/ / Azərbaycanda səhiyyənin inkişafı istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir
Azərbaycanda səhiyyənin inkişafı istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir
21.12.2018 [09:26]
Prezident İlham Əliyev: Bu gün hər bir şəhərdə, rayonlarımızın mütləq əksəriyyətində ən müasir standartlara cavab verən tibb müəssisələri fəaliyyət göstərir və vətəndaşlara xidmət edir
Cənubi Qafqaz regionunun lider dövləti olan, spesifik inkişaf modeli ilə fərqlənən Azərbaycanda bütün sahələrin tərəqqisini təmin edən mühüm amillərdən biri çoxşaxəli və paralel islahatların həyata keçirilməsidir. Ölkəmizdə uğurla və inamla davam etdirilən islahatlar dinamik tərəqqini sürətləndirməklə yanaşı, yeni inkişaf perspektivləri formalaşdırıb. Əldə edilən nailiyyətlər öz növbəsində Azərbaycanın iqtisadi gücünün artmasını təmin edib.
Bütövlükdə, son 15 il ərzində ölkəmizdə bütün sahələri əhatə edən sistemli və kompleks islahatlar aparılıb, Azərbaycan iqtisadiyyatının dayanıqlı və dinamik inkişafı təmin edilib. Digər tərəfdən, ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq iqtisadi və sosial inkişaf paralel şəkildə təmin edilir, güclü iqtisadi inkişaf dərin məzmunlu sosial siyasətlə tamamlanır. Ümumiyyətlə, Azərbaycanda dövlət siyasətinin çox mühüm tərkib hissəsini sosial siyasət təşkil edir. Ölkənin davamlı olaraq inkişafından, iqtisadi potensialın ilbəil genişlənməsindən bütün respublika boyu sosial infrastruktur yaradılması, insanların həyat şəraitinin daha da yaxşılaşdırılması, maddi təminatlarının möhkəmləndirilməsi məqsədilə səmərəli şəkildə istifadə olunur. Ümumiyyətlə, sosial sahədə ardıcıl olaraq həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının daha da yaxşılaşdırılması, onların hərtərəfli qayğı ilə əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir.
Azərbaycanda səhiyyə sistemi müasir tələblər səviyyəsində qurulub
Azərbaycanda sosial siyasətin başlıca istiqamətlərindən birini səhiyyənin inkişafı təşkil edir. Ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq davamlı şəkildə həyata keçirilən genişməzmunlu sosial siyasətin fonunda səhiyyə sahəsində reallaşdırılan islahatlar səmərəli nəticələr verir. Əhalinin gündəlik həyatı, bilavasitə sağlamlığı ilə bağlı olan səhiyyə sahəsində yeniliklər istər bu sahədə qanunvericilik bazasının daha da zənginləşdirilməsində, istərsə də müasir infrastrukturun qurulmasında və kadr hazırlığına diqqətin daha da artırılmasında öz əksini tapıb. Ölkəmizdə səhiyyənin prioritet sahələri üzrə müvafiq Dövlət proqramlarının qəbul olunması da mühüm əhəmiyyətə malikdir. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da səhiyyə sahəsində qarşıda duran başlıca vəzifələrə xüsusi diqqət ayrılıb. Konsepsiyanın müvafiq bölümündə səhiyyəyə ayrılan vəsaitin ümumi daxili məhsulda payının dinamik şəkildə artırılması, həmin vəsaitin səmərəli və məqsədyönlü istifadəsini təmin edən mexanizmlər yaradılması nəzərdə tutulub. Əlbəttə, səhiyyə ilə bağlı mühüm Dövlət proqramlarının uğurla icra olunması əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunmasında müstəsna önəm daşıyır. Məhz dövlətin diqqət və qayğısı sayəsində təkcə paytaxtda deyil, regionlarda da əhalinin tibbi xidmətlərlə keyfiyyətli şəkildə təmin olunması üçün bütün növ müayinə və müalicəni, əməliyyatları uğurla həyata keçirməyə imkan verən yeni səhiyyə müəssisələri yaradılıb. Son illərdə bu sahənin daha da təkmilləşdirilməsi, müasir tibb ocaqlarının inşası və mövcud səhiyyə müəssisələrinin əsaslı bərpası geniş vüsət alıb. Bütövlükdə, Azərbaycanda səhiyyə sistemi müasir tələblər səviyyəsində qurulub. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, ölkəmizdə gələn ilin büdcəsində səhiyyə xərcləri 1 milyard manatı ötəcək. Belə ki, növbəti ilin dövlət büdcəsində səhiyyə xərcləri üçün 1 milyard 48 milyon manat vəsait nəzərdə tutulub. Bu da cari illə müqayisədə 309 milyon manat və ya 41,8 faiz çoxdur. İcbari tibbi sığortanın tətbiqi ilə bağlı maliyyə təminatının yaradılması üçün 240 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Eyni zamanda, dövlət büdcəsindən ayrıca qrafa ilə maliyyələşən ictimai-sosial əhəmiyyətli xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan Dövlət proqramlarının maliyyələşməsinə ayrılan vəsait də cari illə müqayisədə 30 faiz artıb.
Ümumiyyətlə, dünya təcrübəsi göstərir ki, səhiyyə sahəsində davamlı inkişafın təmin olunması üçün iki amil xüsusi əhəmiyyətə malikdir. Birincisi, səhiyyənin inkişafı üçün müvafiq əlverişli şəraitin yaradılması, ikincisi isə bu sahədə ixtisaslı kadr hazırlığının uğurla həyata keçirilməsi. Azərbaycanda hər iki amil daim diqqətdə saxlanılır. Daha dəqiq desək, səhiyyənin inkişafı üçün yüksək səviyyəli və əlverişli şərait yaradılıb, eləcə də səhiyyə müəssisələri müasir avadanlıqlarla təchiz olunub. Eyni zamanda, ixtisaslı kadrların hazırlanması prosesi mütəmadi olaraq müvəffəqiyyətlə davam etdirilir. Buna paralel olaraq səhiyyə sahəsində daim yeniliklər tətbiq olunur. Bu tədbirlərin həyata keçirilməsi əhalinin sağlamlığına xidmət etməklə yanaşı, eyni zamanda, ölkəmizin gələcəyinə hesablanıb. Çünki insan sağlamlığı dövlətimizin qarşısında duran əsas vəzifələrdəndir. Dövlət bu işdə üzərinə düşən vəzifələri yerinə yetirir, müasir səhiyyə müəssisələri inşa edərək əhalinin istifadəsinə verir, səhiyyə işçilərinin nümunəvi xidmət göstərmələri üçün bütün lazımi şəraiti yaradır.
Son 15 il ərzində 650-yə yaxın tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib
Məlumdur ki, ölkə miqyasında uğurla həyata keçirilən sosial infrastruktur quruculuğu səhiyyə sahəsində də geniş vüsət alıb. Həyata keçirilən tədbirlər bütün ölkə boyu tibb ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsini təmin edir. Son 15 ildə respublikamızda təqribən 650-yə yaxın tibb müəssisəsi tikilib və yaxud əsaslı şəkildə yenidən qurulub, müasir avadanlıqlarla təchiz edilib. Ölkəmizin bütün regionlarında müasir tibb ocaqları fəaliyyətdədir və tibbi xidmət göstərmək üçün həm kadr potensialı, həm də güclü maddi-texniki baza mövcuddur. Vətəndaşların hərtərəfli tibbi xidmətlə təmin edilməsi, onların müalicə və müayinə işinin yüksək səviyyədə təşkili, gələcəyimiz olan uşaqların sağlam yetişməsi istiqamətində icra edilən layihələr dövlətin daim diqqətində və nəzarətindədir. Şübhəsiz ki, yeni müasir səhiyyə obyektlərinin istifadəyə verilməsi regionlarda əhaliyə göstərilən tibb xidmətinin keyfiyyətinin yaxşılaşmasına da öz müsbət təsirini göstərib.
Qeyd etdiyimiz kimi, son illərdə müasir tibb müəssisələrinin yaradılması, mövcud sağlamlıq ocaqlarının yüksək səviyyədə yenidən qurulması Prezident İlham Əliyevin rəhbərliyi ilə səhiyyə sisteminin təkmilləşdirilməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində icra edilən layihələrin mühüm tərkib hissəsidir. Səhiyyə sistemində aparılan ardıcıl islahatlar nəticəsində bu gün bu sahə yeni, müasir mərhələyə qədəm qoyub. Müasir səhiyyə ocaqlarının yaradılması, ilk növbədə, vətəndaşların sağlamlığının qorunması və bərpası, onların müayinə-müalicə işini yüksək səviyyədə qurmaq üçün atılan addımlardandır. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 18-də Səhiyyə Nazirliyinin Bakıdakı Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar. Qeyd edək ki, İnstitutda konsultativ poliklinika, stasionar, diaqnostik tədqiqatlar və fiziki üsullarla müalicə şöbələri fəaliyyət göstərir. Tibb ocağının stasionar hissəsində terapiya, artrologiya və nevrologiya bölmələri olacaq. Diaqnostik tədqiqatlar bölməsində 3 laboratoriya yaradılıb, kliniki-immunologiya, biokimyəvi və kliniki neyrofiziologiya laboratoriyalarında ən müasir avadanlıq quraşdırılıb. Bu avadanlıq laborator müayinələri qısa müddətə, keyfiyyətlə aparmağa hərtərəfli imkan verir. Müalicəvi şöbələrə isə Naftalan nefti ilə müalicə, fizioterapiya və tibbi bərpa şöbələri, həmçinin müalicəvi bədən tərbiyəsi kabineti aiddir. Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutundakı oftalmoloq, stomatoloq, terapevt, USM, EKQ, balneoloji vanna və digər otaqlar da müasir tibbi avadanlıqla təchiz olunub. İnstitutun elm bölməsində 43 elmi işçi, klinika bölməsində 43 həkim, 76 tibb bacısı və 118 nəfər digər işçi olmaqla, burada ümumilikdə 280 nəfər çalışır. İşçilərin 20 nəfəri fəlsəfə doktoru, 3 nəfəri tibb elmləri doktoru, 2 nəfəri professor, 1 nəfəri isə professor, Əməkdar elm xadimi olmaqla AMEA-nın müxbir üzvüdür. Bəhs olunan müəssisənin kollektivi ilə görüşü zamanı çıxış edən Prezident İlham Əliyev bu institutun Azərbaycanda xüsusi yeri olduğunu bildirib: “Təxminən bir əsrə bərabər ömrü olan bu bərpa mərkəzinin yenidənqurmadan sonra indi ikinci həyatı başlayır. Mən indi buradakı stendlərdə binanın əvvəlki vəziyyəti, tikinti zamanı çəkilmiş şəkilləri ilə tanış oldum. Onlar çox böyük maraq doğurur. Hələ 1925-ci ildə institutun tikintisi ilə bağlı müvafiq göstəriş verilmişdir. Bu institut 100 ilə yaxın müddət ərzində Azərbaycan sakinlərinə xidmət göstərmişdir. Siz - burada işləyənlər yaxşı bilirsiniz ki, bu institutun ölkəmizin səhiyyə sistemində xüsusi yeri var. Bilirəm, təmir zamanı vətəndaşlar gözləyirdilər ki, bu institut tezliklə açılsın və onun imkanlarından istifadə olunsun. Əlbəttə ki, bu gün burada yaradılan müasir şərait ən yüksək standartlara cavab verir”.
Dövlət başçısı deyib ki, həm təmir-tikinti işləri çox böyük peşəkarlıqla, zövqlə aparılıb, həm də burada quraşdırılan müasir avadanlıq, əlbəttə, xəstələrə ən yüksək səviyyəli xidmət göstərəcək. Öz sağlamlığını bərpa etmək istəyənlər mütləq buraya gəlib şəfa tapacaqlar.
Ümumiyyətlə, bəhs olunan institutda yüksək səviyyəli şəraitin yaradılması dövlətin səhiyyə sahəsinin inkişafına xüsusi diqqət göstərdiyini, əhalinin sağlamlığının daim diqqət mərkəzində olduğunu bir daha sübuta yetirir. Prezident İlham Əliyev bu məqamlara toxunaraq deyib: “Bu institutun binası həm də çox gözəl memarlıq abidəsidir. Binanın həm xarici görünüşü, həm daxili dizaynı göz oxşayır. İnstitutun sahəsi də çox böyükdür, 14 min 600 kvadratmetr sahədə yerləşir. Yenə də demək istəyirəm ki, burada ən yüksək səviyyədə xidmət göstəriləcəkdir. Bu, bir daha ölkəmizin səhiyyə sahəsinə göstərdiyi diqqətin təzahürüdür. Bu, bir daha onu göstərir ki, insanların sağlamlığı bizim üçün ən əsas vəzifədir. Təsadüfi deyil ki, son 15 il ərzində təqribən 650-yə yaxın tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib, bax, bu səviyyədə təmir olunub. Bu gün ölkəmizin istənilən yerində yüksəkkeyfiyyətli tibbi xidmət almaq mümkündür. Demək olar ki, mərkəzi şəhər və rayon xəstəxanalarının tikintisi və əsaslı təmiri prosesi başa çatır, bir neçə xəstəxana öz açılışını gözləyir. Əminəm ki, yaxın 1-2 ildə bu məsələ də öz həllini tapacaq. Bu, ölkəmizin səhiyyə sisteminə verilən çox böyük töhfədir. Çünki bu gün hər bir şəhərdə, rayonlarımızın mütləq əksəriyyətində ən müasir standartlara cavab verən tibb müəssisələri fəaliyyət göstərir və vətəndaşlara xidmət edir. Əgər buna nail olmasaydıq, əgər səhiyyə sahəsinin maddi-texniki bazasını yaratmasaydıq, biz bu gün apardığımız siyasəti apara bilməzdik. Çünki bu gün sosial siyasətin tərkib hissəsi olan səhiyyə sahəsindəki islahatlar, qoyulan investisiyalar bir məqsədi güdür ki, Azərbaycan vətəndaşları sağlam olsunlar, Azərbaycanda yüksək səviyyəli tibbi xidmət ala bilsinlər”.
O da bəllidir ki, sosial dövlət olan Azərbaycanda daim insanların həyat şəraitinin yaxşılaşmasına xidmət edən yeni sosial təşəbbüslər irəli sürülür. Son illərdə ölkəmizdə reallaşdırılan yeni sosial təşəbbüslərdən biri də respublika miqyasında əhalinin pulsuz tibbi müayinədən keçirilməsidir. Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən bu genişmiqyaslı sosial layihə bütün dünya miqyasında nadir nümunələrdəndir. Dövlətimizin başçısı bəhs olunan çıxışı zamanı bu məqamlara toxunaraq deyib: “Bildiyiniz kimi, son illərdə bütün ölkə üzrə 5 milyondan çox Azərbaycan vətəndaşı hər il pulsuz tibbi müayinədən keçir və aşkar edilən xəstəliklər müalicə olunur. Azərbaycan nadir ölkələrdəndir ki, belə genişmiqyaslı sosial layihə icra edilir. Mən dəfələrlə bildirmişdim ki, Azərbaycan vətəndaşları ildə ən azı bir dəfə tibbi müayinədən keçsinlər. Şadam ki, bu çağırışlar həyatda öz əksini tapır. Xüsusilə nəzərə alsaq ki, hər bir yerdə müayinədən keçmək üçün şərait var və 5 milyondan çox insanın bu imkanlardan istifadə etməsi bizim siyasətimizin qələbəsidir”.
Şübhəsiz ki, bu nadir nümunə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mərkəzində vətəndaş amilinin dayandığının, ölkəmizdə insanların həyat şəraitinin mütəmadi olaraq yaxşılaşdırılmasının, əhalinin sağlamlığının diqqətdə saxlandığının bariz nümunəsi və aşkar göstəricisidir.
Səhiyyə sahəsində həyata keçirilən səmərəli tədbirlər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir
Azərbaycanda bütün sahələrdə reallaşdırılan islahat xarakterli tədbirlər, eləcə də uğurlu nəticələrin əldə olunması beynəlxalq müstəvidə də təqdirəlayiq hal kimi dəyərləndirilir. Təsadüfi deyil ki, ölkəmizin inkişafı ilə bağlı nüfuzlu reytinq agentlikləri tərəfindən birmənalı şəkildə müsbət proqnozlar səsləndirilir. Bütövlükdə, nüfuzlu beynəlxalq reytinq agentliklərinin hesabatlarında yer alan məqamlar ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin müsbət nəticələrini əks etdirir. Ümumiyyətlə, Azərbaycanda səhiyyə sahəsində həyata keçirilən ardıcıl islahatlar və səmərəli tədbirlər də beynəlxalq təşkilatlar tərəfindən olduqca yüksək qiymətləndirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Ölkəmizdə bu sahədə aparılan işlər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. BMT-nin Minilliyin İnkişaf Məqsədləri Proqramı çərçivəsində, o cümlədən səhiyyə sahəsində aparılan işlər yüksək qiymətə layiqdir. Həmçinin Dünya Səhiyyə Təşkilatı bizim işimizi yüksək qiymətləndirir. Bir sözlə, bu sahədə aparılan islahatlar və dövlət tərəfindən qoyulan vəsait öz nəticəsini verir. Nəticə də ondan ibarətdir ki, Azərbaycan vətəndaşları sağlam olsunlar, gənc nəsil sağlam həyat tərzi sürsün, pis vərdişlərdən uzaq olsun. Sağlamlığı təmin və bərpa etmək üçün Azərbaycanda bütün şərait var. Bir daha demək istəyirəm ki, bu institutun yenidən fəaliyyətə başlaması bu sahədə atılan çox önəmli addımdır”.
Nəticə etibarilə, bu gün ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən siyasətin məqsədi Azərbaycan vətəndaşlarının sağlamlığını və yüksək səviyyəli tibbi xidmət almaq imkanını təmin etməkdir. Ona görə də Azərbaycanda səhiyyənin inkişafı sosial siyasətin mühüm prioritetlərindəndir, bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir, səmərəli nəticələr əldə olunur. Bütövlükdə, səhiyyə sahəsində görülən işlər bu sahədə mühüm və davamlı uğurların əldə olunmasını şərtləndirir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxHadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53

