Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycanda şəhid ailələrinin, müharibə əlillərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində humanist, ədalətli və vicdanlı siyasət həyata keçirilir

Azərbaycanda şəhid ailələrinin, müharibə əlillərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində humanist, ədalətli və vicdanlı siyasət həyata keçirilir

11.08.2021 [09:37]

Prezident İlham Əliyev: Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvləri dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır və biz bunu bu gün əyani şəkildə görürük
Sosial dövlət olan Azərbaycanda ədalətli resurs bölgüsü aparılır və qayğıya ehtiyacı olan bütün vətəndaşlar, ələlxüsus da həssas qruplardan olan insanlar dövlət tərəfindən hərtərəfli şəkildə dəstəklənirlər. Bu baxımdan, respublikamızda şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin daha da möhkəmləndirilməsi istiqamətində görülən işlər təqdirəlayiqdir.
Azərbaycanın müzəffər Silahlı Qüvvələri şəhidlərimizin qisasını döyüş meydanında alaraq düşməni tam məğlubiyyətə uğratdı və ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Postmüharibə mərhələsində isə Azərbaycan dövləti Vətən uğrundan canlarından keçən şəhidlərin ailə üzvlərinin və qazilərin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində əhatə dairəsi kifayət qədər geniş olan tədbirlər həyata keçirir. Prezident İlham Əliyev bir qədər bundan əvvəl Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimindən sonra şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşündəki çıxışında yuxarıda qeyd etiyimiz istiqamətdə görülən işlərə diqqət çəkərək vurğulayıb: “Mən ölkəmizi hansısa bir başqa ölkə ilə müqayisə etmək istəmirəm. Ancaq həyat və gördüyümüz işlər onu göstərir ki, bu sahədə Azərbaycanda aparılan siyasət ən humanist siyasətdir, ən ədalətli siyasətdir və vicdanlı siyasətdir. Çünki Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvləri dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır və biz bunu bu gün əyani şəkildə görürük. Öz sağlamlığını itirmiş, yaralanmış qazilər bütün dövlət orqanları tərəfindən daim qayğı ilə əhatə olunmalıdır və biz bunu təmin edirik”.
Azərbaycan dünyada şəhid ailələrinə, müharibə əlillərinə mənzillər və avtomobillər təqdim edən azsaylı ölkələr sırasında yer alır
İndiyədək dünya üzrə müharibələr bir çox ölkələrdə baş verib. Ancaq müharibələrdə həyatını itirmiş insanların yaxınlarına, müharibə qazilərinə Azərbaycanda olduğu qədər diqqət göstərən, onlara mənzillər, avtomobillər təqdim edən ölkələrin sayı çox azdır və yaxud belə ölkələr, ümumiyyətlə, yoxdur. Ölkəmizdə şəhid ailələrinin və müharibə əlillərinin mənzillərlə təmin olunması proqramı uğurla həyata keçirilir. Xatırladaq ki, Prezident İlham Əliyev 25 yanvar 2021-ci il tarixində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncam imzalayıb. Bu sənəd 2020-ci ildə Ordumuzun həyata keçirdiyi hərbi əməliyyatlar zamanı şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızın ailələrinin və bu müharibə ilə əlaqədar əlilliyi müəyyən edilən şəxslərin də mənzil və ya fərdi evlərlə təminatını nəzərdə tutur. Müvafiq proqramın Bakıda, Sumqayıtda, Abşeron rayonunda cari ilin sonunadək tam icra edilməsi planlaşdırılıb. Respublikamızda Pezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq cari ildə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 3 minədək mənzil və fərdi ev təqdim olunacaq. O cümlədən Bakı, Sumqayıt, Abşeron, Lənkəran, Samux rayonlarında 2500 mənzilin, digər rayonlarda isə 500 fərdi evin tikintisi nəzərdə tutulub. 2021-ci ilin əvvəlindən bəri Ramana, Ümid və Xocasən qəsəbələrində 850 mənzil tikilərək şəhid ailələrinin və müharibə əlillərinin istifadəsinə verilib. Xocasən qəsəbəsində inşa olunan və Prezident İlham Əliyevin iştirakı ilə açılışı keçirilən kompleks 810 mənzildən ibarətdir. Burada 15 ədəd doqquzmərtəbəli bina inşa olunub. Bu dəfə 300 şəhid ailəsi və müharibə əlili mənzillə təmin olunub. Şəhid ailələrinin və müharibə əlillərinin mənzillərlə təmin olunmasını ölkəmizdə aparılan siyasətin təzahürü kimi səciyyələndirən Prezident İlham Əliyev “Bu kateqoriyadan olan insanlara dövlət tərəfindən daim böyük diqqət göstərilir, sözdə yox, əməldə. Bunu təsdiqləyən rəqəmlər özlüyündə bunun göstəricisidir. Çünki son illər ərzində bu sahədə çox böyük işlər görülmüşdür. Bu kompleks də nəzərə alınmaqla, 10 min şəhid ailəsi və müharibə əlili dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin olunub və bu proses davam edir. Keçən il, 2020-ci ildə biz bu istiqamətdə ən böyük göstəriciyə nail olduq -1572 şəhid ailəsi və Qarabağ qazisi evlərlə, mənzillərlə təmin olunmuşdur. Elə keçən il mən demişdim ki, 2021-ci ildə biz öz vətəndaşlarımızı daha böyük sayda evlərlə, mənzillərlə təmin etməliyik və bu gün bunun nəticələrini görürük”, - deyə bildirib.
Bəhs olunan tədbirdə, həmçinin 50 müharibə əlili və onlara bərabər tutulan şəxsə avtomobillər təqdim olunub. Xatırladaq ki, indiyədək respublikamızda 7200 müharibə əlili avtomobillə təmin olunub. 2021-ci ildə, ümumilikdə, 150 avtomobilin müvafiq kateqoriyadan olan şəxslərə verilməsi nəzərdə tutulub.
Şəhid ailələrinin, müharibə əlillərinin məşğulluğunun təmin edilməsi davamlı olaraq diqqət mərkəzində saxlanılır
Respublikamızda şəhid ailələrinin, müharibə əlillərinin məşğulluğunun təmin edilməsi davamlı olaraq diqqət mərkəzində saxlanılır və bu məqsədlə müxtəlif tədbirlər həyata keçirilir. Son vaxtlarda respublikamızda dövlət və özəl qurumlarda şəhid ailələrinin və müharibə qazilərinin vakansiyalara yerləşdirilmələrinə üstünlük verilir. Məlum olduğu kimi, avqustun 3-də paytaxt Bakıda Prezidenti İlham Əliyevin iştirakı ilə 6 saylı “ASAN xidmət” mərkəzi istifadəyə verilib. Burada dövlət orqanlarının bu mərkəzdə fəaliyyət göstərəcək işçiləri də daxil olmaqla, ümumilikdə, 230 əməkdaş və 85 könüllü çalışacaq. Onların mütləq əksəriyyəti isə şəhid ailələrinin üzvləri və qazilərdən, Vətən müharibəsinin iştirakçılarından ibarətdir.
Hazırda şəhid ailələrinin üzvləri, qazilər, həmçinin özünüməşğulluq proqramının da fəal iştirakçılarına çevriliblər. Özünüməşğulluq proqramı ölkəmizdə əhalinin həssas qruplarının məşğulluğunun təmin olunması məqsədilə reallaşdırılır. Prezident İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamı əsasında 2017-ci ilin əvvəlindən icrasına başlanılan səmərəli özünüməşğulluq proqramına bütün respublika miqyasında insanlar böyük maraq göstərirlər. Proqramın uğurla icra edilməsinin məntiqi nəticəsi olaraq əhalinin həssas qruplarının əmək bazarına çıxış imkanları əhəmiyyətli dərəcədə artıb. Ümumilikdə, proqram çərçivəsində iştirakçılara kənd təsərrüfatı və istehsal-xidmət yönümlü 44 iqtisadi fəaliyyət sahəsi üzrə biznes paketi təqdim edilir. 2021-ci ilin 6 ayı ərzində proqrama 7 min nəfər işsiz və işaxtaran şəxs cəlb edilib. Proqrama müraciət edən şəxslər elektron reyestrdə qeydiyyata alınır və müvafiq qiymətləndirmə əsasında növbəlilik prinsipi ilə aktivlərlə təmin olunurlar. Prezident İlham Əliyev respublikamızda özünüməşğulluq proqramının uğurla həyata keçirildiyini diqqətə çatdırıb. “Son illər ərzində ölkəmizdə genişmiqyaslı özünüməşğulluq proqramı icra edilir. Biz hər il özünüməşğulluqla məşğul olmaq istəyənlər üçün vasitələr təqdim edirik və onların sayı artır. Bu il nəzərdə tutulub ki, 16 min insan özünüməşğulluq proqramına cəlb olunacaq, dövlət tərəfindən onlara vasitələr veriləcək və beləliklə, onlar öz gələcək maddi imkanlarını özləri təmin edəcəklər. Özünüməşğulluq proqramına cəlb olunan 16 min nəfər arasında artıq 5 mindən çox şəhid ailələrinin üzvləri və müharibə əlilləri vardır”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Onu da qeyd etmək yerinə düşər ki, Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan özünüməşğulluq proqramının əhatə etdiyi iqtisadi fəaliyyət sahələrinin sırası daha da genişləndirilib. Belə ki, bu siyahıya bir sıra istehsal-xidmət sahələri (aqroturizm, telefon təmiri, çatdırılma xidməti, avtorəngsaz, xalçayuma xidməti, kombi təmiri və quraşdırılması, sanitar qovşağın təmiri və quraşdırılması) əlavə olunub.
Əlamətdar haldır ki, şəhid ailələrinin və müharibə əlillərinin məşğulluq məsələlərinin həllində dövlət qurumları ilə yanaşı, cəmiyyət də yüksək fəallıq göstərir. Şəhid ailələrinin üzvlərinin və qazilərin məşğulluğuna dəstək məqsədi daşıyan “Məşğulluq marafonu”nun bütün respublikada böyük əks-səda doğurması bunu əyani şəkildə təsdiqləyir. Qısa müddətdə marafona qoşulan işəgötürənlərin sayı 300-ü ötüb. Onlar marafonda 1400-dək vakansiya təqdim ediblər.
Mübariz ABDULLAYEV

Paylaş
Baxılıb: 171 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31