Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ermənistan çaşqınlıq içində...

Ermənistan çaşqınlıq içində...

15.12.2022 [10:45]

Hakimiyyət daxilində parçalanma, cəmiyyətdə təlaş yaşanır

Azərbaycanın üç onillik ərzində işğal altında qalan ərazilərində Ermənistan tərəfindən ağlasığmaz vandalizm əməlləri törədilib. Postmüharibə mərhələsində işğaldan azad olunmuş ərazilərdə çəkilən foto və video materiallar ictimaiyyətə təqdim olunub. Kadrlarda təsvir olunan mənzərələr insanı heyrətə salır. Hər şey dağıdılıb və yerlə-yeksan edilib.

Qəbiristanlıqların, mədəni irs abidələrinin, yaşayış evlərinin belə vəhşicəsinə tar-mar edilməsini hansı vəhşi tayfalar həyata keçiriblər? Yox, bütün bunlar mədəniyyət görməyən vəhşi tayfaların deyil, özlərini dünyaya “mədəni xalq” kimi sırımağa çalışan ermənilərin əməlləridir. İşğal illərində ermənilərin törətdikləri cinayətləri və vəhşilikləri sadalamaqla qurtaran deyil.

Təbii sərvətlərin talanmasına son!

Sadalanan vandalizm əməllərindən biri də işğal olunmuş ərazilərimizdə Ermənistan tərəfindən həyata keçirilmiş qeyri-qanuni iqtisadi fəaliyyətlə bağlıdır. İşğal illərində bəhs olunan ərazilərdə dövlət və xüsusi mülkiyyət obyektləri dağıdılıb, Azərbaycanın təbii sərvətləri qanunsuz istismar edilib. Biz “Yeni Azərbaycan” qəzeti olaraq əvvəlki saylarımızda 30 il işğal altında qalan ərazilərimizdə Ermənistan tərəfindən idarə olunan qızıl mafiyasının fəaliyyəti barədə geniş araşdırma yazısı təqdim etdik.  Azərbaycanın Baş Prokurorluğunun 2018-ci ildə apardığı araşdırmalara görə, Ermənistanda və digər ölkələrdə hüquqi qeydiyyatdan keçən “Vallex Group”, “Base Metals”, “ACP”, “Lerna Metalurgiayi İnstitute”, “Teghout” və digər şirkətlər, o cümlədən, Ermənistandan olan fiziki şəxslər qızıl hasilatı biznesinin təşkilində iştirak ediblər. 2001-ci ildə “Base Metals” şirkətini təsis edən “Vallex Group” işğal dövründə Kəlbəcərin “Heyvalı” yatağının qanunsuz istismarını həyata keçirib və yatağı tamamilə qurudub. Məlumatlara görə, 2009-2011-ci illərdə 400 min ton filiz emal edilib, halbuki bu müddətdə emal həddi 150 min tondan yuxarı olmamalı idi. “Heyvalı”nı qurudandan sonra şirkət 2011-ci ildə keçmiş Ağdərə rayonundakı “Dəmirli” yatağının istismarına başlayıb. Bu yataqdan çıxarılan filiz əsasən Avropa ölkələrinə ixrac edilirdi.

Erməni jurnalist Vaqram Ağacanyanın araşdırmasına görə, işğal dövründə Ermənistanın 30-dan çox şirkəti Qarabağdakı qızıl və digər qiymətli metalların istismarını həyata keçirib. Belə şirkətlərdən biri FDM-dir. 2001-ci ildə fəaliyyətə başlayan şirkət Azərbaycanın 16 tondan çox qızılını talayıb. Təkcə 2008-ci ildə talanan qızılın həcmi 4 ton olub. Baş Prokurorluğun 2020-ci ildə aparılan istintaqla bağlı müəyyən məlumatları açıqlanıb. Məlumata görə, Vejnəli kəndində əlvan metal yataqlarından qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, gəlir əldə edən İsveçrədə rəsmi qeydiyyatdan keçmiş “Vallex Group” şirkətlər qrupunun filialı olan “Base Metals” Qapalı Səhmdar Cəmiyyəti 2009-2017-ci illər ərzində cəmi 301 milyon 918 min manat məbləğində qanunsuz gəlir əldə edib.

Ümumiyyətlə, Ermənistanın dövlət rəsmilərinin bilavasitə iştirakı ilə həyata keçirilən talançılıq əməlləri ilə bağlı siyahı kifayət qədər uzundur. Təəssüf doğuran haldır ki, ermənilər Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət etdiyi Azərbaycan ərazilərində təbii sərvətlərimizi talamağı dayandırmaq istəmirlər. Azərbaycan tərəfi sözügedən ərazilərdə təbii sərvətlərin qanunsuz istismarı və talanması hallarının artması, bunun ekoloji fəsadlarının müşahidə olunması barədə məlumat əldə edib. Həmin yataqlardan çıxardılan təbii ehtiyatlar Ermənistana daşınaraq orada emal olunur.

Azərbaycan cəmiyyətinin kəskin etirazı

Təbii ki, Azərbaycan dövləti və cəmiyyəti ermənilərin Qarabağ iqtisadi rayonunda talançılıq əməllərini davam etdirmələri ilə barışa bilməz. Cari il dekabrın əvvəlindən etibarən İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssisləri təbii sərvətlərimizin qanunsuz istismarı, bunun nəticəsində yarana biləcək ekoloji və digər fəsadlarla bağlı həyəcan təbili çalmağa başlayıblar. Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış keçirilməli, qanunsuz istismarın qarşısı alınmalı, müxtəlif istiqamətlər üzrə monitorinqlər və inventarizasiya aparılmalı, əmlakın kadastr uçotu təşkil edilməli, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə dəyən zərər qiymətləndirilməli və dəymiş zərərin nəticələrinin aradan qaldırılması məsələləri həllini tapmalıdır.

Mütəxəssislərin vəziyyətlə bağlı həyəcan təbili çalmaları cəmiyyətimizdə geniş əks-səda doğurub. Dekabrın 12-dən etibarən  qeyri-hökumət təşkilatlarının təmsilçiləri Laçın-Şuşa yolunda etiraz aksiyasına başlayıblar. Onlar Qarabağ iqtisadi rayonunda təbii ehtiyatların qanunsuz istismarına etirazlarını bildiriblər.

Ermənistanda yaşanan ajiotaj

Postmüharibə dövründə Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə möhkəmlənməsi, son günlərdə isə cəmiyyətimizin Qarabağ iqtisadi rayonunda yerləşən yataqların qanunsuz istismarına kəskin etirazlarını bildirmələri Ermənistanda təlaş doğurub. İndi bu ölkə sözün əsl mənasında çaşqınlıq içindədir. Cəmiyyətdə təlaş yaşanır. Dövlət rəsmilərindən bir-birini təkzib edən və heç bir məntiqə sığmayan açıqlamalar gəlir. Aydın şəkildə görünür ki, müharibədə acınacaqlı məğlubiyyətə uğrayan Ermənistanın hakimiyyəti hələ də mövqeyini və siyasi kursunu konkretləşdirə bilməyib. Hakimiyyət daxilində parçalanma dərinləşir. Hakimiyyət dəhlizlərində Qarabağla vidalaşmağın vaxtının çatdığı getdikcə daha açıq şəkildə etiraf olunur. “Ermənistan hələ 2007-ci ildə Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bir qədər bundan əvvəl İctimai Televiziyasının efirində deyib. Baş nazir qeyd edib ki, beynəlxalq ictimaiyyət, o cümlədən Ermənistan Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır. “Ermənistanın veto qoymasına baxmayaraq, ATƏT-in 1996-cı il Lissabon sammitində Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğu bildirilib. Bütün ölkələrin mövqeyi BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələrindən də məlumdur. Ermənistan da Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu tanıdı. 2007-ci ildə tanıdı. Bunu nə vaxta qədər təsdiqləməmək olar?

Məsələ burasındadır ki, biz bunu görmək istəyirik, yoxsa yox? Bəlkə, bütün problemlərimiz özümüzdən irəli gəlir”, - deyə N.Paşinyan bildirib.

Jurnalistin Ermənistanın 1991-ci il Almatı Bəyannaməsinə istinad edərək Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması ilə bağlı sualına isə Paşinyan belə cavab verib: “Almatı Bəyannaməsi bizim qanunvericiliyimizin bir hissəsidir. O, 1992-ci ilin fevralında Ermənistan Ali Soveti tərəfindən təsdiqlənib. Mən Almatı Bəyannaməsini qəbul etmədiyimi desəm, Ermənistanın qanunvericiliyini tanımamış olaram”.

Ermənistan parlamentinin deputatı Tiqran Abramyan isə Azərbaycanın vətəndaş cəmiyyətinin Qarabağ iqtisadi rayonunda fəallaşmalarından narahatlığını “Azərbaycan Qarabağda hər şeyi ələ keçirir” cümləsi ilə ifadə edib. “Azərbaycanın Ermənistanı Qarabağla birləşdirən dəhlizə, əslində isə yola nəzarəti ələ keçirmək cəhdləri kifayət qədər çətin vəziyyət yaradıb”, - deyə T.Abramyan əlavə edib. 

Arayik yoxa çıxıb, Vardanyan at oynadır

Azərbaycanlı ekoloqların, vətəndaş cəmiyyəti nümayəndələrinin Xankəndi-Şuşa yolunun yaxınlığında etiraz aksiyaları keçirmələri fonunda özünü qondarma “DQR”in prezidenti kimi təqdim edən Arayik Arutyunyan Xankəndidə gözə dəymir. Verilən məlumatlarda bildirilir ki, o, proseslərin gedişini kənardan izləyir və yalnız sular durulduqdan sonra geri qayıtmaq barədə düşünür. “Dövlət naziri” Ruben Vardanyan isə A. Arutyunyanın qorxaqcasına gizlənməsindən yararlanmağa çalışaraq özünü ermənilərə “yeni lider” kimi təqdim etmək üçün dəridən-qabıqdan çıxır. Ruben Vardanyan son günlərdə baş verənlər fonunda yaranmış situasiya barədə danışaraq bunu “əlverişsiz şərait” kimi dəyərləndirib və erməniləri “belə əlverişsiz şəraitdə ehtiyatlara qənaət etməyə” çağırıb. Vardanyan onu da deyib ki, yaranmış situasiya ilə bağlı Azərbaycan tərəfi ilə onları aşağılamayan danışıqlara hazırdırlar.

Ancaq Vardanyanın yalvarışları əbəsdir. Keçmişi şübhəli olan bu şəxsin hansı dairələrin gündəliyində yer aldığı hər kəsə bəllidir. Ölkəmizin mövqeyini Prezident İlham Əliyev birmənalı şəkildə bəyan edib. Azərbaycan rus xalqının sərvətləri hesabına ciblərini dolduran, varlanan  Vardanyanla heç bir halda danışıqlar aparmayacaq.

Ermənistan bankları Qarabağdakı erməni hərbçilərinə xidmət göstərməyi dayandırıb

Ermənistan bankları Qarabağda xidmət edən erməni zabitlərinə xidmət göstərməyi dayandırıb. Bu barədə N.Paşinyanın keçmiş müşaviri Akop Çaxaryan Facebook səhifəsində yazıb. “Ermənistan bankları Qarabağda xidmət edən zabitlərin ipoteka kreditlərinə xidmət göstərməyi dayandırıb. Sual olunur ki, bu kimin ideyasıdır və nəticəsi nə olacaq? Laçın dəhlizi ilə zabitlərin ixtisarı arasında nə əlaqə var? Bizim gələcəyimiz varmı?”, - deyə Çaxaryan bildirib.

Ermənistan cəmiyyətində yeni müharibə xofu

“Bu gün Qarabağı tanımaq bizim sülh yaratmaq və qonşularımızla münasibətləri yaxşılaşdırmaq planımıza qarşı çıxmaq deməkdir”. Bu fikirləri isə Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatı Hovik Ağazaryan bir qədər bundan əvvəl “Hraparak” nəşrinə müsahibəsində deyib. O qeyd edib ki, qondarma qurumun “müstəqilliyini” tanımaq Azərbaycana qarşı ərazi iddiaları irəli sürmək, Azərbaycana müharibə elan etmək deməkdir. “Böyük müharibə olacaq. Ona görə də, bizim xəttimiz ondan ibarətdir ki, bizim Azərbaycana qarşı heç bir ərazi problemimiz və tələbimiz yoxdur, sərhəd hadisələrini nəzərə almasaq, əminəm ki, problemlər həll olunacaq”, - deyə Ağazaryan bildirib.

Ermənistan parlamentinin üzvünün bu açıqlaması, əslində, Ermənistan cəmiyyətində yeni müharibə xofunun yaşandığının etirafıdır. Ermənilər Birinci Qarabağ müharibəsində ərazilərimizi işğal etmələri ilə öyünürdülər. Onlar “yeni ərazilər uğrunda yeni müharibə” iddiaları səsləndirir, texnikalarının Bakıya qədər irəliləyəcəyini söyləyirdilər. Bəli, Ermənistan hərbi birləşmələrinə aid texnika Bakıya gəldi, ancaq qənimət kimi gətirildi. Erməni hərbçiləri İkinci Qarabağ müharibəsində postlarını, döyüş texnikalarını qoyub qaçırdılar və həmin texnikanı Azərbaycan Ordusu qənimət kimi götürürdü. Azərbaycan  İkinci Qarabağ müharibəsində öz gücünü, nəyə qadir olduğunu Ermənistana göstərdi. Düşmən diz çökdü və onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Prezident İlham Əliyev qarşı tərəfə mesaj verərək bildirib ki, “Dəmir yumruq” yerindədir. Bütün bunlara görə də Ermənistan cəmiyyəti sarsıntı içərisindədir və müharibə fobiyası yaşayır.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 302 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Xəbər lenti

Siyasət

Xarici siyasət

Xəbər lenti

Analitik

Analitik

İqtisadiyyat

Gündəm

Gündəm

Xəbər lenti

3№-li protokol

23 Fevral 22:28  

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Ədəbiyyat

Xarici siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29