Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 2018-ci il Azərbaycan üçün uğurlu il olub, ölkənin dinamik inkişafı davam edib

2018-ci il Azərbaycan üçün uğurlu il olub, ölkənin dinamik inkişafı davam edib

27.12.2018 [09:48]

Prezident İlham Əliyev: Bu il biz 10 milyard dollar investisiya cəlb etmişik. Bu, sərmayədarlarda əminlik yaradır, bizim islahatlar siyasətini davam etdirməkdə qətiyyətimizi də nümayiş etdirir
Dünya üçün çətin keçən daha bir il - 2018-ci il başa çatmaq üzrədir. Ənənəyə uyğun olaraq hazırda il ərzində qazanılan uğurlar və əlbəttə ki, perspektiv planlar müzakirə edilir. Bəs qlobal miqyasda sosial-iqtisadi inkişafla bağlı müəyyən çətinliklərin yaşandığı, risklərin artdığı 2018-ci il Azərbaycan üçün necə keçib? Azərbaycan daxili məsələlərin həllində - milli iqtisadiyyatın imkanlarının genişlənməsində, sosial sferada, həmçinin ölkənin inkişafını şərtləndirən mühüm amillərdən biri qismində şıxış edən regional əməkdaşlıq sahəsində hansı uğurlara imza atıb?
Azərbaycanın xarici mənfi təsirlərə yüksək dayanıqlılıq nümayiş etdirməsinə, eyni zamanda, ölkədəki müsbət reallıqlara istinadən deyə bilərik ki, respublikamız 2018-ci ildə də bütün sahələrdə nailiyyətlər qazanıb. Yeri gəlmişkən, Prezident İlham Əliyev bu günlərdə “Rossiya-24” telekanalına müsahibəsində artıq yekunlaşmaqda olan 2018-ci ili respublikamız üçün müsbət səciyyələndirib. Müxbirin 2018-ci ilin sosial-iqtisadi yekunları ilə bağlı sualını cavablandıran dövlət başçısı deyib ki, bütövlükdə il ölkəmiz üçün uğurlu olub. Azərbaycan uğurla inkişaf edib.
İslahatlarla öz iqtisadiyyatını gücləndirən Azərbaycan xarici borcundan 5 dəfə artıq həcmdə valyuta ehtiyatlarına malikdir
Son 15 ildə Azərbaycanın sosial-iqtisadi inkişaf sahəsində qazandığı uğurlar qlobal miqyasda ən yaxşılardan hesab olunur. Bəhs olunan dövrdə milli iqtisadiyyatımızda 3 dəfədən çox artıma nail olunub. Xatırlatmaq yerinə düşər ki, nüfuzlu beynəlxalq reytinq agentlikləri, o cümlədən Dünya Bankı, Davos İqtisadi Forumu öz hesabatlarında Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliliyini yüksək dəyərləndiriblər. Əlamətdar haldır ki, respublikamızın iqtisadiyyatı dünya üçün çətin keçən illərdə də özünün yüksək dayanıqlılığını qoruyub saxlayır və genişlənməkdə davam edir. Artıq sona yaxınlaşan 2018-ci ildə milli iqtisadiyyatımızda ən yaxşı inkişaf göstəriciləri neftdən kənar sektorda, o cümlədən də 9 faizdən çox olmaqla qeyri-neft sənayesində qeydə alınıb.
Uğurlardan bəhs edərkən, təbii ki, diqqəti səbəb amilinə yönəltmək lazımdır. Ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında islahatlara böyük önəm verilməsi milli iqtisadiyyatımızın inkişafını və dayanıqlılığını şərtləndirən mühüm amil qismində çıxış edir. Prezident İlham Əliyev sözügedən müsahibəsində islahatların davam etdirilməsi baxımından 2018-ci ili çox mühüm il kimi səciyyələndirib. Dövlət başçısı belə bir fikri xüsusi olaraq vurğulayıb ki, aparılan islahatlar yaxşı nəticələr verib və ölkəmizin investisiya reytinqi yüksəlib: “Əlbəttə ki, həmişəki kimi iqtisadi islahatlara böyük əhəmiyyət vermişik. Fikrimcə, 2018-ci il bu cəhətdən çox mühüm il olub. Demək kifayətdir ki, Dünya Bankının “Doing Business” hesablamalarına görə, bu il ərzində Azərbaycan 32 pillə irəliləyərək dünyada 25-ci yeri tutub. Yəni, bu, o deməkdir ki, biznesin asanlaşdırılması, şəffaflıq, sahibkarlığa dəstək istiqamətində aparılan islahatlar yaxşı nəticələr verir. Bu, əlbəttə ki, investisiya reytinqimizi yüksəldir. Bu il biz 10 milyard dollar investisiya cəlb etmişik. Bu, sərmayədarlarda əminlik yaradır, bizim islahatlar siyasətini davam etdirməkdə qətiyyətimizi də nümayiş etdirir”.
Bütövlükdə, Azərbaycan iqtisadiyyatına müxtəlif mənbələrdən yönəldilən investisiyaların həcmi ildən-ilə artır. Əlamətdar haldır ki, müstəqillik illərində ölkəmizə yönəldilən investisiyaların 93 faizi məhz son 15 ilin payına düşür. Qlobal miqyasda ayrı-ayrı ölkələrin sərmayələrin cəlb edilməsində ciddi problemlərlə üzlədiklərini nəzərə alsaq, deyə bilərik ki, Azərbaycanın yüksək investisiya cəlbediciliyini qoruyub saxlaması böyük əhəmiyyət daşıyır. Son 15 ildə respublikamıza sərmayə qoyuluşunun əhəmiyyətli dərəcədə artması ilk növbədə Azərbaycanın müsbət reallıqları ilə bağlıdır. Əvvəlki illərdə yaradılan güclü iqtisadi potensial, müasir infrastruktur təminatı, nəqliyyat dəhlizləri, Avropaya və Asiyaya çıxış imkanlarının eyni bir məkanda cəmləşməsi və əlbəttə ki, möhkəm daxili sabitlik yerli və xarici iş adamlarının çəkinmədən ölkə iqtisadiyyatının müxtəlif sahələrinə sərmayələr yönəltmələrinə güclü stimul verir.
Ölkədə aparılan islahatlar sayəsində milli iqtisadiyyatın uğurlu inkişafı həmçinin respublikamızın maliyyə imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Hazırda Azərbaycan təxminən 45 milyard dollar həcmində strateji valyuta ehtiyatlarına malikdir ki, bu da kifayət qədər böyük rəqəmdir. Respublikamız dünya üzrə xarici dövlət borcu aşağı səviyyədə olan ölkələr sırasında yer alır. Prezident İlham Əliyev ölkənin valyuta ehtiyatlarının xarici borcdan 5 dəfə artıq olduğunu nəzərə çatdıraraq vurğulayıb: “Biz valyuta ehtiyatlarımızı artırmışıq, ümumi daxili məhsulun 20 faizi qədər olan xarici borcu məqbul səviyyədə saxlamışıq. Yaxın illər üçün xarici borcun ümumi daxili məhsulun 10 faizə qədəri səviyyəsində saxlanılması üçün strategiya hazırlanıb. Fikrimcə, bu, tamamilə realdır. Bununla əlaqədar onu da deməliyəm ki, bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan demək olar ki, 5 dəfə artıqdır. Yəni, əgər istəsək, bütün borclarımızı azı bir il ərzində ödəyə bilərik”.
Mehriban qonşu və etibarlı dostlar olan Rusiya və Azərbaycan arasında münasibətlər çox sürətlə inkişaf edir
Bu, bir həqiqətdir ki, ayrılıqda götürülmüş heç bir ölkə özünün uğurlu inkişafını təmin edə bilməz. Bu baxımdan Azərbaycanın həyata keçirdiyi siyasət kifayət qədər uğurludur. Respublikamız işğalçı Ermənistan istisna olmaqla bütün qonşu dövlətlərlə çox yaxşı münasibətlərə malikdir. Öz növbəsində regional əməkdaşlığa böyük önəm verməsi respublikamızın uğurlu inkişafına müsbət təsir göstərir.
Ölkəmizin uğurlu regional əməkdaşlıq siyasətindən söhbət açarkən qonşu Rusiya ilə dostluq və strateji tərəfdaşlıq münasibətlərinin getdikcə daha da möhkəmlənməsini xüsusi qeyd etmək lazımdır. İki ölkə arasında siyasi dialoqun dinamikasına Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasındakı dostluq münasibətləri güclü təsir göstərir. Qeyd etmək yerinə düşər ki, iki ölkənin dövlət başçıları 2018-ci ildə altı dəfə görüşüblər və qarşılıqlı əməkdaşlığa dair müxtəlif məsələləri müzakirə ediblər. “Bu il Rusiya-Azərbaycan münasibətləri çox sürətlə inkişaf edib. Bizim münasibətlərimiz prinsipcə çox dinamik inkişafla, sabitliklə, davamlı olması ilə səciyyələnir. Biz mehriban qonşu və etibarlı dostuq”, - deyə Prezident İlham Əliyev bildirib.
Azərbaycanla Rusiya arasında bütün istiqamətləri əhatə edən əlaqələr daim yüksələn xətlə inkişaf edir. Son illərdə iki ölkə arasında əmtəə dövriyyəsi təxminən 35 faiz artaraq 2,5 milyard dollara çatıb. Azərbaycanın xarici ticarət əlaqələrində Rusiyanın payı təxminən 10 faizə yaxındır. Qeyri-neft məhsullarımızın ixracında şimal qonşumuzun payı 35 faiz, kənd təsərrüfatı məhsullarının ixracında isə təxminən 90 faizə bərabərdir.
Azərbaycanın Rusiyaya və qonşu ölkənin respublikamıza investisiya qoyuluşunu getdikcə artırmaları olduqca müsbət haldır. Bu, bir tərəfdən, hər iki ölkədə investisiya cəlbediciliyinin yüksək olmasını təsdiqləyir, digər tərəfdən isə, qarşılıqlı inamı təzahür etdirir. Hazırda Azərbaycan bazarında təxminən 700 birgə müəssisə var ki, onlardan da üçdəbiri 100 faizlik Rusiya kapitalı ilə fəaliyyət göstərir. Rusiya-Azərbaycan İşgüzar Şurası təkcə ötən il ümumi dəyəri 450 milyon dollar olan 42 birgə layihəyə dəstək verib. Eyni zamanda, sənaye sahəsində kooperasiya dərinləşir.
Öz növbəsində Azərbaycan da qonşu ölkədə investisiya qoyuluşunu getdikcə artırır. Hazırda Azərbaycan Rusiyada müxtəlif investisiya layihələri reallaşdırır. İndiyədək Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına 1 milyard ABŞ dollarından çox sərmayələr yönəldilib. Azərbaycanlı sahibkarların investisiyaları hesabına Yessentukidə sanator-kurort mərkəzi inşa edilib. Hazırda Azərbaycandan yönəldilən sərmayələr hesabına Jeleznovodskda mehmanxana kompleksi ucaldılır. Belə misalların sayı kifayət qədər çoxdur.
Azərbaycanın regional əməkdaşlıq siyasətinin prioritetlərindən biri də Avrasiya İttifaqına üzv olan dövlətlərlə əlaqələri möhkəmlətməkdir. Xatırlatmaq yerinə düşər ki, hazırda Azərbaycanın Avrasiya İttifaqının üzvü olan ölkələrin mütləq əksəriyyəti ilə sıx dostluq münasibətləri var. Ölkəmiz o mövqedən çıxış edir ki, eyni coğrafiyanı bölüşən ölkələrlə siyasi dialoqu daha da intensivləşdirmək, eyni zamanda, qarşılıqlı faydalı iqtisadi əlaqələri yeni-yeni istiqamətlərdə inkişaf etdirmək bütün tərəflərə fayda gətirə bilər.
Azərbaycan 2019-cu ildə daha böyük uğurlara imza atacaq
Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət ardıcıllığı ilə səciyyələnir. Yuxarıda deyilənlərdən də bəlli olduğu kimi, ölkəmizin davamlı inkişafı üçün fundamental baza yaradılıb və bütün şərtlər təmin edilib. 2018-ci ildə ölkəmizdə bir sıra ciddi islahatlara başlanılıb. Bu islahatların reallaşdırılmasında məqsəd ölkəmizin perspektiv inkişafını təmin etməkdən ibarətdir. Prezident İlham Əliyev başlanılan islahatların 2019-cu ildə səmərə verəcəyinə əminliyini ifadə edərək deyib: “Mən əminəm ki, 2019-cu ildə ölkəmiz daha da inkişaf edəcək. Həyata keçirdiyimiz islahatların artıq xeyli hissəsi özünü 2019-cu ildə göstərəcək. Biz Azərbaycan iqtisadiyyatının transformasiyası prosesini bitiririk. Buna görə də düşünürəm ki, iqtisadi inkişaf cəhətdən bütün planlar reallaşdırılacaq”.
Azərbaycan Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq sosial sferada da yeni hədəflər müəyyənləşdirib. Məlum olduğu kimi, bir qədər bundan əvvəl Milli Məclisdə respublikamızın gələn il üçün büdcəsi təsdiqləndi. Əvvəlki illərin büdcəsi kimi, 2019-cu ilin büdcəsi də sosialyönümlüdür. Gələn il bir sıra sosial proqramların reallaşdırılması, o cümlədən də məcburi köçkünlər və qaçqınlar üçün 4 mindən çox mənzilin, Qarabağ müharibəsində həlak olanların ailələri üçün 800-dən çox mənzilin istifadəyə verilməsi nəzərdə tutulub. Bütün bu deyilənlərdən hasil olan nəticə ondan ibarətdir ki, respublikamızda qayğıya ehtiyacı olan insanlara, əhalinin həssas təbəqələrinə dövlət dəstəyi siyasəti 2019-cu ildə də davam etdiriləcək.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 563 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31