Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Stalinin 1947-ci il deportasiya qərarından 75 il ötür

Stalinin 1947-ci il deportasiya qərarından 75 il ötür

23.12.2022 [10:10]

Bu, azərbaycanlılara qarşı növbəti etnik təmizləmə siyasəti idi

Müasir Ermənistan dövlətinin tarixi Azərbaycan torpaqlarında qurulması heç kimə sirr deyil. Ermənilərin Azərbaycan torpaqlarına kütləvi köçürülməsi ilə əsası qoyulan bu siyasət nəticəsində Azərbaycan xalqı etnik təmizləməyə məruz qalıb, öz yurd-yuvalarından didərgin düşüblər. Təbii ki, bu işdə ermənilərə ən yaxın köməyi onların havadarları ediblər. Məsələn, dekabrın 23-də azərbaycanlıların öz tarixi torpaqlarından deportasiya edilməsini özündə əks etdirən bu kimi qərarlardan birinin imzalanmasından 75 il ötür. Belə ki, azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi barədə SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli Qərarı İ. Stalinin imzası ilə qəbul edilmişdi...

Növbəti etnik təmizləmə faktı - 100 min azərbaycanlı didərgin salındı

Həmin dövrdə SSRİ-də “xalqlar atası” ləqəbini daşıyan, əsl həqiqətdə isə Türk xalqlarının cəlladı olan İosif Stalinin 1947-ci il dekabrın 23-də imzaladığı qərar qərbi azərbaycanlıların 1948-1953-cü illərdə öz doğma yurd-yuvalarından didərgin salmışdı. Qərar Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında SSRİ Nazirlər Soveti Qərarı adlanırdı. Qeyd edək ki, həmin dövrdə Kür-Araz ovalığındakı şoran torpaqların yuyulması, oranın əkinə yararlı hala gətirilməsi və işlədilməsi üçün guya həmin ərazilərdə əhalinin sıxlaşdırılması qərarı verilmişdi və bu qərar da həmin analogiyanın davamı idi. Qərara əsasən, 1948-1950-ci illərdə Ermənistan SSR-dən 100 min kolxozçu və başqa azərbaycanlı əhalinin könüllülük əsasında Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi nəzərdə tutulurdu. Bu sayın 10 min nəfəri 1948-ci ildə, 40 min nəfəri 1949-cu ildə və 50 min nəfəri isə 1950-ci ildə köçürülməli idi. Kolxozçular və digər azərbaycanlı əhali arasında Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülənlərə dövlətin yaratdığı şərait və verdiyi güzəştlər barədə izahetmə işləri təşkil edilməli idi. Belə ki, nazirliklərin və baş idarələrin, idarə və müəssisələrin rəhbərlərinə bir vəzifə olaraq tapşırılmışdı ki, Ermənistan SSR-dən Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçən şəxslər işdən azad edilməli idilər.

Eyni zamanda, köçürülən hər ailəyə 2 ton ev əşyası və kənd təsərrüfatı heyvanlarını aparması üçün dövlət hesabına pulsuz gediş nəzərdə tutulurdu. Köçmə zamanı köçkünlərin ailələrinə qaytarılmamaq şərti ilə ailə başçısına 1000 manat və ailənin hər bir üzvünə 300 manat məbləğində müavinət ayrılmışdı. Ailələrin məskunlaşdığı yerlərdə isə ailə başçısına 1,5 sentner və hər bir ailə üzvünə 0,5 sentner nəğd hesabla ərzaq taxılı satılması nəzərdə tutulurdu. Təbii ki, köçürmə məcburi idi. Belə ki, qərarda köçürüləcək insanların Ermənistan SSR-dən Azərbaycan SSR-ə daşınması üçün xüsusi düzəldilmiş eşalonla vaqonlarda daşınması nəzərdə tutulurdu. Amma bu vaqonlarda həm də həmin insanların mal-qarası da Azərbaycana gətirilməli idi. Deportasiyanın məqsədi isə qərarın sonunda öz əksini tapırdı. Qərarın 11-ci bəndində bildirilirdi:

“Ermənistan SSR Nazirlər Sovetinə icazə verilsin ki, azərbaycanlı əhalinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar onların boşaltdıqları tikililəri və yaşayış evlərini xaricdən Ermənistana gələn erməniləri yerləşdirmək üçün istifadə etsinlər”.

Qovulan azərbaycanlıların evlərinə xaricdən gətirilən ermənilər yerləşdirildi

Bəli, 1948-1953-cü illərdə həyata keçirilən azərbaycanlıların öz dədə-baba torpaqlarından köçürülməsi siyasəti açıq şəkildə insan hüquqlarına zidd, müasir beynəlxalq konvensiyaların isə tapdanması demək idi. Qeyd edilməlidir ki, bu qərarın imzalanmasına qədər Xalq Təsərrüfatı üzrə uçot məlumatlarına və Ermənistan SSR Kənd Təsərrüfatı Nazirliyinin məlumatlarına əsasən, Ermənistanda 25 min azərbaycanlı ailəsi, yaxud 110 minə yaxın azərbaycanlı yaşayırdı. Onlardan yalnız 9 min ailə və ya 35 min nəfəri aran ərazilərində, qalan 75 min nəfəri isə Ermənistan SSR-in yüksək dağlıq rayonlarında yaşayırdılar.

Vurğulandığı kimi, azərbaycanlıların köçürülməsinə səbəb ABŞ, Avropa, Yaxın Şərq ölkələrində yaşayan ermənilərin guya “Vətən”ə köçmək istəyindən qaynaqlanırdı. Azərbaycanlı əhalinin Ermənistandan köçürülməsi xarici ölkələrdən köçürülən ermənilərin qəbul edilməsi və yerləşdirilməsi şərtlərini xeyli yüngülləşdirirdi. Buna görə də, qərara əsasən, azərbaycanlı əhalinin köçürülməsi nəticəsində azad edilən tikililər və yaşayış evləri gələn erməni əhalinin məskunlaşması üçün istifadə olunurdu.

Ermənistandan köçürülən azərbaycanlılara güzəştlər və kreditlər verilsə də, onlar faktiki olaraq, ilk növbədə, öz torpaqlarından, tarixlərindən, mədəni irslərindən, ata və babalarından miras qalmış şəxsi evlərindən, bütün daşınmaz əmlakından qarşılıqsız olaraq məhrum olmuşdular. İstənilən halda, faktlar onu göstərir ki, planlaşdırılan sayda azərbaycanlı ailənin Ermənistandan köçürülməsini müəyyən edilmiş müddətdə həyata keçirmək mümkün olmayıb. Ona görə də 1950-ci il sentyabrın 6-da SSRİ Nazirlər Soveti “1951-1955-ci illərdə Azərbaycan SSR-in Kür-Araz ovalığının kolxozlarına köçürülmə haqqında” yeni qərar qəbul edir. Həmin qərara əsasən, müəyyən edilmiş müddət ərzində Ermənistan SSR-dən 15 min kolxozçu və digər azərbaycanlı əhalinin köçürülməsi nəzərdə tutulurdu.

Beləliklə, Moskva köçürmə kampaniyasının müddətini uzadaraq azərbaycanlıların Ermənistandan köçürülməsinə, 23 dekabr 1947-ci il və 10 mart 1948-ci il tarixli əvvəlki qərarlara əsasən müəyyən edilmiş 100 min kimi arzuolunan rəqəmə nail olmağa çalışırdı. Lakin Azərbaycan SSR-in Kənd Təsərrüfatı naziri İ.Abdullayevin Azərbaycan KP MK-nın katibi İ.Mustafayevə və Respublika Nazirlər Sovetinin sədri T.Quliyevə ünvanladığı 13 oktyabr 1953-cü il tarixli məktubundan görünür ki, Moskva öz niyyətinə tam şəkildə çatmamışdır. 1948-1953-cü illər ərzində Ermənistan SSR-dən 11914 təsərrüfat (53000 nəfər) Kür-Araz ovalığına köçürülmüşdü.

Bu deportasiya çeçenlərin, inquşların, balkarların, qaraçaylıların və digər xalqların Qazaxıstana və Orta Asiyaya deportasiyası ilə eyni səviyyədə qərarlaşır. Azərbaycanlılar məcburən deportasiyaya məruz qaldılar və bu deportasiya, on minlərlə insanın adi, vərdiş etdiyi həyat ritmini pozmuş, onları yeni şəraitə, yeni həyat tərzinə, yeni məşğuliyyətlərə uyğunlaşmağa vadar etmişdi. 1953-cü ildə İ.Stalinin ölümündən sonra azərbaycanlıların Ermənistan ərazisindən köçürülməsi prosesinin intensivliyində dayanıqlı azalma müşahidə olundu. Bu, bir tərəfdən, Sovet hakimiyyətinin müəyyən etdiyi müddətdə və sayda azərbaycanlının köçürülməsi planlarının yerinə yetirilməməsi, digər tərəfdən isə əsasən Qərbdə kifayət qədər rahat həyatını Sovet Ermənistanında üzləşdikləri ağır sosial-məişət şəraitinə dəyişmək istəyən ermənilərin sayının kəskin şəkildə azalması ilə bağlı idi. Buna baxmayaraq, hətta köçürülmə kampaniyasının öz qızğınlığını itirdiyi vaxtda belə, Ermənistanda etnik təmizləməyə məruz qalan azərbaycanlıların tədricən, yavaş-yavaş baş verən köçü qaçılmaz oldu və SSRİ-nin süqutuna qədər daimi tendensiya şəklini aldı.

Ümummilli lider Heydər Əliyev ilk hüquqi-siyasi qiyməti verdi

1997-ci il dekabrın 18-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı Fərmanla 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistandan deportasiyasına ilk dəfə hüquqi-siyasi qiymət verildi. Fərmanda bildirilir: “Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində  xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət  nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından  didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran  edilmişdir. SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli və 1948-ci il 10 mart tarixli 754 nömrəli qərarları Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktı olmuşdur. Bu qərarlar əsasında 1948 - 1953-cü illərdə yüz əlli mindən çox azərbaycanlı Ermənistan SSR  ərazisindəki dədə-baba yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün olunmuşdur. Adi hüquq normalarına zidd olan bu qərarların  icrası zamanı avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları geniş tətbiq edilmiş, minlərlə insan, o cümlədən qocalar və körpələr ağır  köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi genosidə dözməyərək həlak olmuşlar. Bu işdə erməni şovinist  dairələrinin və SSRİ rəhbərliyinin cinayətkar siyasəti ilə yanaşı, o dövrki Azərbaycan rəhbərliyinin öz xalqının taleyinə zidd mövqeyi,  soydaşlarımıza qarşı törədilən cinayətlərin təşkilində və həyata keçirilməsində iştirakı da az rol oynamamışdır”.

Fərmanda 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən deportasiya olunması faktının lazımınca  araşdırılmadığı, bu hadisələrə hüquqi-siyasi qiymət verilmədiyi də öz əksini tapıb. Bu məqsədlə də  1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyasının  hərtərəfli tədqiq edilməsi, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində həyata keçirilmiş bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsi və  onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədi ilə Dövlət Komissiyası yaradılıb.

SADİQ

Paylaş:
Baxılıb: 111 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Neft ucuzlaşıb

30 Yanvar 09:45

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Siyasət

Xəbər lenti

Sosial

Siyasət

Analitik

Bayram, yoxsa matəm?

28 Yanvar 10:27

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31