Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Türk Oğuz bəyləri və xalqı, eşidin!”

“Türk Oğuz bəyləri və xalqı, eşidin!”

15.12.2022 [10:06]

“Üstdə göy çökmədikcə, altda yer ayrılmadıqca sənin dövlətini və qanunlarını kimsə yıxa və poza bilməz!”

Orxon-Yenisey kitabələrinin oxunmasından 129 il ötür

XIX əsrin sonu dünya elmi üçün yeni, inqilabi dəyişikliklə yadda qaldı. Həmin dövrə qədər “köçəri”, hətta “barbar” kimi qələmə verilən türk xalqlarının daş kitabələri oxundu. Bu, tarixin qaranlıq səhifələrinin üzə çıxması idi. İlk dəfə Orxon-Yenisey kitabələrini oxuyan dilçi alim və türkoloq Vilhelm Lüdviq Tomsen (Wilhelm Ludwig Thomsen) 1893-cü ilin 15 dekabrında Danimarka Krallığı Elmlər Akademiyasına təqdim etdiyi məruzədə elm dünyasına Göytürk əlifbasının çözüldüyü, kitabələrinin oxunduğunu açıqladı. Müdrik xaqan kitabəsinin şərq üzündə bu sözlər yazılırdı: “Türk Oğuz bəyləri və xalqı, eşidin! Üstdə göy çökmədikcə, altda yer ayrılmadıqca sənin dövlətini və qanunlarını kimsə yıxa və poza bilməz”...

“Ey Türk Milləti! Titrə və özünə dön!”

Qeyd edək ki, Orxon-Yenisey abidələrinin mövcudluğu uzun müddət Avropa ölkələrində və Rusiyada məlum olmamışdı. Onları ilk dəfə XVIII əsrin əvvəllərində Rusiya ilə İsveç arasında baş vermiş müharibə zamanı Poltava döyüşündə əsir düşmüş isveçli zabiti Filipp Starlenberq üzə çıxarmışdı. O, 13 il Sibirdə Tobol əyalətində yaşamış, həmin ərazinin keçmiş xalqları haqqında materiallar toplamış, həm də Orxon-Yenisey abidələrinin üzünü çıxarmış və vətənində dərc etdirmişdi.

VIII əsrin əvvəllərinə aid olan və Orxon vadisində yerləşən, buna görə də Orxon abidələri və ya Orxon-Yenisey abidələri olaraq adlandırılan kitabələr türkcənin bilinən yazılı ilk nümunələridir. Bu kitabələrdə türk dilinin tarixi qrammatik quruluşu və bu quruluşun dəyişməsiylə əlaqədar məlumatlar verildiyi kimi, türklərin dövlət anlayışı, rəhbərliyi, türklüyün mədəni elementləri, türklərin qonşuları ilə, soydaşlarıyla olan əlaqələri və ictimai həyatıyla bağlı da mühüm elementlər yer alır. Bu abidənin adı ilk dəfə XII əsr tarixçisi Ələddin Ata Məlikin “Cüveyni-tarixi-cahangüşə” əsərində çəkilir. Orxon abidələri qədim türk dilini öyrənmək baxımından olduqca vacibdir. Orxon abidələrinə Ongin, Kültigin, Bilgə xaqan, Tonyukuk, Kuli-Çor, Moyun-Çor, İşe-Ashet, Hoytu-Təmir və Suci abidələri daxildir. Ongin abidəsi göytürk Orxon-Yenisey abidələrindən ən zəif öyrənilmişi və ən mübahisəlisidir. Kültigin abidəsi isə ikinci türk xaqanlığının banisi İltəriş xaqanın kiçik oğlu, məşhur türk sərkərdəsi, yenilməz bahadır Kül tiginin şərəfinə qoyulub. Abidənin mətni yazılmış daş kitabənin yazılması 1 avqust 732-ci ildə başlayıb, 733-cü ilin sonunda yekunlaşıb.

Bilgə xaqan abidəsi isə İltəriş xaqanın böyük oğlu, 716-734-cü illərdə ulu xaqan olmuş Bilgə xaqanın şərəfinə qoyulub. Abidə Kültigin abidəsi ilə eyni vaxtda - 1889-cu ildə N.M. Yadrintsev tərəfindən kəşf edilib. Bilgə xaqan abidəsi Kültigin abidəsi ilə birlikdə Koşo-Saydam abidələri adlanır. Abidədə qeyd edilir ki “Ey Türk Milləti! Titrə və özünə dön! Sən özünə dönəndə böyük olursan”.

Daş kitabələr - türk mədəniyyətinin şahidləri...

Tonyukuk abidəsi isə yuxarıda adı çəkilən xaqanların baş məsləhətçisi olan Toyukukun şərəfinə ucaldılıb. Bu abidənin də qoyulma tarixi mübahisəlidir. Kuli Çor abidəsi isə 1912-ci ildə polyak tədqiqatçısı V.L.Kotviç tərəfindən Ulan-Batordan cənub-qərbdə İhe-Huşotu vadisində tapılıb. Bəzi tədqiqatçılar onu tapıldığı yerin adı ilə İhe-Huşotu abidəsi də adlandırırlar.

Moyonçur abidəsinə gəldikdə isə, bu daş kitabə 1909-cu ildə Q.İ.Ramstedtin başçılıq etdiyi fin ekspedisiyası tərəfindən tapılıb. Abidə ilk dəfə 1913-cü ildə Q.İ.Ramstedt tərəfindən tərcümə və nəşr edilib. Abidənin kimin şərəfinə qoyulduğu isə hələ də dəqiq müəyyən edilməyib.

Terxin abidəsini də paleoqrafık baxımdan göytürk əlifbası ilə yazılmış erkən qədim uyğur dövrünə aid etmək olar. Tarixcə bu abidə Moqon Şinə Usu (Moyun çor) və Sərvəy abidələri ilə bir dövrə düşür.

Yenisey abidələrinin isə böyük əksəriyyəti Yenisey çayı hövzəsində - Yenisey çayının yuxarı axarında - Tuva və Xakas respublikalarında, Krasnoyar diyarının Minusinsk rayonunda tapılıb. Bu abidələrin sayı artıq 120-ə çatır. Göytürk Orxon-Yenisey yazısı abidələrinin araşdırılması tarixi Yenisey abidələrinin öyrənilməsindən başlanır. Tədqiqatçılann böyük əksəriyyəti bu fıkirdədir ki, Yenisey abidələri Orxon abidələrinə nisbətən daha qədimdir. Yenisey abidələrinin heç birində onların qoyulması (yazılması) tarixinə kiçicik də olsa işarə yoxdur. Yenisey abidələri dil baxımından Orxon abidələrinə nisbətən daha bəsitdir.

Vilhelm Tomsenin böyük xidməti...

Dünya tarixinin axınını dəyişən bu böyük fəaliyyətə imza atmış Danimarka dilçisi və tarixçisi, professor, Rusiya Elmlər Akademiyasının xarici müxbir üzvü, Danimarka Kral Elmi Cəmiyyətinin prezidenti, Hind-Avropa dilləri, Baltik-Fin və Türk dillərinin tarixinə, etrusk dilinə, həmçinin dilçilik tarixinə və Avropa tarixinə dair əsərlərin müəllifi Vilhelm Lüdviq Peter Tomsen 1842-ci ildə Kopenhagendə anadan olub. Vilhelm Tomsen Kopenhagen Universitetini bitirmiş, burada doktorluq dərəcəsi almış və 1871-ci ildən 1913-cü ildə təqaüdə çıxana qədər müəllimlik etmişdir.

Türk mədəniyyəti tarixində mühüm hadisəyə imza atan Vilhelm Tomsen ilk dəfə qədim türk mədəni abidəsi olan Orxon-Yenisey daş kitabələrindəki yazıları oxuyub. İlk olaraq “Tanrı” və “türk” sözlərini oxumağa müvəffəq olan alim qədim türk yazı mədəniyyəti və əlifbası barədə kəşfi ilə dünya elminə dəyərli töhfə verib. O, 1912-ci ildə Danimarkanın ən yüksək rəsmi mükafatı Fil ordeni ilə təltif edilib. Tomsenin adı müasir Danimarka dilçiliyinin ən tanınmış alimləri ilə birgə Kopenhagenin mərkəzində ucaldılmış stellada əks olunub. Türkiyənin paytaxtı Ankara şəhərində Türkiyə Milli Kitabxanasının yerləşdiyi küçə Vilhelm Tomsenin adını daşıyır...

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 276 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Xəbər lenti

Siyasət

Xarici siyasət

Xəbər lenti

Analitik

Analitik

İqtisadiyyat

Gündəm

Gündəm

Xəbər lenti

3№-li protokol

23 Fevral 22:28  

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Ədəbiyyat

Xarici siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29