Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Onların planlarını alt-üst etdik...

Onların planlarını alt-üst etdik...

12.01.2023 [10:47]

Fransanın anti-Azərbaycan mövqeyinin əsas səbəbi...

Ölkəmizə qarşı aparılan kampaniyalar fiaskoya məhkumdur

Praqa görüşü faktiki olaraq Brüssel formatının davamı idi. Çünki bu formatı Şarl Mişel - Avropa İttifaqı Şurasının sədri, necə deyərlər, ortaya qoymuşdur və bu, Brüssel formatının davamı idi, sadəcə olaraq, Fransa Prezidenti iştirak etmişdi. Amma bir həftə ondan sonra nələr demişdi Azərbaycan haqqında. Mən də ona cavab verməli oldum. Ona görə biz, sadəcə olaraq, cavab verirdik. Onların Senatı, Milli Assambleyası anti-Azərbaycan qətnamələr qəbul edir, bizim Milli Məclis cavab olaraq bəyanat qəbul edir. Frankofoniyada, - tamamilə haqlısınız, - uğursuzluğa düçar oldular, bir neçə ölkəni təzyiq altında saxlamaqla heç nə əldə edə bilmədilər. BMT-də heç nə əldə edə bilmədilər. Dörd ölkə faktiki olaraq onların bu oyunlarını pozdu. Sual yaranır nə üçün? Bunu mən başa düşə bilmirəm. Yəni, bizə qarşı bu qədər qeyri-adekvat münasibətin mənbəyi nədir, mən başa düşə bilmirəm, heç bu haqda fikirləşmək də istəmirəm. Yenə də deyirəm, onlar bizsiz, biz onlarsız yaşayarıq da, yaşamışıq və ehtiyacımız da yoxdur. Sadəcə olaraq, bu, qeyri-normal bir vəziyyətdir və bu qeyri-normal vəziyyəti bu səviyyəyə çatdıran biz olmamışıq. Ona görə əgər bu vəziyyəti normallaşdırmaq fikri olarsa, əlbəttə ki, təşəbbüskar biz olmayacağıq

Fransanın son illərdə açıq şəkildə ermənipərəst siyasət yürütməsi heç kimə sirr deyil. Bu ölkənin Azərbaycana qarşı oynamağa çalışdığı bütün siyasi oyunlar, hətta II Qarabağ Müharibəsindən sonra daha da intensivləşdirilmiş siyasi “gedişlər” ermənipərəst marağa əsaslanır. Azərbaycanın mühüm qələbə əldə etməsi, Ermənistanın isə məğlub olaraq kapitulyasiya imzalaması Fransanın illərdir davam edən “status-kvo” oyununu pozdu. Vaxtilə ATƏT-in “Minsk qrupu”nun həmsədri statusunda prosesi dondurmağa çalışan Fransanın 2020-ci ildən sonra bütün “imkanları” əlindən çıxdı. Müharibə dövründə, eləcə də post-müharibə zamanında fərqli üsullarla Azərbaycana qarşı “təzyiq kampaniyası” yürütməyə çalışan rəsmi Parisin arzuları gözündə qaldı. Aparılan ermənipərəst siyasətin isə ardı-arası kəsilmədi. Amma istər prezident Makronun Qarabağla bağlı cəfəng fikirləri, istər Fransa parlamentinin qəbul etməyə çalışdığı qondarma “qətnamə” heç bir işə yaramır.

Yerli televiziya kanallarına müsahibəsində bu məsələyə toxunun Prezident İlham Əliyev bildirib ki, bizim qalib olmağımız, müharibədə qalib gəlməyimiz orada bir çoxlarını çox qıcıqlandırdı. İndi keçmişə nəzər saldıqda görürük və bir daha əmin oluruq ki, - halbuki artıq uzun illərdir danışıqlar zamanı biz bunu görürdük, - Minsk qrupu, xüsusilə Fransa hər vəchlə çalışır bu məsələ öz həllini tapmasın: “Yəni, nə sülh, nə hərb, məsələ dondurulmuş vəziyyətdə qalsın və de-fakto ermənilər orada yaşasınlar. Vaxt gələcək, nəsillər dəyişəcək, azərbaycanlılar unudacaq və o cümlədən bu insanlar arasındakı təmaslar, Ermənistanla əməkdaşlıq meyillərinin gücləndirilməsi tezisləri də ortalığa atılırdı ki, bəli, biz barışaq, biz dost olaq, o, qalsın kənarda. Yəni, biz bununla barışmadıq və hesab edirəm, belə anti-Azərbaycan mövqeyinin əsas səbəbi budur ki, biz onların planlarını alt-üst etdik və onlar da öz himayəsinə aldıqları Ermənistanı xilas edə bilmədilər”.

Fransa müharibəyə qədər balansı pozmuşdu

Hətta vaxtilə sözdə keçmiş “münaqişənin” həllində vasitəçi rolunda çıxış edən, əslində isə yalnız turistik səfərlərlə yadda qalan, vasitəçi olsa belə, Ermənistanın maraqlarının açıq müdafiəçisinə çevrilən Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi də balansı qoruya bilməmişdi. Bu ölkə hüquqları pozulan bir milyona yaxın azərbaycanlını görməzdən gəlirdi. Aparılan danışıqlarda Ermənistana təzyiq göstərməyi, etdiyi cinayətlərə görə bu ölkədən hesab tələb etməyi yada belə salmayan Fransa son nəticədə bugünki aqibətlə üz-üzə qalmalı oldu. Artıq ATƏT-in Minsk qrupu tarixin arxivinə göndərilib. 2020-ci ildə Vətən müharibəsində əldə olunan qələbə bu quruma ehtiyacın qalmadığını faktiki olaraq ortaya qoydu. Prezident İlham Əliyev də Fransanın indiki hökumətə qədər həmişə balansı saxlamağa çalışdığını bildirib və qeyd edib ki, sonra bu balans pozuldu: “Hətta müharibəyə qədər bu balans pozuldu. Yəni, balans pozula bilər, o zaman siz həmsədrlikdən çıxın. Yəni, mən ovaxtkı dövrü deyirəm. Çıxın, yəni, bir yerdə olun, bir-birinizə qohum-əqrəba deyin. Mən etiraz etmirəm, amma çıxın buradan, siz vasitəçi ola bilməzsiniz. Amma onlar həm vasitəçi olmaq istəyirdilər, - bəlkə indi də olmaq istəyirlər, - həm də ki, necə deyərlər, istiqanlı münasibətləri də gücləndirirlər”.

Fransa Azərbaycana şər atırdı...

Xatırladaq ki, hələ 2020-ci il Vətən müharibəsi dövründə də bu ölkənin rəsmi dairələri mütəmadi olaraq faktları təhrif etməyə çalışır, Azərbaycana qarşı şər-böhtan kampaniyaları aparırdılar. Hətta bu ölkənin rəsmi strukturlarının himayəsində olan bəzi kanallar Vətən müharibəsi dövründə Suriyadan və ya Livandan gələn və Ermənistan tərəfindən döyüşən muzdluları Azərbaycanın “ayağına” yazmağa çalışırdılar. Beləliklə, Fransanın əsl siması Vətən müharibəsi dövründə Azərbaycan ictimaiyyətinə bir daha bəlli oldu. Prezident İlham Əliyev də vurğulayıb ki, mövcud vəziyyət indiki Fransa hökumətinin əməlidir: “Müharibə dövründə, necə deyərlər, çox gərgin münasibətlərimiz olmuşdur. Müharibə dövründə Fransa bizi açıq-aydın ittiham edirdi, bizə şər atırdı, böhtan atırdı. İndi mən onlardan üzrxahlıq tələb edirəm. Onlar bizi şərləmişdilər, demişdilər ki, guya biz cihadçılar gətirmişik. Bir dənə də sübut yoxdur. Üzr istəyiblərmi bizdən? Yox”.

Fransa beynəlxalq müstəvidə Azərbaycana qarşı...

Fransa beynəlxalq müstəvilərdə də Azərbaycana qarşı kampaniya aparmaq cəhdləri göstərir. Göründüyü kimi, Azərbaycanın müstəqil dövlət kimi formalaşması, dünyada nüfuz qazanması rəsmi Parisin arzularına “uyğun gəlmir”. Amma bütün hallarda onun addımları fiasko ilə nəticələnir. Məsələn, bir neçə ay öncə Fransa Ermənistana mühüm siyasi “jest” etmək istəsə də, alındıra bilməmişdi. Tunisin Cerba şəhərində baş tutan Beynəlxalq Frankofoniya Təşkilatının Zirvə Görüşünün yekun sənədləri olan Cerba Bəyannaməsinin və Frankofoniya ərazisində böhran vəziyyətlərinə həsr olunmuş qətnamə layihəsinin ilkin mətnlərinə Azərbaycan əleyhinə birtərəfli, qərəzli və təhriflərlə dolu təhrikçi ifadələr daxil edilərək, üzv dövlətlərin müzakirəsinə təqdim olunmuşdusa da, ölkəmizin dostları bunun qarşısını almışdılar. Qətnamə layihəsində Azərbaycanı birbaşa hədəf alan hər hansı ifadənin daxil edilməsinə imkan verilməmişdi.

Eləcə də, rəsmi Parisin ermənipərəst arzularını “suya düşürən” növbəti fakt bir müddət öncə BMT-də Fransanın ermənipərəst bəyanatının qəbulunun qarşısının alınması oldu. Məlum olduğu kimi, 2022-ci ilin dekabrın 20-21-dəki müzakirələrdən dərhal sonra Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü və hazırda onun sədri kimi tamamilə ermənipərəst bəyanat hazırlamışdı ki, orada Laçın-Xankəndi yolundakı vəziyyət humanitar fəlakət kimi təqdim olunurdu. Fransa tərəfindən prosesə birbaşa Fransa Prezident Administrasiyası və Emmanuel Makronun xarici siyasət üzrə müşavirləri rəhbərlik edirdi. Amma BMT Təhlükəsizlik Şurasının daimi üzvü, hazırda Təhlükəsizlik Şurasının sədri olan Fransa 10 gün içində Laçın yolunda vəziyyətlə bağlı bəyanat qəbul etdirə bilmədi. Azərbaycan fransız diplomatları uzun müddət və metodik şəkildə sıxışdırdı. Əvvəlcə ermənipərəst bəyanatdan “Dağlıq Qarabağ” ifadəsi çıxarıldı. Sonra qeyd olundu ki, humanitar yardım yalnız Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət əsasında gerçəkləşdirilə bilər. Daha sonra oraya Azərbaycanın ərazi bütövlüyünə dəstək kimi ifadələr əlavə edildi. Rəsmi Bakı tərəfdaşlarının köməyi ilə bəyanatın mətnini o qədər yumşaltmağa nail olub ki, 6-7-ci redaktəsindən sonra faktiki olaraq azərbaycanpərəstə çevrildi və rəsmi Paris ondan tamamilə imtina etdi.

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində də bildirib ki, müharibə zamanı da onlar BMT-də bizə qarşı bir təşəbbüsə əl atmışdılar. O vaxt alınmadı, Qoşulmama Hərəkatına üzv olan ölkələr bunun qabağını aldı: “Siz də qeyd etdiyiniz kimi, Frankofoniya, ondan sonra Praqa görüşü. Praqa görüşü faktiki olaraq Brüssel formatının davamı idi. Çünki bu formatı Şarl Mişel - Avropa İttifaqı Şurasının sədri, necə deyərlər, ortaya qoymuşdur və bu, Brüssel formatının davamı idi, sadəcə olaraq, Fransa Prezidenti iştirak etmişdi. Amma bir həftə ondan sonra nələr demişdi Azərbaycan haqqında. Mən də ona cavab verməli oldum. Ona görə biz, sadəcə olaraq, cavab verirdik. Onların Senatı, Milli Assambleyası anti-Azərbaycan qətnamələr qəbul edir, bizim Milli Məclis cavab olaraq bəyanat qəbul edir. Frankofoniyada, - tamamilə haqlısınız, - uğursuzluğa düçar oldular, bir neçə ölkəni təzyiq altında saxlamaqla heç nə əldə edə bilmədilər. BMT-də heç nə əldə edə bilmədilər. Dörd ölkə faktiki olaraq onların bu oyunlarını pozdu. Sual yaranır nə üçün? Bunu mən başa düşə bilmirəm. Yəni, bizə qarşı bu qədər qeyri-adekvat münasibətin mənbəyi nədir, mən başa düşə bilmirəm, heç bu haqda fikirləşmək də istəmirəm. Yenə də deyirəm, onlar bizsiz, biz onlarsız yaşayarıq da, yaşamışıq və ehtiyacımız da yoxdur. Sadəcə olaraq, bu, qeyri-normal bir vəziyyətdir və bu qeyri-normal vəziyyəti bu səviyyəyə çatdıran biz olmamışıq. Ona görə əgər bu vəziyyəti normallaşdırmaq fikri olarsa, əlbəttə ki, təşəbbüskar biz olmayacağıq”.

P.SADAYOĞLU

Paylaş:
Baxılıb: 125 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Yeni detallar...

08 Fevral 10:14

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28