Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Erməni vandalizmi bütün dünyada ifşa olunur

Erməni vandalizmi bütün dünyada ifşa olunur

06.08.2021 [08:51]

Azərbaycan ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində şanlı qələbə qazandı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün əməliyyatları yüksək səviyyədə yerinə yetirən Silahlı Qüvvələrimiz 44 gün ərzində 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında işğaldan azad etməyə nail oldu. Noyabrın 8-də Şuşanın, ertəsi gün isə daha 70-dən çox yaşayış məntəqəsinin, bir sıra strateji əhəmiyyətli yüksəkliklərin işğaldan azad edilməsindən sonra düşmən dövlət müharibəni davam etdirmək iqtidarında olmadığını başa düşdü və üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları sözügedən Bəyanata əsasən, işğalçı dövlət məğlub tərəf kimi üzərinə bir sıra öhdəliklər götürdü. Sənədə əsasən, Ermənistan sonrakı mərhələdə Ağdam, Kəlbəcər və Laçın rayonlarını respublikamıza döyüşsüz təhvil verdi. Beləliklə, Azərbaycan Ordumuzun rəşadəti, xalqımızın yüksək həmrəyliyi sayəsində özünün ərazi bütövlüyünü, tarixi ədaləti bərpa etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi və rəhbərliyi ilə qazanılan bu qələbə tariximizdə əbədi qalacaq.
Üç onillik davam edən işğal illərində və 44 günlük müharibə dövründə Ermənistan ölkəmizə, xalqımıza qarşı humanizm prinsipləri ilə bir araya sığmayan amansız müharibə cinayətləri törədib. Bunların içində Ermənistan hərbi birləşmələrinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda 366-cı motoatıcı alayın dəstəyi ilə törətdikləri qətliam xüsusi qəddarlığı ilə diqqət çəkir. Bu soyqırımı nəticəsində 106-sı qadın, 63-ü uşaq olmaqla 613 mülki şəxs qəddarlıqla qətlə yetirildi.
Artıq keçmişdə qalan Dağlıq Qarabağ münaqişəsinin tarixinə nəzər saldıqda görürük ki, ermənilər heç vaxt açıq döyüşlərdə qələbə çalmayıblar. Onlar daim xalqımıza qarşı təxribatlara, terror aktlarına əl atıblar. Sərhəd bölgələrimizdə şəhər və kəndlərimiz, dinc sakinlər vaxtaşırı ermənilərin atəş zərbələrinə məruz qalıb. İşğal illərində ermənilər ölkəmizə qarşı, sözün əsl mənasında, ekoloji terror siyasəti aparıblar. Zəbt olunan ərazilərdə meşələrimiz qırılıb, qiymətli ağaclar kəsilərək Ermənistana daşınıb. Torpaqlarımız, qızıl və digər faydalı qazıntı yataqlarımız üç onillik ərzində işğalçı dövlət tərəfindən qeyri-qanuni yollarla istismar edilib. Su mənbələrinin çirkləndirilməsi erməni vəhşiliyinin daha bir təzahürüdür.
İşğalçılar özlərinin mənfur xislətlərini ötən il 44 günlük müharibə zamanı bir daha nümayiş etdirdilər. Yenə də döyüş meydanında məğlub olan Ermənistanın hərbi birləşmələri Azərbaycanın şəhər və kəndlərini hədəf aldılar. Müharibənin davam etdiyi günlərdə Azərbaycanın Gəncə, Bərdə, Tərtər, Ağcabədi və digər şəhərləri uzaqmənzilli silahlardan artilleriya atəşinə məruz qaldı. Halbuki həmin yaşayış məntəqələri münaqişə bölgəsindən xeyli uzaqda yerləşir.
Ərazilərin minalanması və minalanmış ərazilərin xəritələrinin verilməməsi Ermənistanın növbəti müharibə cinayətidir. Ermənistanın minalanmış ərazilərin xəritələrini verməməsinin heç bir izahı yoxdur. Bu o deməkdir ki, ermənilər müharibədən sonra da özlərinin düşmənçilik, Azərbaycanafobiya siyasətlərindən əl çəkməyiblər.
İşğal illərində düşmən dövlət Azərbaycan ərazilərində törətdiyi vəhşilikləri hər vəchlə xarici aləmdən gizli saxlayırdı. İndi isə artıq Azərbaycanın səyləri sayəsində erməni vandalizmi bütün dünyada ifşa olunur. Azərbaycan dövləti bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir. Prezident İlham Əliyev müharibə günlərində və postmüharibə mərhələsində nüfuzlu transmilli media qurumlarına verdiyi müsahibələrdə və müxtəlif auditoriyalardakı çıxışlarında ermənilərin törətdikləri vandalizm əməllərini Özünəxas yüksək diplomatik məharətlə bütün dünyanın diqqətinə çatdırıb. Diplomatların, xarici jurnalistlərin, din xadimlərinin işğaldan azad olunmuş ərazilərə səfərlərinin təşkili də Azərbaycanın necə vəhşi və riyakar düşmənlə üz-üzə qaldığının dünya ictimaiyyətinin diqqətinə çatdırılması baxımından çox önəmlidir. Xəbər verildiyi kimi, 2021-ci ilin iyul ayında Türkiyə, Pakistan, İtaliya, Avstriya, İsveç, Polşa, İsrail, Çin, Yaponiya, Malayziya, Cənubi Koreya, Belarus, Ukrayna, Braziliya, Meksika, Səudiyyə Ərəbistanı, Qətər, Əlcəzair və digər ölkələrin səfirləri, həmçinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının, Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri Azərbaycanın mədəniyyət paytaxtı Şuşada oldular. Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin başçılığı ilə Azərbaycandakı dini konfessiyaların rəhbərləri də bir qədər bundan əvvəl Şuşaya səfər ediblər. Səfər iştirakçıları işğaldan azad edilmiş ərazilərimizdə ermənilər tərəfindən törədilən dağıntıları, vandalizm aktlarını öz gözləri ilə görüb, Azərbaycan dövləti tərəfindən aparılan abadlıq-quruculuq və təmir-bərpa işləri barədə ətraflı məlumatlandırılıblar.
Postmüharibə dövründə, həmçinin beynəlxalq media qurumlarının, xarici ölkələrin jurnalistlərinin işğaldan azad edilmiş ərazilərə səfərləri təşkil olunub. Bu səfərlərin nəticəsi olaraq təkcə son vaxtlarda dünyanın ayrı-ayrı ölkələrində müxtəlif dillərdə işıq üzü görən nəşrlərdə erməni vandalizmini əks etdirən çoxsaylı yazılar dərc olunub.
Mübariz ABDULLAYEV

Paylaş
Baxılıb: 287 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31