Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ən gözəl siyasət aydınlıq və səmimiyyətdir

Ən gözəl siyasət aydınlıq və səmimiyyətdir

26.10.2021 [11:15]

Ölkə başçısının yürütdüyü siyasətin nəticəsi

Son günlər İran-Azərbaycan münasibətlərində müəyyən yumşalma hiss olunmaqdadır. Bir neçə gün bundan əvvəl İran tərəfi yük maşınlarının Laçın dəhlizindən keçərək Qarabağa getməsini qadağan etmişdi. Bunun ardınca Azərbaycan tərəfi Xankəndiyə qanunsuz səfər edərkən saxlanılan iki nəfər iranlı sürücünü ölkəsinə geri qaytardı. Xatırladaq ki, İranın Azərbaycanın qanunlarını tapdalayaraq, Gorus-Qafan yolu ilə Qarabağdakı separatçılar və Ermənistanla qanunsuz iqtisadi əlaqələr saxlaması iki ölkə arasında ciddi gərginlik yaratmışdı. Rəsmi Bakının diplomatik notasına və İran səfirinə xəbərdarlıq etməsinə baxmayaraq, Tehran yanlış addımlarını düzəltməmiş, əksinə, Azərbaycan sərhədində hərbi təlimlər keçirərək, güc nümayiş etdirməyə cəhd göstərmişdi.

Bundan sonra Prezident İlham Əliyev Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində bu qanunsuzluğa kəskin etirazını bildirmiş, İran rəhbərliyini Azərbaycanın müstəqilliyinə, suverenliyinə hörmət etməyə çağırmışdı. İran, həmçinin Ermənistanın siyasətindəki dəyişikliklər, geri addım atmaqları cənab Prezidentin yürütdüyü məqsədyönlü və ağıllı siyasətin nəticəsidir. Artıq həm bölgədə olan dövlətlər, həm də bütün dünya anladı ki, şərtləri diktə edən tərəf Azərbaycandır. Ötənlərdə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın “Twitter” hesabında yazdıqları da bunu deməyə əsas verir. Nazir İranla Azərbaycan arasında münasibətlərin qarşılıqlı hörmətə əsaslanaraq davam edəcəyini söyləyib. Məhz bu açıqlama cənub qonşumuzun Azərbaycan Prezidentinin bölgədə yaratdığı reallığı qəbul etməsinin bir sübutudur!

“Ən gözəl siyasət aydınlıq və səmimiyyətdir”

Ölkə başçısının yürütdüyü məqsədyönlü siyasətin bəhrəsini verdiyini qeyd edən millət vəkili Səməd Seyidovun “Yeni Azərbaycan”a açıqlamasına görə, cənab Prezidentin rəhbərliyi altında elə bir xarici siyasət aparılır ki, bu, nəinki region ölkələri, eyni zamanda, bütün dünya tərəfindən qəbul olunmağa başlayıb.

Parlamentari vurğulayıb ki, müharibə dövründə Fransanın da ermənipərəst mövqeyi bütün dünyaya bəlli idi: “Lakin bu yaxınlarda Fransa nümayəndə heyəti Azərbaycana gəlib və işğaldan azad olunmuş ərazilərimizin minalardan təmizlənməsinə vəsait ayırır. Ali Baş Komandan Zəngəzur dəhlizi ilə bağlı kəskin və açıq mövqeyini bildirəndə bəzi ölkələr bunun mümkün olmadığını söyləyirdilər. İndi isə həmin ölkələr həm avtomobil, həm də dəmir yolunun reallaşacağını bildirirlər. Eyni zamanda, bir müddət öncə qeyd edirdilər ki, sərhədləri müəyyənləşdirmək mümkün deyil, Avropa və Amerikadan müəyyən qoşunlar gəlməlidir. Bir neçə gün bundan əvvəl Rusiya Prezidenti söylədi ki, başqa tərəflərin gəlməsi lazım deyil, Azərbaycan, Ermənistan və Rusiya xəritələrə malikdir və proses həyata keçiriləcək. Cənab Prezident isə bu fikirləri əvvəlcədən bildirirdi, indi digər ölkə rəhbərləri onun fikirlərini təkrar edirlər.

Dövlət başçı?? bir müddət öncə İranla münasibətlərə toxunaraq vurğuladı ki, “Biz heç nə istəmirik, sadəcə, hər dövlətə olduğu kimi, bizə də hörmətlə yanaşsınlar!”. Həqiqətən də, qarşılıqlı hörmət regionda sabitliyi yarada və inkişafın əsasını qoya bilər. Zəif və kiminsə təsiri altına düşmək ehtimalına malik olan ölkə həmişə gözlənilməyən, təhlükəli və xoşagəlməz məsələləri gündəmə gətirir. Ermənistan məhz bunu edirdi. Rəsmi Tehran Azərbaycana əks olan hansısa bəyanatlar verirdisə, İranın daxilində qonşuluq siyasəti ilə yaşamaq istəyən qüvvələr də mövcud idi. Onlar reallığı çox gözəl başa düşürlər. Bu baxımdan, cənab Prezidentin təklif etdiyi məsələlər qəbul olunur. Ən gözəl siyasət aydınlıq və səmimiyyətdir, açıq formada milli maraqları müdafiə etməkdir. Prezidentimizin bu siyasəti həm dünyada, həm regionda qəbul olunub”.

“Prezidentimiz İrana repressali üsulunda cavab verdi”

Beynəlxalq məsələlər üzrə mütəxəssis Sultan Zahidovun sözlərinə görə, həqiqətən də son zamanlar İran-Azərbaycan münasibətlərində nisbətən yumşalma yaşanmaqdadır. Ekspert qeyd edib ki, İranın siyasətindəki dəyişikliklərdə, ilk növbədə, dövlət başçısının məqsədəuyğun və düşünülmüş siyasəti əsas rol oynayır.

S.Zahidov bildirib ki, cənab Prezident ilk zamanlar İranın atdığı addımlara qarşı tolerantlıq göstərdi və cənub qonşumuzu “yumşaq dillə” öz hərəkətlərində diqqətli olmağa çağırdı: “Sonrakı mərhələlərdə isə Azərbaycan da İranın yürütdüyü siyasətə uyğun tərzdə kəskin cavablar verməli oldu. İlk növbədə, İranın səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırıldı və ona xəbərdarlıq ??????, daha sonra rəsmi səviyyədə qarşılıqlı bəyanatlar oldu. Sözsüz ki, bu  bəyanatlar zamanı da ilk “gülləni” atan tərəf məhz İran idi. Rəsmi Tehran qeyri-qanuni şəkildə rus sülhməramlılarının müvəqqəti olaraq Qarabağda yerləşdiyi ərazilərə yükdaşımalarını həyata keçirməyə başladı. Əslində, əvvələr də bunu edirdilər, sadəcə, Azərbaycan tərəfinin baş verənlərdən o qədər də məlumatı olmurdu. İndi isə dövlətimiz müşahidə kameraları vasitəsilə və açıq-aşkar sübutlarla hərəkət edir. Dövlət rəhbərimizin siyasəti, İrana bir növ repressali üs?lunda cavab verməsi o demək idi ki, Azərbaycan İrana qarşı hər an lazım? səviyyədə tədbirlər görməyə qadirdir”.

Prezidentin yürütdüyü uğurlu siyasətdən sonra geosiyası konjekturanın da İranın siyasətində müəyyən dəyişikliyə səbəb olduğunu diqqətə çatdıran mütəxəssis söyləyib ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın bölgədə yaratdığı yeni reallıq bütün dünyaya bəllidir. Bu reallıq həm Rusiya, həm də Türkiyənin marağındadır: “Ona görə də Rusiya və Türkiyə İranın gələcəkdə mümkün ola biləcək iqtisadi layihələrin gerçəkləşməsinə mane olmasını istəmirlər. Bu yaxınlarda İranın rəsmi nümayəndələri Rusiyada səfərdə idi. Düşünürəm ki, Rusiya tərəfi Moskva görüşündə İrana lazımi cavabları vermişdi. Yəni Rusiyanın marağında deyil ki, İran mövcud prosesləri pozmuş olsun. Əslində, İranın dinə-imana gəlməsini anlamaq da olar. Çünki rəsmi Tehran regionda baş verən proseslərdən kənarda qaldı. Azərbaycan zəfər qazandı, “6-lıq platforması”nı irəli sürdü. Bu platformada üzv kimi göstərilsə də, İran özünü bir növ təhdid altında hiss etdi və düşündü ki, iqtisadi layihələrdən kənarda qala bilər. Halbuki Azərbaycan tərəfi açıq-aşkar şəkildə göstərir ki, bölgədə həyata keçiriləcək layihələr bütün regional dövlətlərin inkişafına töhfə vermiş olacaq. İran bunu nə qədər tez dərk etsə, onlar üçün bir o qədər faydalı olacaq”.

“İranın geri addım atması öz gələcəkləri üçün uğurludur”

Siyasi şərhçi Həşim Səhrablı qeyd edib ki, Azərbaycan və İran həm regional, həm iqtisadi, həm də etnik tərkib baxımından hər zaman barışmaz qütbdə dayanıblar. İranın son zamanlar geri addım atmasına gəlincə, H.Səhrablı bunun təəccüblü olmadığını diqqətə çatdırıb: “İran Azərbaycana qarşı açıq və radikal addımlar atdığı zaman bəzi mütəxəssislər bunun çox davam etməyəcəyini bildirmişdilər. İran Azərbaycandan hərbi baxımdan güclü ola bilər, lakin bu, o demək deyil ki, ölkəmizə qarşı işğalçılıq və yaxud hərbi əməliyyat keçirmə riskini öhdəsinə götürə bilər. Günümüzdə beynəlxalq münasibətlər elə təşkil olunub ki, artıq dövlətlərin ikili münasibət konteks?i deyil, beynəlxalq arenada necə təmsil olunduqları önəmlidir. İranın ölkəmizə hərbi müdaxiləsi, ilk növbədə, qardaş Türkiyənin cənub qonşumuza cavab verməsi ilə nəticələnəcək. Məlumdur ki, “Şuşa Bəyannaməsi” ilə Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlıq var. Hansı ölkə kənar müdaxiləyə məruz qalarsa, digəri ona kömək edəcək”.

Siyasi şərhçinin sözlərinə görə, cənab Prezident ABŞ, Rusiya və Çin, yəni bir-biri ilə zidd münasibətlərdə olan güclü ölkələrlə balans siyasətini qura bilib: “Ölkə başçısı sırf xarici siyasət məsələsində olduqca uğurlu addım atıb. Ən uğurlu addım isə Türkiyə ilə hərbi sahədə müttəfiq əlaqələrin qurulmasıdır. Ona görə də İranın Azərbaycana qarşı qəsbkarlıq planları çox davam edə bilməzdi. Belə də oldu, geri çəkilməyə məcbur qaldılar.

Rəsmi Tehran sərhədində Ermənistan istisna olmaqla, bütün qonşu ölkələrlə problem yaşayır. Ona görə də Azərbaycana qarşı yürütdüyü siyasətdə geri addım atması özlərinin siyasi durumu üçün uğurlu addımdır. Dövlətimiz isə hər zamankı kimi, bütün qonşu ölkələrlə mehriban əlaqələrə üstünlük verir. Ölkə başçısının bu istiqamətdə siyasəti davam edəcək. Lakin İranın Azərbaycana siyasətindəki “mülayimlik” davam etməyəcək. Çünki İran əlinə düşdüyü ilk fürsətdə özünə geosiyasi olaraq böyük rəqib gördüyü Azərbaycanı “əzməyə” çalışacaq. Dövlətimiz hər gün inkişafa doğru addımlayır. Belə olduqda, tək İrana qarşı deyil, bizə düşmən mövqedə olan bütün ölkələrə qarşı davamlılıq və dözümlülüyümüz? daha da artıracaq!”.

Yeganə Bayramova

Paylaş
Baxılıb: 127 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30