Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Paşinyandan müxalifətə solaxay zərbə

Paşinyandan müxalifətə solaxay zərbə

06.08.2021 [08:58]

Məğlub Ermənistanda daxili vəziyyət gərgin olaraq qalmaqdadır. Parlament sədri və müavinlərinin seçkilərini pozmaq üçün müxalifət tərəfindən edilən cəhdlər siyasi gərginliyi bir qədər də artırıb. Ermənistan mətbuatı isə parlamentin formalaşması ilə paralel olaraq hökumətin qurulmasına diqqəti yönəldərək, bu prosesin ciddi dəyişikliklərlə müşayiət olunduğunu yazır.
Bu arada bəlli olub ki, Paşinyan komandasının üzdə olan bir çox kadrları yeni hökumətdə yer almayacaqlar. Əvvəllər də elan olunduğu kimi, fraksiya rəhbəri Lilit Makunts ABŞ-a səfir göndərilib, baş nazirin müavini Tiqran Avinyan isə vəzifəsindən getdiyini açıqlayıb. “Aysor.am” yazır ki, T.Avinyan seçki kampaniyası zamanı mübarizəyə qatılmamaq qərarını aşağıdakı kimi izah edib: “Bu qərar, seçki siyahısı ilə bağlı bəzi fikir ayrılıqlarından qaynaqlanıb. Mübarizəmiz demokratiya, azadlıq və korrupsiyanın aradan qaldırılması prinsiplərinə əsaslanır”.
T.Avinyan onu da qeyd edib ki, tərtib edilmiş siyahıda bu prinsipə riayət olunacağına əmin olmayıb. “Hraparak” qəzeti isə yazır ki, T.Avinyan seçki siyahısının tərtib edilməsi mərhələsində biznesmenlərin, xüsusilə iş adamı Xaçatur Sukiasyanın adının bura daxil edilməsinin qəti əleyhinə olub: “Buna baxmayaraq, Nikol Paşinyan Sukiasyanı seçib, amma bu, Avinyanın işsiz qalacağı anlamına gəlmir. O, ANIF fondunun idarə heyətinin sədridir”.
Yeri gəlmişkən, müxalifətin spiker və iki vitse-spiker seçkilərini boykot etməsi də cavabsız qalmayıb. Belə ki, cümə axşamı parlamentdə müxalifətin namizədi, “Ermənistan” fraksiyasının deputatı İşxan Saqatelyanı vitse-spiker vəzifəsinə seçmək mümkün olmayıb. “Newsarmenia.am” yazır ki, 104 deputatın iştirak etdiyi, bir səsin etibarsız sayıldığı gizli səsvermənin nəticələrinə görə, Saqatelyanın lehinə 53, əleyhinə 50 deputat səs verib. Səsvermədən sonra hakim “Vətəndaş müqaviləsi” fraksiyasının rəhbəri Hayk Koncoryan deyib ki, hakimiyyət Saqatelyanın seçilməsi üçün onun lehinə kifayət edəcək qədər səs təmin edib.
Vitse-spikerliyə namizəd İ.Saqatelyan isə seçilməməsinə görə hakim partiyanı günahlandırıb. Əslində bunu Paşinyan və komandası tərəfindən müxalifətə vurulan solaxay zərbə kimi dəyərləndirmək olar. Xatırladaq ki, müxalifət yenidən bu vəzifəyə Saqatelyanın namizədliyini irəli sürüb.
Beləliklə, yuxarıda sadalananlar da onu deməyə əsas verir ki, Ermənistanda siyasi gərginlik və qarşıdurma səngimir.
Qaşqay ZİYƏDDİNOĞLU

Paylaş
Baxılıb: 163 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31