Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Xəzəryanı dövlətlərin əməkdaşlığını gücləndirən TƏKLİF!

Xəzəryanı dövlətlərin əməkdaşlığını gücləndirən TƏKLİF!

03.12.2021 [10:10]

Xəzər Şurasının yaradılması fərqli əməkdaşlıq platforması ola bilər...

Yeganə Bayramova

Rusiya Xəzər Şurasının yaradılmasını təklif edib. Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Federasiya Şurasında “hökumət saatı”nda senatorların suallarını cavablandırarkən bildirib. O, Xəzəryanı ölkə başçılarının Aşqabadda keçiriləcək növbəti sammitində Rusiya tərəfindən Xəzər Şurasının yaradılması təşəbbüsünün irəli sürüləcəyini söyləyib:

“Biz Xəzər Şurasının Həştərxanda yerləşməsini təklif edirik. Hazırda detallar razılaşdırılır. Hələlik heç kəs bu təşəbbüsə etiraz etmir. Bir sıra həmkarlarımız tərəfindən bunun növbəti bürokratik struktur olacağı ilə bağlı qorxuları var. Burada yəqin ki, məsələ bunu necə təşkil etməkdir. Bunu hansısa böyük katiblik maşını kimi deyil, Xəzər əməkdaşlığının müxtəlif aspektləri ilə bağlı müntəzəm qurum kimi təşkil etmək olar. Bu, təkcə Xəzəryanı ölkə başçılarının sammitinə hazırlıq kontekstində deyil, daimi əsasda olmalıdır”.

Rusiyanın təklifini və Xəzər Şurasının yaradılacağı təqdirdə baş verəcək prosesləri “Yeni Azərbaycan”a dəyərləndirən millət vəkili Ramin Məmmədov bildirib ki, Azərbaycan hər zaman regionun inkişafına, stabilliyin davamlı olmasına və bütün region ölkələrinin əməkdaşlığı nəticəsində əldə ediləcək mənfəətlərə xidmət edən proseslərdən yana olub.

Millət vəkilinin sözlərinə görə, dövlətimiz region ölkələrinin bir-birinə bərabərhüquqlu və qarşılıqlı hörmət prinsipinə əsaslanan əməkdaşlıq platformalarının meydana çıxması kimi təklifləri yüksək qiymətləndirib:

“Azərbaycan hər zaman belə təşəbbüslərə birmənalı şəkildə pozitiv reaksiya verib. Rusiya tərəfindən irəli sürülən təşəbbüs Xəzəryanı dövlətlərin əməkdaşlığı nöqteyi-nəzərindən əhəmiyyət kəsb edir. Bu təklif ümumilikdə müsbət qarşılanmaqdadır. Xəzərin statusunun müəyyən olunması prosesi bir daha onu göstərdi ki, Xəzəryanı dövlətlər arasında ümumilikdə ciddi bir ziddiyyət yoxdur, meydana gələn hansısa suallar qarşılıqlı əməkdaşlıq və müzakirələr çərçivəsində öz həllini tapa biləcək qüvvədədir. Fikrimcə, yeni əməkdaşlıq meydançasının yaradılması, Xəzəryanı dövlətlərin həm ikitərəfli, həm də çoxtərəfli münasibətlər çərçivəsində əməkdaşlığının güclənməsi meydana gələn yeni çağırışlara müştərək formada cavab vermək üçün kifayət qədər ciddi zəmin yarada bilər. Təbii ki, yeni təşəbbüs Xəzəryanı dövlətlərin inkişafı, mövcud olan əməkdaşlığın daha da genişlənməsi, həmçinin beynəlxalq əlaqələr sistemində yeni və fərqli bir əməkdaşlıq platforması kimi də tanına bilər”.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Rusiya tərəfindən irəli sürülən təşəbbüsün bütün dünyada tətbiq olunduğunu qeyd edib:

“Məsələn, Baltikyanı ölkələrin Şurası mövcuddur və bu formatdan siyasi və humanitar əlaqələrin inkişafı üçün də istifadə edilir. Rusiya tərəfi eyni təcrübəni Xəzərdə tətbiq etmək niyyətindədir. Bu təcrübə bir çox hallarda müsbət təsir göstərir. Məlumdur ki, Xəzərlə bağlı müxtəlif diskussiyalar mövcuddur. Belə şuranın yaradılması isə bu diskussiyalarla bağlı istiqamətdə və bəzi əlaqələrin müzakirəsində istifadə oluna bilər”.

Millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə də Xəzər Şurasının yaradılmasının mümkünlüyünü vurğulayıb:

“Xəzər Şurasının və yaxud yaradılması planlaşdırılan digər təşkilatların türk dövlətləri təşkilatının fəaliyyətinə hansısa maneəçilik törədəcəyinə inanmıram. Rusiya əməkdaşlığa hazır olaraq Azərbaycanın yaratdığı nəqliyyat və enerji sistemlərində iştirak edib öz maraqlarını ödəyə bilər. Lakin inanmıram ki, rəsmi Moskva hansısa layihələrin baş tutacağına əngəl törətsin. Çünki bütün dünya proseslərin uğurlu şəkildə həyata keçməsində maraqlıdır. Düşünürəm ki, Rusiya məhz əməkdaşlıq yolunu seçərək yaradılan imkanlardan bəhrələnməyə çalışacaq”.

 

 

 

 

 

Paylaş
Baxılıb: 254 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31