Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Ruhlar şəhəri”nin oyanan günü

“Ruhlar şəhəri”nin oyanan günü

20.11.2021 [10:17]

Dur aç qollarını, gəlirik, Ağdam!

Gülləsiz, mərmisiz qayıdan şəhər

Zəfər tarixinə yazılan ən böyük hadisələrdən biri də Ağdamın işğaldan azad olunmasıdır. 2020-ci il noyabrın 20-də ölkədə məxsusi bir ab-hava hiss olunurdu, xüsusən ağdamlılar azadlıq xəbərini eşidən kimi bayraqlarını götürüb küçələrə axın etmişdi. Bugünkü sevincimiz keçən il qazandığımız Zəfərin bəhrəsidir. Qürur hissi ilə Ağdamın azadlığının bir yaşını qeyd edirik.

Birinci Qarabağ müharibəsində ən çox şəhid verən Ağdamın Vətən müharibəsində bir güllə atılmadan azad olunması Prezident, Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir. Məhz bir il əvvəl bu gün Prezident İlham Əliyev xalqa müraciətində Ağdam rayonunun azad olunmasının tarixi hadisə olduğunu vurğulamışdı.

Ağdam işğaldan azad olunan rayonlar içərisində erməni vandalizmindən ən çox əziyyət çəkən şəhərdir. Bu günə qədər Ağdama “Ruhlar şəhəri”, “Qafqazın Xirosiması” kimi adlar verilib. Hər yerinə mina basdırılan Ağdamı “Minalanmış şəhər” də adlandıra bilərik. Adam düşünəndə dəhşətə gəlir, necə olur, illər boyu bu şəhərə xoş bir ad verilməyib...

Ölkə başçısı çıxışlarında dəfələrlə bildirib ki, indi Ağdam üçün yeni dövr başlayır və bizim  böyük  planlarımız  var. Biz  bu  torpaqları, bu şəhərləri, bu kəndləri bərpa edəcəyik. Bir ilin sonunda verilən vədlərin tutulduğu aşkardır, Ağdam quruculuq mərhələsinə qədəm qoyub.

Doğma yurdumun azad olunmasından bir il keçib. Tərəddüd ilə Ağdamı həm görmək istəyirəm, həm də qarşılaşacağım mənzərədən narahatam. Açığı, o vaxtdan Ağdama getmək qismət də olmayıb. Yuxularımda gördüyüm, xəyallarımda canlandırdığımdan başqa mənzərəni görmək məni qorxudur. Əhatəmdə Ağdamda böyüyən insanlar çox olub. Onların danışdıqlarından həmişə fikrimdə bu dünyadakı cənnəti Ağdamın simasına köçürmüşəm. Ancaq məzarları dağıdılmış, evləri uçqun olsa da, ora bizim Ağdamdır. Ata-babalarımın ayaq açıb yeridiyi həmin Ağdamdır.

Deyirlər, insan gördüyündən göz payı istəyər. Gözümə görünən Vətən xəyalını İlahidən pay istəyirəm. Gecikmişik, buna görə bağışla bizi. Nakam ruhlar bizi haraylayanda, sinən üstdə od ələyəndə, dilsiz-ağızsız daşlarını, torpağını viran qoyanda gələ bilmədik. O vaxt gecikdik... Ancaq hər şeyin zamanı var. 30 il zülmə düçar olan ruhların yurduna sağlam ruhla gələcəyim günü gözləyirəm. Elə bir gücüm olmalıdır ki, bütün yaralarını ruhumla sarmağı bacarım. Bilirəm ki, vüsal günü səni görən gözlərimin işıltısı dərdinə dərman olacaq!

Əsas odur ki, fələyin çərxi illər sonra dönüb, tale üzümüzə gülüb, buna görə sevinməliyik. Nə yaxşı ki, bir ili də işğal gününü qeyd etməklə keçirmədik. İndi tək arzumuz var, Tanrı bizə heç vaxt torpaq dərdi verməsin. Azadlığının bir yaşı mübarək, arzularımın, yuxularımın, xəyallarımın, varlığımın şəhəri! Şair Nadir Qədimlinin də dediyi kimi:

Nə qədər incisən, küssən də yenə -

Dur aç qollarını, gəlirəm Ağdam!

Dizin-dizin sürünəcəm qoynuna,

Sənə sarılmaqçün ölürəm, Ağdam!

Günel Abbas

 

 

Paylaş
Baxılıb: 188 dəfə

Xəbər lenti

Hamısına bax

Prezident bu gün

04 Dekabr 00:11

Prezident bu gün

03 Dekabr 09:59

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31