Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Mətbuat üzərində senzuranın ləğvindən 23 il keçir

Mətbuat üzərində senzuranın ləğvindən 23 il keçir

06.08.2021 [09:23]

Ötən müddət ərzində dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı bu gün fəaliyyətini yeni dövrün tələblərinə uyğun quraraq öz missiyasını uğurla davam etdirir
Böyük maarifçi və mütəfəkkir Həsən bəy Zərdabinin 1875-ci ildə təsis etdiyi “Əkinçi” qəzeti ilə təməli qoyulan milli mətbuatımız ötən dövrdə müxtəlif inkişaf mərhələlərindən keçib. Deyə bilərik ki, hər dövr də milli mətbuatımızda öz izlərini qoyub. Bu baxımdan müstəqillik illərində, daha dəqiq desək, 1993-cü ilin iyunundan sonra Azərbaycanın hərtərəfli inkişafı, xüsusilə də ölkəmizdə demokratik təsisatların yaranmasına, vətəndaş cəmiyyətinin aktivliyinin artmasına, o cümlədən də fikir plüralizminin, mətbuat azadlığının təmin olunmasına qətiyyətli siyasi dəstək göstərilməsi milli mətbuatımızın yeni çağırışlara uyğun olaraq forma və məzmun etibarı ilə yenilənməsinə öz müsbət təsirini göstərib.
Burada bir sıra məqamları isə ayrıca vurğulamaq lazımdır. Çox doğru olaraq Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1998-ci il 6 avqust tarixində imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman ilə senzuranın ləğv olunması Azərbaycan mətbuatı tarixinin ən əlamətdar hadisələrindən biri kimi dəyərləndirilir. Məlum olduğu kimi, Azərbaycanda mətbuatın, ümumiyyətlə, kütləvi informasiya vasitələrinin (KİV) hazırkı inkişafını şərtləndirən əsas amil dövlətin bu sahəyə yüksək səviyyəli diqqətidir. Xüsusilə də, ölkəmizdə söz, fikir və ifadə azadlığı konstitusion əsasda təsbit edilib və hər bir media orqanı özünün hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilir. Məhz bu amil Azərbaycan mətbuatının inkişafına fundamental töhfələr verməklə yanaşı, sözügedən sahədə əsaslı keyfiyyət dəyişikliklərinin meydana gəlməsini şərtləndirir.
Vurğulanmalıdır ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən Azərbaycanın siyasi rəhbərliyinə gəlməsindən sonra bütün sahələrdə olduğu kimi mətbuatda da əsaslı və müsbət dəyişikliklər baş verdi. Ümummilli Liderin rəhbərliyi ilə kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, mətbuat işçilərinin sosial təminatının yüksəldilməsi istiqamətində ciddi tədbirlər görüldü. Ən əsası, Ulu Öndər Heydər Əliyevin 1998-ci il 6 avqust tarixində imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanla Mətbuatda və digər kütləvi informasiya vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edildi, bununla da mətbuat üzərində illər boyu mövcud olan senzura aradan qaldırıldı. Senzuranın ləğvi ilə Azərbaycan mətbuatının inkişafında yeni dövrün başlanğıcı qoyuldu.
Beləliklə, Ulu Öndər Heydər Əliyevin imzaladığı müvafiq Fərmanla Azərbaycanda mətbuat üzərində senzuranın ləğv edilməsi ölkəmizdə müstəqil mətbuatın inkişafına çox böyük təkan verdi. Əksər ekspertlərin də vurğuladıqları kimi, müstəqil mətbuatımızın inkişafında 1998-ci il 6 avqust tarixində imzalanan Fərmanın böyük əhəmiyyəti var və bu, Azərbaycan mətbuatının tarixində olduqca önəmli bir hadisədir. Çünki bu qətiyyətli addım yeni müstəqil medianın fəaliyyəti üçün geniş imkanlar açdı. Eyni zamanda, cəmiyyətin güzgüsü kimi dəyərləndirilən mətbuatın inkişafına xüsusi önəm verən, jurnalist əməyini daim yüksək dəyərləndirən Ulu Öndər Heydər Əliyevin sonrakı dövrlərdə imzaladığı Fərman və sərəncamlara, qəbul olunan qanunlara diqqət yetirsək, görərik ki, bunların hər biri özlüyündə milli mətbuatlımızın gələcək inkişafına xidmət edən addım idi. Xatırladaq ki, Ulu Öndərin imzaladığı müvafiq sənədlər əsasında qəzetlərə birdəfəlik maliyyə yardımları verildi, qəzetlərin “Azərbaycan” nəşriyyatına borcları donduruldu, KİV-lərin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün Tədbirlər Proqramı təsdiqləndi, həmçinin “Kütləvi İnformasiya Vasitələri haqqında”, “Məlumat azadlığı haqqında” qanunlar qəbul olundu.
Birmənalı olaraq vurğulamaq yerinə düşər ki, milli mətbuatımızın bugünkü nailiyyətləri məhz Ulu Öndərin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində əldə olunub.
Prezident İlham Əliyev tərəfindən mətbuatın inkişafına xüsusi diqqət və qayğı göstərilməsinin nəticəsidir ki, bu gün ölkəmizin kütləvi informasiya vasitələri dünya informasiya məkanına sürətlə inteqrasiya edir. Dövlətimizin başçısı həmçinin jurnalistlərin sosial problemlərinin həllini, eləcə də mətbuatın maddi-texniki bazasının gücləndirilməsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə davamlı addımlar atılır. Müasirləşməni strateji hədəf kimi müəyyənləşdirən Azərbaycan dövləti özünün media siyasətini də zamanın dəyişən çağırışlarına, İKT-nin sürətli inkişafı sayəsində yaranan yeni reallıqlara uyğun qurur. Məlum olduğu kimi, Prezident İlham Əliyev 12 yanvar 2021-ci il tarixində “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalayıb. Fərmana əsaən, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb. Yeni qurumun qarşısına indiki mərhələdə islahatlar yolu ilə milli mətbuatımızı zamanın yeni çağırışları əsasında inkişafına dəstək vermək kimi mühüm vəzifə qoyulub. Ötən qısa dövrdə atılan addımlar, həyata keçirilən müxtəlif tədbirlər, həmçinin KİV-lərin fəaliyyətinə yeni yanaşmanın sərgilənməsi Media Agentliyinin qarşısına qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün uğurla fəaliyyət göstərdiyini təsdiqləyir.
Mübariz ABDULLAYEV

Paylaş
Baxılıb: 97 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31