Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Etibar Mirzəyev: Türkiyəyə təkcə yanğınları söndürmək üçün deyil, yeni dostluq və qardaşlıq səhifəsini yazmağa gəldik

Etibar Mirzəyev: Türkiyəyə təkcə yanğınları söndürmək üçün deyil, yeni dostluq və qardaşlıq səhifəsini yazmağa gəldik

13.08.2021 [18:48]

Biz Türkiyəyə təkcə yanğınları söndürmək üçün deyil, yeni dostluq və qardaşlıq səhifəsini yazmağa gəldik.

AZƏRTAC-ın Türkiyəyə ezam olunan müxbiri xəbər verir ki, bu sözləri fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev avqustun 13-də azərbaycanlı jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.

Prezident İlham Əliyevin Türkiyədəki yanğınların qarşısının alınması və geniş miqyas almasına imkan verilməməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) qarşısında qoyduğu vəzifələrin tam icra edildiyini vurğulayan nazir müavini bildirib ki, avqustun 12-də Muğladakı böhran mərkəzində keçirilən toplantıda yanğınların tam söndürülməsi haqqında rəsmi olaraq məlumat verilib: “Bu müddətdə yerli yanğınsöndürənlərlə çiyin-çiyinə yanğınların söndürülməsinə və soyutma işlərinin aparılmasına nail olmuşuq. Əsas məqsəd yanğınların strateji bölgələrə və yaşayış məntəqələrinə yaxınlaşmasının qarşısını almaq olub”.

FHN-in yanğın-xilasetmə qrupunun iyulun 30-dan başlayaraq dörd mərhələdə Türkiyənin Muğla vilayətinə gəldiyini vurğulayan nazir müavini bildirib: “Gəldiyimiz ilk gündən yanğınlara qarşı mübarizədə fəal iştirak etmişik. Yeniköy və Kəmərköy istilik-elektrik stansiyalarının yaxınlığındakı yanğınlar çox şiddətli idi. Bu ərazilərdə yanğınların söndürülməsində və stansiyaların mühafizəsində FHN-in əməkdaşları böyük fədakarlıq göstəriblər. Qeyd olunan bölgələrdə baş verən yanğınlar söndürülüb. Hazırda həmin bölgələrdə əməkdaşlarımız növbəli rejimdə mühafizə xidməti aparırlar”.

E.Mirzəyev qeyd edib ki, bundan əlavə qüvvələrimiz Köyceğiz rayonunun Pınar, Karayer, Kavakçık, Çayhisar, Zeytunalanı, Otmanlar, Çöğənli məntəqələrində yanğınlarla mübarizə aparıblar: “Yatağan bölgəsində, Hacıvelilər, Yumaklı, həmçinin Aydın vilayətinin Çinə, Akçaova, Kabaklıdərə bölgələrində Kabaklı-Hüseyn yaylasında, Seyidli-Kəmərdə, Menteşedə, Qazeller, Muğlanın düzənlik sahəsində, Kozaağac, Yılanlı dağ silsiləsində yanğınların söndürülməsinə nail olmuşuq. Bundan başqa, Marmarisdə Orhaniyə, Hisarönü, Armudla, Dəyirmanyanı, Açparan, Turqut, Fethiye bölgələri, Dalaman hava limanının ətrafı, Dənizli vilayətində Buldak, Tavas, Burduk-Bucak bölgələrində də yanğınların söndürülməsi üzrə verilən tapşırıqlar uğurla yerinə yetirilib”.

General-leytenant bildirib: “Yanğın bölgəsində FHN-in 743 nəfərlik şəxsi heyəti, 97 texnikası, 1 helikopteri və 1 amfibiya təyyarəsi fəaliyyət göstərir. Təyyarə və helikopterimiz Dalaman hava limanının ətrafı, Köyceğiz, Çayırova, Yatağab-Yumaklı, Menteşe-Kocazağ, Milas-Yeniköy, Seyidli-Kəmər, Aydın-Akçaova, Antalya-Kaş, Burduk-Bucak və İzmir şəhərlərində yanğınlara qarşı mübarizə aparıblar”.

Nazir müavini qeyd edib ki, amfibiya təyyarəsi 98 uçuş həyata keçirərək yanğın bölgələrinə 837 ton su boşaldıb. Helikopter isə 204 uçuş həyata keçirib və 567,5 ton su səpib. Türkiyədəki aviasiya vasitələrimiz yanğın bölgələrinə ümumilikdə 1404 ton su boşaldıb.

FHN-in yanğın-xilasetmə qüvvələrinin əməkdaşlarının Türkiyəyə gəldikləri andan yanğınlara qarşı yerli yanğınsöndürənlərlə çiyin-çiyinə mübarizə apardıqlarını qeyd edən general-leytenant E.Mirzəyev deyib: “Avqustun 12-də Böhran İdarəetmə Mərkəzində keçirilən iclasda Azərbaycan xalqına, xüsusilə Prezident İlham Əliyevə minnətdarlıq ifadə olundu. Biz buraya təkcə yanğınları söndürmək üçün deyil, yeni dostluq və qardaşlıq səhifəsini yazmağa gəldik. Getdiyiniz bütün ərazilərdə bizə xüsusi doğmalıq göstərilib. Mən həmişə qeyd etmişəm ki, türk xalqı böyük xalqdır, Türkiyə böyük dövlətdir. Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı ən qədim dövrlərə söykənir. Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev bu qardaşlıq münasibətlərimizin daha da inkişafında yeni səhifələr açıblar. Bizim buradakı fəaliyyətimiz Türkiyə dövləti və xalqı tərəfindən alqış və sevinc hissi ilə qarşılanıb. Biz də Türkiyə xalqına və Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkürümüzü bildiririk”.

FHN-in əməkdaşlarının heç bir ciddi xəsarət almadığını deyən E.Mirzəyev söyləyib: “Marmarisdəki Böhran İdarəetmə Mərkəzində keçirilən toplantının nəticələri barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərova məruzə etmişik. Xüsusi tapşırıq və göstərişlər aldıq. Qısa müddət ərzində bölgəni tərk edəcəyik. Hazırda 350 nəfərlik şəxsi heyət və 54 yanğınsöndürmə avtomobili ərazidə növbədir. Bazar gününədək heç bir hadisə baş verməsə, bu qüvvələri bazalara çəkəcəyik. Bütün avtomobillər və texnikalar baxışdan keçiriləcək. Bazar günü və ya bazar ertəsi Vətənə qayıdacağıq”.

Paylaş
Baxılıb: 117 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31