Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / COVID-19-a qarşı mübarizədə ən effektiv üsul vaksinasiyadır

COVID-19-a qarşı mübarizədə ən effektiv üsul vaksinasiyadır

12.08.2021 [08:53]

Son günlər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma sayı dünya ölkələrində olduğu kimi, Azərbaycanda da artıb. Mütəxəssislərin fikrincə, yoluxma və ölüm sayında artım bu templə davam etsə, məhdudiyyətlərin tətbiqi məsələsi yenidən gündəmə gələ bilər. Virusla ən səmərəli mübarizə üsulu vaksinasiyadır. Ekspertlərin də qeyd etdikləri kimi, hazırda ölkəmizdə COVID-19 infeksiyası əleyhinə vaksinasiya sürətlə aparılır. Belə ki, peyvənd olunanların ümumi sayı 5 milyonu ötüb.
Mövzu ilə bağlı açıqlama verən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mütəxəssisi Könül İsmayılova bildirib ki, vətəndaşların vaksinasiya prosesinə daha fəal qoşulmaları çox mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bunun sayəsində, tez bir müddətdə virusla mübarizədə üstünlük əldə edə bilərik: “Vaksinasiyanın effektivliyini özümüz də müəyyənləşdirməyə çalışırıq. Hazırda bu məqsədlə İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən tibb işçiləri üzərində tədqiqat aparılır. Tədqiqata 1500-ə yaxın tibb işçisi cəlb olunub. Onlardan peyvəndləmədən əvvəl və sonra qan analizləri götürülərək müəyyən göstəricilər yoxlanılır. Araşdırmanın ilkin nəticəsi müsbətdir. Ümid edirəm ki, həmin tədqiqatın son nəticəsi tezliklə ictimaiyyətə açıqlanacaq. Dünyada da peyvəndlərin effektivliyinə və onların “delta” ştamına təsirinə dair araşdırmalar davam edir. Britaniya İctimai Səhiyyəsinin məlumatına görə, vaksinasiyadan keçənlər arasında COVID-19-a yoluxma halları peyvənd olunmayanlara nisbətən üç dəfə azdır”.
Könül İsmayılova onu da bildirib ki, COVID-19 ilk dəfə aşkarlanan dövrdən indiyədək müəyyən zaman keçib və Azərbaycan səhiyyəsinin dünya praktikasına əsaslanan təcrübəsi var: “Virus, onun mutasiyaları, yoluxma forması, kimlərdə ağırkeçmə ehtimalına dair kifayət qədər məlumata sahibik. Əvvəl virusla mübarizə üçün əlimizdə, sadəcə, tibbi maska taxmaq, əl gigiyenasına əməl etmək və məsafə saxlamaq kimi profilaktik tədbirlər var idi. Hazırda isə COVID-19-la mübarizədə ən effektiv üsul olan peyvəndlər mövcuddur”.
“Arxayınlaşmamaq, sosial məsafəni gözləmək, izdihamlı mühitlərdən çəkinmək, əl gigiyenasına əməl etmək, dezinfektantlardan istifadə etmək, kütləvi toplaşma yerlərində qoruyucu maska taxmaq vacibdir. Həmçinin peyvəndləmə prosesində aktiv iştirak önəmlidir”, - deyə mütəxəssis qeyd edib.
MÜŞFiQƏ

Paylaş
Baxılıb: 172 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31