiyanın möhkəmlənməsinə böyük önəm verir. Hazırda dünyada kəskin qütbləşmə meylləri müşahidə edilməkdədir. Yer üzündə irqçilik və İslamofobiya təzahürləri artıb. Bir sıra hallarda İslam dünyasına əsassız hücumlar edildiyinin, təhdidlər yaradıldığının şahidi oluruq. Belə arzuolunmaz reallıqlar fonunda ölkəmiz beynəlxalq münasibətlər sistemində öz yerini müəyyənləşdirib. Prezident İlham Əliyevin bildirdiyi kimi, Türk dünyası bizim ailəmizdir. Başqa ünvanlarda bizi gözləmirlər və gözləməyəcəklər. Türk toplumları və dövlətləri məhz öz ailələrində əl-ələ verməklə, bir-birlərinə dayaq durmaqla, kömək göstərməklə inkişaf edə, məqsədlərinə çata bilərlər. Hazırda ölkəmizin bütün Türkdilli dövlətlərlə çox yüksək dinamikaya malik ikitərəfli əlaqələri var. Respublikamızın son illərdə münasibətlərini genişləndirdiyi Türk dövlətlərindən biri də Şimali Kipr Türk Cümhuriyyətidir. İkitərəfli əlaqələr yeni bağlarla möhkəmləndirilir.

Müstəqilliyə aparan çətin yolda

Müstəqil dövlət qurmaq hər bir xalqın arzusudur. Buna nail olmaq üçün isə sərt sınaqladan və uzun çarpışmalardan keçmək lazım gəlir. Bu mənada, Şimali Kipr Türk Respublikasının müstəqillik uğrunda fədakarlıqlar göstərməsi təqdirəlayiqdir.

Şimali Kipr Türk Respublikası Kipr adasının şimalında yerləşən de-fakto dövlətdir. Hələlik bu dövlət yalnız Türkiyə tərəfindən tanınır. Şimali Kipr şimal-şərqdə Karpaz yarımadasından Gözəlyurd körfəzinə, qərbdə Qoruçam burnundan Ərənköyə (anklav) qədər uzanır. Cənubda isə Birləşmiş Millətlər Təşkilatının  nəzarəti altındakı təhlükəsizlik xətti Şimali Kiprlə adanın digər hissəsi arasında uzanır. Ümumi sahəsi 3,355 kvadratkilometrdir. ŞKTR Kipr adasının 36,4 faizini tutur.

Hazırda dünyada yaşanan ayrı-seçkiçilik, ikili standartlar  siyasətinin təzahürlərini, həmçinin Şimali Kiprdə yaşayan türk əhali də öz üzərində hiss edib. Diskriminasiya siyasəti ilə barışmayan əhali ötən əsrin yetmişinci illərində müstəqillik uğrunda dönməz mübarizəyə başlayıb. Məlumat üçün bildirək ki, 1974-cü ildə başlanan Kipr hərəkatı nəticəsində 1976-cı ildə Kipr Türk Federal Dövləti yaradılıb. 1983-cü ildə isə Şimali Kipr Türk Respublikası öz müstəqilliyini bəyan edib.

İndiyədək Şimali Kipr Türk Respublikasının dövlət təsisatları formalaşıb və uğurla fəaliyyət göstərir. Hazırkı dövlət başçısı Ersin Tatar 2020-ci il seçkilərində Milli Birlik Partiyasının namizədi olub və 18 oktyabr 2020-ci il tarixində keçirilən ikinci tur seçkilərində ada dövlətinin prezidenti  seçilib. “Bəzi fərqli düşüncələr ola bilər, “Kiprdə təkcə Kipr Respublikası var”, “Türklər separatçıdır” deyərək bizə qarşı ədalətsiz davranışlar sərgilədilər. Ancaq onlar bilməlidirlər ki, biz ayrı bir dövlətik. Dili, dini, irqi, keçmişi, mübarizəsi, mədəniyyəti, milli-mənəvi dəyərləri ilə ayrıca bir millətik. Bu millət isə öz dövlətini qurub. O dövlət demokratik, müasir, Türkiyənin tanıdığı bir dövlətdir. Şimali Kipr xalqı üçün öz torpağında yaşaması vacib, həyati önəm kəsb edir. Əks halda, Şimali Kipr xalqı yox olar. Şimali Kipr Türk Cümhuriyyəti dediyimiz ərazidən 60 il əvvəl bizi silah gücü ilə çıxaranlara, bizə qarşı qətliam törədənlərə, bizi çadırlarda yaşamağa məcbur edənlərə qarşı mübarizə apararaq, Türkiyəmizin də dəstəyi ilə dövlət qurduq və 1974-cü ildə Kipr Sülh Hərəkatından sonra Kiprdə sülhə nail olunub. Bu sülhdən türklər də faydalanıblar, lakin yunanlar daha çox fayda görüblər. Çünki cənubda türk əsgəri sülh gətirdiyi üçün Cənubi Kipr dövləti bütün dünyanın da dəstəyi ilə iqtisadi cəhətdən çox faydalanıb və inkişaf edə bilib. Ancaq onlar bölgədə məhz sülh olduğu üçün inkişaf edə bildilər. Əgər müharibə olsaydı, heç vaxt bu qədər inkişaf olmazdı. 1974-cü ildə türk əsgərinin gəlişi ilə adada bərqərar olunan sülhün davam etdirilməsi çox vacibdir”, - deyə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar ötən ilin oktyabrında  ölkəmizə səfəri çərçivəsində mətbuata verdiyi müsahibəsində vurğulayıb.

Ölkəmizdə diqqətlə izlənilir

İndiyədək Türk Dövlətləri Təşkilatının yaranmasına və funksionallığının artmasına davamlı töhfələr verən Azərbaycanda həmçinin ŞKTR-da baş verən proseslər diqqətlə izlənilir. Xüsusilə də dövlət başçısı İlham Əliyev ŞKTR-nin Türk Dövlətləri Təşkilatında daha geniş təmsilçililiyə malik olması təşəbbüsündən çıxış edib. TDT Türkdilli ölkələri birləşdirən bir ailədir. ŞKTR-da bu ailədə yer almalıdır. Prezident İlham Əliyev cari ilin fevralında ölkəmizdə keçirilən son Prezident seçkilərindən sonra ənənəsinə uyğun olaraq qardaş Türkiyəyə etdiyi ilk səfəri çərçivəsində mətbuata verdiyi Bəyanatında bu xüsusda fikirlərini bir daha bəyan edərək vurğulayıb: “Türk Dövlətləri Təşkilatının Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşü hörmətli Prezidentin qeyd etdiyi kimi, bu ilin iyul ayında keçiriləcəkdir. Eyni zamanda, müşahidəçi statusunda olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti də mənim dəvətimlə bu görüşdə iştirak edəcək və bu, bizim ümumi işimizə, Türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcək”.

Azərbaycanla ŞKTR arasında müxtəlif istiqamətlərdə əlaqələr artan dinamikaya malik olsa da, hələlik hər iki tərəfin arzuladığı səviyyəyə çatmayıb. Potensial daha böyükdür. Ölkəmizlə Şimali Kipr arasında turizm və tələbə mübadiləsi tərəfdaşlıq əlaqələrində əsas yer tutur. Uzun illər ərzində Azərbaycandan minlərlə tələbə Şimali Kiprdə təhsil alıb. Hazırda Şimali Kiprdə 500-ə yaxın azərbaycanlı tələbə təhsil alır və çoxlu sayda da azərbaycanlı müəllim işləyir.

Hazırda turizm sektoru da ikitərəfli münasibətlərdə ən cəlbedici istiqamətlərdən biri kimi dəyərləndirlir. Eyni zamanda, kənd təsərrüfatında əməkdaşlıq potensialı var. Aqrar sektor məhsullarının qarşlıqlı ticarətini təşkil etmək mümkündür. Ekspertlər bildirirlər ki, zamanla müxtəlif sahələrdə müştərək işlər görülə bilər.

ŞKTR-nin təbliği və tanıtımı

Hər bir gənc dövlət kimi, ŞKTR-nın də təbliğinə və tanıdılmasına böyük ehtiyac var.  Azərbaycan da bu prosesə davamlı dəstək verir. Ötən ilin oktyabr ayında Bakıda “Şimali Kipr Türk Respublikası Mədəniyyət və Təqdimat Günləri” uğurla baş tutdu. Bu çərçivəsində müxtəlif tədbirlər, o cümlədən sərgi təşkil olunub. Azərbaycanda səfərdə olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar sərgiyə baxıb. Sərgidə inşaat, mətbəx, otelçilik və digər sahələrlə bağlı stendlər nümayiş etdirilib. Prezident Ersin Tatarın, həmçinin cari ildə Şuşada keçiriləcək TDT-ın qeyri-formal görüşünə qatılacağı gözlənilir.

Bir qədər bundan əvvəl isə Azərbaycan Milli Məclisində Şimali Kipr Türk Cümhuriyyəti ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb. Bununla da ikitərəfli münasibətlərdə daha bir önəmli addım atılıb. Xatırladaq ki, bundan əvvəl ada dövlətinin parlamentində Qırğızıstan, Türkmənistan, Özbəkistan, Qazaxıstan və Azərbaycan parlamentləri ilə dostluq qruplarının yaradılması təklifi yekdilliklə qəbul edilib. Respublika Məclisinin ümumi iclasında KKTR ilə Qırğızıstan, Türkmənistan, Özbəkistan, Qazaxıstan və Azərbaycan parlamentləri arasında dostluq qruplarının yaradılması təklifi səsə qoyularaq qəbul edilib. Qərarın qəbulu ilə ŞKTR-nin Məclisində 5 yeni dostluq qrupu yaradılıb.

Milli Məclisdə Azərbaycan-Şimali Kipr Türk Respublikası Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun yaradılması ikitərəfli münasibətlərdə yeni bir mərhələnin başlanğıcıdır. Parlamentin növbədənkənar ümumi yığıncağında müzakirəyə çıxarılan Azərbaycan-ŞKTR Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun yaradılması haqqında qərar layihəsi ilk səsvermədə qəbul edilib. Azərbaycan-ŞKTR Parlamentlərarası Əlaqələr İşçi Qrupunun sədri seçilən deputat Cavanşir Feyziyev sözügedən qərarı “tarixi addım” kimi qiymətləndirib.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 162 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Kuklaxana

03 May 11:00

İqtisadiyyat

Siyasət

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31