Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Peyvənd vurduranlar qətiyyən arxayınlaşmamalı, gigiyenik qaydalara əməl etməlidirlər”

“Peyvənd vurduranlar qətiyyən arxayınlaşmamalı, gigiyenik qaydalara əməl etməlidirlər”

06.08.2021 [08:47]

Bu gün dünya pandemiya ilə mübarizənin ən təsirli yolu olan vaksinasiya mərhələsindədir. Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 5 milyondan çoxdur. Bununla yanaşı, gündəlik yoluxma sayında da artım müşahidə olunur. Mütəxəssislərin fikrincə, COVID-19 xəstəliyinə qarşı mübarizədə ən etibarlı vasitə vaksinasiya hesab olunur. Vaksinasiyadan sonra orqanizmdə yaranan anticisimlərin miqdarı isə fərdi xarakter daşıyır.
Həkim-infeksionist Samirə Məmmədova mövzu ilə əlaqədar bildirib ki, SARS-CoV-2 koronavirusu mutasiyaya uğramağa davam edir, buna görə də hazırda bu qrupa aid edilmiş dörd ştama - “alfa”, “beta”, “qamma” və “delta”ya əlavə olaraq yeni, xüsusilə təhlükəli variantların ortaya çıxması ehtimalını da nəzərə almalıyıq: “COVID-19 xəstəliyini keçirənlərdə, adətən, bir daha xəstəliyə yoluxmayacağı ilə əlaqədar arxayınlıq yaranır. Təəssüf ki, bəzi insanlar vaksinasiyadan sonra heç bir qorunma tədbirinə əməl etməyə ehtiyac olmadığını düşünürlər, lakin bu, qətiyyən doğru deyil. Birinci dəfə yoluxandan sonra əmələ gələn həmin anticisimlər bir müddət sonra neqativləşir, başqa sözlə, qoruyuculuq qabiliyyətini itirir və infeksiyaya təkrar yoluxma təhlükəsi yaranır. İkinci dəfə infeksiyaya yoluxanlar xəstəliyi daha ağır və ya daha yüngül formada keçirə bilərlər. Bu zaman onlar yenə də infeksiya mənbəyi kimi ətraflarında olanlar, xüsusilə də yaşlılar və əvvəllər koronavirusa yoluxmayanlar üçün təhlükə yaratmış olurlar”.
Həkim xatırladıb ki, əgər əhalinin 70-80 faizinə həmin peyvəndlər vurulsa, infeksiyanın yoluxma zəncirini qırmaq mümkün olacaq: “Bununla bərabər, güclü immun sistemi də orqanizmin koronavirusla mübarizəsində mühüm rol oynayır. Ona görə də peyvənd vurdurmaq və gigiyenik qaydalara ciddi riayət etməklə yanaşı, immuniteti möhkəmləndirmək üçün sağlam və aktiv həyat tərzi keçirmək, düzgün qidalanmaq lazımdır. Peyvənd vurduranlar isə qətiyyən arxayınlaşmamalı, tələb olunan gigiyenik qaydalara ciddi riayət etməlidirlər: tibbi maska taxmalı, əlləri tez-tez yumalı və yaxud spirtlə silməli, ara məsafəsi saxlamalı, sıxlıq olan yerlərdən və kütləvi tədbirlərdən mümkün qədər uzaq olmalıdırlar”.
MÜŞFİQƏ

Paylaş
Baxılıb: 246 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31