Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Zəngəzur dəhlizi “düyünü”nü kim açacaq?

Zəngəzur dəhlizi “düyünü”nü kim açacaq?

24.09.2024 [08:52]

2020-ci il Vətən müharibəsinin ən mühüm reallıqlarından biri də Ermənistanın Zəngəzur dəhlizini açmaqla bağlı üzərinə götürdüyü öhdəlikdir. Artıq 4 ildir ki, adekvat addımlardan boyun qaçıran, dəhlizin açılması məsələsini uzadan, beləliklə, regionda yaranan yeni ticari imkanları bloklayan Ermənistan qeyri-konstruktiv mövqe nümayiş etdirir. Təəssüfləndirici haldır ki, Ermənistana “bu yolda” dəstək olanlar arasında region ölkələrinə də təsadüf olunur. Məsələn, İranın zəngəzur dəhlizi məsələsinə qatı və hətta “qırmızı xətt” nisbətində baxış sərgilədəyi kimi...

Yeni ticari münasibətlərin pasportu...

Zəngəzur dəhlizinin Mərkəzi Asiya - Cənubi Qafqaz - Kiçik Asiya coğrafiyası üçün yaradacağı üstünlüklər bəllidir - yeni münasibətlər sistemində əhəmiyyətli yer tutacaq dəhliz Şərq-Qərb iqtisadi əlaqələrində əsas tranzit xətti olmağa ən real namizəddir. Dəhlizi digər yollardan fərqləndirən cəhətlər sırasında isə rentabellik, əlverişli coğrafi mövqe, təhlükəsizlik və hazır infrastrukturlara malik olması yer alır. Başqa sözlə, Zəngəzur dəhlizi iki sivilizasiya arasında yeni ticari münasibətlərin pasportu kimi çıxış etmək məsuliyyətini üzərinə götürməyə hazırdır.

Ermənistanın dəhlizlə bağlı qeyri-konstruktiv davranışları bu ölkənin hər zamankı xəbis və məkrli planlarından xəbər verir - İrəvan özünün “ənənəsinə” sadiq qalaraq fərqli güclərin oyun alətinə çevrilməklə siyasi situasiyalarda dəyişiklik etmək niyyətindədir. Amma bu dəfə bütün cəhdlər əbəsdir. Çünki real olaraq bütün dövlətlər bu və ya digər şəkildə Zəngəzur dəhlizinin açılmasında maraqlı görünürlər. Ölkə nümayəndələrinin, rəsmi şəxslərin verdikləri açıqlamalar da bunu təsdiqləyir.

Moskvanın arqumentləri İranı uzlaşdırmaya gətirəcəkmi?

İranın “oyunpozanlıq” etməsi isə anlaşılan deyil. Məsələnin mahiyyətinə keçməmişdən əvvəl qeyd etmək yerinə düşər ki, Zəngəzur dəhlizinin açılması Tehranın ticari əlaqələrinə də müsbət təsirlərini göstərmə perspektivinə malikdir - dəhlizə uğurlu inteqrasiyası nəticəsində İran xüsusilə Şərq kontingenti olan Mərkəzi Asiya və Çin ilə əlaqələrində yeni kontent yarada bilər. Bunun üçün həm iqtisadi, həm də ticari imkanlar açıqdır. Amma Tehranın “qırmızı xətt” bəyanatı ilə qətiləşdirdiyi hazırki “mövqeyi” bu uzlaşmadan və perspektivdən uzaqdır. İranın Zəngəzurla bağlı mövqeyi o qədər birrəngdir ki, hətta müttəfiqi Rusiyanın məsləhətlərinə və dəhlizlə bağlı fikirlərinə belə radikal qarşılıq verir. Məsələn: Rusiya XİN-in sözçüsü Mariya Zaxarova “Moskva Zəngəzur dəhlizi ilə bağlı öz arqumentlərini təqdim edib və İranın bunu başa düşəcəyinə ümid edir” deməklə rəsmi Tehranı məsələdə anlayışa dəvət etməsi qarşılığında İran Elmi Hövzələrin rəhbəri, İran Konstitusiyasının Keşikçilər Şurasının üzvü Ayətullah Əlirza Ərafi “Rusiyaya xəbərdarlıq edirik: Zəngəzur dəhlizinin mülkiyyət məsələsi bizim qırmızı xəttimizdir” cavabını verir. Etirazın səbəbi açıqlanmır, arqument səsləndirilmir - sadəcə birrəngli mövqe üzərində əsassız israr edilir. 

Moskva-Tehran “trafiki”...

Ortaq məxrəc tapılacaqmı?

Zəngəzur dəhlizi məsələsinin İran tərəfindən belə bir münasibətə tuş gəlməsi isə qeyd olunduğu kimi Rusiyanın etirazına səbəb olur. Son dövrlərdə daha da güclənən Tehran - Moskva “diplomatik trafiki” hər şeyi açıq aydın ortaya qoyur:

- Avqustun 5-də Rusiyanın Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Tehrana səfər etdi və İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının rəhbəri Əli Əkbər Əhmədianla danışıqlar apardı;

- Ardından Şoyqu Bakıya gəldi - avqustun 18-19-da isə Rusiya Prezidenti Azərbaycan paytaxtını ziyarət etdi, fərqli cəhətlər üzrə tranzit daşımaların daha da effektivləşdirilməsi məsələsinə toxundu: həm Şimal-Cənub dəhlizi, həm də digər kommunikasiyalar barədə açıq fikirlər səsləndirdi;

- Ötən həftə İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının rəhbəri Əli Əkbər Əhmədianın Moskvaya səfəri baş tutdu və Şoyqu ilə müzakirələrin ikinci raundu start götürdü - görüş zamanı Rusiya İran rəsmisinə ölkəsinin Zəngəzurla bağlı mövqeyinin dəyişmədiyini bildirdi;

- Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu sentyabrın 17-də yenidən Tehrana yola düşdü və İranda prezident Məsud Pezeşkianla görüşdü, ona Rusiya lideri Putinin mesajını çatdırdı.

Beləliklə, təxmini mənzərə göz önündə canlanır. İranın hansı “səbəblərdən” Zəngəzur dəhlizinə “qırmızı işıq” yandırmasından asılı olmayaraq mövqeyi qeyri-adekvatdır. Ştrixlərə diqqətlə baxdıqda İranın sanki Ermənistanı dəstəkləyən Qərblə “işbirliyinin” işartıları belə görünür...

“Qırmızı xətt” dəhlizdirmi? - İranın sərhəd narahatlığı nədən qaynaqlanır?

Bu düşüncənin ilkin səbəbi İranın ciddi-cəhdlə Zəngəzur məsələsi ilə sərhəd məsələsini paralelləşdirməsidir. Bir müddət öncə iranlı deputat Fədahüseyn Maleki Zəngəzur dəhlizi ilə bağlı danışarkən bu yolu “Azərbaycanı erməni keçid məntəqələri olmadan Naxçıvanla birləşdirmək üçün nəzərdə tutulan “Zəngəzur dəhlizi” adlandırmışdı - vurğuya xüsusi diqqət yetirmək gərəkir. Belə çıxır ki, İran Azərbaycanı Naxçıvanla birləşdirən yola üçtərəfli bəyanata əsasən Rusiyanın nəzarət etməsini qəbul etmir. Məhz Malekinin açıqlaması Tehranın əsl niyyətini üzə çıxarır. Dekmək ki, iranlı deputatın məntiqincə Tehranın əsl “qırmızı xətti” üçtərəfli ?əyanatda nəqliyyat nəzarətinin Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilməsi məsələsinin yer almasıdır. Bəs niyə Tehran bu məsələdən çəkinir - axı, Rusiya ilə yaxın əlaqlərə malik olması İran üçün xüsusi bir üstünlük formalaşdırır.

Demək ki, İran-Ermənistan sərhədi Tehranın bilinməsini istəmədiyi bəzi məqamlara “şahidlik” edir. Əks halda sərhəddə kimin və ya necə dayanması niyə problem yaratmalıdır? Ola bilər ki, Rusiyanın həmin ərazilərə gəlişi İranın bir sıra ticari maraqları ilə üst-üstə düşmür. Bunu açıq dillə söyləyə bilməyən İran isə dəhliz mssələsi ilə “milli maraqlar” məsələsini tərəzidə bərabərləşdirir...

Qərbə “mesaj”...

Və nəhayət, İranın bu qeyri-adekvat mövqeyi Ermənistan üzərindən bölgədə bəzi oyunlar qurmağa çalışan Qərbin arzuları ilə “üst-üstə düşür”. Başqa sözlə, bu ya Qərb-İran əlaqələrinin Ermənistan kəsişməsinə gətirib çıxardığını deməyə əsas verir, ya da Tehranın da bu məsələdə öz korporativ marağı üçün istifadə arzusunu ortaya qoyur. Tehran sanki bu addımı ilə Qərbə “gəl-gəl” deyir. Anlaşmanın mümkünlüyünün komponentləri də göstərilir - Ermənistan Qərb üçün “əhəmiyyətini” artırdıqca, İran özünün sərhəd yerləşimindən maksimum istifadə etməyə çalışır. Hətta bəzi siyasi ekspertlər İranın bu yolla özünə yönəlik sanksiyaları yumşaltmaq haqqında danışığa getməyi düşündüyünü belə vurğulayırlar...

Paralel olaraq diqqət yetirilsə, Qərbin, konkret ABŞ-ın Zəhgəzur ərazisinə əsgər toplaması, silah-sursat daşıması, hətta bu sursatların bir çoxlarının birmənalı şəkildə İrana qarşı hədəflənməsi Tehran tərəfindən susqunluqla qarşılanır - axı bir müddət öncə yayılan məlumatlarda açıq şəkildə bildirilirdi ki, ABŞ-ın Zvartnotsa enən “xüsusi təyinatlı” təyyarələrindən birində İran ərazisindən buraxılan raketlərin və digər təyyarələrin trayektoriyalarını izləyən xüsusi alətlər yer alıb. Gətirilən qurğular Ermənistanın İranla sərhədində yerləşdiriləcək. İranın bu faktoru sükutla qarşılaması, adi bir bəyanat verməməsi, baş verənləri “qırmızı xətt” saymaması fərqli şübhələrə yol açır...

Amma təbii ki, Zəngəzur dəhlizinin qlobal əhəmiyyəti bu kimi detallarla kiçilə bilməz. Dəhlizin həm ticari, həm siyasi, həm də mənəvi parametrləri onu zəruri edir. Başqa sözlə, yeni münasibətlər sistemi Zəngəzur dəhlizi olmadan çox “cılız” görünə bilər...

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 201 dəfə

Xəbər lenti

Hamısına bax

MEDİA

Siyasət

Davam edən mina terroru...

16 Oktyabr 09:52  

İqtisadiyyat

Dünya

“Berlin prosesi”...

16 Oktyabr 08:36

Siyasət

Sosial

Maraqlı

Aclığa son...

16 Oktyabr 07:17

Sosial

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31