Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / AŞPA: qərəzin əsl səbəbləri...

AŞPA: qərəzin əsl səbəbləri...

27.01.2024 [10:30]

Ölkəmizə qarşı aparılan “səlib yürüşü”...

Avropanın anti-Azərbaycan kampaniyasının yeni konturları üzə çıxmaqdadır. Son dövrlərdə ard-arda baş vermiş proseslərə nəzər saldıqda maraqlı bir tablonun şahidi oluruq - Fransa Senatının Azərbaycana qarşı əsassız qətnaməsi, Aİ rəsmisi Borrellin qərəzli çıxışı və AŞPA-dakı yalan və böhtan dolu qətnamənin eyni mərkəzdən idarə olunan prosesin tərkib hissəsi olduğunu ilk baxışdan büruzə verir.  Baş verənlər Qərbin, daha konkret desək, Fransa və Almaniyanın başçılığı altındakı yeni “səlib yürüşünün” ştrixlərini göz önünə sərir...

Avropa nəhəngləri”nin açıq fiaskosu...

Məsələyə beynəlxalq siyasi nizam formatından baxsaq, bir sıra qəribəliklərin şahidi oluruq. Axı həm Fransa, həm də Almaniya Azərbaycanla:

- Coğrafi baxımdan minlərlə kilometr uzaqlıqda;

- Geoiqtisadi konyukturada fərqli, daha doğrusu ziddiyyət təşkil etməyən tərəflərdə yer alan;

- Hər hansı  ənənəvi və ya tarixi düşmənçiliyi mövcud olmayan;

-Nəhayət, siyasi rəqib sayılmayan ölkələrdir.

Maraqlıdır, özünü “Avropa nəhəngi” sayan bu ölkələrin Azərbaycana münasibətdə bu qədər qeyri-hüquqi və qeyri-insani davranışlara əl atmasının səbəbləri nədir? Səbəblər çoxdur - başda isə Azərbaycan hakimiyyətinin öz dövlətinin və xalqının maraqlarını istinad etməsi faktı dayanır. 200 ildən artıqdır ki, (1878-ci il Berlin traktatından bu yana) “erməni kartı” ilə Cənubi Qafqazda öz maraqlarını təmin etməyə çalışan Fransa-Almaniya cütlüyü Azərbaycana qarşı apardığı “səlib yürüşü” ilə öz məğlubiyyətini, zəifliyini və gücsüzlüyünü etiraf etmiş olur...

Sülhə maneolma...

AŞPA kimi adının qarşısına “beynəlxalq” yarlığı yapışdırmış təsisatlar özünün məram və məqsədlərini, hədəflərini bəyan edərkən “sülhə”, “əməkdaşlığa”, “sabitliyə”, “inkişafa” və “dialoqa” istinad etdiyi ilə bağlı boğazdan yuxarı fikirlər əxz edir. Amma bu ideallar onların fəaliyyətinin birində belə özünü göstəmir. Necə ki, AŞPA-nın fəaliyyətində olduğu kimi.

Bu qurumun apardığı hüquqa və demokratiyaya zidd fəaliyyət günün ən aktual məsələsi sayılan Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə mənfi təsir göstərməkdədir. Halbuki, Qərb təsisatı olaraq AŞPA bu iki dövlət arasında sülhün formalaşması uğrunda mübarizə aparmalıdır. Təəssüf ki, baş verən təxribatlar Azərbaycanla Ermənistan arasında sülh prosesində Avropa İttifaqının roluna böyük zərbə oldu - bu kimi addımlar isə tərəfləri sülh gündəliyindən uzaqlaşdırmaq deməkdir.

Bu məsələyə daha geniş spektrdən yanaşsaq, əsas səbəbkar Fransa sülhün əldə olunmaması üçün bütün mümkün cəhdləri etdi - hamısında da acı məğlubiyyətə düçar oldu. İstər BMT TŞ, istərsə də digər platformalarda uğradığı məğlubiyyətlər Fransanı “kölgəyə” çəkilməyə məcbur etdi. Bu səbəbdəndir ki, hazırki mərhələdə Fransanın “şər qazanını” almaniyalı Frank Şvabe “qarışdırır”.

Tarixi düşmənlərin ortaq maraqları...

Almaniya ilə Fransa ən azından ötən əsrdə iki dəfə baş vermiş Dünya müharibələrində rəqib, daha konkret desək, düşmən mövqedə olublar. Hətta II Dünya müharibəsində Fransanı Almaniyadan qorumaq üçün səfərbər olan, canını sipər edən insanlar içində azərbaycanlılar da az olmayıb - Əhmədiyyə Cəbrayılov buna real misaldır. Amma bu gün Fransa ilə Almaniya bir yerdə Azərbaycana qarşı haqsız oyunlar planlayır, siyasi təxribatlara əl atırlar. Bəli, acı reallıq budur - tarixən bu ölkələr rəqib olsalar da, müsəlman dünyasına qarşı hər zaman müttəfiq kimi çıxış ediblər. Təsadüfi deyil ki, Türkiyəyə qarşı yaradılmış “Daşnaksutyun” da Osmanlıdakı alman və fransız məktəblərində formalaşıb. Son olaraq isə bu yaxınlarda Bakıda ifşa olunan Fransanın casus şəbəkəsinin formalaşdırılmasında Almaniyanın da iştirakı istisna edilmir.

Bu ölkələrin Cənubi Qafqazda erməni kartı üzərindən bir yerdə oynamağa çalışdığı oyunlar arasında Aİ-nin Qarabağa hansısa formada silahlı missiya göndərmək istəyi, Ermənistana göndərilən missiyanın Azərbaycanda da yerləşdirilməsi, “Laçın dəhlizi”nə missiya göndərmək arzusu və s. bu kimi təhrikedici və təxribatçı niyyətləri gizlənirdi ki, bunların heç biri baş tutmadı. Səbəb isə yuxarıda qeyd etdiyimiz “səlib yürüşü”nün ən vacib predmetinə söykənir - Azərbaycanın qətiyyətinə...

Beynəlxalq tədbirlərə ev sahibliyi etməmiz...

Almaniya və Fransa ABŞ-ın da dəstəyi ilə Azərbaycanın qlobal proseslərdən uzaqda saxlamata çalışdı - COP-29 və BMT-nin nüfuzlu Ümumdünya Şəhərlər Forumunun Azərbaycanda keçirilməsinə imkan verməmək üçün əllərindən gələni etdilər.  Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirmişdi ki, burada da, yenə də bizim dırnaqarası ənənəvi dostlarımız hər iki tədbirdə bizə əngəl törətməyə çalışırdılar, COP29-da, necə deyərlər, daha gizli formada: “Çünki burada, eyni zamanda, bölgədə sülhə doğru bir addım nəzərdə tutulurdu və bu addıma qarşı getmək, əlbəttə ki, heç kimə şərəf gətirməzdi. Ona görə pərdəarxası fəaliyyət daha çox özünü göstərmişdi və Dünya Urban Forumu ilə bağlı açıq şəkildə bizə qarşı kampaniya gedirdi. Səsvermə ərəfəsində bir çox ölkələrə təzyiqlər göstərilirdi ki, amanın günüdür, Azərbaycana səs verməyin. Ancaq orada da iflasla üzləşdilər və bu iki tədbirin keçirilməsi, əlbəttə ki, ölkəmizin beynəlxalq nüfuzunu böyük dərəcədə artıracaq”.

Bəli, Almaniya və Fransa səfirləri Ümumdünya Şəhərlər Forumunun Bakıya verilməsinin qarşısını almaq üçün BMT İnsan Məskənləri Proqramı - BMT -Habitata təzyiqlər göstərdilər, COP-29-la bağlı da eynilə - amma heç bir nəticə olmadı. Azərbaycanın beynəlxalq nüfuzu, dünyada qazandığı müsbət imic bu məsələdə də həlledici rol oynadı.

Qətnamənin əsl mahiyyəti...

Ölkəmizə qarşı apardığı kampaniyalar fiaskoya uğramış Fransa və onun yedəyinə çevrilmiş Almaniya AŞPA-nın xətti ilə reallaşdırmağa çalışdığı hazırki “səlib yürüşü”ndə əsas “bəhanə” kimi  “insan hüquqları” məsələsi adı altında manipulyasiyaya yol vermək istəyirdi - amma Azərbaycan onları qabaqladı, həqarətli duruma saldı, son iclasa qatılmadı və qürurlu şəkildə islamafob, anti-Azərbaycan qurum ilə münasibətləri kəsdi. Çünki insan haqları ilə bağlı iddialar boş bəhanədir. Onlar nə qədər gizlətməyə çalışsalar da əsl “ağrıları” qətnamədə açıq şəkildə göstərilib:

QƏTNAMƏDƏN: “Dağlıq Qarabağdakı vəziyyətlə bağlı Assambleya özünün “Laçın dəhlizi ilə sərbəst və təhlükəsiz gediş-gəlişin təmin edilməsi” adlı 2508 (2023) saylı Qətnaməsində Laçın dəhlizi boyunca azad və təhlükəsiz hərəkətin olmamasını müəyyən edib və Azərbaycan rəhbərliyinin on aya yaxın davam edən bu vəziyyətin humanitar və insan hüquqları nöqteyi-nəzərindən çox ciddi nəticələrini qəbul etməməsindən sarsılıb. Bundan başqa, Assambleya özünün “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı 2517 (2023) saylı Qətnaməsində və 2260 (2023) saylı Tövsiyələrində Azərbaycan ordusunun 2023-cü ilin sentyabrında Dağlıq Qarabağın bütün erməni əhalisinin Ermənistana qaçması və “etnik təmizləmə” iddialarının ortaya çıxmasına səbəb olan hərbi əməliyyatını pisləyib”.

Bəli, burada yeganə səbəb Azərbaycanın öz ərazi bütövlüyünü, suverenliyini bərpa etməsi, erməni separtizminə son verməsidir. Fransa bu faktı həzm edə bilmir. İllərdir ki, erməni separatçıları vasitəsilə regiona nüfuz etməyə, öz maraqlarını oturuşdurmağa çalışan Fransa və digər ermənipərəst qruplar yeni reallıqlar qarşısında “nokdaun” vəziyyətinə düşüblər, nə baş verdiyini dərk edə bilmirlər.

İkinci bir tərəfdən, yalançı “etnik təmizləmə” təbliğatı apararaq Qarabağı öz xoşu ilə tərk edən ermənilərin “qayğısını” çəkənlər nə üçün 30 il ərzində bir dəfə də olsun öz ata-baba torpaqlarından didərgin salınmış azərbaycanlıların maraqlarını müdafiə etmədilər. Xocalıda soyqırımı və saysız hesabsız faciələr, işğal faktı, bir milyona yaxın insanın öz evində yaşamaq hüququnun əlindən alınması kimi ağır faktlar qarşısında lal-kar olan AŞPA hansı maraqdan könüllü şəkildə Ermənistanda yaşamağı seçmiş ermənilərdən istifadə etməyə çalışır? Bəli, koordinatlar yenə eyni paraleli göstərir...

Qəbuledilməz “iddia”...

Azərbaycana qarşı irəli sürülən daha bir “irad” isə ölkənin AŞPA qarşısında “öhdəlikləri” yerinə yetirməməsidir. Bu “öhdəliklər”də əsas yeri LGBT hüquqlarının qorunması tutur. Məsələn, Azərbaycan orta məktəblərdə LGBT mövzusunu tədris etməlidir. Sonda eyni cinslərin nigah hüququnun tanınması da tələb kimi qoyula bilər. Təbii ki, Azərbaycan öz  milli mentaliteti, əxlaqi dəyərlərinə zidd olan bu “dəyərlər”i qəbul edə bilməz. Ona görə Azərbaycan İstanbul Konvensiyasına qoşulmayıb.

Xalqının liderinə olan inamı və dəstəyi...

Qərbi qıcıqlandıran ən əsas məqam isə Azərbaycan xalqının bütün bu təzyiqləri dəf edən Prezident İlham Əliyevə verdiyi tam dəstəkdir. 7 fevralda baş tutacaq prezident seçkilərinin təşviqat mərhələsini diqqətlə izləyən, müəyyən sorğularla ictimai rəyi öyrənən Qərb dairələri bir daha xalqının İlham Əliyevə olan dəstəyinin şahidinə çevriliblər. Bu isə Qərbin və onların əlaltılarının daha böyük narahatlığına səbəb olub. Azərbaycanın Qarabağdan imtina etməməsi, öz ərazisində ikinci erməni dövlətinin yaranmasına göz yummaması, öz ərazi bütövlüyü və suverenliyini bərpa etməsi, Prezident İlham Əliyevin xalqın mütləq əksəriyyəti tərəfindən dəstəklənməsi, ölkəmizin milli mentalitet və əxlaqımıza zidd “dəyərlərdən” imtina etməsi Fransa, Almaniya kimi ölkələrin ABŞ-ın dəstəyi ilə təzyiqləri gücləndirməsinə yol açır. Amma bütün cəhdlər boşunadır - Azərbaycanın qətiyyəti bütün baryerləri aşmağa imkan verir...

P.SADAYOĞLU

Paylaş:
Baxılıb: 242 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31