Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycanın regional və beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə davamlı töhfələr verməsi ölkəmizə bütün dünyada böyük nüfuz qazandırıb

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə davamlı töhfələr verməsi ölkəmizə bütün dünyada böyük nüfuz qazandırıb

06.08.2021 [09:29]

Prezident İlham Əliyev: Bizim ikitərəfli əlaqələrimiz böyük dərəcədə genişlənmişdir, çoxtərəfli formatda uğurla əməkdaşlıq edirik, ölkəmizdə bir neçə mötəbər beynəlxalq tədbir keçirilmişdir
Milli maraqlara əsaslanan çoxvektorlu praqmatik xarici siyasət kursu həyata keçirən Azərbaycan öz imkanlarını təqdim edərək regional və qlobal miqyasda əməkdaşlığın möhkəmlənməsinə, təhlükəsizliyə təhdid hallarının aradan qaldırılmasına davamlı töhfələr verir ki, bu da ölkəmizə bütün dünyada böyük nüfuz qazandırıb. Qısa müstəqillik tarixində respublikamız işğalçı Ermənistan istisna olmaqla bütün region dövlətləri, əksər xarici ölkələrlə və beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli münasibətlər qurmağa nail olub. Hazırda Azərbaycan iki nüfuzlu beynəlxalq təşkilata - Türk Şurasına və Qoşulmama Hərəkatına (QH) sədrlik fəaliyyətini uğurla həyata keçirir. Son illərdə respublikamızın ayrı-ayrı nüfuzlu beynəlxalq təşkilatların mühüm tədbirlərinə, humanitar və mədəniyyətlərarası dialoq forumlarına yüksək səviyyədə ev sahibliyi etməsi ənənə halını alıb ki, bu da dünya miqyasında ölkəmizə inamın getdikcə artmasını əyani şəkildə ifadə edir. Azərbaycanın yeni əməkdaşlıq formatlarının yaranmasına güclü siyasi iradə nümayiş etdirməsi dost ölkələrdə böyük rəğbətlə qarşılanır. Azərbaycan, Türkiyə və Pakistan arasında parlamentlər səviyyəsində əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi deyilənlərə son nümunədir. Xatırladaq ki, cari il iyulun 27-də Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop və Pakistan İslam Respublikası Milli Assambleyasının Sədri Əsəd Qeysərin Birinci Üçtərəfli görüşü olub. Görüşdə müxtəlif məsələlər ətrafında səmərəli müzakirələr aparılıb. Sonra parlament sədrlərinin Birinci Üçtərəfli görüşünün yekunlarına dair Bakı Bəyannaməsi imzalanıb.
Müstəqil Azərbayacanın dünyada nüfuzunun getdikcə artmasını, həmçinin Qoşulmama Hərəkatı və Avropa İttifaqı ilə əməkdaşlığının timsalında izləmək mümkündür. Qeyd edək ki, cari il iyulun 13-də Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin onlayn formatda keçirilən aralıq konfransında Azərbaycan Prezidenti İlham Əliyevin videoformatda çıxışı təqdim olunub. Ötən ay, həmçinin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin respublikamıza səfəri baş tutub. Səfər çərçivəsində bir sıra yüksəksəviyyəli görüşlər keçirilib və Azərbaycan Prezidenti ilə Avropa Şurasının Prezidenti mətbuata bəyanatlarla çıxış etdilər.
Azərbaycan Qoşulmama Hərəkatına sədrlik fəaliyyətini uğurla həyata keçirir
Azərbaycanın tərkibində 120 dövləti birləşdirən Qoşulmama Hərəkatında təmsilçiliyinin cəmi 10 illik tarixi var. Respublikamız 2011-ci ildə Qoşulmama Hərəkatına tamhüquqlu üzv qəbul olunub. Ölkəmizin Qoşulmama Hərəkatında təmsilçiliyi uzun zaman müddətini əhatə etməsə də, öz səmərəliliyi və məhsuldarlığı ilə diqqət çəkir. Hərəkata üzvlük beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlığa dair proseslərə ölkəmizin daha yaxından cəlb olunmasına və çoxsaylı dövlətlərlə ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə münasib şərait yaradıb.
Öz növbəsində, Azərbaycan da ötən dövrdə Qoşulmama Hərəkatının fəaliyyətinə, qurumun beynəlxalq səviyyədə nüfuzunun artmasına davamlı töhfələr verib. İndiyədək ölkəmizdə Hərəkatın ayrı-ayrı tədbirləri yüksək səviyyədə təşkil olunub. Məlumdur ki, Qoşulmama Hərəkatının üzvlərinin böyük qismi inkişaf etməkdə olan dövlətlərdir. Azərbaycan Qoşulmama Hərəkatı ilə münasibətlərdə bu amili nəzərə alır və ehtiyac yarandığı təqdirdə humanitar aksiyalarda fəal iştirak edir. 2005-ci ildən etibarən Azərbaycan 90-dan çox ölkəyə humanitar və texniki yardımlar göstərib.
Ümumiyyətlə, Azərbaycanın Qoşulmama Hərəkatının fəaliyyətinə davamlı töhfələr verməsi ilə bağlı statistika kifayət qədər zəngindir. Azərbaycanın Qoşulmama Hərəkatının prinsiplərinə sadiqlik nümayiş etdirməsi, daim onun ideyalarının təşviqinə çalışması, ehtiyac yarandığı təqdirdə ayrı-ayrı üzv dövlətləri dəstəkləməsi, qurumun fəaliyyətinə digər sanballı töhfələr verməsi QH-də ölkəmizə böyük etimad və nüfuz qazandırıb. Bunun nəticəsidir ki, Hərəkata üzv ölkələrin 2016-cı ildə Venesuelada keçirilmiş Zirvə görüşündə quruma 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul edilib. Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının 25-26 oktyabr 2019-cu il tarixlərində Bakıda keçirilmiş 18-ci Zirvə görüşündə quruma sədrlik Azərbaycana həvalə olunub. Ölkəmizlə Qoşulmama Hərəkatı arasında bərqərar olan əməkdaşlığın tarixinə diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “Bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət, habelə ölkələrin daxili işlərinə qarışmamaq və digər prinsipləri təşviq edən tarixi “Bandunq prinsipləri” Azərbaycanın xarici siyasətinin prioritetləri ilə tam uyğundur. Bu səbəbdən 10 il əvvəl Azərbaycan Qoşulmama Hərəkatı ailəsinin üzvü oldu. Qısa müddət ərzində ölkəmiz Hərəkatda olduqca böyük nüfuz və etimad qazandı. 2016-cı ildə bütün üzv dövlətlərin yekdil qərarı ilə 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatına sədrlik bizə həvalə edildi”.
Azərbaycanın Qoşulmama Hərəkatında sədrlik fəaliyyəti kifayət qədər uğurlu olub. Məlumdur ki, ölkəmiz Hərəkata sədrlik dövrü üçün geniş fəaliyyət planı hazırlamışdı. Lakin 2019-cu ilin sonlarından başlayaraq bütün dünyanı cənginə alan və həyatımıza bir sıra çətinliklər gətirən yeni növ koronavirus (COVID-19) pandemiyası Azərbaycanın gündəliyini tamam dəyişdi. Belə ki, Azərbaycan Hərəkata sədrlik fəaliyyətini yeni çağırışlara uyğun qurdu. Xatırladaq ki, indiyədək respublikamız qlobal səciyyə daşıyan pandemiyaya qarşı beynəlxalq həmrəyliyin gücləndirilməsinə hesablanan bir sıra təşəbbüslər irəli sürüb və bu təşəbbüslər bütün dünyada rəğbətlə qarşılanıb.
Azərbaycanın QH-nin sədri statusunda geniş və səmərəli fəaliyyəti Hərəkata üzv dövlətlər tərəfindən minnətdarlıqla qarşılanır. Qoşulmama Hərəkatına üzv dövlətlərin 3 illik sədrliyi 2022-ci ildə bitməli olan Azərbaycana Hərəkata əlavə bir il də sədrlik etmək barədə müraciətləri bunu bir daha təsdiqləyir. Bu müraciət Hərəkatda təmsil olunan dövlətlərin Azərbaycana, onun Liderinə böyük inam bəslədiklərini əyani şəkildə təsdiqləyir. Təbii ki, beynəlxalq münasibətlər sisteminin nüfuzlu aktoru, məsuliyyətli dövlət olan Azərbaycan bəhs olunan müraciətə müsbət cavab verib.
Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafında yeni mərhələ başlayıb
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı çoxşaxəlidir. Burada tərəflər arasında siyasi dialoqun intensivliyi, xüsusilə diqqət çəkir. Qeyd edək ki, Azərbaycan Aİ ilə Şərq Tərəfdaşlığı proqramı çərçivəsində ən səmərəli dialoq quran ölkələr sırasında yer alır. Prezident İlham Əliyev ölkəmizlə Avropa İttifaqı arasında siyasi dialoqun yüksələn xətlə inkişafından məmnunluğunu bildirib. “Onu da bildirməliyəm ki, bizim siyasi əlaqələrimiz çox uğurla inkişaf edir. Mən Avropa İttifaqına çoxsaylı səfərlər etmişəm. Avropa İttifaqının rəhbərləri də Azərbaycana çoxsaylı səfərlər etmişlər”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Mütəxəssislər Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin respublikamıza bəhs olunan səfərini ikitərəfli əlaqələrin inkişafında yeni mərhələnin açılması kimi dəyərləndirirlər. Bu da onunla bağlıdır ki, qurumun yüksəksəviyyəli rəsmisinin ölkəmizə səfəri kifayət qədər məhsuldar keçib. Azərbaycan Prezidenti İlham Əliyevlə Şarl Mişelin təkbətək görüşü iki saat davam edib. Danışıqlar Azərbaycan-Avropa İttifaqı münasibətlərinin geniş spektrini əhatə edib, o cümlədən siyasi dialoqdan məmnunluq ifadə olunub, ticarət əlaqələri, enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizi və nəqliyyat sahələrində əməkdaşlıq məsələləri, həmçinin Cənubi Qafqazda əməkdaşlığın perspektivləri haqqında fikir mübadiləsi aparılıb.
Azərbaycanla Aİ arasında siyasi dialoqun intensivləşməsi, öz növbəsində, ikitərəfli əməkdaşlığın şaxələndirilməsi üçün çox yaxşı təməl yaradır. Tərəflər uzun illərdir ki, müxtəlif sahələrdə birlikdə işləyirlər. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ölkəmizin ticarətinin, demək olar ki, 40 faizi Avropa İttifaqı ilə aparılır. Ötən il Azərbaycanın Aİ ilə ticarət dövriyyəsi 9,5 milyard ABŞ dolları təşkil edib. Hazırda respublikamızın Avropa İttifaqına üzv dövlətlərlə ixracının həcmi 6,8 milyard ABŞ dolları təşkil edir. Aİ-yə üzv dövlətlərdən olan 1700-dən çox şirkət ölkəmizdə uğurla fəaliyyət göstərir. Ölkəmiz, həmçinin Aİ-yə üzv dövlətlərlə ikitərəfli əlaqələrdə çox böyük fəallıq göstərir. Prezident İlham Əliyev Azərbaycanla Aİ arasında əlaqələrin yüksələn xətlə inkişafından məmnunluğunu bildirərək vurğulayıb: “Azərbaycan Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb və ya qəbul edib. Beləliklə, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanı strateji tərəfdaş hesab edir. Düşünürəm ki, bu, bizim hökumətimizin çox böyük nailiyyətidir. Bu, həmçinin əməkdaşlıq üçün əlavə imkanlar yaradır”.
Onu da vurğulayaq ki, Azərbaycanla Avropa İttifaqı arasında iqtisadi sahədə əməkdaşlığın ən mühüm seqmenti enerji sektorudur. Qürurverici haldır ki, hazırda respublikamızın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu getdikcə artır.
Mübariz ABDULLAYEV

Paylaş
Baxılıb: 94 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31