Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Etibar Mirzəyev: Türkiyədəki yanğınlar söndürüldükdən sonra Azərbaycana qürur hissi ilə qayıdacağıq

Etibar Mirzəyev: Türkiyədəki yanğınlar söndürüldükdən sonra Azərbaycana qürur hissi ilə qayıdacağıq

09.08.2021 [19:41]

Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, qardaş ölkəyə yola salınan Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələri təyinat məntəqələrinə çatdıqları andan yanğınlara qarşı mübarizəyə başlayıblar.

AZƏRTAC xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev avqustun 9-da Muğla vilayətinin Köyceğiz rayonunda Azərbaycan mediasının nümayəndələri üçün təşkil olunan brifinqdə deyib.

General-leytenant E.Mirzəyev qeyd edib ki, yanğınların ən güclü vaxtında Azərbaycan yanğınsöndürənləri ümumilikdə 14 rayonda, o cümlədən strateji əhəmiyyətə malik Yeniköy və Kəmərköy İstilik Elektrik stansiyaları yaxınlığında, eləcə də Muğla vilayətinin Köyceğiz, Milas, Kavaklıdere, Marmaris və digər yaşayış məntəqələrində meşə yanğınlarının söndürülməsi üçün fədakarlıqla mübarizə aparıblar. Yeniköy və Kəmərköy İstilik Elektrik stansiyalarının qorunması üçün Azərbaycan yanğınsöndürənlərinin də iştirakı ilə mühafizə zolağı yaradılıb.

Nazir müavini qeyd edib ki, Türkiyədə 240 meşə yanğınını 235-i söndürülüb. Qalan beş yanğının ikisi nəzarət altına alınıb. Üç yanğın ocağında isə söndürmə işlər davam etdirilir. Hazırda Kavaklıdere, Marmaris, Yatağan, Milas və Köyceğiz yanğın bölgəsi sayılır. En riskli məntəqə Köyceğiz bölgəsidir. Biz hazırda Köyceğiz rayonundayıq. Burada dörd kənd - Pınar, Qarayer, Kabakca və Çayhisar kəndlərin yanğınsöndürən dəstələrimiz tərəfindən mühafizə olunur. Mühafizə zolağı 11 kilometr ərazini əhatə edir. 200 nəfərlik dəstə bu zonada sönən yanğınların soyudulması və qalan yanğınların nəzarət altına alınmasını həyata keçirir. Biz bu əraziyə gəldiyimiz andan yanğınlarla mübarizəyə başlamışıq.

FHN-in Türkiyəyə cəlb olunan canlı qüvvə və texnikalarının sayı barədə məlumat verən E.Mirzəyev bildirib: “Hazırda Türkiyədə FHN-in 743 əməkdaşı fəaliyyət göstərir. Bundan başqa, 97 texnika, o cümlədən 77 yanğınsöndürmə, 6 nasos avtomobili, 1 yanacaqdoldurma çəni, 4 qərargah avtomaşını, 2 avtobus və 1 pikap, eləcə də köməkçi texniki vasitələr, “BE-200ÇS” tipli amfibiya təyyarəsi və 1 helikopter Türkiyədə meşə yanğınlarının söndürülməsinə cəlb olunub. Helikopterimiz 134 uçuş həyata keçirib və yanğın bölgəsinə 332 ton su töküb. Amfibiya təyyarəsi isə 76 uçuş həyata keçirib və yanğınların söndürülməsi üçün 615 ton su səpib. Bu texnika və aviasiya vasitələrinin idarə edilməsi üçün biz Türkiyənin müvafiq qurumları ilə koordinasiya şəraitində çalışırıq. Biz bu gün qardaşlarımızın yanındayıq, bütün yanğınlar söndürülənə qədər də burada olacağıq. İnanıram ki, əlavə yanğınlar çıxmasa, bütün yanğınlar qısa müddətdə söndürüləcək. Əminəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin qarşıya qoyduğu bütün tapşırıqları uğurla yerinə yetirəcək və yanğınlar başa çatdıqdan sonra qürur hissi ilə Azərbaycana qayıdacağıq”.

Qeyd edək ki, FHN-in yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət birinci qrup iyulun 30-da Türkiyəyə yola düşüb. Yanğınsöndürənlərimiz təyinat nöqtələrində yanğınların söndürülməsində fədakarlıqla çalışırlar. İyulun 31-də FHN-in 1 helikopter, 53 yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, 1 tibbi yardım avtomobili, 220 yanğınsöndürən və xilasedicidən ibarət ikinci qrupu qardaş ölkəyə yola salınıb. Qrup Gürcüstandan keçməklə iki sutka ərzində Marmarisə çataraq birinci qrupun üzvlərinə qoşulub. Avqustun 5-də səhər saatlarında FHN-in “BE-200ÇS” tipli amfibiya təyyarəsi qardaş ölkəyə yola düşüb. Həmin gün FHN-in 40 yanğınsöndürmə texnikası və 160 yanğınsöndürəndən ibarət üçüncü yanğın-xilasetmə qrupu da Türkiyəyə yola salınıb. Avqustun 6-da axşam saatlarında FHN-in yanğın-xilasetmə qüvvələrinin 200 nəfərdən ibarət dördüncü qrupu təyyarə ilə Türkiyəyə yola salınıb.

Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin başçılığı ilə qurumun məsul vəzifəli əməkdaşlarından ibarət nümayəndə heyəti FHN-in Türkiyədəki qüvvələrinin koordinasiyalı idarə edilməsi məqsədilə qardaş ölkədədir.

Paylaş
Baxılıb: 268 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31