Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Praqmatik xarici siyasət kursu Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsini təmin edib

Praqmatik xarici siyasət kursu Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsini təmin edib

13.08.2021 [08:51]

Müstəqil Azərbaycan dövləti milli maraqlara əsaslanan praqmatik xarici siyasət kursu həyata keçirir. Eyni zamanda, ölkəmiz dünyada meydana çıxan yeni çağırışlar fonunda beynəlxalq həmrəyliyin güclənməsinə davamlı töhfələr verir. Ölkəmizin xoş mərama əsaslanaraq irəli sürdüyü təşəbbüslər dünya ölkələri və müxtəlif beynəlxalq təşkilatlar arasında körpülərin yaradılmasına, etimad mühitinin möhkəmlənməsinə, əlaqələrin intensivləşməsinə xidmət edir. 2008-ci ildə Azərbaycanın təşəbbüsü ilə başlayan “Bakı prosesi” bu gün İslam aləmi ilə Avropa ölkələrini əlaqələndirən çox mühüm platforma qismində çıxış edir. Ölkəmiz bu missiyasını, həmçinin sədrlik fəaliyyətini uğurla həyata keçirdiyi Qoşulmama Hərəkatı çərçivəsində də davam etdirir. Xatırladaq ki, Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında ötən ilin may ayında keçirilən Zirvə görüşündə 120 ölkə təmsil olunub, eyni zamanda, tərkibində 55 dövləti birləşdirən Afrika İttifaqı da bu tədbirə qoşulub. Bundan başqa, 27 dövlətin yer aldığı Avropa İttifaqı ilk dəfə olaraq Qoşulmama Hərəkatının tədbirinə qatılıb. Bu gün respublikamızın həm İslam Əməkdaşlıq Təşkilatında (İƏT), həm də Avropa İttifaqında (Aİ) uğurla təmsil olunması da unikal bir hadisədir.
Yeri gəlmişkən, Azərbaycanın xarici siyasət kursunda prioritet istiqamətlərdən birini İslam ölkələri ilə əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi təşkil edir. Azərbaycanın İƏT-lə əməkdaşlığının hazırkı yüksək səviyyəsi məmnunluq doğurur. Xatırlatmaq yerinə düşər ki, İslam Əməkdaşlıq Təşkilatı 1969-cu ildə müsəlman ölkələri arasında həmrəyliyin və əməkdaşlığın gücləndirilməsi, İslam dəyərlərinin və irsinin qorunması məqsədilə təsis edilib. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra keçmiş sovet respublikaları arasında ilk olaraq İƏT-ə üzv olmaq barədə müraciət ünvanlayıb və 1991-ci il dekabrın 8-də qurumun Dakarda keçirilmiş dövlət və hökumət başçılarının 5-ci konfransında təşkilata tamhüquqlu üzv qəbul edilib. Ötən dövrdə Azərbaycanın müsəlman dünyasında böyük nüfuza malik dövlətə çevrilməsi ölkəmizin apardığı siyasətin məntiqi nəticəsidir.
Bu gün Azərbaycan İslam ölkələri arasında həmrəyliyin möhkəmlənməsinə sanballı töhfələr verir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2017-ci il ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunub. Ölkəmizin IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməsi İslam aləminə və bütün dünyamıza əmin-amanlıq, həmrəylik çağırışları kimi qiymətləndirilməlidir.
Öz növbəsində, İƏT Azərbaycanın beynəlxalq səviyyədə İslam və digər sivilizasiyalar arasında əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfələri yüksək dəyərləndirir. Qurum Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətini də həmişə birmənalı şəkildə pisləyib. İƏT ötən dövr ərzində Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən 80-dən artıq qətnamə qəbul edib. 2016-cı ildə Təmas Qrupunun təsis edilməsi İƏT-in Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə necə böyük önəm verdiyini əyani şəkildə təsdiqləyir.
Dünyada nüfuzu getdikcə artan İƏT Azərbaycana növbəti birmənalı dəstəyini ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində göstərdi. İƏT müharibənin ilk günlərindən Azərbaycana mənəvi-siyasi dəstək verdi. Bu, ədalətli müharibə aparan ölkəmizə, ordumuza əlavə güc verdi və biz 44 günlük müharibədə şanlı qələbə qazanaraq ərazi bütövlüyümüzü təmin etdik.
Azərbaycanın milli maraqlara əsaslanan praqmatik və çoxvektorlu xarici siyasət kursundan bəhs edərkən respublikamızın Avropa İttifaqı ilə münasibətlərinin inkişafına da ayrıca nəzər salmaq lazımdır. Avropanın aparıcı ölkələrini öz sıralarında birləşdirən Aİ ilə Azərbaycan arasında siyasi dialoq yüksək səviyyədədir. Bir qədər bundan əvvəl Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin ölkəmizə səfəri bunu bir daha təsdiqləyir. Deyə bilərik ki, bu səfərlə Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin inkişafında yeni səhifə açılıb.
Azərbaycanla Avropa İttifaqı arasındakı siyasi dialoqun yüksək səviyyəsinə uyğun olaraq digər istiqamətlərdə də əməkdaşlıq uğurla inkişaf edir. Siyasi təmaslar əməkdaşlığın şaxələndirilməsi üçün çox yaxşı təməl yaradır. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ölkəmizin ticarətinin, demək olar ki, 40 faizi Avropa İttifaqı ilə aparılır. Ötən il Azərbaycanın Aİ ilə ticarət dövriyyəsi 9,5 milyard ABŞ dolları təşkil edib. Hazırda respublikamızın Avropa İttifaqına üzv dövlətlərlə ixracının həcmi 6,8 milyard ABŞ dolları təşkil edir. Aİ-yə üzv dövlətlərdən olan 1700-dən çox şirkət ölkəmizdə uğurla fəaliyyət göstərir. Ölkəmiz, həmçinin Aİ-yə üzv dövlətlərlə ikitərəfli əlaqələrdə çox böyük fəallıq göstərir. İndiyədək Azərbaycanla Avropa İttifaqının 9 üzv dövləti arasında strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb.
Azərbaycanla Aİ arasındakı əməkdaşlığın mühüm bir istiqaməti, sözsüz ki, enerji təhlükəsizliyi ilə bağlıdır. Azərbaycan Avropa istehlakçılarının etibarlı xam neft təchizatçısıdır. 2020-ci ilin dekabrında Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP istifadəyə verildikdən sonra respublikamız Avropa ölkələrinə, həmçinin “mavi yanacaq” ixrac etməyə başlayıb.
Diqqətçəkən mühüm məqamlardan biri də Avropa İttifaqının Azərbaycanın ötən il Vətən müharibəsində qazandığı şanlı Qələbə sayəsində regionda yaratdığı yeni reallıqlara münasibəti ilə bağlıdır. Şarl Mişel ölkəmizə səfəri çərçivəsində mətbuata verdiyi bəyanatında “Dağlıq Qarabağ”, “status” və s. bu kimi ifadələr işlətmədi. Bu, onu göstərir ki, Aİ 44 günlük müharibədən sonra yaranmış yeni reallığı başa düşür və regionla bağlı siyasətində bu reallığı nəzərə alır.
Mübariz ABDULLAYEV

Paylaş
Baxılıb: 174 dəfə

Xəbər lenti

Hamısına bax

Yolumuz mübarək!

28 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31