Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq münasibətləri əbədi və sarsılmazdır

Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq münasibətləri əbədi və sarsılmazdır

12.08.2021 [09:22]

Prezident İlham Əliyev: Bizi birləşdirən bir çox amillər var, ilk növbədə, tarix, mədəniyyət, ortaq etnik köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı bu birliyi təmin edib
Azərbaycan və Türkiyə arasındakı dostluq, qardaşlıq münasibətləri dərin tarixi köklərə malikdir. Bu gün çox haqlı olaraq ölkələrimiz və xalqlarımız arasında olan münasibətlər dostluğun, qardaşlığın zirvə nöqtəsi kimi dəyərləndirilir. Son dövrlərdə baş verən olaylar - ötən il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın böyük Zəfərlə yekunlaşdırdığı 44 günlük Vətən müharibəsi, işğaldan azad olunmuş ərazilərdə ölkəmizin postmüharibə mərhələsində start verdiyi bərpa işləri, tarixi Şuşa Bəyannaməsinin imzalanması, həmçinin Türkiyənin ayrı-ayrı bölgələrində baş verən yanğınların qarşısının alınması istiqamətində birgə fəaliyyət Azərbaycanla Türkiyənin bir-birinə necə möhkəm tellərlə bağlı olduqlarını bütün dünyaya bir daha göstərdi.
Azərbaycanla Türkiyə dünya miqyasında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstərirlər
Azərbaycan və Türkiyə arasındakı əsl dostluq və qardaşlıq münasibətlərinin mahiyyəti xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ifadə etdiyi “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün zamanında söylədiyi “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarında dəqiq ifadə olunub. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev cari il iyunun 15-də Şuşa Bəyannaməsinin imzalanmasından sonra mətbuata verdiyi bəyanatında qeyd edib ki, bu gün Türkiyə və Azərbaycan bir-birinə dünya çapında ən yaxın olan ölkələrdir. “Bizi birləşdirən bir çox amillər var, ilk növbədə, tarix, mədəniyyət, ortaq etnik köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı bu birliyi təmin edib. Bu gün biz dünya miqyasında, dünya çapında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstəririk”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Azərbaycanla Türkiyə arasında münasibətlərin hazırkı yüksək səviyyəsindən danışarkən bir məqamı xüsusilə diqqətə çatdırmaq lazımdır. Bu da ondan ibarətdir ki, hər iki ölkədə əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə həm dövlətlər səviyyəsində güclü siyasi iradə göstərilir, eyni zamanda, cəmiyyətlər də buna böyük maraq nümayiş etdirirlər. Ölkələrimiz arasında siyasi dialoq yüksək dinamizm ilə fərqlənir. Qarşılıqlı hörmətin və etimadın ifadəsi olaraq Azərbaycan Prezidenti dövlət başçısı seçildikdən sonra ilk səfərini, bir qayda olaraq, Türkiyəyə edir, eləcə də Türkiyə Prezidenti dövlət başçısı statusunda ilk səfərini respublikamıza reallaşdırır. Bu ənənə digər səviyyələrdə də davam etdirilir.
Siyasi dialoqun dinamizminə uyğun olaraq iki ölkə arasında iqtisadi sahədə əməkdaşlıq davamlı olaraq genişlənir. Qarşılıqlı investisiya qoyuluşunu və ticarət dövriyyəsini artırmaq üçün möhkəm hüquqi baza mövcuddur. Belə ki, indiyədək Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlığın perspektiv inkişafını özündə ehtiva edən bir sıra sənədlər imzalanıb. Hökumətlərarası Komissiyanın cari ilin fevralında Ankarada baş tutan son iclasında isə sənaye və texnologiya, enerji, müdafiə, mədəniyyət və turizm, nəqliyyat və kommunikasiya, kənd təsərrüfatı və qida təhlükəsizliyi, təhsil, gənclər və idman kimi sahələrdə əməkdaşlıq imkanları müzakirə edilib və bir sıra önəmli qərarlar qəbul olunub. Hökumətlərarası Komissiyanın iclasından sonra keçirilən mətbuat konfransında bildirildiyi kimi, COVID-19 pandemiyasının mənfi təsirlərinə baxmayaraq, Azərbaycan və Türkiyə arasında ikitərəfli ticarət əlaqələri 2020-ci ildə əvvəlki illə müqayisədə 14 faiz artaraq 4,6 milyard dollara çatıb. Ölkələrimiz qarşıya 2023-cü ilədək ticarət dövriyyəsinin həcmini 15 milyard dollara çatdırmaqla bağlı real hədəf qoyublar. Bu gün Türkiyə ilə Azərbaycan arasındakı əməkdaşlığın dərinləşməsində 2019-cu ildə imzalanmış Preferensial Ticarət Sazişi mühüm yer tutur. Məlumat üçün bildirək ki, Türkiyə şirkətləri Azərbaycanda indiyədək 400-dən çox layihə həyata keçiriblər. Azərbaycanlı iş adamları da qardaş ölkədə yüksək fəallıq nümayiş etdirirlər. Hazırda Türkiyədə Azərbaycan kapitallı 2 minə yaxın şirkət fəaliyyət göstərir.
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən cari ilin iyun ayında imzalanmış Şuşa Bəyannaməsi ilə ölkələrimiz arasında münasibətlər ən yüksək zirvəyə yüksəlib. Sənəddə iki ölkənin bundan sonrakı müttəfiqliyinin və işbirliyinin mühüm istiqamətləri öz əksini tapıb. Şuşa Bəyannaməsində beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətin uzlaşdırılması, siyasi, hərbi iqtisadi-ticarət əlaqələri, həmçinin mədəniyyət, təhsil, idman, gənclər siyasəti kimi sahələr əhatə olunub. Sənədin önəminə diqqət çəkən Prezident İlham Əliyev “Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır”, - deyə vurğulayıb.
Azərbaycan və Türkiyə daim bir-birinin yanındadır
Azərbaycan və Türkiyə tarixboyu həm çətin, həm də xoş günlərdə həmişə bir-birilərinin yanında olublar. İki ölkə, iki xalq xoş günlərin sevincini birgə bayram etdiyi kimi, ən çətin məqamlarda da bir-birilərinə arxa, dayaq durmağı bacarır. Qardaş ölkə artıq tarixdə qalan Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi üç onillik ərzində həmişə Azərbaycana dəstək verirdi. Biz Türkiyənin qətiyyətli dəstəyini 44 günlük Vətən müharibəsi zamanı bir daha gördük. Müharibənin ilk günlərindən başda qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla əksər yüksəksəviyyəli rəsmiləri Türkiyənin Azərbaycanın yanında olduğunu bildirən bəyanatlarla çıxış etdilər. Türkiyənin bu mənəvi-siyasi dəstəyi Azərbaycana güc verdi. Nəticədə, Silahlı Qüvvələrimiz 44 günlük müharibədə şanlı Qələbə qazanaraq respublikamızın ərazi bütövlüyünü təmin etdi. Postmüharibə mərhələsində də qardaş Türkiyə Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə start verdiyi genişmiqyaslı bərpa işlərində yaxından iştirak edir. Prezident İlham Əliyev Türkiyənin Vətən müharibəsində Azərbaycana dəstəyini yüksək dəyərləndirib. “İkinci Qarabağ müharibəsi başlanan gündən, ilk saatlardan əziz qardaşım, sayın Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə etmişdir. Müharibənin ilk saatlarından o demişdir ki, Azərbaycan tək deyil. Bu, həm bizi ruhlandırdı, eyni zamanda, müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı, durdurdu. Dedi ki, Türkiyə Azərbaycanın yanındadır və müharibənin ilk saatlarından son dəqiqələrinə qədər əziz qardaşımın və Türkiyə Cümhuriyyətinin, qardaş türk xalqının dəstəyi bizə əlavə güc verirdi”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Azərbaycan da Türkiyənin problemlərinə, üzləşdiyi çətinliklərə həmişə yüksək həssaslıqla yanaşır. Məlum olduğu kimi, artıq xeyli müddətdir ki, qardaş Türkiyə dövləti ölkənin bir sıra bölgələrini cənginə alan şiddətli meşə yanğınları ilə mübarizə aparır. Azərbaycan meşə yanğınları ilə mübarizədə ilk günlərdən Türkiyənin yanında yer alır. İndiyədək Prezident İlham Əliyev qardaş ölkənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğana bir neçə dəfə telefonla zəng edərək meşə yanğınları ilə mübarizədə Azərbaycanın hər cür kömək göstərməyə hazır olduğunu bildirib. Dövlət başçısının tapşırığına uyğun olaraq hazırda Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvəsi və texnikası Türkiyənin ayrı-ayrı bölgələrində meşə yanğınlarının söndürülməsində iştirak edirlər. Türkiyəyə ezam olunan Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev bu barədə məlumat verərək bildirib ki, FHN-in yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət birinci qrup iyulun 30-da Türkiyəyə yola düşüb. Hazırda Türkiyədə FHN-nin 743 əməkdaşı fəaliyyət göstərir. Bundan başqa, 97 texnika, o cümlədən 77 yanğınsöndürmə, 6 nasos avtomobili, 1 yanacaqdoldurma çəni, 4 qərargah avtomaşını, 2 avtobus və 1 pikap, eləcə də köməkçi texniki vasitələr, “BE-200ÇS” tipli amfibiya təyyarəsi və 1 helikopter Türkiyədə meşə yanğınlarının söndürülməsinə cəlb olunub. Azərbaycanın yanğın-xilasetmə qüvvələri qardaş ölkədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına qarşı aparılan əməliyyatlarda yerli qüvvələrlə koordinasiya olunmuş şəkildə fəaliyyət göstırirlər. Yanğın-xilasetmə qüvvələrimizin fədəkarlığı artıq Türkiyədə dillər əzbərinə çevrilib.
Mübariz ABDULLAYEV

Paylaş
Baxılıb: 166 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31