Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Türkiyə-Özbəkistan: Tarixdən qaynaqlanan xoş münasibətlər

Türkiyə-Özbəkistan: Tarixdən qaynaqlanan xoş münasibətlər

07.06.2024 [10:16]

Son vaxtlar Türkdilli ölkələr arasında müxtəlif istiqamətlərdə əlaqələrin intensivləşməsi müşahidə edilir. Elə bugünlərdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkiyəyə rəsmi səfər edib. Səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutub. Səfərin nəticəsi olaraq iki ölkə arasında yüksək səviyyəli strateji əlaqələrin daha da möhkəmlənəcəyi gözlənilir.

Diplomatik münasibətlərin 32-ci ildönümü

Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinə malik olan Türkiyə və Özbəkistan dost ölkələrdir. İki dövlət arasında  yüksək səviyyədə olan xoş münasibətlər tarixdən və ənənələrdən qaynaqlanır. Hər iki ölkənin xalqlarını oxşar mədəniyyət, milli-mənəvi dəyərlər, dil yaxınlığı, etiqad birliyi kimi mühüm amillər birləşdirir. Hazırda dost ölkələrin liderləri səviyyəsində əlaqələrin əhatə dairəsinin genişlənməsinə güclü siyasi iradə göstərilir, eyni zamanda, bunu həm də cəmiyyətlər istəyirlər.

Qeyd edək ki, cari ilin mart ayında iki ölkə arasında diplomatik münasibətlərin 32-ci ildönümü tamam olub. Bu münasibətlərin təməli Özbəkistanın müstəqilliyini əldə etdikdən sonra bu ölkədə ilk səfirliyin Türkiyə tərəfindən açılması ilə qoyulub. Əlaqələr Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2016-cı ildə Səmərqəndə səfəri ilə inkişaf mərhələsinə keçib. Bu ziyarətin ardından 21 illik fasilədən sonra 2017-ci ildə Özbəkistan Prezidenti Türkiyəyə səfər edib.

Hər iki tərəf Özbəkistan Prezidentinin Türkiyəyə budəfəki səfərinə ciddi hazırlıq görüb. Səfər çərçivəsində ölkələrin liderləri təkbətək görüşə və digər tədbirlərə qatılıblar. Onlar ikitərəfli münasibətlərin və regional əməkdaşlığın genişləndirlməsi ətrafında aktual müzakirələr aparıblar. Liderlər əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğuna xüsusi diqqət çəkiblər.

Dördüncü ticarət tərəfdaşı

Siyasi dialoqun yüksək səviyyəsinə uyğun olaraq Türkiyə ilə Özbəkistan arasında ticarət əlaqələri də sürətlə genişlənir. Belə ki, iki ölkə arasında 2016-cı ildə 1 milyard 242 milyon dollar həcmində olan ticarət dövriyyəsi ötən il 3,1 milyard dollara çatıb. Hazırda Türkiyə Özbəkistanın dördüncü ən böyük ticarət ortağıdır. Ötən il Türkiyənin Özbəkistana ixracı 1 milyard 851 milyon 200, idxalı isə 1 milyard 248 milyon ABŞ dolları olaraq hesablanıb. İki ölkə arasında 3 milyard dollar olan illik ticarət həcminin ilk mərhələdə 5 milyard, sonrakı mərhələdə isə 10 milyard dollara çatdırılması hədəflənir.

İki ölkə arasında təhsil, səhiyyə və mədəniyyət sahələrində əlaqələr sürətlə möhkəmlənməkdə davam edir. Bu çərçivədə iki ölkə arasında səhiyyə və təhsil forumları keçirilib. Həmçinin Özbəkistanın paytaxtı Daşkənddə ortaq universitetin yaradılması ilə bağlı fəaliyyətlər həyata keçirilir.

Türk iş adamlarının dəfələrlə dilə gətirdiyi problemlərdən biri olan viza məsələsi ilə bağlı da müsbət addımlar atılıb. Belə ki, 2017-ci ildə Özbəkistan hökuməti Türkiyə vətəndaşlarına 3 gün ərzində viza verilməsini nəzərdə tutan sənəd imzalayıb. 2018-ci ilin fevral ayında Özbəkistanda Türkiyə vətəndaşlarına 30 günlük vizasız rejiminin tətbiqinə başlanıb.  Bunun nəticəsində iki ölkə arasındakı səfərlərin sayında artım müşahidə olunur. Qeyd edək ki, 2016-cı ildə Türkiyəyə təxminən 150 min, 2023-cü ildə isə 500 min özbək gelib.

Qardaşlıq dəstəyi

Ötən ilin fevralında Türkiyənin cənubunda dağıdıcı zəlzələ baş verdi. Qardaş ölkənin 11 əyalətini əhatə edən zəlzələ nəticəsində binalar, yollar, hava limanları yararsız hala düşdü, tarixi tikililər dağıldı, 1 milyondan çox insan dəqiqələr içində evsiz qaldı. Bu, son 30 ilin ən dağıdıcı beşinci zəlzələsi idi. Hesablamalara görə, 50 mindən çox insanın həyatına son qoyan fəlakətin fəsadlarının aradan qaldırılması üçün Türkiyəyə 5 il ərzində 150 milyard dollar vəsait lazım olacaq.

Azərbaycan kimi, Özbəkistan da Türkiyədə baş verən zəlzələyə biganə qalmadı. Dağıdıcı zəlzələlərdən sonra aparılan yenidənqurma işlərində Özbəkistan da iştirak edir. Hazırda Özbəkistan yeraltı təkanlardan ən çox zərər görən vilayətlərdən olan Hatayda 306 mənzillik yaşayış kompleksi inşa edir. Bu mənzillərin yaxın vaxtlarda sahiblərinə təhvil verilməsi planlaşdırılır.

TDT-da əməkdaşlıq

Zamanında imperialist güc mərkəzləri planlarını həyata keçirməklə Türk coğrafiyasını parçalamağa nail olmuşlar. Yeni geosiyasi reallıqlar fonunda isə Türk dövlətlərinin bir çətir altında birləşməsi üçün tarixi imkanlar yaranıb. Türk Dövlətləri Təşkilatı yarandığı zaman onun dörd üzv ölkəsi - Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan olduğu halda, bu gün artıq təşkilatda beş üzv və üç müşahidəçi ölkə var. Özbəkistan 2019-cu ildə TDT-yə üzv olub. Altı Türk dövlətindən beşi bu təşkilatın üzvüdür, Türkmənistan isə müşahidəçi statusuna malikdir. Macarıstan və Şimali Kipr Türk Cümhuriyyəti də müşahidəçi qismində təşkilata qoşulublar.

TDT-da birləşən ölkələr böyük iqtisadi gücdür. Onlar artan əhaliyə və zəngin resurslara malikdirlər. Bütün bunlar da türkdilli ölkələrin həm siyasi, həm də iqtisadi müstəvilərdə kordinasiyalı fəaliyyətlər həyata keçirmələrinə geniş imkanlar açır.  Artıq Azərbaycan, Türkiyə və Özbəkistan da daxil olmaqla TDT çərçivəsində birgə investisiya fondu yaradılıb. Bu fond vasitəsilə nizamnaməyə uyğun olaraq birgə səylərlə önəmli layihələr reallaşdırılacaq. Türkiyəni, Azərbaycanı və Mərkəzi Asiyadakı Türk dövlətlərini birləşdirən Orta Dəhlizin böyük inkişaf perspektivləri var.  Zəngəzur Dəhlizinin açılması ilə həm tarixi Türk coğrafiyasının bütövlüyü təmin olunacaq, həm də Orta Dəhlizin funksionallığı artacaq.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 477 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Mədəniyyət

Gündəm

Siyasət

Xilaskarlıq missiyası

14 İyun 12:05  

MEDİA

150 ilə sözardı

14 İyun 11:38  

Analitik

Analitik

Ukraynaya “mesaj”...

14 İyun 11:00  

Siyasət

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30