Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ermənilərin Dədəvəng yalanı

Ermənilərin Dədəvəng yalanı

05.05.2022 [10:58]

Əvvəli ötən sayımızda...

Azərbaycanın Kəlbəcər rayonunda yerləşən Dədəvəng (Xudavəng) monastrı Qafqaz Albaniyasının qədim sivilizasiya nümunələrindən biri hesab olunur. Azərbaycan ərazilərinin işğalı dövründə erməni qəsb­karları məkrli plan həyata keçiriblər. Əvvəllər işğal olunmuş ərazilərdə yerləşən 128 alban kilsəsinin, demək olar ki, hamısı, o cümlədən Kəlbəcərdəki Xudavəng, Laçındakı Ağaoğlan monastrları, Ağdərədəki Gəncəsər məbədi və Xocavənd rayonundakı Amaras kilsəsi erməni qriqorian kilsələrinə çevrilib.

Üç ox haqqında eyni şeyi qrabar mətnlərinin başqa bir erməni tərcüməçisi Nikolay Emin Vardapet Vardanın “Ümumi tarix” əsərinin rus dilinə tərcüməsinin nəşrində də qeyd edir.

Bəs bu “üç ox” nədir? Üç Ox Oğuz tayfa ittifaqından başqa bir kimsə deyildir. Tarix Üç Ox Oğuzlarından başqa heç bir üç ox tanımır.

Analoji əlaqə erməni mətnlərində Kiçik Sünik adlandırılan Balasakan (kiçik oxlar) toponimi ilə bağlı olaraq mövcuddur. M.Xorenli parfiyalı Müqəddəs Qriqorinin nəvəsi Qriqorisin ölümündən bəhs edərkən Balasakanı Kiçik Sünik adlandırır. Balasakanı, yəni Kiçik Süniki həm də Sisakani-Kotak adlandırırlar, bunu İoan Katolikosun (Drasxanakertsi) “History of Armenia” kitabının tərcüməçisi M.Darbinyan da qeyd edir.

Təqdim olunan faktları və dəlilləri qiymətləndirərək M.Xorenlinin kitabında Qafqaz və Anadolu skiflərinin tarixinin erməni etnosunun ayağına yazıldığı qənaətinə gəlirik. Təsadüfi deyildir ki, Xorenlinin kitabında ermənilərin mifik əcdadı olan Hayk “Xalqlar Cədvəli” təftiş edilərək İncildəki Torkom və Aşkenazın törəməsi kimi oraya yerləşdirilmişdir, hansı ki, İncil ənənəsinə görə skiflərlə bağlıdır. Nəticədə M.Xorenli və digər erməni müəllifləri Şərqi Anadolunun skif tarixini öz etnoslarının tarixinin başlanğıcı hesab edirlər.

Kamran İmanov həm də xüsusilə Azərbaycanda xristianlığın köklərini, onun qədim və zəngin tarixini vurğulayır. Belə ki, Orta Şərqdə, Roma-Bizansda və Sasani İranında erkən xristianların təqib edilməsi ilə əlaqədar, erkən xristianlar - nazareylər və yəhudi-xristianlar Azərbaycan ərazilərinə köçə bilərdilər. Bunu nasrani xristianların Azərbaycanda mövcudluğuna dair bəzi faktlar da sübut edir. Bundan əlavə, tez-tez Bizansların təqib etdiyi Siro-xristianlar Qafqaza köçmüş, burada xəlvəti, ucqar yerlərdə səhra həyat tərzi sürmüşlər. Suriyalı ağsaqqallar tez-tez yepiskop və ya kilsə və monastr rəhbərləri ola bilirdilər.

Dədəvəng (Xutavəng) / Xudavəng adının etimologiyası barədə bəhs edən Kamran İmanov bildirir ki, əvvəllər bu monastrın Dadoi, Dato, Dadui kimi erkən adları az informativdir. Mxitar Qoş monastrının təməlini apostola aid edir. Təbrizli Arakelin kitabında istinad edilən Vardapet İovannes Tsaretsi tərəfindən tərtib edilmiş 1583-cü il tarixli “Aqvank ölkəsinin tarixi”nin bir yerində bu monastır Faddey-Taddey apostolun adı ilə adlandırılır. Tsaretsi əsərində bu torpaqları Alban ərazisi kimi təsvir edir. Qeyd etmək lazımdır ki, qədim Tsar (Zar) kəndi Kəlbəcər rayonunda yerləşir (Dədəvəngdən təxminən 20-30 km məsafədə) və Vardapet Tsaretsi, görünür, oradan çıxmışdır. Bugünkü erməni kilsə ənənəsi monastrın əsasını Taddeyin özü ilə deyil, onun Dadi adlı müridi ilə bağlayır. Bu dolaşıq məlumatlar belə hesab etməyə əsas verir ki, məbədin apostola və ya onun müridinin ayağına yazılan mənşəyi barədə məlumatlar sonradan edilən uydurmalardır.

Kamran İmanov Dədəvəngin mənsubiyyətinin müəyyənləşdirilməsində əsas rol oynayan monastrın hansı səltənət taxtına məxsus olduğu sualına da cavab verir. O qeyd edir ki, M.Kalankatuklunun “Alban tarixin”də Dədəvəng monastrı yepiskopluğunun Albaniya taxt-tacına aid olması barədə aydın məlumatlar var. Birincisi, bu, erməni katolikosu İonnun (Yovanes) Albaniya katolikosu Ter-Abasa və Alban yepiskoplarına müraciətidir və bu barədə “Alban tarixi”nin ikinci kitabının 7-ci fəslində bəhs olunur. Müraciət erməni katolikosundan əlavə erməni yepiskopları tərəfindən imzalanmışdır.

Bu müraciətdə Albaniya və Armeniya yepiskoplarının siyahısı verilmişdir. Albaniya yepiskopları belə göstərilir: Bahalat, Kapalak, Amaras, Balasakan, Şaki, Gardman, Mets Kolmank. Dədəvəng monastrı Mets Kolmank (Böyük Kolmanlar) ərazisində yerləşirdi. Həmçinin Şaki (Sisakan) də Albaniya yepiskopluğu kimi göstərilmişdir. Sadalanan erməni yepiskopları isə bunlardır: Taron (şimali Suriya), Taik (Ərzurum-Erzincan), Va-nand (Qars), Rştunik (Van gölü), Moks (Van gölünün cənub-qərbində). Göründüyü kimi, bütün erməni yepiskopları Cənubi Qafqazdan kənarda yerləşir. Bu müraciət VI əsrin ikinci yarısındakı hadisələrlə bağlıdır.

Şərqi Qafqaz türkləri Alban və erməni katolikoslarına məktub yazaraq onlardan Böyük Kolmanların yepiskopu İsrailin özlərinə rəhbər olmalarını xahiş etdilər. Buna cavab olaraq erməni tərəfi bu bölgənin dini icmasının Alban taxtına təhkim olunduğunu qeyd etdi. Bu hadisələr VII əsrə aiddir. Yenə də bunun təsdiqi ermənidilli tarixi qaynaqdır.

Qeyd olunur ki, 704-706-cı illərdə erməni katolikosu İliyanın “donosu” əsasında alban katolikosu xalkidonit (pravoslav) Nerses Bakur devrilmişdi (alban xalkidonizmi haqqında “Pravoslav Ensiklopediya”da bəhs edilir). Digər tərəfdən, mənbələrə əsasən, alban dövlətçiliyi X əsrin konfessional böhranı nəticəsində itirildi. Həmin böhranın başında dayanan erməni katolikosluğu tərəfindən Albaniyada erməni-qriqorian monofizitliyinin məcburetmə yolu ilə tətbiq edilməsindən irəli gəlirdi. Bir neçə əsr arasındakı zaman kəsimi və 2 əsr sonrakı müddətdə kilsə tarixində boşluqlar var. Lakin albanlar dönə-dönə xalkidonluğa qayıtmaq istəyində olmuşlar.

IX-XI əsrlərdə alban katolikoslarının iqamətgahı indiki Gədəbəy rayonundakı Xəmşi monastrında, pravoslav, xalkidonit gürcü torpaqlarının yaxınlığında yerləşən ərazidə idi. Sonradan Alban katolikosunun iqamətgahı Xəmşidən Dədəvəngə köçürüldü. Müəllif bildirir ki, Dədəvəng qədim ibadətgahdır, lakin onun əsas tikintisi XIII əsrin əvvəllərində Arzu-xatun tərəfindən həyata keçirilmişdir. O, gürcü memarlığının şah əsərlərinin - Loridəki Kobairi və Axtala monastrlarının (tarixən Tiflis quberniyasının Borçalı qəzasının dağlıq hissəsinə daxil olmuş, indi isə Ermənistan respublikasının şimalında yerləşir) yaradıcıları ilə qohum olmuşdur. Ermənilər bu monastrların erməni ibadətgahları kimi tikildiyini, daha sonra isə erməni-xalkidon (pravoslav) məbədlərinə çevrildiyini iddia edirlər.

Tarixi mənbələrdən aydın olur ki, XII-XIII əsrlərdə Uti vilayətində və Taşir-Dzoraget “çarlığının” Gürcüstana birləşdirilməsindən sonra mövcud olmuş şərti olaraq müstəqil Matsnaberd knyazlığı Kürikenin hökmdarının 5 qızı (Məryəm, Rusuqan, Mamkan, Borina və Vane) və 2 oğlu (Abas və Vasak) olmuşdur. Kobairi (1171-ci il) və Axtala (1188-ci il) monastrlarının təməlinin qoyulması Məryəmin adı ilə bağlıdır. Rusugan gürcü feodalı İvane Orbelinin (gürcü Orbeli soyundan) arvadı idi və o da bacısı kimi Gürcüstanın Ağpat, Sanain, Kobairi və digər bölgələrində tikinti ilə məşğul olmuşdur. Mamkan Kıpçak xristian knyazı Aterk Asan Kronavoryal ilə evlənmişdi. Onun oğlu I Vaxtanq 1182-ci ildə Aterk taxtını və bütün Xaçen knyazlığını miras aldı. Vaxtanqın arvadı Arzu-xatun ərinin valideynləri ilə birlikdə sonradan ailə sərdabəsinə çevrilən Dədəvəngin inşaatçıları oldular.

Kompleksdə 1214-cü ildə knyaginya Arzu-xatun tərəfindən həlak olmuş əvvəl ərinin, sonra iki oğlunun xatirəsinə tikilmiş bir kilsə mövcuddur. Kilsədə cənub divarında Ecazkar Nikolaya həsr olunan divar şəkilləri var. Buradakı süjet Sovet alimi, sənətşünas, orta əsr erməni sənətinin tədqiqatçısı Lidiya Durnovonu təəccübləndirmişdi. Əslində, monofizit erməni kilsəsində Ecazkar Nikolay kultu heç vaxt olmamışdır. Kilsələrdəki divar şəkilləri də qriqorian xristianlığına xas deyildir. Bu faktlar Dədəvəng kompleksinin bütün zamanlarda diofizitə, yəni Alban Pravoslav Kilsəsinə aid olduğunu göstərir.

Bütün əlamətlərinə və memarlıq xüsusiyyətlərinə görə Dədəvəng, Lori və Qarabağdakı digər kilsələr kimi pravoslav (gürcü və alban) kilsəsi olaraq əsası qoyulmuşdu, o dövrdə Alban katolikosluğu pravoslav olduğu üçün Alban və gürcü ruhaniləri arasında heç bir ziddiyyət, eləcə də dini icmaları üçün xüsusi sərhədlər yox idi. Yalnız sonralar həmin Alban pravoslav kilsələrindən bir hissəsi ermənilər tərəfindən erməni kilsələrinə çevrilmişdir.

Alban monastrlarının pravoslav olmasının bir sübutu da odur ki, XIII əsr monastrının məbədlərindən biri, artıq qeyd edildiyi kimi, Müqəddəs Mirlikili Nikolay və ya Ecazkar Nikolaya həsr olunmuşdur. Dünyanın heç bir yerində qədim və ya orta əsrlərdə erməni kilsəsi kimi qurulan Müqəddəs Nikolay kilsələri məlum deyildir. Belə ki, pravoslavlardan fərq­li olaraq erməni monofizitləri onu qəbul etmirdilər. Və yalnız Roma katolik kilsəsinin təsirindən sonra bu müqəddəsi müəyyən dərəcədə qəbul etməyə başladılar (katoliklər ona ehtiram göstərdilər). Bununla birlikdə müqəddəs Nikolaya həsr olunmuş orta əsr erməni kilsəsi tapmaq mümkün deyildir - bir qayda olaraq bunlar mənimsənilmiş keçmiş pravoslav kilsələridir. Üstəlik, bəllidir ki, Tiflisdə erməni köçkünləri Gürcüstanın Müqəddəs Nikolay kilsəsini mənimsəyərək, onun adını Müqəddəs Rəmz (Surb Nişan) adı ilə dəyişmişlər. Beləliklə, XIII əsr Ecazkar Nikolay məbədinin freskasındakı xüsusi şəkil kilsənin ilkin olaraq pravoslav kilsəsi olduğunun açıq əlamətidir.

Müəllif Kəlbəcərin bugünkü sakinlərinin bəzilərinə - ayrumlara da diqqət yetirir. Qeyd olunur ki, bir sıra tədqiqatçılar “ayrum” adının sadəcə “pravoslav” mənası daşıdığını hesab edirlər. Kəlbəcər rayonunun bugünkü sakinləri çoxdan müsəlman olmuşlar, “ayrum” adı artıq istifadədən çıxır, lakin nisbətən yaxın keçmişdə bu ad böyük bir konfessional məna yükü daşıyırdı. Heç vaxt Roma (Bizans) İmperatorluğunun (Roma) tərkibinə daxil olmayan Qafqaz Albaniyası (Arran) üçün “ayrum” ifadəsi tamamilə “Rumdan ayrılmış”, “Rumdan kənarda yaşayan” mənasını daşıyırdı, yəni əsas pravoslav malikanəsindən ayrılmış pravoslav türklər (pravoslav - “Bizans” və ya “Rumlu” dini inanclı). Vurğulanır ki, ermənilərin öz etiraflarına görə, hələ 1993-cü ildə Dədəvəng monastrı yaxınlığındakı kənddə erməni işğalçıları tərəfindən qovulan ayrum türkləri yaşayırdı.

Beləliklə, gördüyümüz kimi, Dədəvəng bir pravoslav kilsəsi olaraq inşa edilmişdi və Alban kilsəsinin iyerarxiyasına daxil idi, onun yerləşdiyi ərazi isə türk tayfalarına məxsus idi və çox güman ki, onlar tərəfindən tikilmişdi. Bunun erməni-monofizit kilsəsi ilə heç bir əlaqəsi yoxdur və bu səbəbdən haqlı olaraq Albanların törəmələrinə - bugünkü Azərbaycan vətəndaşları olan pravoslav udinlərin ixtiyarına verilmişdir. Və bu gün Azərbaycan dövləti tərəfindən qorunan bu məbəddə erməni zəvvarlara da ziyarət etmək imkanı verilir.

Taleh Ağaverdiyev

Paylaş:
Baxılıb: 128 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Prezident bu gün

Prezident bu gün

24 May 10:33

Analitik

MEDİA

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31