Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Milli Qurtuluş Günü müasir Azərbaycan tarixində dönüş nöqtəsidir

Milli Qurtuluş Günü müasir Azərbaycan tarixində dönüş nöqtəsidir

15.06.2021 [08:45]

Prezident İlham Əliyev: Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtması nəticəsində Azərbaycanda sabitlik bərpa edildi, inkişafa start verildi və bugünkü Azərbaycan dünya miqyasında seçilən ölkələrdən biridir

Azərbaycanın üç onilliyi əhatə edən qısa müstəqillik tarixində ölkəmizin və xalqımızın gələcəyi üçün müstəsna əhəmiyyət daşıyan bir neçə əlamətdar günü xüsusi qeyd edə bilərik. Bunlardan biri də 15 İyun - Milli Qurtuluş Günüdür. Müstəqil respublikamızın bugünkü uğurlu inkişafının təməli 15 İyun - Milli Qurtuluş Günü ilə qoyulub. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyev respublikamızda xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtdı, - O, Azərbaycan Ali Sovetinin Sədri seçildi. Bundan sonra Ulu Öndərin aldığı müdrik qərarlar sayəsində Azərbaycanın həyatında xaosa, anarxiyaya, müstəqilliyimiz üçün yaranan daxili və xarici təhdidlərə son qoyuldu, ölkəmiz sabitliyə qovuşdu və inkişafa istiqamətləndi. Prezident İlham Əliyev müxtəlif auditoriyalardakı çıxışlarında və nitqlərində 15 İyun - Milli Qurtuluş Gününün müstəqil Azərbaycanın tarixindəki rolunu həmişə yüksək dəyərləndirib. Dövlətimizin başçısı bildirib ki, Qurtuluş Günü bugünkü reallıqları şərtləndirən gündür. “Qurtuluş Günü müasir Azərbaycan tarixində dönüş nöqtəsi idi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtması nəticəsində Azərbaycanda sabitlik bərpa edildi, inkişafa start verildi və bugünkü Azərbaycan dünya miqyasında seçilən ölkələrdən biridir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Naxçıvanı qoruyan Ulu Öndər Heydər Əliyev sonrakı mərhələdə bütün Azərbaycan miqyasında xilaskarlıq missiyası yerinə yetirdi

Ulu Öndərimiz Heydər Əliyevin həyatı və fəaliyyəti bütünlüklə milli təəssübkeşlik, xalqına, Vətəninə bağlılıq nümunəsidir. O, həyatıboyu müdriklik və cəsarət göstərərək Azərbaycanın inkişafına misilsiz töhfələr verib. Ulu Öndər Azərbaycana müxtəlif ictimai-siyasi formasiyalarda rəhbərlik edib. Lakin O, hər dəfə ölkəmizin inkişafı üçün zəruri olan məqamları düzgün seçib. Ulu Öndər respublikamızın rəhbərliyinə ilk dəfə 1969-cu ildə gəlib. Həmin dövrdə Azərbaycan keçmiş İttifaqın geridə qalmış aqrar respublikası idi. Ulu Öndər Heydər Əliyev qısa müddətdə belə vəziyyəti aradan qaldırdı və Azərbaycanı sənaye inkişafına istiqamətləndirdi.

Həyatının sonrakı mərhələsində Ulu Öndər Heydər Əliyev əvvəlcə blokada şəraitində olan Naxçıvanı qorudu və yaşatdı, bunun ardınca isə bütün Azərbaycan miqyasında xilaskarlıq missiyası yerinə yetirdi. Məlumdur ki, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin - 17 noyabr 1990-cı il tarixində çağrılan sessiyasına Heydər Əliyev Sədrlik edirdi. Həmin sessiyada Heydər Əliyevin cəsarəti, milli təssübkeşliyi, xalqına bağlılığı bütün cəhətləri ilə bir daha özünü büruzə verdi. Sessiyada Ulu Öndərin təşəbbüsü ilə Naxçıvan Ali Sovetinin adı dəyişdirilərək Naxçıvan Respublikasının Ali Məclisi adlandırılması haqqında qərar çıxarıldı, eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin o vaxtlar çoxlarının tanımadığı üçrəngli bayrağı Naxçıvan Ali Məclisində qaldırıldı. Xatırladaq ki, həmin dövrdə hələ Sovet İttifaqı kommunist partiyası fəaliyyət göstərirdi. Heydər Əliyev isə təhdidlərdən, Özü və ailəsi üçün yarana biləcək təhlükələrdən çəkinməyərək respublikamızın gələcək taleyi baxımından müstəsna əhəmiyyət daşıyan qərarların qəbul olunmasına nail oldu. Bir qədər sonra - 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxaraq üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verdi.

1991-ci il sentyabrın 3-də Naxçıvan Ali Məclisinin Sədri seçilən Heydər Əliyev Özünün şəxsi nüfuzundan və yüksək diplomatik bacarığından istifadə edərək qonşu Türkiyənin, İranın siyasi rəhbərliyi ilə təmasları gücləndirdi və blokada şəraitində yaşayan muxtar respublikanı erməni təcavüzündən, aclıqdan, səfalətdən qorudu. Eyni zamanda, Ulu Öndər xalqda müstəqillik uğrunda mübarizə əzmini möhkəmləndirməyə çalışırdı. Onun çağırışı ilə Naxçıvanın 1991-ci il martın 17-də keçmiş Sovet İttifaqının saxlanılması ilə bağlı keçirilən referenduma qatılmaması Azərbaycan xalqının müstəqillik ideyalarına inamını artırdı, insanlarda mübarizə əzmi yaratdı. Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayındakı nitqində Ulu Öndərin Naxçıvandakı fəaliyyətinə xüsusi diqqət çəkərək bildirib: “Digər önəmli amil Heydər Əliyevin Naxçıvan dövrü ilə bağlıdır. Çünki o vaxt Naxçıvan həm Ermənistanın hücumlarına məruz qalırdı, eyni zamanda, ovaxtkı Azərbaycan rəhbərliyinin əsassız hücumlarına, təqiblərinə məruz qalırdı. Faktiki olaraq blokada şəraitindəki respublika işıqsız, qazsız, susuz, heç bir maddi imkanı olmadan yaşayırdı və Heydər Əliyev amili burada əsas rol oynayırdı. Ermənilər nə qədər cəhd etsələr də, Naxçıvanda öz istəklərinə nail ola bilmədilər. Halbuki Qarabağdan sonra onların növbəti hücum hədəfi Naxçıvan idi. Heydər Əliyev və onun ətrafında birləşmiş insanlar Naxçıvanı qoruya bildilər, düşməni yerinə oturtdular və orada sərhəddə gedən şiddətli döyüşlərdə qalib gəldilər”.

Ötən əsrin doxsanıncı illərinin əvvəllərində bütövlükdə Azərbaycanda çox ağır vəziyyət yaranmışdı. 1992-ci ilin yazında qeyri-legitim yolla hakimiyyətə gələn AXC-”Müsavat” iqtidarının səriştəsizliyi ucbatından müstəqilliyimiz çox ciddi təhdidlərlə üz-üzə qalmışdı. Problemlər getdikcə artır, xaos dərinləşirdi. Hakimiyyət strukturlarına, o cümlədən silahlı birləşmələrə nəzarəti itirən ozamankı Azərbaycan iqtidarı 1993-cü ilin yayında ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoydu. Belə ağır məqamda insanlar təkidlə Ulu Öndər Heydər Əliyevin Azərbaycanın siyasi rəhbərliyinə qayıtmasını tələb edirdilər. Ümummilli Lider Heydər Əliyev belə ağır günlərdə xalqını tək buraxmadı və respublikamızın rəhbərliyinə qayıtmağa razılıq verdi. O, iyunun 9-da Bakıya gəldi. Ulu Öndər 13 iyunda parlamentdə çıxış etdi, Gəncəyə gedib oradakı vəziyyətlə tanış oldu. 15 iyunda isə Ulu Öndər Heydər Əliyev Azərbaycan Ali Sovetinin Sədri seçildi. Beləliklə, respublikamız diletant, naşı və həris insanların hakimiyyətindən qurtuldu. Azərbaycanın sabitlik və inkişafla səciyyələnən qurtuluş tarixi başladı. Azərbaycan xalqının böyük etimadı əsasında Ulu Öndər Heydər Əliyev ilk dəfə 1993-cü il oktyabrın 3-də və 1998-ci il oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti seçildi. Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdəki fəaliyyəti, heç şübhəsiz ki, dövlət quruculuğunun bütün istiqamətlərini əhatə edirdi. Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə təşkil olunan rəsmi qəbulda söylədiyi nitqində ölkəmizin real müstəqilliyinin əsasının 1993-cü ildə Ulu Öndərimiz tərəfindən qoyulduğunu xatırladaraq vurğulayıb: “1993-cü il tariximizdə dönüş nöqtəsi olmuşdur. Əslində, bizim müstəqil tariximiz o ildən başlamışdır. Çünki 1991-1993-cü illərdə müstəqillik formal, şərti xarakter daşıyırdı. Azərbaycan demək olar ki, xaricdən idarə olunurdu. Biz hamımız bunu yaxşı bilirik. Ona görə Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyevi Azərbaycanın dövlət müstəqilliyinin banisi, Azərbaycan dövlətinin qurucusu kimi tanıyır və bu, tarixi həqiqətdir”.

Azərbaycan dünyada güclü və nüfuzlu dövlət kimi tanınır

Azərbaycanın xoşbəxtliyi ondadır ki, respublikamızda Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu sabitlik və davamlı inkişaf kursunun ardıcıllığı bu gün Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə təmin edilir. Bunun da sayəsində respublikamız bütün sahələrdə uğurlara nail olub. Bu gün ölkəmizin hər bir vətəndaşı güclü Azərbaycanla qürur duyur. Respublikamızın iqtisadi, maliyyə potensialının genişlənməsi ilə paralel şəkildə, beynəlxalq nüfuzu da əhəmiyyətli dərəcədə artıb.

Ölkəmizin müasir mənzərəsini göz önündə canlandıran uğurların sayı kifayət qədər çoxdur. Prezident İlham Əliyev yuxarıda bəhs olunan qəbulda diqqəti Azərbaycanın bugünkü müsbət mənzərəsinə çəkərək “2003-cü ildən sonra Azərbaycanın dinamik inkişafı təmin edilmişdir. Biz güclü, qüdrətli dövlət qura bilmişik. Bu gün Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan ölkədir. Bu gün dünya xəritəsində belə ölkələrin sayı o qədər də çox deyil”, - deyə vurğulayıb.

Müstəqillik yolu ilə inamla irəliləyən Azərbaycanın uğurlarından söhbət açarkən Silahlı Qüvvələrimizin ötən il 44 günlük Vətən müharibəsində şanlı qələbə qazanmasını, ölkənin ərazi bütövlüyünü təmin etməsini xüsusi vurğulamaq lazımdır. Vətən müharibəsindəki qələbə müstəqil Azərbaycanın gücünü bütün dünyaya göstərdi. Bu şanlı qələbə xalqımızın tarixində əbədi qalacaq.

Mübariz ABDULLAYEV

 
Paylaş:
Baxılıb: 400 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30