Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Müharibədə III “gizli əl”...

Müharibədə III “gizli əl”...

27.04.2022 [10:21]

Blinken ilə Ostin Kiyevə niyə gəlmişdi?

Pərviz SADAYOĞLU

İki aydan çoxdur davam edən Rusiya-Ukrayna müharibəsi torpaq və ya nüfuz döyüşündən çox, “yeni düzən” uğrunda mübarizəni xarakterizə edir. Başqa sözlə, döyüşən tərəflər Rusiya ilə Ukrayna kimi görünsələr də, medalyonun digər üzündə fərqli maraqlar, fərqli güclər və fərqli planlar yer almaqdadır. Hərbi-siyasi güc baxımından hazırda çoxqütblü kimi görünən dünyanın, əsasən də Avroasiyanın “vahid əl”də birləşdirilməsi prosesi “uğurla davam edir”. Bunu faktlar da təsdiqləyir. Regiona edilən gizlin səfərlər, münaqişənin tez bitməsindən çox lazımi ana qədər davam etməsi uğrunda səylər gözlə görünür. Rəsmi Moskvanı yalnız məğlubiyyətə uğratmamaq, Rusiya da daxil olmaqla “üçüncü əl”ə mane olan digər gücləri eyni anda zərərsizləşdirmək kimi arzular müharibə ilə bağlı həqiqətləri növbəti dəfə gün işığına çıxarır.

ABŞ rəsmiləri nədən və ya kimdən “gizlənir”?

Yeri gəlmişkən, bu kimi faktlar müharibənin “prodüsseri” olan Qərbdə belə ayaq açıb yeriməkdədir. Məsələn, “Nyu-York Tayms” qəzeti ABŞ-ın dövlət katibi ilə müdafiə nazirinin Ukrayna paytaxtı Kiyevə birgə səfərindən yazıb. İlk baxışdan burada qeyri-adi bir şey yoxdur. Amma səfər başlandığı ana qədər məxfi saxlanıb. Blinken və Ostin ABŞ Hərbi Hava Qüvvələrinin gözəgörünməz yük təyyarəsində yola düşüblər. Onlar Polşaya çatanda, yəni yolun yarısında olanda Kiyevdə mətbuat konfransı keçirən Vladimir Zelenski qəfildən belə bir səfərin gözləndiyi barədə məlumat yayıb”. Yəni səfərdən Ukrayna dövlət başçısı belə xəbərsiz olub. Blinken və Ostin Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski, xarici işlər naziri Dmitri Kuleba, müdafiə naziri Aleksey Reznikov, daxili işlər naziri Denis Monastriyski ilə görüşüb, üç saat müzakirə aparıb. Səfər o qədər məxfi olub ki, Blinkenlə Ostinin tabeliyində çalışan şəxslərdən yalnız kiçik bir qrupu onların Kiyevdə Vladimir Zelenski ilə görüşməyə hazırlaşdığını bilib. Daha kiçik bir qrupa isə onlarla bir yerdə yola çıxmağa icazə verilib.

Amerika rəsmilərinin səfərlərinin bu qədər pünhan saxlanılması Rusiya təhlükəsi ilə bağlıdırmı? Bəs necə olur ki, müharibə başlanandan bir neçə həftə sonra, mart ayında Polşa, Çexiya və Sloveniyanın baş nazirləri Kiyevə yollanıblar. Sonrakı həftələrdə Böyük Britaniya, Litva, Latviya, Slovakiya, Estoniya, İspaniya və Danimarka liderləri Kiyevdə olublar. Xüsusilə Böyük Britaniyanın baş naziri Boris Conson Vladimir Zelenski ilə Ukrayna paytaxtında gəzintiyə çıxanda, İspaniya və Danimarkanın baş nazirləri Kiyev ətrafını dolaşanda belə bir təhlükə mövcud deyildimi? İkinci bir tərəfdən, müharibə aparan tərəflərin hər zaman “müharibə qanunlarına” riayət edərək üçüncü ölkənin rəsmi nümayəndəsinə qarşı ehtiyatsız davranışı müzakirə mövzusu belə ola bilməz. Demək ki, gizlin səfərin məqsədləri də gizlindir...

Müharibənin bitməsinə deyil, yeni silahlara “investisiya” yatırılır

Səfərdə bəzi nüanslara toxunulub. Məsələn, ABŞ 2019-cu ildən bəri ilk dəfə Ukraynaya səfir təyin etmək qərarına gəlib. Prezident Cozef Bayden bu posta Slovakiyada səfir işləyən Bricit Brinki təyin etməyi qərarlaşdırıb”. Səfir təyinatının tək praktiki yox, həm də simvolik mənası olduğunu qeyd edən “Nyu-York Tayms” Kiyevdə ABŞ səfirliyinin fəaliyyətini bərpa etmək üçün amerikalı diplomatların tezliklə Ukraynaya yollanacağını diqqətə çatdırır. Vaşinqtonun Ukraynaya münasibətdə diplomatik sahədə kəskin dönüş etdiyini və bu ölkəyə yeni hərbi yardım ayırdığını xatırladan qəzet bildirir: “ABŞ prezidenti Cozef Baydenin hərbi yardımlar silsiləsindən bəyan etdiyi son yardım Ukraynanın və daha 15 Şərqi Avropa dövlətinin ordusuna 713 milyon dollar ayrılmasını nəzərdə tutur. Bu, fevralın 24-dən - Rusiya Ukraynaya hərbi müdaxiləyə başlayandan bəri ABŞ-ın Ukraynaya yönəltdiyi hərbi yardımların ümumilikdə 3,7 milyard dollar həddinə çatması deməkdir”.

Ukraynalılar üçün ayrılan son vəsait Donbas bölgəsi uğrunda gedən mübarizəyə - Ukraynanın daha müasir silah-sursatla, havadan müdafiə sistemləri ilə təchiz edilməsinə, həmçinin istehsalına sovet dövründən başlansa da Ukrayna ordusunun indiyədək işlətdiyi raketlərdən, atıcı silahlardan, pulemyotlardan alınmasına xərclənəcək. Yəni müharibənin bitməsinə deyil, yeni silahlara “investisiya” yatırılır. Bu isə müharibəni davam etdirmək həvəsinin bitmədiyini göstərir. Təsadüfi deyil ki, istər ABŞ rəsmiləri, istərsə də Ağ Evə yaxın siyasətçilər bu müharibənin hələ bir neçə il davam edəcəyi fikrini dəfələrlə səsləndiriblər. Yaxın Orta Şərqdən sonra Şərqi Avropada da uzunmüddətli bir münaqişə ABŞ-ın timsalında “üçüncü əl”in işinə çox yarayacaq. Çünki qarşıdurmalar və xaos dünyanı idarə etmək, tək qütb olmaq üçün əla fürsətdir...

“Üçüncü əl”in müharibə arzusu və ya yaşasın xaos?

“Nyu-York Tayms” qəzeti xatırladır ki, ABŞ-ın yüksək vəzifəli rəsmilərinin başqa döyüş bölgələrinə, məsələn, İraqa, Əfqanıstana səfərləri də bir qayda olaraq həmişə məxfi saxlanıb, belə səfərlər barədə məlumatlar bəzən rəsmi şəxslər getdikləri ölkəyə çatanadək, bəzən isə hətta geri qayıdana kimi açıqlanmayıb”. Təbii ki, hər zaman təhlükəsizlik məsələsini əsas səbəbə çevirənlər alt qatdakı əsl mahiyyətdən bəhs açmırlar. Həmin səfərlərin gizliliyi, məxfiliyi əsasən müzakirə predmetləri ilə bağlı olur. Çünki münaqişələri dayandırmaqdan daha çox korporativ maraqlar məcrasına yönəltmək arzusunda olan “üçüncü əl” üçün bəzi məsələlər maraqlı deyil: orada nə qədər günahsız insan öldürülüb, nə qədər uşaq həyatını itirib. Məsələn, Rusiyanın hücumu nəticəsində fevralın 24-dən bu günə qədər 217 uşaq həyatını itirib. 391 uşaq yaralanıb. Bu hal yalnız Ukrayna üçün və ya bu müharibə üçün spesifiklik daşımır. “Üçüncü əl” İraqda da, Suriyada da və başqa münaqişə regionlarında da eyni davranışla yadda qalmışdı. Bu gün də eyni ampluadadır. Rusiya - Ukrayna münaqişəsinin Normand dördbucağında tənzimləmə prosesinə “əl uzadan” maraqlı qüvvələr bugünkü aktiv müharibənin çoxdan arzusunda idilər...

Paylaş:
Baxılıb: 125 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

28 May 10:15

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31