Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Ölüm” tədarükü ...

“Ölüm” tədarükü ...

14.03.2024 [10:50]

Avropanın silah biznesinin pərdəarxası

Son illərdə lokal çərçivədən qlobal miqyasa çevrilmiş bəzi hərbi kataklizmlər bir həqiqəti növbəti dəfə təsdiqləyir: müharibələr dünyanın varlanması üçün ən real yolllardan biridir. Bu səbəbdəndir ki, bir sıra böyük dövlətlər, güc mərkəzləri regional və ya lokal qarşıdurmaların dayandırılmasının deyil, daha da alovlanmasının tərəfdarı qismində çıxış edir. Başqa sözlə, münaqişələrin sülh yolu ilə tənzimlənməsi onların maraqlarına cavab vermir. Burada əsas məqsədlərdən biri silah satışıdır. Belə ki, yaranan münaqişələr, qarşıdurmalar böyük dövlətlərin, silah ixracatçılarının mənafeyinə xidmət edir. Hər bir müharibə bu böyük güclərin “baqaj”ındakı arsenalın yenilənməsinə kömək göstərməklə yanaşı, milyardlarla, bəlkə də trilyonlarla gəlir verir.

Riyazi məntiqsizlik - gəlirlər azalır, iqtisadiyyat artır...

Dünyanın aparıcı iqtisadiyatlarına malik dövlətlərin son statistikalarına nəzər saldıqda bir sıra məntiqsizlikləri görməmək mümkün deyil - xüsusilə, Avropa dövlətlərində iqtisadiyyatın aparıcı sahələri ard-arda ən çətin dövrlərini yaşayır. Məsələn, Mərkəzi Avropa üçün strateji sahə sayılan kənd təsərrüfatı sahəsi ağır vəziyyətdədir - demək olar ki, bütün ölkələrin fermerləri açıq etiraz aksiyaları keçirirlər. Ağır sənaye adı kimi ağır günlər yaşayır - Avropanın aparıcı dövlətləri bu səbəbdən bir çox sənaye müəssisələrini bağlamaq və ya başqa ölkələrə köçürmək qərarı veriblər. Yüngül sənayenin vəziyyəti də yaxşı deyil - xüsusilə, şərqdən qərbə doğru daha ucuz yüngül sənaye məhsullarının ixracı bu sahənin də çətin günlər keçirdiyini deməyə əsas verir. Digər sahələrdə də vəziyyət analoji haldadır - qeyd edildiyi kimi, artıq üçüncü ilinə qədəm qoymuş Ukrayna-Rusiya müharibəsi fonunda xammal çatışmazlığı yaşayan Avropa özünün “embarqo planı”nın əsirinə çevrilmiş kimi görünür. Bunun üstünə, son 3-4 ildə yaşanan pandemiya və enerji böhranını da əlavə etsək, təxmini mənzərə belə olmalıdır: Avropada iqtisadi geriləmə ən yüksək faizlərlə müşayiət edilməlidir. Bunun sırasına günü-gündən artan işsizlik, sosial problemlər, pensiyalarla bağlı çətin durum da əlavə olunarsa... Avropanın iqtisadi vəziyyətinin çətinliyi bütün parametrlər üzrə qarşımızda canlanmalıdır.

Amma rəqəmlər tamam fərqli nəticələrdən xəbər verir. Məsələn, sadalanan bütün iqtisadi çətinlikləri yaşayan Fransada ümumidaxili məhsulun artdığı “bəyan edilir”. Və ya bu ölkədə alıcılıq qabiliyyətinin artımı məsələsi aktualdır. Bəs necə olur ki, bu qədər iqtisadi geriləmələrin fonunda real iqtisadi durum fərqli çalarlar alır? Demək ki, bu ölkələrdə iqtisadiyyat real sektorların deyil, fərqli “sektorların” idxalı ilə ayaqda dayanır.

Asılılıq böyüyür...

Mütəxəssislər Ukrayna müharibəsinin ilk ilində hərbi sursatlardan istifadə ilə bağlı mühüm bir statistika hazırlamışdılar - bu statistikaya görə, Ukraynada gün ərzində üz-üzə gələn ordular bir-birinə təxminən 30 minə qədər mərmi atırdı. Bu da orta hesabla həftədə 200 mindən çox, ayda isə 1 milyona yaxın mərmi demək idi. Düzdür, hazırki mərhələdə o qədər də qızğın döyüşlər getməsə də, yenə silah-sursata tələbat ən yüksək səviyyədədir. Buraya minalar, əl bombaları və digər partlayıcı sursatlar, eyni zamanda, raket sistemləri və radarları da əlavə etsək, hərbi təyyarə və ya helikopterləri də üstünə gəlsək, eyni zamanda, digər təchizatları da hesablasaq olduqca böyük rəqəmlərlə üz-üzə qalırıq. Bu isə yalnız Ukrayna - Rusiya müharibəsi ilə bağlı statistikadır. Dünyanın dörd bir yanında lokal və ya regional müharibələrdə “qazanılan” pullar hesabagəlməzdir. 

Bunun nəticəsidir ki, dünyanın əsas silah ixracatçıları öz bazarlarının sərhədlərini günü-gündən genişləndirir. Məsələn, 2019-cu ildən bəri Fransanın silah ixracı artıb. Son illərdə Fransa müdafiə sənayesi silah ixracatında dünyada ikinci yeri tutur. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SİPRİ) son hesablamalarına görə, 2019-2023-cü illərdə Fransanın silah satışları Rusiyanı üstələyib. Belə ki, 2014-2018-ci illərlə müqayisədə Fransanın xarici satışları iki dəfə artıb. Əsas silah ixracatçısı olan ölkələr arasında yalnız İtaliyanın daha güclü artım (+86 faiz) nümayiş etdirdiyi qeyd olunur. SİPRİ-nin hesabatına əsasən, 2019-2023-cü illərdə Avropaya silah idxalı 94 faiz artıb və son 5 il ərzində Avropanın Amerika tədarükçülərindən asılılığı ən yüksək səviyyəyə çatıb.

Fransa-Yunanıstan-Hindistan “üçlüyü” - silah biznesinin siyasi görüntüsü...

Silah alverinin digər tərəfi olan “idxalçı”ların da siyahısı zəngin və genişdir. Məsələn, Hindistan dünyanın aparıcı silah alıcısı, Fransa isə onun ikinci tədarükçüsüdür. 2019-2023-cü illər arasında Hindistan silahlı qüvvələri tərəfindən xarici istehsalçılardan alınan silahların üçdə biri Fransa mənşəlidir.

Hindistandan sonra Fransanın ənənəvi silah müştərisi Qətərdir. Ancaq Fransa hələ də ən yaxın müttəfiqlərini, yəni Avropa İttifaqının digər ölkələrini cəlb etmək üçün ciddi-cəhdlə çalışır. Aİ üzvü olan ölkələr arasında Yunanıstan fransız texnikasına daha çox etibar edir. Digər Avropa ölkələri ABŞ istehsalına üstünlük verir və 2019-cu ildən bəri onların idxal etdiyi silahların 55 faizi məhz Amerikadan gəlir.

Hindistan, Qətər, Yunanıstan... Bu üç ölkənin ortaq cəhətləri “Rafale” döyüş təyyarələri sifariş etmələridir. Təkcə “Rafale” 2019-2023-cü illərdə Fransanın silah ixracatının 31 faizini təşkil edib. Fransa müdafiə sənayesinin silah ixracatında dünya ikincisi kimi özünü təsdiqləməsində Rafale və onun mərmilərinin satışı xüsusi rola malikdir.

Hindistan-Fransa “silah biznesi”, bir neçə il öncə “defoltunu” elan etmiş Yunanıstanın bu ticarət torunda yer alması bəzi şübhəli məqamlardan xəbər verir - təsadüfi deyil ki, bu üç ölkənin adı son zamanlarda bir çox mənada yan-yana çəkilir. Demək ki, bunun arxasında heç də iddia edilən erməni sevgisi dayanmır - real silah biznesi marağı dayanır.

ABŞ, Fransa, Almaniya - əsas silah tədarükçüləri...

Avropa ölkələrinin silah idxalını təxminən iki dəfə artırmasında isə ən mühüm rolu gözlənildiyi kimi Ukrayna-Rusiya müharibəsi oynayır. Məlumata görə, son illər üzrə satınalmalarda 94 faiz artımdakı ümumi silah idxal payının 23 faizi Ukraynaya silah satışı ilə bağlı olub. Avropanın ən böyük idxalçıları isə Böyük Britaniya (Ümumi Avropa idxalının 11 faizi) və Niderlanddır (9,0 faiz). 2019 və 2023-cü illərdə Avropa ölkələrinin silah idxalının böyük hissəsi - 55 faizi ABŞ-ın payına düşüb, onun Avropaya ixracı əvvəlki təhlil olunan dövrlə, yəni 2014-cü, eləcə də 2018-ci illərlə müqayisədə sürətlə artaraq 35 faiz olub. 2019-2023-cü illərdə Avropaya digər əsas silah idxalı Asiya, Okeaniya və Yaxın Şərq vasitəsilə həyata keçirilib. ABŞ-dan sonra növbəti ən böyük silah tədarükçüləri isə Almaniya (6,4 faiz) və Fransa (4,6 faiz) olub. Vaşinqtonun 2014-2018 və 2019-2023-cü illər arasında həyata keçirdiyi silah ixracı 17 faiz, Parisin isə eyni dövrdə ixracı 47 faiz artıb. ABŞ dünyada ümumi qlobal silah ixracının 42 faizini təşkil etməklə liderdir. ABŞ 2019-2023-cü illər arasında tək özü 107 ölkəni təchiz edəcək gücə malik olub ki, bu da hər hansı digər silah ixracatçısının payından daha çoxdur.

Fransanın silah ixracının ən böyük payı, yəni 42 faizi Asiyanın, Okeaniya ölkələrinin, digər 34 faizi isə Yaxın Şərqdəki ölkələrin payına düşüb. SIPRI-nın tədqiqatçısı Katarina Cokiçs deyib ki, Fransa öz ixracı vasitəsilə silah sənayesini artırmaqla irəlidə olmaq üçün güclü, həmçinin sərfəli qlobal tələblərdən istifadə edir. Buna görə də Fransa öz döyüş təyyarələrini Avropadan kənarda satmaqda xüsusilə uğur qazanıb.

Xatırladaq ki, ABŞ ilə birlikdə Qərbi Avropa 2019-2023-cü illərdə bütün silah ixracatının 72 faizini təmin edirdilər. Bu isə regionda nəhəng silah bazarına böyük həcmlər də daxil olmaqla, əsas qlobal silah ixracının təxminən üçdə birinin Avropanın payına düşməsi deməkdir.

Real gözlənti...

Bəli, iqtisadi artımın “əsl səbəbləri” artıq üzə çıxır - mövcud reallığa və silah bazarında davam edən güclü rəqabətin nəticələrinə görə, hazırda Fransa 2-ci yerdə, Almaniya 5-ci yerdə, İtaliya 6-cı yerdə, Böyük Britaniya 7-ci, İspaniya isə 8-ci yerdə qərar tutub. Rusiya nəzərə alınmazsa, beş Avropa ölkəsi dünyanın ən böyük ixracatçıları onluğuna daxil olub. Sırada yer alan Niderland 12-ci, İsveç 13-cü, Polşa 14-cü, İsveçrə 17-ci, Ukrayna 18-ci, Norveç 19-cu, Belçika 22-ci və sonda yer alan Belarus isə 23-cü pillədədir.

Mənzərə aydındır: silah satışının artırılması ilə bağlı artıq səsləndirilən proqnozlar qarşıdakı dövrdə də sülhün və təhlükəsizliyin dünyaya hakim olacağı ehtimalını aşağı salır. Yüz milyardlarla dollarlıq gəlir mənbəyi sayılan bu “ölüm mexanizmi”nin staistikasının isə təəssüflər olsun ki, gələcək illərdə daha da artacağı real gözləntidir...

S.İSMAYILZADƏ

Paylaş:
Baxılıb: 207 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Siyasət

Yeni faktlar...

10 Aprel 10:51

Siyasət

Siyasət

Gündəm

İlk dəfədir ki...

10 Aprel 09:55

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30