Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Paşinyanın köhnə hiyləsi yeni ampluada

Paşinyanın köhnə hiyləsi yeni ampluada

16.10.2021 [10:03]

Ermənistanın baş naziri Minsk qrupundan nə umur?

Ermənistanın baş naziri Nikol Paşinyan MDB sammitində çıxışı zamanı bölgədə kommunikasiyaların açılması ilə bağlı fikirlər səsləndirib. Onun sözlərinə görə, belə olan təqdirdə Azərbaycan Naxçıvanla dəmir yolu və avtomobil əlaqəsi əldə edəcək. Ermənistan isə Rusiya və İrana gedən yollardan istifadə imkanı qazanacaq. Paşinyan Ermənistanın əlindəki mina sahələrinin xəritələrini də Azərbaycana verməyə hazır olduğunu deyib. Baş nazir bunun müqabilində Azərbaycanın bütün əsirləri və məhbusları geri qaytarmasını istəyib. Azərbaycanla-Ermənistan arasında sülh sazişinin imzalanmasına gəlincə isə, Ermənistanın baş naziri danışıqların ATƏT-in Minsk qrupu çərçivəsində baş tuta biləcəyini deyib. O bildirib ki, Ermənistan Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyası prosesində Rusiyanın dəstəyinə ümid edir.

Təbii ki, ilk baxışdan Paşinyanın dilə gətirdiyi bu “ütülü fikirlər” onun “yola gəldiyi”nə işarə etsə də, erməni məkri yenə də özünü göstərməkdədir. Belə ki, bu ilin yayında Ermənistanın Azərbaycana verdiyi mina xəritələrinin cəmi 25 faizinin doğru olduğunu nəzərə alsaq, bu dəfə təqdim olunacaq xəritələr də şübhəli sayıla bilər. Digər tərəfdən, Azərbaycan dövləti dəfələrlə bildirib ki, ölkəmizdə heç bir əsir və ya məhbus saxlanılmır. Qanun qarşısında məsuliyyətə cəlb olunanlar isə müharibədən sonra təxribatlara əl atmış diversantlar və terrorçulardır.

Paşinyanın yenidən “Minsk qrupu çətiri” altına girmək həvəsi də boş yerə deyil. Azərbaycanın sülh danışqıları üçün yeganə şərti məlumdur - Qarabağla bağlı heç bir status müzakirə mövzusu deyil, sərhədlər müəyyənləşdirilməli, ərazi bütövlüyümüz tanınmalıdır. N.Paşinyan isə ölü Minsk qrupunu dirildib, ona sığınmaqla “status” məsələsini aktuallaşdırmağa niyyətlənib.

Bununla bağlı fikirlərini “Yeni Azərbaycan”a açıqlayan politoloq Elxan Şahinoğlu da N.Paşinyanın bu fikirlərinin tənzimlənmədən çox, vaxt udmağa, məsələnin həllini gecikdirməyə hesablandığını düşünür. Onun sözlərinə görə, Ermənistan yeni bir manipulyasiyaya əl atır. Politoloq Azərbaycana təqdim ediləcək hər hansı mina xəritəsinin də düzgün ola biləcəyinə şübhə ilə yanaşır: “Onların əlindəki və ya bizə təqdim etmək istədikləri xəritələrin həqiqəti əks etdirdiyinə inanmıram. Çünki indiyə qədər verdikləri xəritələrin cəmi 25 faizi düz çıxıb. Təbii ki, Ermənistan ya qəsdən bizə yanlış xəritələr verir, ya da minalı ərazilərin yerlərini özləri də düzgün bilmirlər. Son ehtimal nisbidir. Bu baxımdan, Paşinyanın sözlərinə inanmaq düzgün olmaz. Ermənistan Azərbaycanla sülh danışıqlarına, sərhədlərin müəyyənləşdirilməsinə hazırdırsa, Azərbaycan da qarşılıqlı addımlar ata bilər. Bunu Prezident İlham Əliyev də bildirmişdi. Amma biz Ermənistanın sülh yolunda real addımlarını görməliyik. Bu addımlar görünmür. Əksinə, Qarabağda Rusiya sülhməramlılarının arxasında gizlənərək Azərbaycan ordusuna qarşı təxribatlara əl atıldığının şahidi oluruq. Bu baxımdan, Paşinyanın sözləri boş fikirlərdir. Ermənistanın sülh istiqamətində real addımlarını görəcəyimiz zaman, biz də buna adekvat cavab verəcəyik”.

E.Şahinoğlu N.Paşinyanın danışıqları ATƏT-in Minsk qrup çərçivəsində davam etdirilməsinə can atmasının da səbəbinə toxunub. O bildirib ki, Azərbaycan danışıqları Avropa İttifaqı çərçivəsində davam etdirilməsini istəsə də, rəsmi Bakı üçün “masada əyləşənlərin kimliyi” fundamental əhəmiyyət daşımır. “Danışıqlarla bağlı Azərbaycanın qəti və dəyişilməz mövqeyi bəllidir. Biz bəyan etmişik ki, hər hansı bir statusla bağlı müzakirələrə qatılmayacağıq. Bu danışıqların Brüsseldə olması və ya Minsk qrupu çərçivəsində keçirilməsi əhəmiyyət daşımır. Ölkəmizin yeganə şərti Ermənistanın bizim ərazi bütövlüyümüzü tanımasıdır. Görünən budur ki, Ermənistan hakimiyyəti buna hazır deyil. Paşinyanın Minsk qrupuna tərəf “can atması” da bundan qaynaqlanır. Ermənistanın baş naziri fikirləşir ki, bəlkə Minsk qrupu onu xilas edə bildi. Amma nə qədər ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımayıb, sülh məsələsi də real görünmür”, - deyən E.Şahinoğlu kommunikasiyaların daha əvvəl açılma ehtimalını da istisna etməyib. O bildirib ki, Rusiyanın bu ölkəyə təzyiqi qarşılığında Ermənistan kommunikasiyalarla bağlı addım ata bilər. Çünki rəsmi Kreml də kommunikasiya xətlərinin açılmasında maraqlıdır: “O ki qaldı, əsirlər məsələsinə, Azərbaycanda hərbi əsir yoxdur. Biz bütün əsirləri müharibədən sonra Ermənistana qaytarmışıq. Azərbaycanda olanlar müharibədən sonra təxribatla məşğul olmuş diversantlardır”.

Pərviz Sadayoğlu

Paylaş:
Baxılıb: 503 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Gündəm

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30