Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Musa Quliyev: İnsanlar virusdan qorunmaq üçün peyvənd olunaraq immunitetin gücləndirilməsinə üstünlük verməlidirlər

Musa Quliyev: İnsanlar virusdan qorunmaq üçün peyvənd olunaraq immunitetin gücləndirilməsinə üstünlük verməlidirlər

10.08.2021 [20:08]

Koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində Azərbaycan dünyanın ən qabaqcıl ölkələrinin gördüyü bütün tədbirləri vaxtında və lazımınca yerinə yetirdi. Keçən il Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun yayılmasını 2020-ci il martın 11-də pandemiya elan edib. Həmin vaxt planetdə 114 ölkədə ümumilikdə 118 min yoluxma halı qeydə alınmışdı, gündə isə təxminən 5 min yeni hal aşkar edilirdi. Bu hadisədən sonra Prezident İlham Əliyev məsələni dərhal öz nəzarətinə götürdü, lazımi tibbi, texniki, sosial-iqtisadi tədbirlərin həyata keçirilməsi üçün Sərəncam imzaladı. Bu tapşırıq nəticəsində ölkədə qısa müddət ərzində (COVID-19) infeksiyası ilə mübarizədə çox ciddi və mükəmməl səhiyyə infrastrukturu yaradıldı. Həm laboratoriya, həm də klinika sistemləri genişləndirildi, həmçinin müasir avadanlıqlarla təchiz olunaraq yenidən quruldu. Yeni açılan müəssisələrdə mühafizə vasitələri, maskalar, kombinezonlar və dezinfeksiyaedici məhsulların istehsalına başlanıldı, həmçinin koronavirusla mübarizədə ən qabaqcıl ölkələrin tətbiq etdiyi diaqnostika və müalicə üsulları həyata keçirildi. Eyni zamanda, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə də sıx əlaqədə işləyərək bu mübarizəyə dəstək üçün həmin təşkilata 10 milyon dollar məbləğində ianə etdi, həmçinin 30-dan çox ölkəyə birbaşa humanitar yardım göndərdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev ifadə edib.

Musa Quliyev bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatı ölkələrinə sədrlik etdiyi müddət ərzində Prezident İlham Əliyevin təklifi ilə koronavirusla əlaqədar iki dəfə BMT-nin xüsusi sessiyası çağırılıb. Prezident İlham Əliyev tədbirlərdə çıxış edərək pandemiya ilə mübarizəni bəşəriyyət üçün vacib və əhəmiyyətli məsələ kimi vurğulayıb, bütün güclərin birləşdirilməsini tövsiyə edib. Prezident İlham Əliyev bu uzun və çətin mübarizədə əsas rol oynayan vaksinlərin istehsalı prosesində də fəallığını nümayiş etdirərək dünya ölkələrinə peyvənd monopoliyasının qarşısının alınması təşəbbüsü ilə çıxış edib. Təşəbbüsün əsas məğzi yoxsul ölkələrə də vaksin çatdırılması üçün bu sahədə ədalətli bölgünün aparılmasından ibarət idi. Heç də təsadüfi deyil ki, Azərbaycan dünyada vaksindən istifadə edən ilk ölkələrdən biridir. Yəni, bu ilin əvvəllərindən - yanvar ayından dünyada pandemiya ilə mübarizə üçün vaksinasiya prosesi başlayıb. Yanvarın 19-dan etibarən Azərbaycanda vaksinasiya prosesi həyata keçirilir.

Azərbaycanda müxtəlif vaksinlərdən geniş istifadə olunur. Görülən tədbirlər, aparılan əks-epidemik addımlar, o cümlədən karantin tədbirləri zaman-zaman öz müsbət nəticəsini versə də, son zamanlar yenə də koronavirusun yeni dalğasının, xüsusilə “delta” ştamının qonşu ölkələrdə yayılmasından sonra Azərbaycanda da son vaxtlar müşahidə edilməsi daha ciddi tədbirlərin görülməsini tələb edir. Ötən ilin təcrübəsi göstərdi ki, sərt karantin rejiminin uzun müddət davam etməsi həm sosial-iqtisadi, həm də psixoloji cəhətdən cəmiyyətə və dövlətə mənfi təsir edir.

Deputat qeyd edib ki, bunlardan daha əhəmiyyətlisi vaksinasiyanın genişləndirilməsindən ibarətdir. Hazırda 4 milyondan çox insana iki doza vaksin vurulmasına baxmayaraq, hələ də peyvənd olunmayan vətəndaşlarımız var. Bu da xəstəliyin, ümumiyyətlə, “delta” ştamının sürətlə yayılmasına təhlükə yaradır. Yay aylarında karantin rejiminin yumşaldılması, o cümlədən rayonlararası gediş-gəlişin, toy mərasimlərinin bərpa olunması, həmçinin restoranların, kafelərin, ictimai iaşə obyektlərinin, idman zallarının açılması bir tərəfdən əhalinin üzləşdiyi sosial və psixoloji gərginliyi aradan qaldırsa da, digər tərəfdən yeni yoluxma hallarının sürətlənməsinə gətirib çıxardı. Son günlərin statistikası bizi xüsusilə narahat etməkdədir. Çünki həm yoluxanların sayı kəskin artır, həm də ölüm halları çoxluq təşkil edir. Buna görə də reanimasiyalar ağır xəstələrlə dolur, bu da perspektivdə ölüm hallarının daha da artacağı təhlükəsi yaradır. Bunların qarşısını almaq üçün nə etmək lazımdır? Şübhəsiz ki, birinci növbədə, vaksinasiyada stimullaşdırıcı addımlara getməliyik. Gündəlik yoluxanların sayının 1000 nəfəri keçməsi bizə qismən də olsa, karantin rejiminin sərtləşdirilməsi zərurətinin yarandığını göstərir. Yəqin ki, Operativ Qərargah bu barədə də öz tövsiyələrini bildirəcək. İstənilən halda, özünüqoruma tədbirlərini heç vaxt yaddan çıxarmamalıyıq.

“Düzdür, açıq havada maskanın istifadəsi yalnız tövsiyə olunur. Amma sosial məsafəni gözləmək şərti ilə açıq havada da imkan daxilində maskaya keçilməsi xüsusən payızın ilk aylarından başlayaraq məcburi xarakter ala bilər.

İnsanlar, eyni zamanda, xəstəliyə yoluxmamaq və ya onu yüngül keçirmək üçün peyvənd olunaraq immunitetin gücləndirilməsinə üstünlük verməlidirlər”, - deyə deputat qeyd edib ki, bu sahədə vətəndaşların maarifləndirilməsi istiqamətində davamlı işlər həyata keçirilməlidir. Vaksinasiya barədə tədbirlər geniş xarakter almalıdır. Həmçinin peyvənd olunan şəxslərə stimullaşdırıcı üstünlüklər verilə bilər. Bu barədə Avropanın yetərincə təcrübəsi var. Onlardan da istifadə etmək olar.

“Bütövlükdə biz pandemiya ilə mübarizəni necə aparacağımızı və bunun nə zaman bitəcəyini bilmədiyimizə görə bu addımları atmaq zərurətindəyik. Eyni zamanda, həm də ölkə iqtisadiyyatını qorumaq məcburiyyətindəyik. Biz kollektiv şəkildə bu işə məsuliyyətlə yanaşsaq, hesab edirəm ki, itkilərimiz daha da az olar”, - deyə deputat vurğulayıb.

Paylaş
Baxılıb: 275 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31