Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ceyhun Bayramov İraqın rabitə naziri ilə görüşüb

Ceyhun Bayramov İraqın rabitə naziri ilə görüşüb

06.08.2021 [20:55]

Avqustun 6-da xarici işlər naziri Ceyhun Bayramov İraq Respublikasının rabitə naziri Arkan Şihab Al-Şeybaninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir Ceyhun Bayramov İraq Respublikasının rabitə naziri Arkan Şihab Al-Şeybanini salamlayaraq, Azərbaycan və İraq arasındakı əlaqələrin tarixi dostluq və qarşılıqlı hörmət prinsipləri əsasında uğurla inkişaf etdiyini vurğulayıb və müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib. O, Azərbaycan və İraq arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın fəaliyyətini qeyd edərək, Komissiyanın ikinci iclası və səfər çərçivəsində keçirilmiş bir sıra görüşlər zamanı əldə edilmiş razılaşmaların ölkələrimiz arasında səmərəli əməkdaşlıq və əlaqələrin inkişafı üçün yeni imkanlar yaradacağına ümid etdiyini vurğulayıb. Nazir Ceyhun Bayramov cari il iyunun 18-də iştirak etdiyi Antalya Diplomatik Forumu çərçivəsində iraqlı həmkarı Fuad Hüseyn ilə keçirilmiş səmərəli görüşləri yüksək qiymətləndirib və görüşdə iki ölkə arasında bir çox sahələrdə əlaqələrin inkişafı barədə hərtərəfli müzakirələrin aparıldığını məmnunluqla qeyd edib.

Nazir Ceyhun Bayramov keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı İraqın hər zaman ölkəmizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı baxımından beynəlxalq təşkilatlar çərçivəsində göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib. Nazir qarşı tərəfə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar siyasəti, 44 günlük Vətən müharibəsi, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatının imzalanmasından sonra bölgədə mövcud olan vəziyyət, işğaldan azad olunmuş ərazilərdəki dağıntıların miqyası, dini və mədəni abidələrin dağıdılması, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri, mina təhlükəsi və ailələrin öz doğma yurdlarına geri dönməsinin vacibliyi barədə ətraflı məlumat verib.

Birgə Komissiyanın ikinci iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan İraqın rabitə naziri Arkan Al-Şeybani Azərbaycana səfərindən məmnunluq duyduğunu ifadə edib və səfər çərçivəsində qonaqpərvərliyə və görüşlərin yüksək səviyyədə təşkilinə görə minnətdarlıq bildirib. O, İraq və Azərbaycanı birləşdirən tarixi dostluq və mədəni əlaqələri vurğulayaraq, keçirilmiş görüşlər zamanı əldə edilmiş razılaşmaları və bu xüsusda, imzalanacaq sazişləri məmnunluqla qeyd edib. Nazir Arkan Al-Şeybani Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində uğurlu fəaliyyətini və COVID-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının çağırılması təşəbbüsünü yüksək qiymətləndirib. Həmçinin o, iki ölkə arasında çoxtərəfli platformalarda münasibətlərin daha da genişlənəcəyinə və münasibətlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Nazir Arkan Al-Şeybani keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, İraqın hər zaman beynəlxalq hüququn norma və prinsiplərini və BMT qətnamələrini dəstəklədiyini deyib.

Görüşdə, habelə tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Paylaş
Baxılıb: 107 dəfə

Xəbər lenti

Hamısına bax

31 389 vaksin vurdurdu

20 Oktyabr 16:49

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31