Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Misir Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığın inkişafında maraqlıdır

Misir Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığın inkişafında maraqlıdır

23.07.2016 [10:09]

Misirlə Azərbaycan arasındakı əlaqələrin tarixi qədim dövrlərə gedib çıxır. Bu əlaqələr keçmiş Sovetlər Birliyi dövründə də davam etmişdir. Azərbaycanın neft və təbii qaz ehtiyatları ilə zəngin olması onun keçmiş Sovetlər Birliyi ölkələri arasında əhəmiyyətli yer tutmasına səbəb olmuşdur. Məlumdur ki, Misir uzun müddət hərbi, iqtisadi və siyasi sahələrdə Sovet İttifaqı ilə əməkdaşlıq etmişdir.
Sovetlər İttifaqı dağıldıqdan sonra isə Azərbaycanla əlaqələr yeni mərhələyə qədəm qoymuşdur.
Misir Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olmuşdur
Misir Ərəb Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 26 dekabr 1991-ci ildə tanımışdır. Bununla da Misir Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olmuşdur.
1992-ci il aprel ayının 4-də iki dövlət arasında diplomatik münasibətlərin yaradılması haqqında Protokol imzalanmışdır. 1993-cü ilin aprel ayından Misirin Bakıda, 1994-cü ilin yanvar ayından isə Azərbaycanın Qahirədə səfirliyi fəaliyyət göstərməyə başlamışdır.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 1994-cü ildə BMT-nin Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransında iştirak etmək üçün Qahirəyə işgüzar səfəri Misirlə Azərbaycan arasında diplomatik əlaqələrin və yüksək səviyyəli səfərlərin faktiki başlanğıcı hesab olunur. Səfər çərçivəsində aparılan sıx danışıqlar iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsində və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində böyük rol oynamışdır.
Misirlə Azərbaycan arasındakı siyasi əlaqələr 1994-2002-ci illər arasında böyük inkişaf yolu keçmişdir. Bu dövr ərzində iki ölkənin hökumət üzvləri səviyyəsində bir sıra qarşılıqlı səfərlər həyata keçirilmiş, bu səfərlər çərçivəsində ikitərəfli əlaqələrin bütün sahələrdə inkişafına təkan vermiş xeyli sayda mühüm sazişlər imzalanmışdır.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 2007-ci il mayın 6-8 tarixində Misir Ərəb Respublikasına rəsmi səfəri Azərbaycanın Misirlə əlaqələrinə nə dərəcədə önəm verdiyinin göstəricisidir. Bu səfər iki ölkə arasında müxtəlif sahələrdə 12 sazişin imzalanması ilə nəticələnmişdir. Prezident İlham Əliyevin rəsmi səfəri iki ölkə arasında əlaqələrin genişləndirilməsi və gücləndirilməsində böyük iz buraxmışdır.
Digər tərəfdən, ölkələr arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsi məqsədi ilə Misir tərəfi bir sıra səfərlər həyata keçirmişdir.
Azərbaycanla Misir arasındakı güclü diplomatik əlaqələr çərçivəsində Misirin Qəlyubiyyə vilayətində bu ölkənin tarixində ilk dəfə olaraq Misir-Azərbaycan dostluğu parkı salınmış, bu parkda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsi ucaldılmış, həmin vilayətdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva adına məktəb açılmışdır. Bunun müqabilində Abşeron rayonunda Azərbaycan-Misir dostluğu parkı salınmış, Firon dövründə olan bir yazarın heykəli ucaldılmış, bundan əlavə, burada bir məktəb istifadəyə verilmişdir.
Hər iki ölkə bir-birini beynəlxalq forumlarda da dəstəkləyir. Misirlə Azərbaycan arasındakı siyasi əlaqələrdən danışdıqda bir vacib məqamı da qeyd etmək lazımdır ki, Misir beynəlxalq arenada Dağlıq Qarabağ məsələsi ilə bağlı Azərbaycanın haqlı mövqeyinə dəstəyini ifadə edir.
Misirlə Azərbaycan arasında ticari-iqtisadi əlaqələr inkişaf edir
Misirlə Azərbaycan arasında diplomatik əlaqələrin yaradılması tərəflərin 1994-cü il 7 aprel tarixində Qahirə şəhərində imzaladığı “Misir Ərəb Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında iqtisadi və elmi-texniki əməkdaşlıq haqqında Saziş”lə eyni vaxta təsadüf edir. Sazişin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Hökuməti və Misir Ərəb Respublikası Hökuməti arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə müştərək Komissiya yaradılmışdır.
Komissiyanın işi nəticəsində bir sıra sənədlər - Müştərək Komissiyanın protokolu, Azərbaycan Respublikası Hökuməti ilə Misir Ərəb Respublikası Hökuməti arasında investisiyaların qarşılıqlı qorunması və təşviqi haqqında Saziş, Ticarət-Sənaye Palataları arasında razılaşma imzalanmışdır.
2005-ci il dekabrın 25-də bu Müştərək Komissiyanın ikinci iclası keçirilmişdir. İclas zamanı iki ölkə arasında ticarət mübadiləsinə dair dörd saziş imzalanıb. Azərbaycan Respublikası Misirdə keçirilən bir sıra iqtisadi forumlarda, eləcə də 39-cu Beynəlxalq Qahirə Sərgisində iştirak etmişdir.
2011-ci ildə ikitərəfli ticarətin həcmi 163,68 milyon dollara çatmışdır. Misirdən Azərbaycana olan ixracatın əsasını dərman, geyim, düyü, dondurulmuş tərəvəz, şəkər kimi qida məhsulları, keramika, mərmər və baytarlıq alətləri təşkil edir. Azərbaycanın Misirə olan ixracatına gəlincə, burada əsasən kimya və neft məhsulları, geofizika cihazları, ehtiyat hissələri və nasoslar üçün boruları nümunə kimi göstərmək olar.
Təhsil və mədəniyyət əlaqələri iki ölkə arasında əməkdaşlığın inkişafına töhfə verir
Ötən iyirmi beş il ərzində Misirlə Azərbaycan arasında mədəniyyət əlaqələri birgə əməkdaşlığın möhkəmləndirilməsində və xalqlarımız arasında qarşılıqlı anlaşmada mühüm rol oynamışdır.
Qeyd etmək lazımdır ki, Misirlə Azərbaycan arasındakı mədəni əlaqələr qurulduğu andan davamlı inkişaf etmiş və 2005-ci ildən daha da genişlənmişdir. Belə ki, 2005-ci ilin noyabr ayında Misirdə “Azərbaycan Mədəniyyət Günləri” və 2006-cı ilin aprel ayında Azərbaycanda “Misir Mədəniyyət Günləri”nin keçirilməsi barədə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Misir Ərəb Respublikasının Mədəniyyət Nazirliyi arasında Niyyət Protokolu imzalanmışdır.
Azərbaycan, həmçinin 2005-ci ilin sentyabr ayında Qahirədə keçirilmiş 17-ci Beynəlxalq Teatr Festivalında iştirak etmişdir. 2014-cü il iyun ayında isə Azərbaycanda “Misir Mədəniyyət Günləri” keçirilmişdir.
Bundan əlavə, Misir və Azərbaycan arasında digər gözə çarpan mədəni əlaqələr kimi Azərbaycan Televiziyası və Misir Radio və Televiziya Birliyi arasında imzalanmış anlaşma memorandumu (2007-ci il), Elmi Araşdırmalar Akademiyasının nəzdində Əlyazmalar İnstitutu və Misir Əlyazmaları və Kitabxanası arasında imzalanmış protokolu (2007-ci il), Azərbaycan Milli Kitabxanası və İsgəndəriyyə Kitabxanası arasında əməkdaşlığa dair imzalanmış anlaşma memorandumu (2007-ci il), AZƏRTAC və Yaxın Şərq informasiya agentliyi arasında imzalanmış əməkdaşlıq sazişini və s. göstərmək olar.
2015-ci ildə Azərbaycan Qahirə Beynəlxalq Sərgisində ilk dəfə iştirak etmişdir, Misir isə elə həmin ildə Bakı Beynəlxalq Kitab Sərgisində ilk dəfə olaraq təmsil olunmuşdur.
Təbii ki, ölkələr arasında diplomatik və siyasi əməkdaşlıqdan başqa, turizm əlaqələrinin inkişafı da əsas məqsədlərdən biridir. Bunları nəzərə alaraq Misir və Azərbaycan arasında 2016-cı ilin may ayında dünyanın ən füsünkar istirahət mərkəzlərindən sayılan Şarm Əl-Şeyxə birbaşa reysin açılması ilə əlaqədar Misirdən geniş tərkibdə nümayəndə heyətinin gəlişini qeyd etmək lazımdır. Nümayəndə heyətinin iştirakı ilə keçirilən mətbuat konfransında iki ölkə arasında turizm əlaqələrinin genişləndirilməsi, Misir ilə Azərbaycan turizm şirkətləri arasında müqavilələrin imzalanması və digər məsələlər müzakirə olunub. Turistlər üçün münasib qiymətə Bakıdan Şarm Əl-Şeyxə birbaşa aviareys iyun ayının 3-dən fəaliyyətə başlamışdır.
Azərbaycanda Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi uğurla fəaliyyət göstərir
Misir öz mədəniyyətini Azərbaycanda daha geniş tanıtmaq və təbliğ etmək niyyətində olduğu üçün Bakıda Misir Mədəniyyət Mərkəzi açılmışdır. Bu mərkəz Azərbaycanda ilk və yeganə ərəb mədəniyyət mərkəzidir. Mərkəz fəaliyyətə başladığı dövrdən (1999-cu ildə) ərəb mədəniyyətinin bu ölkədə tanıdılmasında böyük rol oynamaqla yanaşı, Misirlə Azərbaycan arasında mədəni-elmi əməkdaşlıq işində canlı bir körpü rolunu yerinə yetirir.
Mərkəz müntəzəm olaraq seminarlar, mədəniyyət axşamları, elmi konfranslar təşkil edir, müxtəlif Misir filmlərini nümayiş etdirərək Azərbaycanda Misir incəsənətinin və mədəniyyətinin təbliğinə öz töhfəsini verir. Həmçinin Azərbaycanda ərəb dilinə çox böyük maraq olduğunu nəzərə alaraq mərkəz burada ərəb dili kursları təşkil edir.
Ərəb dilinin tədrisi və yayılmasında Misirin Xarici İşlər Nazirliyinin Əməkdaşlıq Agentliyinin rolunu qeyd etməmək qeyri-mümkündür. Belə ki, bu fond Azərbaycan universitetlərində ərəb dilinin tədirisi üçün təmənnasız olaraq hər il iki nəfər ərəb dili mütəxəssisi göndərir və Misir tərəfi burada nəzərdə tutulan bütün xərcləri öz öhdəsinə götürür.
Qeyd etmək lazımdır ki, Misir Mədəniyyət Mərkəzinin elm, mədəniyyət və dil sahələrinin bütün aspektlərinə malik olan zəngin bir kitabxanası var. Bu kitabxana, sözün əsl mənasında, ərəb dilini öyrənənlər üçün dəyərli bir xəzinə hesab edilir.
Bundan başqa, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi Azərbaycanın müxtəlif universitetlərində magistr və doktorluq dərəcələri üzrə təhsil alan misirli tələbələri himayə edir. Belə ki, 30-dan artıq misirli tələbə Azərbaycan universitetlərində doktorluq dərəcəsinə yiyələnmişdir. Bu isə Azərbaycan təhsil nazirinin 2005-ci il aprel ayının 18-23 tarixlərində Misirə səfəri zamanı Azərbaycan və Misir Təhsil nazirlikləri arasında bağlanmış əməkdaşlıq proqramı əsasında baş tutmuşdur. Bu proqrama əsasən hər iki tərəf hər il iyirmi tələbəyə ödənişsiz təhsil alma imkanı verir.
Misirdə Azərbaycan dili
Misirdə Azərbaycan dili ilk dəfə Ayn-Şəms Universitetində tədris olunmuşdur. Belə ki, 2000-ci ildə Ayn-Şəms Universitetinin Ədəbiyyat fakültəsində Azərbaycan dilini öyrənmiş məzunların ilk buraxılışı olmuş və bu günədək Azərbaycan dilini öyrənən tələbələrin sayı 130-a çatmışdır. Eyni zamanda, Azərbaycan dili Əl-Əzhər Universitetinin humanitar tədqiqatlar fakültəsinin türk dili kafedrasında təhsil alan tələbə qızlar üçün də tədris olunur. Bu fakültədə Azərbaycan dilini təqribən 550 tələbə qız öyrənir. Bu da Misirdə Azərbaycan dilinə olan marağın bariz nümunəsidir. Heç şübhə yoxdur ki, Misirdə Azərbaycan dilinin tədris olunması Misir və Azərbaycan xalqları arasında əlaqələrin möhkəmləndirilməsində mühüm addımdır.
Dr. Əhməd Sami Elaydi
Misir Ərəb Respublikasının
Azərbaycandakı səfirliyinin
Mədəniyyət Attaşesi, Misir Mədəniyyət və Təhsil
Əlaqələri Mərkəzinin müdiri

Paylaş:
Baxılıb: 778 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31