Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Səhiyyə Nazirliyinin baş infeksionisti: Hazırda yoluxanların əksəriyyəti vaksin olunmayanlardır

Səhiyyə Nazirliyinin baş infeksionisti: Hazırda yoluxanların əksəriyyəti vaksin olunmayanlardır

10.08.2021 [12:08]

AZƏRTAC Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazovun müsahibəsini təqdim edir.

-Ölkədə yeni növ koronovirusla (COVID-19) əlaqədar epidemioloji vəziyyət necədir?

-Hazırda COVID-19 ilə bağlı epidemioloji vəziyyətin mənfi dinamikasını müşahidə edirik. Bu, bir tərəfdən gündəlik yeni yoluxma hallarının çoxalması, infeksiyanın aşkar olunması üçün götürülən spesifik test nümunələrində pozitiv nəticələrin faizlə miqdarının, eyni zamanda, aktiv xəstə sayının artımı və xəstəlikdən sağalan insanların yeni xəstələnənlərlə müqayisədə az miqdarda olması ilə özünü göstərir.

-Yoluxma sayındakı artımın səbəblərini nə ilə izah edə bilərik?

-Yoluxma sayının artımına səbəb olan bir neçə əsas faktor var. Pandemiya təcrübəsini nəzərə alsaq görərik ki, yoluxma hallarının azsaylı olduğu dövrlərdə hər dəfə karantin qaydalarında yumşalmalara getdikdə müəyyən vaxt keçdikdən sonra yenidən yoluxma sayında artım baş verir. Çünki infeksiyanın yayılmasında ən önəmli faktor insan təmaslarının artmasıdır. Məhz yumşalmalar buna gətirib çıxarır. Bu gün əvvəlki dövrlərdən fərqli olaraq müxtəlif kütləvi tədbirlərin keçirilməsinə icazə verilib, metronun fəaliyyəti bərpa olunub, iri ticarət mərkəzləri işləyir. Lakin əhalinin müəyyən hissəsində qapalı məkanlarda maskanın taxılması, sosial məsafənin gözlənilməsi və s. kimi qoruyucu tədbirlərə laqeyd münasibəti izləməkdəyik. Vətəndaşlar həm yorulub, həm də arxayınlaşıblar. Digər səbəb isə virusun daha yoluxucu mutant variantlarının ölkəmizə daxil olmasıdır. Ən sürətli yayılan “delta” ştammının da bu artıma töhfə verməsi göz önündədir. Ancaq bir daha əhalinin nəzərinə çatdırmaq istərdim ki, pandemiya hələ ki bitməyib, davam edir və biz bu məsələdə çox diqqətli olmalıyıq.

-Yeni mutant ştammların klinik göstəricilərində hansı fərqlər var?

-Təbii ki, yeni ştammlar klinik gedişi və digər çalarlığı ilə əvvəlkilərdən müəyyən qədər fərqlənir. Müşahidələr göstərir ki, “delta” ştammı klassik ştamdan iki dəfə çox yoluxucu olmaqla yanaşı, daha qısa müddətli gizli dövrdən sonra özünü büruzə verir. Xüsusən də xəstəliyin ilkin başlanğıc əlamətlərində fərqlər hiss edilir. Yəni, bu variantla xəstələnmə zamanı hərarətin daha çox yüksəlməsi ilə yanaşı burun axması, boğazda ağrı, baş ağrısı, ürəkbulanma, qusma, ishal kimi digər əlamətlərə rast gəlinir. Bu, insanları bir qədər çaşdırır. Onlarda adi soyuqlama və ya yüngül keçən digər respirator virusların olması təəssüratını yaradır. Nəticədə, buna əhəmiyyət verilmir, həkimə daha gec müraciət olunur. Xəstələrin müəyyən qismində virus yükü daha yüksək olur, vəziyyətin qəfil pisləşməsi daha tez - birinci həftədə baş verir. Ancaq sonrakı gedişat, xüsusən də fəsad və ağırlaşmalar eynilik təşkil edir. Ümumilikdə, bu variantın daha ağır keçməsi haqda mülahizələr olsa da, bunlar hələlik tam sübut sayılmır. Ancaq qeyd olunan fərqlər əsasında xəstədə məhz “delta” ştammının olmasını təsdiqləmək olmaz. Bunun üçün xüsusi laborator müayinələr mövcuddur.

- Yoluxma sayının artımını əngəlləyən amillər hansılardır?

-Qorunmağın “qızıl” qaydalarına ciddi əməl edilməsini vurğuladım. Digər faktor əhalidə infeksiyaya qarşı immunitetin formalaşmasıdır. Bildiyimiz kimi, bu, iki yolla baş verir: infeksiyaya yoluxaraq təbii yolla və vaksinasiya vasitəsilə. Nə qədər çox əhali kütləsi bu prosesə cəlb olunarsa, epidemioloji durumu bir o qədər nəzarətdə saxlamağa imkan yaranar. Dünya təcrübəsi bunu deməyə əsas verir ki, pandemiyadan xilas olmağın yeganə yolu məhz əhalinin kütləvi vaksinasiyasıdır. Yəni, virus yayanın ətrafında infeksiyaya həssas olmayan şəxslərin sayı artdıqca epidemioloji zəncir qırılır və sonda yoluxma hallarının sayı azalır. Onu da qeyd etmək istərdim ki, COVID-19 infeksiyasına qarşı mövcud peyvəndlərin effektivliyi müxtəlif olsa da, 100 faizli qorunma yoxdur. Yəni, peyvənd olunmuş vətəndaşların əksəriyyəti ya yoluxmur, ya da yoluxarsa belə, infeksiyanı simptomsuz, xəstəliyi daha yüngül keçirir, xəstəxanaya yatırılma hallarının, xüsusən də ağır gedişlərin sayı əhəmiyyətli dərəcədə azalır. Qətiyyətlə demək olar ki, vaksinasiya dünyada yüz minlərlə insanı ölümün pəncəsindən xilas edib. Lakin vaksin olunmuş şəxslər yoluxmadan tam sığortalanmadığı üçün onlar da digərləri kimi qoruyucu vasitələrdən istifadə etməlidirlər.

- Vaksinlər yeni mutant ştamlara təsir göstərə bilirmi?

-Bu barədə müxtəlif araşdırmalar aparılır. Ümumdünya Səhiyyə Təşkilatı istifadəsinə icazə verilmiş bütün vaksinlərin mövcud ştamlara qarşı təsirli olduğunu bəyan edib. Aparılan araşdırmalar onu deməyə əsas verir ki, bu vaksinlərin effektivlik göstəricisi yeni ştamlara münasibətdə bir qədər az olsa da, hələ ki yetərli səviyyədədir. Onu da qeyd etmək lazımdır ki, yalnız kütləvi vaksinasiya yolu ilə virusun artıb-çoxalmasını əngəlləməklə yeni mutasiyaların əmələ gəlməsinin qarşısını almaq mümkündür.

-Ölkədə vaksinasiya prosesi hansı səviyyədədir?

-Son aylarda bu proses daha sürətli gedir. Operativ Qərargah hər gün 40-60 min nəfərin peyvənd olunması haqqında məlumat paylaşır. Ümumilikdə, 5 milyondan çox vətəndaş peyvənd olunub. Onların 2 milyondan çoxu ikinci dozanı vurdurub. Vaksinin qoruyuculuğu ikinci dozadan bir müddət sonra formalaşır. Epidemik prosesin qırılması üçün isə daha çox, yəni kütlənin təxminən 70-80 faizinin tam vaksin olunması məqbul sayılır. Onu deyə bilərəm ki, hazırda yoluxanların böyük əksəriyyəti vaksin olunmayan şəxslərdir. Yadda saxlamaq lazımdır ki, az olsa da peyvənd olunmağa əks-göstərişi olanlar mövcuddur. Peyvənd olunanların sayı artdıqca həmin əhali qrupu da qorunmuş olur.

Paylaş
Baxılıb: 93 dəfə

Xəbər lenti

Hamısına bax

31 389 vaksin vurdurdu

20 Oktyabr 16:49

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31