Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda aqrar sektor qabaqcıl təcrübə və intensiv metodlar əsasında dinamik inkişaf etdirilir

Azərbaycanda aqrar sektor qabaqcıl təcrübə və intensiv metodlar əsasında dinamik inkişaf etdirilir

30.06.2016 [09:53]

Prezident İlham Əliyev: İri fermer təsərrüfatlarının fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. Orada məhsuldarlıq orta məhsuldarlıqdan təxminən iki dəfə çoxdur
Son illərdə Azərbaycanın sürətli inkişaf dinamikası aqrar sektorda əldə olunan uğurların timsalında daha qabarıq şəkildə nəzərə çarpır. Bütövlükdə, davamlı və hərtərəfli dövlət dəstəyi sayəsində respublikamızda kənd təsərrüfatında əhəmiyyətli artıma nail olunub. Azərbaycanda “Kənd təsərrüfatı ili” elan olunan 2015-ci ildə aqrar sektorun genişlənməsi 7 faiz civarında olmaqla iqtisadiyyatın digər sektorlarının artım dinamikasını üstələyib. Cari ilin birinci rübündə aqrar sektorda 2,7 faiz artıma nail olunması respublikamızda bu sahədə böyük potensialın olduğunu bir daha təsdiqləyir.
Ölkəmizdə son illərdə aqrar sahədə istehsal imkanlarının genişlənməsinə, məhsuldarlığın artmasına təsir göstərən bir sıra amillər sadalamaq mümkündür ki, onların da içərisində Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq kənd təsərrüfatında həyata keçirilən islahatlar, o cümlədən də qabaqcıl təcrübədən geniş istifadə edilməsi, intensiv metodların tətbiqinə “yaşıl işıq” yandırılması və bu kimi digər amillər xüsusi yer tutur.
İri fermer təsərrüfatları hesabına Azərbaycanda yeni kənd təsərrüfatı sistemi formalaşır
Respublikamızda aqrar sahədə dünya miqyasında təsdiqini tapan qabaqcıl təcrübənin tətbiqi baxımından ayrı-ayrı bölgələrdə iri fermer təsərrüfatlarının yaradılması diqqətəlayiq haldır. Azərbaycanın regionlarında iri fermer təsərrüfatlarının yaradılmasına Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bir neçə il bundan qabaq start verilib. Dövlət Torpaq Fondunun hesabına yaradılan iri fermer təsərrüfatlarının fəaliyyətə başlaması ilə ölkəmizdə, əslində, yeni bir kənd təsərrüfatı sisteminin formalaşdığını söyləmək mümkündür.
İri fermer təsərrüfatlarının yaradılması respublikamızda kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını stimullaşdırmaq və əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədi daşıyır. Dövlət başçısının tapşırığına uyğun olaraq hazırda Ağcabədi, Beyləqan, Kürdəmir, Ağsu, İmişli, Hacıqabul, Cəlilabad, Salyan, Xaçmaz, Füzuli, Saatlı və digər rayonlarda iri fermer təsərrüfatları yaradılır. İndiyədək 19 rayonda 40 min hektardan artıq sahədə 29 iri fermer taxılçılıq təsərrüfatının yaradılması başa çatıb.
Qeyd edək ki, son illərədək respublika üzrə taxıl istehsalında məhsuldarlıq hər hektarda cəmi 23-24 sentner təşkil edirdi. Bu, əlbəttə ki, aşağı göstəricidir. Bunun əsas səbəbi isə taxıl istehsalının xırda təsərrüfatlarda cəmləşməsi ilə bağlı idi. Təcrübə göstərir ki, iri fermer təsərrüfatlarında daha yüksək məhsuldarlığa nail olmaq mümkündür. İlkin nəticələrə əsasən, iri fermer təsərrüfatlarında məhsuldarlıq hər hektar üzrə 55 sentner səviyyəsində olub ki, bu da kifayət qədər yüksək göstəricidir. Taxılçılıq təsərrüfatlarında məhsuldarlığın artırılmasında həmçinin intensiv metodların tətbiqi, yeni suvarma üsullarından geniş istifadə olunması, aqrotexniki qaydalara əməl edilməsi və bu qəbildən olan digər tədbirlər də mühüm rol oynayır. Respublikada taxılçılıq təsərrüfatlarında həyata keçirilən zəruri tədbirlərin nəticəsidir ki, son illərdə taxıl istehsalında davamlı olaraq artım müşahidə edilir. Ölkə miqyasında 2014-cü ildə 2 milyon 300 min ton, 2015-ci ildə isə 2 milyon 900 min ton taxıl istehsal olunub. Ekspertlərin qənaətinə görə, bu, kifayət qədər yaxşı inkişaf göstəricisidir. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində yeni yaradılan iri fermer təsərrüfatlarında məhsuldarlığın artmasından xüsusi məmnunluq ifadə edərək vurğulayıb ki, belə təsərrüfatların yaradılması cari ildə də davam etdiriləcək: “İri fermer təsərrüfatlarının fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. Orada məhsuldarlıq orta məhsuldarlıqdan təxminən iki dəfə çoxdur. Ona görə bu, bir nümunədir. Biz iri fermer təsərrüfatlarının yaradılmasını bu il də davam etdirməliyik. Bu, bizə imkan verəcək ki, idxaldan asılılığı azaldaq”.
Hazırda iri fermer təsərrüfatlarında müasir texnologiyanın tətbiqi nəticəsində torpağın münbitliyinin artırılmasına, suvarma suyuna qənaət olunmasına, torpağın şoranlaşması və eroziyaya uğraması proseslərinin qarşısının alınmasına şərait yaradılıb. Müasir təsərrüfatlarda növbəli əkin sisteminin həyata keçirilməsi kənd təsərrüfatını rentabelli sahəyə çevirməklə yanaşı, bir sıra məhsulların istehsalının artımına səbəb olacaq. Bu da ərzaq buğdasına, yüksək reproduksiyalı buğda toxumuna, heyvandarlıqda və quşçuluqda istifadə edilən və əsasən idxal olunan yem məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsinə imkan verəcək.
Qeyd edək ki, cari mövsümdə ölkənin regionlarında taxıl biçini başlayandan bəri zəmilərdən bol məhsul toplanır. Builki taxıl yığımı mövsümündə respublika üzrə cəmi 927,4 min hektar sahədə biçin aparılması nəzərdə tutulub. Bunun 344 min hektarı arpa, 583 min hektarı buğda sahələridir. Ümumilikdə, ötən illə müqayisədə payızlıq buğda sahəsi 42 min hektar çoxdur. Mayın 25-dən etibarən aran bölgələrində taxıl biçini başlanıb və məhsuldarlıq hektardan 30-35 sentner təşkil edir. Biçinə hazırlıqla əlaqədar respublikada mövcud olan taxılyığan kombayn parkının dislokasiyası müəyyənləşdirilib və biçin qrafiki tərtib edilib. Cari mövsümdə 2400-dən çox taxılyığan kombayn biçinə cəlb edilib. Mövcud olan kombaynlar vaxtında tam saz vəziyyətə gətirilib, bölgələr üzrə taxılın yetişmə ardıcıllığı nəzərə alınmaqla kombaynların rayonlararası hərəkət qrafiki tərtib olunub. Bununla yanaşı, regional nümayəndəliklərin istifadəsində olan 500-dən çox kombayn biçin kampaniyasına cəlb edilib.
Yeni taxıl sortlarının yaradılması və toxumçuluğun inkişafı məhsuldarlığın artmasına müsbət təsir göstərir
Taxılçılıqda məhsuldarlığı artırmaq üçün zəruri amillərdən biri də yeni taxıl sortlarının yaradılması, onların rayonlaşdırılması, eləcə də toxumçuluğun inkişafı ilə bağlıdır. Məlum olduğu kimi, Prezident İlham Əliyev 2015-ci il 2 mart tarixində “Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncamda ölkədə ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsi məqsədi ilə yüksək məhsuldarlığa malik və quraqlığadavamlı yeni növ toxumlara tələbat yarandığı vurğulanır. Sərəncamla ölkədə məhsul istehsalçılarının yüksək məhsuldar toxumlara tələbatının dolğun şəkildə ödənilməsi məqsədi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondunun yaradılması qərara alınıb. Dövlət başçısının imzaladığı bu sənədə əsasən, Nazirlər Kabinetinə Dövlət Toxum Fondunun fəaliyyətinin təmin edilməsi, habelə yüksək məhsuldar toxumların istehsalının və tədarükünün həyata keçirilməsini stimullaşdırmaq üçün müvafiq tədbirlər həyata keçirmək tapşırılıb. Toxumçuluğun inkişafı və daha məhsuldar sortların yetişdirilməsi ilə bağlı qarşıya qoyulan vəzifələrə uyğun olaraq bu günlərdə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi, nazirliyin yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidməti və Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən Qobustan rayonunda “Dəmyə bölgələr üçün yeni taxıl sortlarının yaradılması və toxumçuluğun təşkili” mövzusunda elmi-praktik seminar keçirilib. Seminarda vurğulanıb ki, bu gün tez yetişən sortlar böyük səmərə verir. “Qobustan”, yeni rayonlaşdırılan “Qızıl buğda” sortları bu baxımdan çox sərfəlidir. Quraqlığa davamlı olan həmin buğda sortları vegetasiya dövrünü tez qurtarır. Əlbəttə, məhsuldarlıq üçün qara herik də çox vacibdir. Qeyd olunub ki, yeni sortların yaradılması, toxum istehsalı sahəsində Qobustan Bölgə Təcrübə Stansiyasında böyük işlər görülür. Son illərdə burada buğdanın “Ruzi 84”, “Qızıl buğda”, “Ləyaqətli 80”, arpanın “Dəyanətli”, “Qüdrətli 48”, ərzaq noxudunun “Sultan” sortları yaradılıb. Bunlar əvvəlki sortlardan fərqli olaraq tez yetişir, xəstəliyə və quraqlığa davamlıdır. Məhsuldarlıqları isə orta hesabla 7-10 sentner çoxdur. Mərkəzdə həm də müasir texnologiya ilə həmin sortların elit toxumları istehsal olunur. Hər il kənd təsərrüfatı bölgüsü əsasında toxumçuluq fermer təsərrüfatlarına orta hesabla 300-350 ton toxum satılır.
Yeni təsərrüfatlar yaradılarkən bölgələrin ənənələri mütləq nəzərə alınır
Prezident İlham Əliyev aqrar sektorda məhsuldarlığın artırılması, ixrac imkanlarının genişləndirilməsi, bu yolla ölkəyə valyuta daxilolmalarının çoxaldılmasına nail olmaq üçün qarşıya konkret vəzifələr qoyub. Dövlət başçısının gündəmə gətirdiyi vacib məsələlərdən biri hər bölgənin öz potensialına və ənənələrinə uyğun ixtisaslaşmanın aparılması və ayrı-ayrı iqtisadi zonalar üçün fərqli subsidiya paketinin hazırlanması ilə bağlıdır. Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində bu xüsusda fikirlərini ifadə edən Prezident İlham Əliyev deyib: “Azərbaycan çoxiqlimli bir ölkədir. Doqquz iqlim zonamız var. Məxsusi olaraq hər bir zona üçün xüsusi kənd təsərrüfatı məhsulları yetişdirilməlidir və hər bir rayonun, hər bir iqtisadi zonanın öz subsidiya paketi olmalıdır. Belə olan halda kənd təsərrüfatı ixtisaslaşmış şəkildə və daha böyük səmərə ilə inkişaf edəcək”.
İri fermer təsərrüfatları yaradılarkən respublikanın bölgələrinin coğrafi-iqlim xüsusiyyətləri, o cümlədən də tarixən formalaşan ənənələri əsas götürülür. Bu baxımdan zəngin çayçılıq ənənələri olan Astarada “Astaraçay” kənd təsərrüfatı müəssisəsinin fəaliyyətə başlaması təsadüfi deyil. Təsərrüfatın ümumi əkin sahəsi 640 hektardır. Çay plantasiyalarında müasir suvarma şəbəkəsi yaradılıb və hazırda təsərrüfatda 400 hektara yaxın çay sahəsi mövcuddur. Əkilən “Kolxida” çay toxumları Gürcüstanın Batumi şəhərinin Çayçılıq Elmi-tədqiqat İnstitutunun tədris-təcrübə sahəsindən toplanıb. Toxumlar sınaqdan keçirilərək yerli şəraitə uyğunlaşdırılıb. Burada həmçinin Koreya Respublikası şirkətinin layihəsi əsasında çay fabriki inşa edilib. Ərazisi 5 hektar olan fabrikdə xaricdən gətirilən ən müasir avadanlıq quraşdırılıb. Müəssisənin məhsuldarlığı gün ərzində 12 tondur. “Astaraçay” kimi müəssisələrin istifadəyə verilməsi Azərbaycanda böyük ənənəsi olan çayçılığın yenidən dirçəlməsinə şərait yaradır. Müəssisədə çay muzeyi, dequstasiya zalı və turistlər üçün çay evi də tikilib.
Lənkəranda isə rayonun əlverişli coğrafi-iqlim xüsusiyyətlərinə və ənənələrinə uyğun olaraq yeni sitrus bağları salınır. Ötən il burada yeni “Gilan aqro-sitrus” təsərrüfatı yaradılıb. Yeni sitrus təsərrüfatının ümumi sahəsi 45 hektardır. Hazırda 15 hektar sahədə “Gilan aqro” şirkəti tərəfindən Cənubi Koreyadan gətirilən 20 min ədəd “Shiranuhi” (Hallabong) və “Kanpei” (Red Hyaang) sitrus ağacları əkilib. Təsərrüfatda işlər davam etdirilir. Yeni salınmış sitrus təsərrüfatında 140 nəfərin daimi işləməsi nəzərdə tutulur. Sitrus təsərrüfatının ümumi smeta dəyəri 10 milyon manatdır. Gələcəkdə təsərrüfat genişləndirilərək 500 hektara yaxın ərazini əhatə edəcək.
Respublikada heyvanların cins tərkibinin yaxşılaşdırılması ət və ət məhsulları istehsalının artmasına təkan verib
Son illərdə Azərbaycanın regionlarında aqrar sektorda ərzaq məhsulları istehsalının artım dinamikası heyvandarlıqda daha qabarıq şəkildə nəzərə çarpır. Ötən il ölkə əhalisinin heyvandarlıq məhsulları ilə özünütəminat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib. Hazırda ölkədə heyvandarlıq məhsulları ilə özünütəminat səviyyəsi belədir: mal əti - 92 faiz, qoyun əti - 99 faiz, quş əti - 98,6 faiz, süd və süd məhsulları - 80 faiz, kərə yağı - 60 faiz. 2015-ci ildə respublikada mal əti ilə özünütəminat səviyyəsi 2014-cü illə müqayisədə 5 faiz, qoyun əti üzrə 2 faiz, quş əti üzrə 0,6 faiz, süd və süd məhsulları üzrə 4 faiz və kərə yağı üzrə 8 faiz artıb. Əldə olunan nailiyyətlər onu deməyə əsas verir ki, cari ildə də respublikada ərzaq məhsulları ilə özünütəminat səviyyəsində artım baş verəcək. Ümumiyyətlə, bu sahədə qarşıya qoyulan hədəf 2016-cı ildə respublikanın heyvandarlıq məhsullarına olan tələbatının tam yerli istehsal hesabına ödənilməsinə nail olmaqdan ibarətdir.
Son illərdə respublikanın ərzaq təminatının daxili istehsal hesabına gücləndirilməsi ilə bağlı müəyyənləşdirilən strateji hədəfə uyğun olaraq regionlarda heyvandarlığın inkişaf etdirilməsi, ət və ət məhsulları istehsalının artırılması məqsədilə görülən çoxsaylı tədbirlər sırasında mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasını xüsusi qeyd etmək lazımdır. “Damazlıq heyvandarlıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ölkədə müvafiq tədbirlərin həyata keçirilməsi nəticəsində heyvandarlıqda damazlıq-seleksiya işləri xeyli yaxşılaşıb. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərə uyğun olaraq mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələr uğurla davam etdirilir. Ölkəyə həm yüksək məhsuldar heyvan cinsləri gətirilərək fermerlərə lizinq yolu ilə satılır, həm də süni mayalama işləri genişləndirilir. Xaricdən yüksək məhsuldar heyvanların alınmasına 2009-cu ildən başlanılıb. Gətirilən cins heyvanın qiymətinin 50 faizi dövlət tərəfindən ödənilir, digər 50 faizinin yarısı əvvəlcədən, qalanı isə 3 il müddətində “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə ödənilir. Ümumilikdə, 2009-2015-ci illərdə respublikaya 18 min 252 baş cins heyvan idxal olunub. Bu heyvanların əksəriyyəti - 13 minə yaxını son üç ildə alınaraq kənd təsərrüfatı məhsulları istehsalçılarına paylanılıb. Digər tərəfdən, süni mayalama xidmətlərinin genişlənməsi və müasirləşdirilməsi də davam edir. Cənubi Qafqazda ilk dəfə olaraq Azərbaycanda Süni Mayalama Mərkəzi yaradılıb. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması son nəticədə istehsalın əhəmiyyətli dərəcədə artması ilə müşayiət olunur. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində ölkə miqyasında mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən məmnunluğunu ifadə edərək deyib: “Biz əvvəllər daha çox cins mal-qaranın alınması ilə məşğul idik. Bu davam edir. Ancaq Azərbaycanda cinsin yaxşılaşdırılması üçün imkanlar var. Burada süni mayalama sistemi geniş tətbiq olunmalıdır. Mənə verilən məlumata görə, bir neçə il ərzində biz tamamilə mal-qara cinsini yaxşılaşdıracağıq və beləliklə, əlavə imkanlar yaranacaqdır”.
Ölkənin regionlarında heyvandarlığın inkişafında intensiv metodların tətbiqinin genişlənməsində və məhsuldarlığın artmasında bu sahədə normativ-hüquqi bazanın davamlı olaraq möhkəmləndirilməsinin böyük rolu var. Prezident İlham Əliyevin ötən il imzaladığı heyvandarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi və heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında müvafiq sərəncamlar ölkəmizdə heyvandarlığın inkişafı sahəsində yeni perspektivlər açıb.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 719 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31