Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Münasibətlərin normallaşması üçün

Münasibətlərin normallaşması üçün

22.02.2024 [10:30]

Ermənistan Münxen görüşündəki mövqeyinə sadiq qalmır...  

Azərbaycanın 44 günlük Vətən müharibəsinin və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərinin nəticəsi olaraq yaratdığı reallıqlar regionda münasibətlərin normallaşması üçün münbit zəmin formalaşdırıb. Artıq Ermənistanın işğalına son qoyulub, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin edib, keçmiş “Qarabağ münaqişəsi” tarixdə qalıb. Qeyd olunan reallıqlar fonunda müharibə səhifəsini bağlamaq və gələcəyə baxmaq lazımdır. Bundan ötrü ilk növbədə Ermənistandan siyasi qətiyyət, sadiqlik tələb olunur. Davamlı sülhün və təhlükəsizliyin təmin olunması, etimad mühitinin formalaşdırılması üçün bütün fürsətlərdən maksimum dərəcədə istifadə olunmalıdır. Bu baxımdan 60-cı Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan ikitərəfli görüş ümidlər yaradır.

Qalib Azərbaycanın mövqeyi...

Üç onillik ərzində keçmiş “Qarabağ münaqişəsi”nin dinc vasitələrlə həlli ilə bağlı aparılan danışıqlarında daim konstruktivlik göstərən Azərbaycan postmüharibə dövründə də sülh gündəliyini ilk olaraq irəli sürüb. Əslində qalib Azərbaycanın müharibə başa çatandan sonra regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün nümayiş etdirdiyi davranışların dünya tarixində analoqu yoxdur. Döyüş meydanında düşməni diz çökdürən, onu kapitulyasiya sənədini imzalamağa məcbur edən respublikamız qarşısına bundan hansısa imtiyazlar qazanmaq məqsədi qoymayıb. Prezident İlham Əliyev müxtəlif auditoriyalar qarşısındakı çıxışlarında dəfələrlə birmənalı şəkildə bəyan edib ki, 10 min kvadratkilometrdən çox ərazinin Ermənistan tərəfindən dağıdılmasına, insanlarımızın çəkdiyi zülmlərə baxmayaraq, biz qarşı tərəfə sülh təklif etmişik. Postmüharibə dövründə respublikamız Ermənistana 5 bənddən ibarət şərtlərini təqdim edib. Bu paketdə beynəlxalq normalara istinad olunub. Bunlar iki ölkə arasında münasibətlərin normallaşması üçün əsas götürülə bilər.

Məğlub Ermənistan manipulyasiyalarla prosesi əngəlləyir

Qalib Azərbaycanın qətiyyətli yanaşma sərgiləməsinə rəğmən, məğlub Ermənistanın timsalında bunu görmürük. Əksinə, qarşı tərəf əl atdığı müxtəlif manipulyasiyalarla prosesi əngəlləyir. Ermənistanda postmüharibə mərhələsində xarici havadarların, o cümlədən də Fransanın təhriki ilə revanşizm meylləri belə baş qaldırıb. Məğlub ölkə hərbi büdcəsini artırır, yeni silahlar alır. Müharibənin başa çatdığı bir dövrdə bu silahlar Ermənistana nə üçün lazımdır? Prezident İlham Əliyev fevralın 14-də andiçmə mərasimində bildirdi ki, bizim qabağımızda heç kim dura bilməz: “Ermənistanın nə qədər havadarları olsa da, heç kim bizi dayandıra bilməz. Bizim siyasətimiz beynəlxalq hüquqa əsaslanır. Bizim Ermənistan ərazisinə iddiamız yoxdur, ancaq onlar da öz iddialarını geri döndərməlidirlər. Bizdən əsassız iddialarla şantaj dili ilə danışmaq onlara baha başa gələcək və onu yəqin ki, hər kəs görür”.

Bəli, Ermənistanın davranışları prosesin pozitiv həllinə sadiqlikdən çox uzaqdır. Onlar yeri gəldi-gəlmədi sülhdən danışsalar da, tez-tez mövqelərini dəyişirlər və ziddiyyətli bəyanatlar verirlər. Nikol Paşinyanın Münxen Təhlükəsizlik Konfransı çərçivəsində qatıldığı tədbirlərdə ifadə etdiyi absurd fikirlər buna son nümunədir.  Xəbər verildiyi kimi, fevralın 18-də Ermənistanın baş naziri Nikol Paşinyan Münxendə erməni icması ilə görüşüb. Almaniya Kanslerinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderləri arasında baş tutan görüşün konstruktiv və faydalı mühitdə keçməsinə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, sərhədlərin delimitasiyası və sülh müqaviləsi istiqamətində çağırışlara baxmayaraq, Nikol Paşinyan erməni icması qarşısında beynəlxalq ictimaiyyəti yanlış məcraya yönləndirən iddialar səsləndirib. Bu isə, Ermənistan tərəfinin hələ də iddialarından əl çəkmədiyini sübut edir. Bu baxımdan, Ermənistan konstitusiyasında və digər qanunvericilik aktlarında ərazi bütövlüyümüz və suverenliyimizə qarşı müddəaların aradan qaldırılması zəruridir. Ermənistanın konstitusiyasında və başaq qanunvericilik aktlarındakı bəhs olunan iddialar məğlub ölkənin rəsmilərinin sülh çağırışları ilə kəskin təzad yaradır.

Münxen Təhlükəsizlik Konfransı ərəfəsində Ermənistanın şərti sərhədlərdə törətdiyi son təxribat da təsadüfi sayıla bilməz. Şərti sərhədlər boyunca 5 ay sabitlik hökm sürəndən sonra heç bir təhrikedici amil olmadan snayper atəşi nəticəsində Azərbaycan hərbi qulluqçusunun yaralanması ilə nəticələnən Ermənistan təxribatının sülh prosesinə zərbə vurmaq məqsədi daşıdığına heç bir şübhə yeri yoxdur.

COP29 əsnasında olan qarşılıqlı kompromislər və əldə edilmiş irəliləyiş

Qeyd edildiyi kimi, Azərbaycan və Ermənistan liderlərinin qarşı tərəfin, həmçinin Fransanın pozuculuq əməllərinə görə uzun müddət ara verilən görüşü, nəhayət, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində bərpa olundu. Görüşdə Xarici İşlər nazirliklərinə tezliklə sülh müqaviləsi ilə bağlı görüş və sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsi barədə təlimat verilib. İki ölkə arasında COP29 əsnasında olan qarşılıqlı kompromislər və əldə edilmiş irəliləyiş müsbət qiymətləndirilib.

Ermənistan yenə də təxribata meyllənir...

Münxendə keçirilən ikitərəfli görüşün nəticəsi olaraq münasibətlər normallaşa bilər. Ümumi qənaət belədir ki, münasibətlərin normallaşmasını hədəfləyən proses məntiqi nəticəyə yaxındır, bunun üçün Ermənistanın siyasi iradəsi tələb olunur. Amma görünən budur ki, Ermənistan real addımlar atmaq niyyətində deyil. 20 fevralda sonu gətirilmiş separatizmin başlanğıcının növbəti ildönümü ilə bağlı mövcud olmayan qondarma qurumların “rəsmilərinin” yenidən üzə çıxmaları, İrəvanda qondarma nümayəndəliyin saxlanması və erməni separatizminin ildönümü günündə orada bəzi canlanmanın müşahidə edilməsi məğlub ölkənin sürüşkən mövqe tutduğunu təsdiqləyir. Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmaq istəyirsə, ilk növbədə qanunvericilik səviyyəsində iddialarından əl çəkməli və mövcud olmayan separatçı rejimin saxta simvollarını birdəfəlik tarixin zibil qutusuna atmalıdır.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 191 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30