Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Şuşa şəhərində tullantılar ağıllı texnologiyalar əsasında idarə ediləcək

Şuşa şəhərində tullantılar ağıllı texnologiyalar əsasında idarə ediləcək

09.08.2021 [16:03]

Bərk məişət tullantılarının idarə olunması sahəsində müsbət təcrübəsi nəzərə alınan “Təmiz Şəhər” ASC-yə yeni və çox vacib missiya tapşırılıb. Prezident İlham Əliyev tərəfindən 2021-ci il iyunun 22-də imzalanan Sərəncamla qurumun fəaliyyət dairəsi genişləndirilib və işğaldan azad edilən Şuşa şəhərinin ərazisində bütün bərk məişət tullantılarının yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi “Təmiz Şəhər” ASC-yə həvalə edilib.

ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dövlətimizin başçısının Sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərində ətraf mühitə mənfi təsirlərin azaldılması, bərk məişət tullantılarının müasir ekoloji və texnoloji idarəetmə sisteminin yaradılması istiqamətində işlərə artıq başlanılıb.

İlkin mərhələdə şəhər ərazisində təmizlik işlərinin aparılması üçün xüsusi texnika və işçi qüvvəsi cəlb olunub. Küçələrdə yararsız nəqliyyat vasitələri kənarlaşdırılaraq, hərbi hissələrin və müxtəlif təyinatlı binaların təmizlənməsi işləri həyata keçirilib. Tullantıların yerləşdirilməsi üçün 200 ədəd xüsusi konteyner gətirilərək quraşdırılıb. İşğal altında olduğu zaman dağıdılan və tullantıların toplandığı tarixi binaların təmizlənməsi hazırda “Təmiz Şəhər” ASC-nin əməkdaşları tərəfindən davam etdirilir.

Qeyd olunub ki, Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa Şəhəri Dövlət Qoruğunun yaradılması, milyonlarla insanın bu şəhəri görmək istəyi buranı gələcəkdə ölkəmizin əsas turizm mərkəzlərindən birinə çevirəcək. Bu isə öz növbəsində şəhərin ekoloji vəziyyətinin və tullantıların idarə olunması sisteminin müasir standarlara uyğun ən son texnoloji yenilikləri tətbiq etməklə qurulmasını zəruri edir.

Şəhərin tarixi hissəsi sayılan mərkəzində tullantı konteynerlərinin ətraf mühitə təsirini azaltmağa xidmət edən SMART tipli yeraltı konteynerlər, kənar küçələrə dolma səviyyəsini göstərən sensorlarla təchiz edilmiş konteynerlər, eləcə də, bütün küçə və parklarda kiçik tutumlu urnaların yerləşdirilməsi nəzərdə tutulur.

Tullantıların idarə edilməsində istifadə olunacaq texnikaların da ətraf mühitə minimum təsir etməsi əsas meyarlardan biri kimi nəzərə alınacaq. Beynəlxalq ekoloji standartlara və texniki normalara cavab verən yeni sanitar poliqonun inşası, bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsinin səmərəli şəkildə və müasir standartlara uyğun qurulması, tullantıları təkrar emala cəlb etməklə şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması “Təmiz Şəhər” ASC-nin həyata keçirəcəyi fəaliyyətlər olacaq.

Bu ərazilərdə bir çox İllərdir hökm sürən ekoloji terrorun fəsadlarını aradan qaldıraraq Şuşanı şəhərlərin ən təmizi etmək məqsədini qarşısına qoyan “Təmiz Şəhər” ASC üzərinə düşən vacib missiyanı ən qısa zamanda yerinə yetirməyi planlaşdırır.

Paylaş
Baxılıb: 244 dəfə

Xəbər lenti

Hamısına bax

31 389 vaksin vurdurdu

20 Oktyabr 16:49

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31