Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Fars körfəzindən Qara dənizə...

Fars körfəzindən Qara dənizə...

09.12.2021 [10:44]

Yeni tranzit xətt nə vəd edir?

İran, Gürcüstan və Azərbaycan ilkin razılığa gəlib

Pərviz Sadayoğlu

Cənubi Qafqazda Azərbaycanın iştirakı ilə növbəti regional əməkdaşlıq platforması formalaşır. Belə ki, İranın Yollara Texniki Xidmət və Nəqliyyat üzrə Təşkilatının (RMTO) Beynəlxalq Tranzit və Daşımalar İdarəsinin Baş direktoru Cavad Hedayəti bildirib ki, İran, Azərbaycan və Gürcüstan Fars körfəzini Qara dənizə birləşdirən tranzit marşrutunun yaradılması ilə bağlı razılığa gəliblər. Onun sözlərinə görə, Azərbaycan və Gürcüstanla (avtomobil nəqliyyatı ilə bağlı) iki görüş keçirilib. O qeyd edib ki, bu plan artıq səkkiz il əvvəl təklif edilib, lakin bir çox ölkələrin bu sazişə cəlb olunması səbəbindən hələ də həyata keçirilməyib və tərəflər konsensus əldə edə bilməyib. Bu yeni marşrutun yaradılması Fars körfəzini Qara dənizə birləşdirə bilər. Müqaviləyə əsasən, ilk növbədə, yaxın 4 ay ərzində İran mallarının Astara sərhədindən Azərbaycana, həmçinin Gürcüstanın Qara dənizdəki limanları vasitəsilə Bolqarıstana və ya digər Şərqi Avropa ölkələrinə çatdırılması üçün İrandan bəzi pilot yüklər göndəriləcək. Layihənin pilot mərhələsinin 2022-ci ilin martın 20-dək həyata keçirilməsinə çalışırlar ki, maneələr və problemlər müəyyən olunsun. Nəhayət, üç ölkə arasında göndərmə xərclərini və vaxtı azaltmaq üçün mexanizmin yaradılması ilə bağlı yekun üçtərəfli görüş keçiriləcək.

Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən Milli Məclisin deputatı Azər Badamov qeyd edib ki, Azərbaycan bu gün istər regional, istərsə də qlobal müstəvidə çoxtərəfli əməkdaşlığın inkişafına öz töhfələrini verir. Ölkəmiz ötən dövr ərzində Şərq-Qərb, eləcə də Şimal-Cənub dəhlizləri üzrə birgə əməkdaşlıqlarla bağlı mühüm təşəbbüslər irəli sürüb ki, bu da nəticə etibarilə iqtisadi inkişafa və əlaqələrin gücləndirilməsinə əhəmiyyətli dərəcədə kömək göstərib: “44 günlük Vətən müharibəsindən sonra regionda yaranan yeni reallıqlar əməkdaşlıqların daha da genişləndirilməsi üçün mühüm fürsətlər yaradıb. Bəlli olduğu kimi, artıq Zəngəzur dəhlizi məsələsi də öz həllini tapmaqdadır. Bu dəhliz Şərq-Qərb istiqamətində yeni bir logistika deməkdir. Sözügedən İran-Azərbaycan-Gürcüstan tranzit marşrutu da Şimal-Cənub xətti üzrə mühüm iqtisadi üstünlüklər vəd edir. Bu layihə ilə həm də Yaxın Şərq dövlətləri Fars körfəzi vasitəsilə Qərbə yeni bir yol qazanmış olacaq. Təbii ki, bunun iqtisadi üstünlükləri də var ki, bu da təhlil olunmalıdır. Layihənin pilot mərhələsi ərzində əldə olunacaq nəticələr olduqca vacibdir. İnanıram ki, bu layihə də uğurla icra olunacaq və regional inkişafda əsaslı rol oynayacaq”.

Milli Məclisin deputatı Ramil Həsən də ölkəmizin beynəlxalq münasibətlər sistemində mühüm yer tutduğunu, qlobal əməkdaşlıqlara yüksək töhfələr verdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın təşəbbüsü və iştirakı ilə  formalaşan əməkdaşlıq platformaları dövlətlər arasında həm də siyasi əlaqələrin yüksəlməsində əhəmiyyətli rol oynamaqdadır. Millət vəkilinin fikrincə, Fars körfəzini Qara dənizə birləşdirən yeni tranzit xəttin yaradılması ilə bağlı üç dövlətin əldə etdiyi razılaşma özündə mühüm məqamları əks etdirir: “Azərbaycan dövləti hər zaman  əməkdaşlıqlara açıq olduğunu bildirir. Milli maraqlar çərçivəsində inkişaf edən belə əməkdaşlıq əlaqələri həm regional inkişafa, həm də dövlətlərarası münasibətlərə öz təsirini göstərir.

Bəlli olduğu kimi, 44 günlük müharibədən sonra bölgədə altılıq platformanın yaradılması ilə bağlı təşəbbüs irəli sürülmüşdü. Sonrakı mərhələdə bəzi obyektiv və subyektiv məsələlərlə bağlı platformanın reallaşmasında problemlər meydana çıxdı. Məsələn, Gürcüstan tərəfi platformada yer almamasını Rusiya ilə əlaqələndirdi. Bütün bunlara baxmayaraq, Azərbaycan hər zaman mühüm təşəbbüslərlə çıxış edir və irəli sürülən təklifləri dəyərləndirir. Qeyd edilən layihənin də gələcəkdə böyük bir tranzit xəttinə çevrilmə imkanları təhlil olunur. Hələlik 4 ay ərzində test ediləcək, əldə olunan nəticələrə baxılacaq. Sonrakı mərhələdə keçiriləcək görüşlərdə bununla bağlı əsas qərar veriləcək”.

 

 

 

Paylaş
Baxılıb: 229 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Müsahibə

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31