Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 29 avqust referendumu...

29 avqust referendumu...

27.08.2022 [07:28]

Xalq Elçibəyə niyə etimad göstərmədi? 

1993-cü il Azərbaycanın tarixinə taleyüklü məsələlərin həll olunduğu dövr kimi düşüb. Həmin ilin yayında ölkədə başlayan vətəndaş qarşıdurmasının qarşısını ala bilməyən, bir-illik səriştəsiz hakimiyyət idarəçiliyi ilə xalqda kütləvi etiraz yaradan AXC-Müsavat birliyi yenicə əldə olunan müstəqilliyi təhlükə altına salmışdı. Suverenliyimiz sual altına düşmək üzrə idi. Belə bir anda xalqın təkidli tələbi ilə Bakıya gələn ulu öndər Heydər Əliyev xalqının, ölkəsinin xilaskarına çevrildi. İyunun 15-də Milli Məclisin sədri seçilən Ulu Öndər qısa zamanda vətəndaş qarşıdurmasının qarşısını aldı, ölkədə sabitlik bərqərar oldu.

1993-ci il avqustun 29-da o zamankı prezident Əbülfəz Elçibəyə etimad göstərilməsi məsələsi haqqında ümumxalq səsverməsi keçirildi. Referendumda “Siz Azərbaycan Respublikasının Prezidentinə etimad edirsiniz mi?” sualı verilmişdi və seçici siyahılarına salınmış 4.097.367 vətəndaşın 3.767.928 nəfəri seçkilərdə iştirak etmişdi. Referendumun nəticələrinə görə, 92,02 faizi Ə.Elçibəyə etimad göstərilməsi əleyhinə səs vermiş, yalnız 77.730 nəfəri, yaxud 2,1 faizi ona etimad göstərmişdi. Seçici fəallığı 91,6% olmuşdu. Xalq niyə Elçibəyə etimad göstərməmişdi?

Bu sualımızı cavablandıran Milli Məclisin deputatı, tarixçi alim Anar İsgəndərov da 1993-cü ilin yayını Azərbaycanın tarixində ağrılı hadisələrlə dolu bir tarix adlandırdı. Etimadsızlıq məsələsinə gəlincə isə, deputat səbəbləri açıqladı. Belə ki, həmin dövrdə bir tərəfdən Azərbaycanın torpaqları işğal olunur, digər tərəfdən hakimiyyət uğrunda müharibə gedir, üçüncü bir tərəfdən Azərbaycan parçalanmaq üzrə idi. Sual yaranır ki, ölkəni bu həddə gətirənlər kimlər idi? “Bir il hakimiyyətdə olanlar və onlardan öncəki Vəzirov rejimi, eləcə də, Ayaz Mütəllibovun idarəçilikdə olan səriştəsizliyi ölkəni bu hala gətirib çıxarmışdı. Bunu hər kəs görür və anlayırdı. Həmin günlərdə ölkə dağılırdı, dövlətin gələcək taleyi həll olunurdu. 1991-ci ilin oktyabrında Azərbaycan öz dövlət müstəqilliyini bərpa etsə də, 1993-cü ilin yayında müstəqillik süqut etmək ərəfəsində idi. Belə bir dövrdə hakimiyyətə kifayət qədər təcrübə sahibi olan, dünyada və bölgədə tanınan, Azərbaycanı uzun illər idarə etmiş birisi gəlməli idi. Təbii ki, belə bir insan Ümummilli lider Heydər Əliyev idi. O dövrün iqtidarı da məcbur olub Heydər Əliyevi Bakıya çağırmışdı. Həmin vaxt Ulu Öndər blokadada olan Naxçıvanı bütün gücü ilə düşmən işğalından qoruyurdu. Heydər Əliyev öz böyüklüyündən, nüfuzundan istifadə edərək çox çətin bir şəraitdə Naxçıvanı qorudu, saxladı. Artıq Azərbaycan üçün böyük təhlükə yaranan zaman Heydər Əliyev yenə də öz həyatını təhlükə altına ataraq Bakıya gəldi. Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ölkədəki anarxiyanı aradan qaldırmaq, ilkin işartıları görünən vətəndaş müharibəsinin qarşısını almaq istiqamətində böyük səy göstərdi. Ona görə də xalq avqustun 29-da keçirilən referendumda birmənalı olaraq öz mövqeyini ortaya qoydu. Xalqımız Heydər Əliyevin siyasətini və onun Azərbaycan üçün etdiklərini gördü, anladı və 29 avqust referendumunun nəticələrinə görə, bir il hakimiyyətdə olan qüvvələrə “yox” dedi. Əgər həmin çətin dövrdə Heydər Əliyev bu məsuliyyəti öz üzərinə götürməsəydi, sonrakı dövrdə Azərbaycanı çox çətin günlər, bəlkə də qarşısıalınmaz faciələr gözləyirdi”.

Millət vəkili onu da vurğuladı ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycan dövləti öz qonşuları ilə balanslaşdırılmış siyasət qurdu, beynəlxalq hüquqa uyğun münasibətlər formalaşdırdı. “Ölkədəki qanunsuz silahlı birləşmələri aradan qaldırmaq, düşmənin hücumunu saxlamaq üçün mübarizə apardı. Son nəticədə atəşkəsə nail oldu, vaxt qazandı. Bütün bunlar təbii ki, dövrün siyasi hadisələri idi. Heydər Əliyev bu çətinliklərin öhdəsindən gələ bildi. Qarabağ problemini, Qarabağ həqiqətlərini dünyaya yaymaq üçün uzun illər mübarizə apardı. Bu mübarizə isə öz nəticəsini verdi. Heydər Əliyevin siyasi varisi olan Ali Baş Komandan, Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Azərbaycanın haqq işini bütün dünyaya bəyan edən Ali Baş Komandan 44 günlük müharibə ilə 30 ilə yaxın işğal altındakı torpaqlarımızın azadlığına nail oldu. Bu səbəbdən də 29 avqust 1993-cü il referendumu Azərbaycanın tarixində xüsusi əhəmiyyət daşıyır. Xalqın bu referendumdakı mövqeyi gələcəyimiz üçün bir yol açdı”, -deyə A.İsgəndərov əlavə etdi.  

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 129 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sabah yağış yağacaq

06 Oktyabr 12:40

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Prezident bu gün

Prezident bu gün

06 Oktyabr 10:19

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31