Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 2018-ci ildə Azərbaycanın tərəfdaş ölkələrlə əlaqələri yeni mərhələyə qədəm qoyub

2018-ci ildə Azərbaycanın tərəfdaş ölkələrlə əlaqələri yeni mərhələyə qədəm qoyub

03.11.2018 [10:50]

Prezident İlham Əliyev: Ölkəmiz beynəlxalq müstəvidə böyük hörmət qazanıb və bizimlə əməkdaşlıq edən ölkələrin sayı gündən-günə artır
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan çoxvektorlu, tarazlaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasət kursu həyata keçirir. Bunun qanunauyğun nəticəsi kimi, respublikamızın beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənir, Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Ölkəmiz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür, beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim edir. Bu isə daha çox regional və qlobal inkişafa, sabitliyə, təhlükəsizliyə töhfə kimi xarakterizə edilir. Digər tərəfdən, milli maraqlara uyğun olaraq reallaşdırılan xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb. Hazırda Azərbaycan beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında mütəmadi yüksəlişə malikdir.
Ümumiyyətlə, Azərbaycanın xarici siyasəti dinamik və praqmatik xarakter daşıyır, ölkəmizin milli maraqlarının təmin olunmasına xidmət edir. Məhz 2018-ci ilin ötən dövrü ərzində müşahidə edilən proseslər və intensiv diplomatik təmaslar da bunu bariz şəkildə göstərir. 2018-ci ilin doqquz ayı ərzində Prezident İlham Əliyev 12 xarici səfər edib, 15 dövlət və hökumət başçısı isə Azərbaycana səfərə gəlib. Şübhəsiz ki, bu səfərlər nəticəsində dövlətlər arasında əldə olunmuş razılaşmalar Azərbaycanın strateji tərəfdaşlıq əlaqələrinin güclənməsinə, dost və tərəfdaşlarının sayının artmasına xidmət edir.
Cənubi Qafqazın lider dövləti olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır
Xüsusi olaraq vurğulamaq gərəkdir ki, Azərbaycan regionda sabitləşdirici aktor kimi fəaliyyət göstərməklə bölgədə və beynəlxalq səviyyədə əməkdaşlığa, təhlükəsizliyə mühüm töhfələr verir. Buna görə də Azərbaycan hazırda regional güc mərkəzi kimi bölgədə sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Prezident İlham Əliyev Azərbaycanın dövlət siyasətini dünya dövlətlərinin siyasəti ilə uzlaşdırır, konstruktiv, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, regional və qlobal miqyasda sabitliyə xidmət edən siyasi xətt yürüdür. Belə olan halda, Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri beynəlxalq münasibətlər sisteminin aktorları olan milli dövlətlər üçün strateji əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar. Aparıcı dövlətlər Azərbaycanın siyasi əhəmiyyətini yüksək qiymətləndirir, ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu ifadə edirlər.
Bir sözlə, uğurlu və praqmatik xarici siyasət Azərbaycanın beynəlxalq mövqeyinin mütəmadi olaraq möhkəmlənməsini təmin edib, respublikamızla əməkdaşlıq etmək istəyən ölkələrin sayı mütəmadi olaraq artır. Yeri gəlmişkən, Prezident İlham Əliyev VI Bakı Beynəlxalq Humanitar Forumundakı nitqində bu məqamlara toxunaraq deyib: “Ölkəmiz beynəlxalq müstəvidə böyük hörmət qazanıb və bizimlə əməkdaşlıq edən ölkələrin sayı gündən-günə artır. Düz 7 il bundan əvvəl - 2011-ci il oktyabrın sonlarında Azərbaycan ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Bu, bizim böyük siyasi və diplomatik uğurumuzdur, qələbəmizdir. Ən önəmlisi odur ki, 155 ölkə Azərbaycanın namizədliyini dəstəkləmişdir. Yəni, bu, onu göstərir ki, dünya birliyinin mütləq əksəriyyəti Azərbaycanı dəstəkləyir, Azərbaycanda görülən işlərə yüksək qiymət verir, Azərbaycanı etibarlı tərəfdaş və dost ölkə kimi tanıyır”.
Bütövlükdə, Azərbaycanın xarici siyasəti həyata keçirilən səmərəli daxili siyasətə uyğundur, başqa sözlə, bu kursu tamamlayır. Bu isə Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə, əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin inkişafına təkan verir, eyni zamanda, perspektiv nailiyyətlər üçün strateji zəmin rolunu oynayır.
Azərbaycan işğalçı Ermənistan istisna olmaqla qonşu dövlətlərlə müxtəlif sahələrdə sıx əməkdaşlığa və yüksək səviyyəli əlaqələrə malikdir
Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsini şərtləndirən strateji əhəmiyyətli amillərdən biri ölkəmizin ikitərəfli münasibətləri uğurla davam və inkişaf etdirməsidir. Regionda sabitləşdirici aktor olan, bölgədə təhlükəsizlik və əməkdaşlığa müstəsna töhfələr verən Azərbaycan işğalçı Ermənistan istisna olmaqla qonşu dövlətlərlə də sıx əməkdaşlığa və yüksək səviyyəli, qarşılıqlı faydalı əlaqələrə malikdir. Bu isə, şübhəsiz ki, regionda sabitliyin, təhlükəsizliyin möhkəmlənməsinə və səmərəli əməkdaşlığın inkişafına xidmət göstərir. Dövlətimizin başçısının VI Bakı Beynəlxalq Humanitar Forumundakı nitqində qeyd etdiyi kimi: “Hesab edirəm ki, xarici siyasətlə bağlı apardığımız işlər gözəl nəticələrə gətirib çıxarır. İlk növbədə, biz qonşu ölkələrlə çox səmimi, mehriban qonşuluq, dostluq münasibətləri qura bilmişik. Hər bir ölkə üçün onun qonşuları ilə münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, qonşu dövlətlərlə, - təbii ki, Ermənistan istisna olmaqla, - bizim münasibətlərimiz çox yüksək səviyyədədir, həm siyasi, iqtisadi, bütün başqa sahələrdə, o cümlədən humanitar əməkdaşlıq sahəsində”.
Ümumiyyətlə, Azərbaycanın xarici siyasət kursunda region ölkələri ilə əməkdaşlığın dərinləşdirilməsi xüsusi yer tutur. Bu kontekstdə bir sıra məqamlara nəzər salmaq məqsədəmüvafiqdir. Əvvəla qeyd edək ki, qonşu dövlətlər olan Azərbaycanla Gürcüstan müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrini uğurla davam etdirirlər. Gürcüstan regionda respublikamızın moderatorluğu ilə reallaşdırılan, mühüm strateji əhəmiyyətə malik olan enerji və nəqliyyat layihələrində yer alır. Azərbaycan Gürcüstana sərmayə qoyan xarici ölkələrin arasında birinci yeri tutur.
Türkiyə-Azərbaycan əlaqələri isə ən yüksək səviyyədədir. Türkiyə və Azərbaycan dünyada bir-birinə ən yaxın olan ölkələrdir. İki ölkənin birlikdə həyata keçirdiyi layihələr həm hər iki tərəf, həm bölgə, Avrasiya, həm də bütövlükdə dünya üçün mühüm önəm kəsb edir. Dövlətlərimizin birgə səylərlə güclü siyasi iradə nümayiş etdirərək Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən cızması reallıqdır. Cari ildə TANAP-ın istifadəyə verilməsi, “Star” neft emalı zavodu kimi nəhəng müəssisənin işə salınması hər iki ölkənin gücünün, eyni zamanda, Azərbaycan-Türkiyə qardaşlığının və dostluğunun daha bir göstəricisidir.
Çoxşaxəli səciyyə daşıyan Azərbaycan-Rusiya əlaqələri isə mütəmadi olaraq inkişaf edir. Cari ilin sentyabrında Azərbaycan Prezidentinin Rusiyaya və bu ölkənin dövlət başçısının respublikamıza səfərləri də ikitərəfli münasibətlərin inkişafı kontekstində müstəsna əhəmiyyətə malikdir. Bu səfərlər də bir daha təsdiq edir ki, Rusiya ilə Azərbaycanı möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır, iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir. Ümumiyyətlə, Azərbaycan və Rusiya prezidentlərinin müntəzəm xarakter daşıyan görüşləri iki ölkə arasında münasibətlərin, eləcə də regional əməkdaşlığın daha da dərinləşməsinə mühüm töhfələr verir. Bütövlükdə, Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır və hər iki ölkənin milli maraqlarına cavab verir.
Azərbaycan-İran münasibətləri də uğurlu regional əməkdaşlıq və müsbət qonşuluq nümunəsidir. Dərin təməllərə və tarixi köklərə söykənən, ikitərəfli və çoxşaxəli qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri dinamik xarakter daşıyır. Qarşılıqlı səfər və görüşlər isə iki ölkə arasındakı münasibətlərin inkişafına əhəmiyyətli töhfələr verir. Xüsusilə də dövlət başçılarının görüşləri ikitərəfli münasibətlərin və əməkdaşlığın dərinləşdirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir.
Qlobal əhəmiyyətli transmilli layihələrin təşəbbüskarı və onların reallaşmasında lider mövqeyə malik Azərbaycan regionda ikitərəfli və üçtərəfli əməkdaşlıq formatlarının da əsas təşəbbüskarı və aparıcı fiqurudur. Müxtəlif regional əməkdaşlıq formatları məhz Azərbaycanın təşəbbüsü ilə yaranıb və olduqca səmərəli fəaliyyət göstərirlər. Ölkəmiz hazırda regionda sabitləşdirici aktor kimi çıxış edir.
Ekspertlər Azərbaycanın iştirakı ilə keçirilən üçtərəfli görüşlərin regional əməkdaşlığın dərinləşməsi baxımından əhəmiyyətini xüsusi olaraq diqqətə çatdırırlar. Oktyabrın 30-da İstanbulda Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin VI üçtərəfli görüşünün keçirilməsi də bu baxımdan mühüm əhəmiyyətə malikdir. Üçtərəfli görüş çərçivəsində regional əməkdaşlığın ümumi maraqlar üzrə inkişaf perspektivləri, regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, həmçinin əvvəlki görüşlərdə qəbul olunan qərarların icra vəziyyətinə dair səmərəli fikir mübadiləsi aparılıb. Nazirlər ifadə ediblər ki, tərəflər üçtərəfli əməkdaşlığın genişlənməsi, ortaq maraqların qorunması, yeni-yeni layihələr sayəsində regionun inkişafına töhfələr verməkdə maraqlıdır. Görüşdə qəbul edilən İstanbul Bəyannaməsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normalarına əsasən, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyi, eləcə də üç ölkə arasında əməkdaşlıq əlaqələrinin genişlənməsinə dair yeni yolların axtarılması və digər məsələlər əksini tapıb.
Bütövlükdə, həyata keçirilən səmərəli xarici siyasət kursunun qanunauyğun nəticəsi kimi, Azərbaycanın beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənir, bu isə ölkəmizin dost və tərəfdaşlarının sayının artmasını, respublikamızın ikitərəfli və çoxtərəfli münasibətlərinin inkişafını şərtləndirir. 2018-ci ildə Azərbaycanın tərəfdaş ölkələrlə əlaqələrinin yeni mərhələyə qədəm qoyması bunun bariz nümunəsi və təzahürüdür.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 569 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31