Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Gənc nəslin vətənpərvərlik hisslərinin gücləndirilməsi hər zaman diqqət mərkəzində olmalıdır

Gənc nəslin vətənpərvərlik hisslərinin gücləndirilməsi hər zaman diqqət mərkəzində olmalıdır

10.08.2021 [08:41]

Tələbə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi ADBTİA-nın professor-müəllim heyətinin də başlıca vəzifəsinə çevrilib
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz ötən il 44 günlük Vətən müharibəsində parlaq qələbə qazanaraq torpaqlarımızı işğaldan azad etdi. Bu Zəfər həm də qəhrəman gənclərimizin Vətən borcunu layiqincə yerinə yetirdiyinin göstəricisi idi.
Yeri gəlmişkən, Vətən müharibəsində qəhrəmanlıq göstərib şəhidlik zirvəsinə yüksələn gənclərimiz sırasında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) məzunları da var idi. Akademiyanın mətbuat xidmətinin rəhbəri, Əməkdar jurnalist Qabil Mehdiyev bildirib ki, ADBTİA-nın əməkdaşları, tələbələri və məzunları İkinci Qarabağ müharibəsində cəsarətlə vuruşublar. Düşmənə qarşı silahlanan tələbələrin sayı 75 nəfər olub. Akademiyanın 13 məzunu qəhrəmancasına şəhid olub: “Təhsil ocağımıza daxil olan hər bir kəsin qarşılaşdığı ilk guşə Qarabağ döyüşlərində iştirak edən məzunlarımızla bağlı hazırlanmış monitor olur. Bu monitorda Qarabağ döyüşlərində iştirak edən qəhrəman məzunlarımızın hər biri haqqında məlumat əks olunub. Bundan başqa, şəhid məzunların adları Akademiyanın tədris otaqlarına verilib”.
Mətbuat xidmətinin rəhbərinin verdiyi məlumata görə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası bu tarixi günlərdə də ön cəbhəyə dəstək olub. “ADBTİA-nın tələbələri şəhidlərimizin xatirəsini dərin ehtiramla yad ediblər. İdman menecmenti və kommunikasiya ixtisası üzrə “SABAH” layihəsinin modeli əsasında pilot qrupunun tələbələri üçün onlayn dərslər təşkil edilib. Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərimizin fotoları paylaşılıb, onlar haqqında məlumat təqdim edilib. Sonra tələbələrin hər biri şəhidlərimizin döyüş yolu və göstərdikləri qəhrəmanlıqdan söz açıblar. Şanlı ordumuzun, igid əsgərlərimizin şücaətindən danışıb, şəhidlərimizin azadlıq, müstəqillik, yenilməzlik, qəhrəmanlıq simvoluna çevrildiyini bildirib, xatirələrinin hər zaman uca tutulacağını vurğulayıblar”, - deyə Q.Mehdiyev söyləyib.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbə və məzunlarının İkinci Qarabağ müharibəsində misilsiz rəşadət göstərdiklərini söyləyən qurum rəsmisi onu da vurğulayıb ki, ADBTİA ölkəmizdə yeganə ali təhsil ocağıdır ki, peşəkar məşqçilər və fiziki tərbiyə müəllimləri yetişdirir: “Bizim missiyamız Azərbaycanda sağlam nəsillərin yetişməsinə əhəmiyyətli töhfə verməkdir. Qoyulan hədəflərə çatmaq üçün bu gün Akademiyada bir sıra islahatlar aparılır, gənc nəslin idman sahəsində hərtərəfli biliyə yiyələnməsi məqsədilə müasir şərait yaradılır. Azərbaycanı yalnız peşəkar idman sahəsində deyil, həmçinin idman təhsili sahəsində də aparıcı yerlərdə görmək istəyirik. Bizim məqsədimiz xalqın sağlamlıq və rifahına xidmət etməyə, idmançı kişi və qadınlarımıza uğura gedən yolda yorulmadan dəstək olmağa hazır olan beynəlxalq səviyyəli təhsil təlimçiləri, məşqçilər, idman menecerləri, idman jurnalistləri, fiziki tibb və reabilitasiya mütəxəssisləri hazırlamaqdır”.
Həmçinin o da vurğulanıb ki, Vətən müharibəsinin davam etdiyi günlərdə ötən ilin oktyabr ayının sonundan etibarən Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalı ilə sıx əməkdaşlıq çərçivəsində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Elmi-Tədris Laboratoriyasında ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə müxtəlifdərəcəli bədən xəsarətləri almış hərbi qulluqçuların reabilitasiyasına başlanıb: “Həmin dövrdən reabilitasiya xidməti üçün 70 hərbi qulluqçu Elmi-Tədris Laboratoriyasına qəbul edilib. Bunlardan 13 nəfər hazırda bərpa prosesindən keçir, 43 nəfərin isə reabilitasiyası başa çatıb. 25 nəfər tibbi reabilitasiyanı başa vuraraq qayıdıb. 14 nəfərə isə ixtisaslı (nevroloji, psixiatrik və s.) stasionar yardım tələb olunduğundan onlar müalicəni profil üzrə digər tibb müəssisələrində davam etdiriblər. Onların arasında akademiyanın tələbə qaziləri də var”.
Bu gün gənclərin vətənpərvərlik tərbiyəsinin xüsusilə aktuallıq kəsb etdiyini deyən Qabil Mehdiyev bildirib ki, tələbə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi ADBTİA-nın professor-müəllim heyətinin başlıca vəzifəsinə çevrilib: “Təhsil ocağının professor-müəllim heyəti idmançı-tələbələrə vətəndaşlıq şüurunun aşılanması, onların Vətənə sədaqət ruhunda tərbiyəsi üçün istər dərslər çərçivəsində, istərsə də dərsdənkənar müvafiq işlər görürlər. Müharibə ərəfəsində tələbələrimiz də arxa cəbhədə öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışdılar, müxtəlif onlayn görüşlər keçirdilər. Görüşlərin keçirilməsində məqsəd Vətən müharibəsində qazanılan tarixi qələbə barədə tələbələri məlumatlandırmaq, qəhrəmanlarımızı, şəhidləri böyüməkdə olan gənc nəslə yaxından tanıtmaq, akademiyada vətənpərvərlik hissini aşılamaqdan ibarət idi. Ali Baş Komandana, Azərbaycan Ordusuna sonsuz inamını göstərmək, əsgərlərimizə və xalqımıza ruh yüksəkliyi bəxş etmək üçün Akademiyanın tələbələri 44 günlük Vətən müharibəsi dövründə, pandemiya şəraitinə baxmayaraq, böyük ruh yüksəkliyi ilə vətənpərvərlik nümunəsi göstərdilər”.
Q.Mehdiyev əlavə edib ki, eyni zamanda, şəhid və qazilərin tələbə gənclər arasında tanıdılması, onların qəhrəmanlıqlarının təbliği istiqamətində tədbirlər həyata keçirilir. Həyata keçirilən kompleks tədbirlər sırasında Akademiyanın yeni korpusundakı 13 auditoriyaya məzun şəhidlərin adları verilib. Hazırda otaqların hazırlanması prosesi davam edir.
Müşfiqə BAYRAMLI

Paylaş
Baxılıb: 250 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31