Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 2019-cu ildə mühüm infrastruktur və sosial layihələrin icrası davam etdiriləcək

2019-cu ildə mühüm infrastruktur və sosial layihələrin icrası davam etdiriləcək

18.01.2019 [09:46]

Ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır
Azərbaycan son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin nəticəsində böyük inkişaf yolu keçib. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin iqtisadi gücünün artmasını təmin edib. Ümumiyyətlə, Azərbaycan iqtisadiyyatının inkişafı dinamik xarakter daşıyır, əldə edilən göstəricilər inkişafın davamlı olacağını əminliklə söyləməyə əsas verir. Bu məqamda qeyd etmək yerinə düşər ki, yola saldığımız 2018-ci il də Azərbaycan üçün olduqca uğurlu olub, bütün sahələrdə ardıcıl islahatlar və məqsədyönlü tədbirlər müvəffəqiyyətlə davam etdirilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində bütün sahələrdə tarixi əhəmiyyətə malik olan möhtəşəm nailiyyətlər əldə olunub. Ötən il bir çox mühüm infrastruktur layihələrinin uğurla icra olunması, xüsusilə də bütün sahələrdə tarixi nailiyyətlərin altına imza atılması və bütövlükdə ardıcıl uğurların əldə olunması Azərbaycan Respublikasının qüdrətinin - milli gücünün daha da artmasını təmin edib.
Vurğulamaq gərəkdir ki, ölkəmizdə ötən müddət ərzində infrastruktur quruculuğu da geniş vüsət alıb, bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib, səmərəli nəticələr əldə olunub. Xüsusilə də, Azərbaycanın bütün bölgələrində infrastrukturun yenilənməsi, o cümlədən abadlıq-quruculuq işləri reallaşdırılıb. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində ölkə miqyasında bəhs olunan istiqamətlərdə qarşıya qoyulan vəzifələr müvəffəqiyyətlə icra edilib. Yeri gəlmişkən, Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı bu məqamlara toxunan Prezident İlham Əliyev bildirib ki, keçən il regionların üçüncü sosial-iqtisadi inkişafı Dövlət Proqramı başa çatdı: “Bu beşillik proqram artıqlaması ilə yerinə yetirildi. Bu proqram bizə imkan verdi ki, bölgələrdə infrastruktur layihələrinin icrası daha sürətlə getsin, yüz minlərlə yeni iş yerləri, yeni sənaye müəssisələri yaradılsın, kənd təsərrüfatı daha sürətlə inkişaf etsin. Bir sözlə, regional inkişaf proqramının çox böyük əhəmiyyəti və gözəl nəticələri var. Bu il biz regionların dördüncü sosial-iqtisadi inkişafı Dövlət Proqramını qəbul edəcəyik. Demək olar ki, proqramın əsas hissəsi hazırdır”.
Ümumiyyətlə, Azərbaycanda sosial infrastruktur quruculuğu prosesi davamlı xarakter daşıyır və 2018-ci ildə də bu istiqamətdə ardıcıl işlər görülüb. Dövlətimizin başçısı yuxarıda bəhs olunan çıxışı zamanı diqqətə çatdırıb ki, keçən il 140-dan çox məktəb tikilib: “Bu il 100-dən çox məktəbin tikintisi nəzərdə tutulur. Qəzalı vəziyyətdə olan məktəblərin yenidən tikilməsi, hesab edirəm ki, maksimum iki il çəkə bilər. Bu il və gələn il biz bu proqramı başa çatdırmalıyıq”, - deyə Prezident İlham Əliyev vurğulayıb. Dövlətimizin başçısı onu da qeyd edib ki, bu il mərkəzi rayon xəstəxanalarının tikintisi davam etdiriləcək: “Bu il 10-a yaxın mərkəzi rayon xəstəxanasının açılışı gözlənilir. Keçən il də bir çox yerlərdə xəstəxanalar açılmışdır. Bu il üç Olimpiya İdman Kompleksinin açılışı nəzərdə tutulur. Beş “ASAN xidmət” mərkəzi açılmalıdır”.
Sosial infrastruktur quruculuğu səhiyyə sahəsində də geniş vüsət alıb
O da qeyd edilməlidir ki, ölkə miqyasında uğurla həyata keçirilən sosial infrastruktur quruculuğu səhiyyə sahəsində də geniş vüsət alıb. Həyata keçirilən tədbirlər bütün ölkə boyu tibb ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsini təmin edir. Son 15 ildə respublikamızda təqribən 650-yə yaxın tibb müəssisəsi tikilib və yaxud əsaslı şəkildə yenidən qurulub, müasir avadanlıqlarla təchiz edilib. Ölkəmizin bütün regionlarında müasir tibb ocaqları fəaliyyətdədir və tibbi xidmət göstərmək üçün həm kadr potensialı, həm də güclü maddi-texniki baza mövcuddur. Vətəndaşların hərtərəfli tibbi xidmətlə təmin edilməsi, onların müalicə və müayinə işinin yüksək səviyyədə təşkili, gələcəyimiz olan uşaqların sağlam yetişməsi istiqamətində icra edilən layihələr dövlətin daim diqqətində və nəzarətindədir. Şübhəsiz ki, yeni müasir səhiyyə obyektlərinin istifadəyə verilməsi regionlarda əhaliyə göstərilən tibb xidmətinin keyfiyyətinin yaxşılaşmasına da öz müsbət təsirini göstərib.
Ümumiyyətlə, səhiyyə sisteminin təkmilləşdirilməsi, bu sahənin müasirləşdirilməsi və inkişafı ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində mühüm yerlərdən birini tutur. Heydər Əliyev Fondu da səhiyyə sahəsində həyata keçirilən dövlət siyasətinə dəyərli töhfələr verir. Fəaliyyəti dövründə Fondun təşəbbüsü ilə müxtəlif səhiyyə müəssisələrinin, o cümlədən xəstəxanaların, Müalicə-Diaqnostika, Reabilitasiya mərkəzlərinin, poliklinikaların inşası həyata keçirilib, səhiyyə ocaqları əsaslı təmir olunub və lazımi avadanlıqla təmin edilib. Fondun gələcəyimiz olan uşaqların sağlamlığı üçün atdığı addımlar görülən işlərin tərkib hissəsidir. Diabetli uşaqlara ən yüksək qayğı, talassemiyasız həyat naminə layihələr və Fond tərəfindən həyata keçirilən digər tədbirlər, ilk növbədə, vətəndaşlarımızın sağlamlığının qorunması, uşaqların sağlam böyüməsi kimi mühüm və nəcib məqsədə xidmət edir.
Qeyd etdiyimiz kimi, son illərdə müasir tibb müəssisələrinin yaradılması, mövcud sağlamlıq ocaqlarının yüksək səviyyədə yenidən qurulması Prezident İlham Əliyevin rəhbərliyi ilə səhiyyə sisteminin təkmilləşdirilməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində icra edilən layihələrin mühüm tərkib hissəsidir. Səhiyyə sistemində aparılan ardıcıl islahatlar nəticəsində bu gün bu sahə yeni, müasir mərhələyə qədəm qoyub. Müasir səhiyyə ocaqlarının yaradılması, ilk növbədə, vətəndaşların sağlamlığının qorunması və bərpası, onların müayinə-müalicə işini yüksək səviyyədə qurmaq üçün atılan addımlardandır. Yeri gəlmişkən, yanvarın 14-də Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində Səhiyyə Nazirliyinin yeni inşa olunan 17 saylı birləşmiş şəhər xəstəxanasının açılışı olub. 60 çarpayılıq dördmərtəbəli birləşmiş şəhər xəstəxanasının ərazisində təcili yardım stansiyası və digər binalar inşa olunub, zəruri infrastruktur yaradılıb. Xəstəxananın yerləşdiyi ərazinin ümumi sahəsi 1,4 hektardır, tibb ocağının binasının ümumi sahəsi isə 8 min kvadratmetrə yaxındır.
Azərbaycanda iqtisadi, sosial və bütün başqa məsələlər uğurla öz həllini tapır
Xüsusi olaraq vurğulamaq lazımdır ki, bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mərkəzində vətəndaş amilinin dayandığının, ölkəmizdə insanların həyat şəraitinin mütəmadi olaraq yaxşılaşdırılmasının, əhalinin sağlamlığının diqqətdə saxlandığının bariz nümunəsi və aşkar göstəricisidir. Yeri gəlmişkən, Prezident İlham Əliyev Qaradağ rayonunun Qobustan qəsəbəsində Səhiyyə Nazirliyinin yeni inşa olunan 17 saylı birləşmiş şəhər xəstəxanasının açılışında çıxışı zamanı “Bu gün bu gözəl xəstəxana, ilk növbədə, bizim siyasətimizi əks etdirir. Onu göstərir ki, insan sağlamlığı bizim üçün ən başlıca məsələlərdən biridir, digər tərəfdən onu göstərir ki, yerlərdən, vətəndaşlardan gələn hər bir təklifə baxılır və imkan daxilində bu təkliflər təmin edilir, onlar yerinə yetirilir. Bu canlı təmas, hesab edirəm ki, bizim uğurlarımızın təməlində dayanan ən vacib amillərdən biridir və mənim vətəndaşlarla müntəzəm görüşlərim, rayonlara səfərlərim, - təkcə keçən il 24 rayona səfər etmişəm, - Bakı qəsəbələrinin problemlərinin həlli ilə bağlı atılan addımlar və yerlərdən gələn təkliflərə müsbət yanaşılması bizim uğurlu inkişafımızı təmin edir. Əgər o vaxt mənim qarşımda bu məsələ qaldırılmasaydı, bəlkə də, indi bu xəstəxana da tikilməyəcəkdi. Ona görə, mən həmişə deyirəm ki, insanları narahat edən, həlli vacib olan məsələlər daim məruzə edilsin, məlumat verilsin ki, biz bu məsələləri həll edək”, - deyə vurğulayıb.
Ümumiyyətlə, Azərbaycanda iqtisadi, sosial və digər istiqamətlərdə qarşıya qoyulan vəzifələr uğurla yerinə yetirilir. Sosial infrastruktur quruculuğu çərçivəsində bu gün ölkəmizin regionlarında müasir xəstəxanalar tikilib və bir neçə şəhərdə tikinti işləri davam edir. Əminliklə söyləmək olar ki, yaxın gələcəkdə ölkəmizdə elə bir şəhər olmayacaq ki, orada ən müasir tibbi mərkəz olmasın. Dövlətimizin başçısı bəhs olunan çıxışı zamanı qeyd edib ki, bu gün Azərbaycan dünya miqyasında seçilən ölkələrdəndir ki, burada həm iqtisadi, həm sosial və bütün başqa məsələlər uğurla öz həllini tapır: “Sosial məsələlərin arasında, əlbəttə ki, səhiyyə sisteminin inkişafı xüsusi yer tutur. Çünki bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır və hər bir insan üçün onun sağlamlığı, onun yaxınlarının sağlamlığı xüsusi əhəmiyyət daşıyır. Biz çalışırıq və çalışacağıq ki, bu sahədə bütün lazımi tədbirləri görək. Onu da bildirməliyəm ki, təkcə son 15 il ərzində ölkəmizdə 600-dən çox xəstəxana, tibb müəssisəsi ya yenidən tikilib, ya da əsaslı şəkildə təmir edilib. Ölkəmizin hər bir şəhərində və ya onların mütləq əksəriyyətində müasir xəstəxanalar artıq tikilib və bir neçə şəhərdə tikinti işləri davam edir. Yaxın gələcəkdə Azərbaycanda elə bir şəhər olmayacaq ki, orada ən müasir tibbi mərkəz olmasın”.
Digər tərəfdən, sosial dövlət olan Azərbaycanda daim insanların həyat şəraitinin yaxşılaşmasına xidmət edən yeni sosial təşəbbüslər irəli sürülür. Son illərdə ölkəmizdə reallaşdırılan yeni sosial təşəbbüslərdən biri də respublika miqyasında əhalinin pulsuz tibbi müayinədən keçirilməsidir. Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən bu genişmiqyaslı sosial layihə bütün dünya miqyasında nadir nümunələrdəndir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “5 milyondan çox insan hər il dövlət xətti ilə tibbi müayinədən keçir. Bu, bizim təşəbbüsümüzdür və dünyanın nadir ölkələrində belə təşəbbüs həyata keçirilir. Bunun da bir məqsədi var ki, vətəndaşlar, əgər onların sağlamlığında hər hansı bir problem varsa, onu vaxtında aşkar etsinlər və yüksək səviyyəli müalicə alsınlar. Bu proqram nəticəsində minlərlə insan artıq lazımi səviyyədə müalicə alır”.
Nəticə etibarilə, bu gün ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən siyasətin məqsədi Azərbaycan vətəndaşlarının sağlamlığını və yüksək səviyyəli tibbi xidmət almaq imkanını təmin etməkdir. Ona görə də Azərbaycanda səhiyyənin inkişafı sosial siyasətin mühüm prioritetlərindəndir, bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir, səmərəli nəticələr əldə olunur. Bütövlükdə, səhiyyə sahəsində görülən işlər bu sahədə mühüm və davamlı uğurların əldə olunmasını şərtləndirir.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 511 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31