Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Paşinyanın yeni “ağ yalanı” - bütün iddialar əsassızdır

Paşinyanın yeni “ağ yalanı” - bütün iddialar əsassızdır

26.11.2021 [10:42]

Uydurmalar və prosesin süni şəkildə uzadılması Ermənistana ziyan vurur

Ermənistanın Baş naziri Nikol Paşinyanın noyabrın 23-də keçirdiyi onlayn mətbuat konfransı da “erməni yalanı”ndan xali olmayıb. Belə ki, Paşinyan Azərbaycanı Zəngəzur dəhlizi mövzusunu irəli sürərək kommunikasiyaların bloklanması üzrə danışıqları pozmağa çalışmaqda ittiham edib. “İrəvan Bakının bunu etməməsi üçün hər şeyi edəcək”, - deyə o, bildirib.

Göründüyü kimi, Paşinyan əslində Ermənistanın pozucu mövqeyini Azərbaycanın adına çıxarmağa çalışır. 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli bəyanatın kommunikasiyalarla bağlı bəndlərinin icrası məhz Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından gecikir. Ermənistan hakimiyyəti bu gün də öz cəmiyyətinə yalan informasiyalar verməklə prosesin uğurla nəticələnməsinə mane olmağa çalışır.

Ümumiyyətlə, məğlub Ermənistanın kommunikasiyaların, xüsusilə də Zəngəzur dəhlizinin açılması prosesini ləngitməsi regionda yaranması proqnozlaşdırılan əməkdaşlığın reallaşmasını gecikdirir. Ən əsası isə rəsmi İrəvanın sərgilədiyi bu mövqe indiki halda ən böyük zərbəni elə Ermənistana vurur. Çünki regionda əməkdaşlığın inkişafı, iqtisadi əlaqələrin genişlənməsi, kommunikasiyaların açılması sosial böhran içində boğulan Ermənistan üçün hava-su kimi vacibdir. Öz yalanları ilə Azərbaycanı ittiham etməyə çalışan Nikol Paşinyan dərk etməlidir ki, sosial böhrandan qurtula bilməyən Ermənistan yalnız bu yolla özünü xilas edə bilər. Daha doğrusu, Azərbaycanın və Türkiyənin təklif etdiyi əməkdaşlıq platforması Ermənistan üçün “nəfəslik”dir. Bu baxımdan, Ermənistan regionda davamlı sülhün yaranması zərurətini dərk etməli, öz əsassız iddialarından, yalanlarından əl çəkməli və kommunikasiyaların açılması ilə bağlı iradə nümayiş etdirməli, üçtərəfli bəyanatın icrasını tezləşdirməlidir. Bu, Ermənistanın iqtisadi böhrandan xilas olması ilə yanaşı, inkişaf tempi əldə etməsinə də yaxından kömək edəcək.

Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən politoloq İlqar Vəlizadə bildirib ki, Ermənistan hakimiyyəti, o cümlədən Paşinyan öz xalqına yalan informasiyalar verir, yalan üzərində təbliğat aparır. Onlar təlqin etmək istəyirlər ki, guya Azərbaycan Zəngəzur dəhlizinin keçdiyi əraziləri özünə qatmaq fikrindədir. Bu tamamilə yanlışdır: “Azərbaycan dövləti heç bir zaman belə bir iddia irəli sürməyib. Bu yalan birmənalı olaraq Ermənistan cəmiyyətini çaşdırmağa yönəlib. Azərbaycanın digər ölkələrin torpaqlarında gözü yoxdur. Düzdür, Zəngəzur tarixi Azərbaycan torpağıdır və onun Qərb hissəsinin vaxtilə Ermənistana birləşdirilməsi tarixi ədalətsizlikdir. Amma Zəngəzur dəhlizinin reallaşması Paşinyanın dediyi kontekstdə izah oluna bilməz. Bu dəhliz Azərbaycanın əsas hissəsini Naxçıvanla, Türkiyə ilə birləşdirəcək. Onlar bundan ehtiyat edirlər. Nəqliyyat infrastrukturu bərpa olunandan sonra isə yüklər, sadəcə Ermənistanın hüquqi ərazisindən keçərək daşınacaq. Təəssüf ki, bəzi məqamlarda Ermənistan cəmiyyəti öz hakimiyyətlərinin yalanlarına inanır. Bu isə ondan irəli gəlir ki, ötən illər ərzində bu cür yalanlar onların beynində kök salıb. İnanıram ki, qarşıdakı müddətdə ortaya çıxacaq reallıqlar bu yalanları yox edəcək”.

Politoloq onu da əlavə edib ki, kommunikasiyaların reallaşması istiqamətində artıq üçtərəfli komissiya işləyir və texniki məsələlər müzakirə olunur. Paşinyanın uydurmaları isə müzakirə predmeti deyil.

Pərviz Sadayoğlu

 

 

 

 

Paylaş
Baxılıb: 167 dəfə

Xəbər lenti

Hamısına bax

Hava dəyişəcək

29 Noyabr 15:05

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30