Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Abay Kunanbayevin 175 illik yubileyi münasibətilə çap edilən poçt markalarının təqdimatı olub

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Abay Kunanbayevin 175 illik yubileyi münasibətilə çap edilən poçt markalarının təqdimatı olub

11.08.2021 [13:58]

Qazax mədəniyyəti və musiqisindən söz düşəndə, ilk növbədə, böyük şair, mütəfəkkir və bəstəkar Abay Kunanbayev yada düşür. O, təkcə qazax xalqının deyil, bütövlükdə türk dünyasının tarixində parlaq iz buraxıb. Təsadüfi deyil ki, Qazaxıstanın birinci prezidenti Elbası Nursultan Nazarbayev onu “Yol göstərən ulduz” kimi xarakterizə edib. Ulu öndər Heydər Əliyev Abayın 150 illik yubileyində onun yaradıcılığını qazax xalqının fəxri, xoşbəxtliyi adlandıraraq, onun eyni zamanda, bütün bəşəriyyətə, həmçinin Azərbaycan xalqına məxsus olduğunu qeyd etmişdir. Azərbaycanda da Abay Kunanbayevin xatirəsi həmişə əziz tutulur. 2011-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Bakının küçələrindən birinə Abay Kunanbayevin adı verilib. Həmin ildə Bakı Dövlət Universitetində Abay Mərkəzi fəaliyyətə başlayıb. Bu illər ərzində, eyni zamanda, digər türkdilli ölkələrdə – Macarıstanda, Özbəkistanda, Türkiyədə, eləcə də dünyanın müxtəlif ölkələrində Abayın xatirəsi əbədiləşdirilib, onun heykəlləri ucaldılıb. Türkdilli xalqların dahi şəxsiyyətlərinin mədəni irsinin araşdırılması və təbliği Fondun əsas fəaliyyət istiqamətlərindən biridir, bu səpkidə Abayın zəngin yaradıcılığının öyrənilməsi, qorunması təşkilat üçün xüsusi əhəmiyyət kəsb edir. Abayla bağlı layihələr çərçivəsində hazırda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Abay Kunanbayevə həsr olunmuş tamamilə yeni və orijinal kitab hazırlayır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva avqustun 10-da Qazaxıstanın və bütövlükdə türk dünyasının böyük şairi, yazıçısı, bəstəkarı, ictimai xadimi, müasir qazax yazılı ədəbiyyatının banisi Abay Kunanbayevə həsr olunan Abay Günü və onun 175 illik yubileyi münasibətilə Fond tərəfindən buraxılan poçt markalarının təqdimat mərasimində deyib.

G.Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda keçirilən mərasimdə qeyd edib ki, keçən il Abay Kunanbayevin anadan olmasının 175 və Azərbaycan xalqının böyük bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 135 illiyi münasibətilə poçt markaları İspaniyada çap edilərək dövriyyəyə buraxılıb.

Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov görkəmli mütəfəkkir və ictimai xadimin yaradıcılığından, türk dünyasında ona göstərilən dərin hörmət və ehtiramdan, ayrı-ayrı ölkələrdə onun xatirəsinin əbədiləşdirilməsi üçün görülən işlərdən söz açıb. Səfir Abayın yalnız qazax xalqı üçün deyil, bütün bəşəriyyət üçün mənəvi qida olduğunu vurğulayaraq, onun Qazaxıstanın tarixində silinməz iz buraxdığını bildirib. O, Abayın yubiley ilinin, onun zəngin irsinin aktuallığının qeyd edildiyi Prezident Kasım-Jomart Tokayevin "XXI əsrdə Abay və Qazaxıstan" adlı nəşri ilə başladığını vurğulayıb. Səfir, yubiley münasibətilə Fond tərəfindən nəşr edilən poçt markasının böyük şair və bəstəkarın xatirəsinə ehtiramın daha bir ifadəsi olduğunu bildirib.

Daha sonra poçt markaların möhürlənməsi mərasimi keçirilib. Zərfin üzərində yer alan Abay markaları Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Serjan Abdıkarimov tərəfindən imzalanıb və möhürlənib.

Markalar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən türk dünyasının görkəmli nümayəndəsinin zəngin yaradıcılığını daha geniş beynəlxalq auditoriyaya çatdırılması məqsədilə çap edilib. Poçt markalarının üzərində Abay Kunanbayevin təsviri ilə yanaşı, onun yaradıcılıq nümunələri, həmçinin türk dünyasının mədəni dəyərləri və milli musiqi alətləri əks olunub.

Tədbirdə Azərbaycanın Əməkdar artisti Şövqü Hüseynov, Qazax Milli İncəsənət Akademiyasının artisti Akberen Atabay, Azərbaycan Dövlət Akademik Filarmoniyasının artistləri Nəzrin Aslanlı və Yuliya Matorina və gənc ifaçı Amina Nurmuxammedova milli musiqi alətlərinin müşayiəti ilə Abay Kunanbayevin əsərlərindən ibarət mahnı və şeirlər səsləndiriblər.

Sonda xatirə şəkilləri çəkdirilib və hədiyyələr təqdim olunub.

Paylaş
Baxılıb: 116 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31