Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “ASAN xidmət” mərkəzlərində vətəndaşlara rahat və şəffaf xidmətlər göstərilməsi yüksək səviyyədə təmin edilir

“ASAN xidmət” mərkəzlərində vətəndaşlara rahat və şəffaf xidmətlər göstərilməsi yüksək səviyyədə təmin edilir

14.08.2021 [08:49]

Prezident İlham Əliyev: “ASAN xidmət”, sadəcə olaraq, bir xidmət mərkəzi deyil, tamamilə yeni bir təfəkkürün ortaya qoyulması, ictimai münasibətlərdə tamamilə yeni fəlsəfənin tətbiq edilməsidir

Azərbaycanda vətəndaşlara ictimai xidmətlərin göstərilməsinin təkmilləşdirməsi və bu sahədə insanların məmnunluq səviyyəsinin artırılması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Təsadüfi deyil ki, son illərdə respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsi əsasında aparılan islahatların böyük bir qismi ictimai xidmətlər sektorunu, həmçinin şəffaflığın artırılmasını, İKT texnologiyalarının tətbiqi sahələrinin genişləndirilməsini, vətəndaş-məmur təmaslarının minimuma endirilməsini və bu kimi digər mühüm istiqamətləri əhatə edir. Deyilənlər baxımından, ölkəmizdə “ASAN xidmət” mərkəzlərinin şəbəkəsinin genişləndirilməsi təqdirəlayiq haldır. Elə bu günlərdə Prezident İlham Əliyev 6 saylı Bakı “ASAN xidmət” Mərkəzinin açılışında iştirak edib. Açılış mərasimində məlumat verilib ki, 6 saylı Mərkəzdə müxtəlif dövlət orqanları, özəl şirkətlər və kommunal xidmət qurumları qeydiyyat yerindən asılı olmayaraq, bütün vətəndaşlara, ümumilikdə, 320-dən çox xidmət göstərəcəklər. Dövlət orqanlarının bu mərkəzdə fəaliyyət göstərəcək işçiləri də daxil olmaqla, ümumilikdə, 230 əməkdaş və 85 könüllü çalışacaq. Onların mütləq əksəriyyəti şəhid ailələrinin üzvləri və qazilərdən, Vətən müharibəsinin iştirakçılarından ibarətdir.

“ASAN xidmət” ölkəmizdə qısa müddət ərzində ictimai xidmətlər sahəsində inqilabi dəyişikliklərə yol açıb

Azərbaycanın vətəndaşlara müxtəlif dövlət xidmətlərinin təqdim olunması zamanı inklüzivliyin yüksək səviyyədə təmin edilməsi ilə bağlı qarşıya qoyduğu hədəf odur ki, ölkədə həm qanunçuluq, nizam-intizam, şəffaflıq yüksək səviyyədə təmin edilsin, həm də vətəndaş məmnunluğu artsın. Müasirləşməni strateji hədəf kimi müəyyənləşdirən Azərbaycan dövlət xidmətlərinin zamanın dəyişən çağırışlarına uyğun təkmilləşdirilməsi və bu sahədə əlçatanlığın, rahatlığın artırılması siyasətini yeni innovativ həllərin, o cümlədən informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqini özündə ehtiva edən platformalar üzərindən reallaşdırmağa üstünlük verir. Ölkəmizin qarşıya qoyulan bu kimi məqsədlərə çatmaq üçün seçdiyi “ASAN xidmət” sistemi deyilənlər baxımından unikal bir platformadır. Prezident İlham Əliyev Ağcabədidə “ASAN Həyat” kompleksi ilə tanışlıqdan sonra ASAN könüllüləri ilə görüşdəki çıxışında bəhs olunan platformanın üstünlüklərini diqqətə çatdıraraq vurğulayıb: “Bu gün biz elə bir mükəmməl sistem yaratmışıq ki, haqlı olaraq bununla fəxr edə bilərik. İnsanların rahatlığını, ədaləti, şəffaflığı təmin etdik. Ona görə “ASAN xidmət”, sadəcə olaraq, bir xidmət mərkəzi deyil, tamamilə yeni bir təfəkkürün ortaya qoyulması, ictimai münasibətlərdə tamamilə yeni fəlsəfənin tətbiq edilməsidir. Ölkəmizin müasir inkişafı ilə tam uzlaşan bir təşəbbüsdür, böyük bir layihədir. Bunun çox böyük ictimai mənası var”.

Xatırladaq ki, respublikamızda dövlət başçısının müvafiq Fərmanı əsasında 2012-ci il iyulun 13-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradılıb və onun tabeliyində olan “ASAN xidmət” mərkəzləri fəaliyyətə başlayıb. Dövlət idarəçiliyi sahəsində islahatların tərkib hissəsi kimi yaradılan “ASAN xidmət”in respublikamızda yüksək populyarlıq qazanması üçün böyük zaman kəsiyi lazım gəlməyib. Bakıda pilot layihə kimi əsası qoyulan “ASAN xidmət” mərkəzləri özünü doğruldub və respublikamızda qısa müddətdə bu şəbəkənin coğrafiyası regionlara doğru genişlənib. Dövlət başçımızın iştirakı ilə istifadəyə verilən yeni “ASAN xidmət” mərkəzi Bakıda 6-cı, ölkə üzrə isə 21-cidir. Açılış mərasimində bildirildiyi kimi, hazırda fəaliyyət göstərən 20 “ASAN xidmət” mərkəzinin 5-i Bakıda, digərləri isə bölgələrdədir. Bakı, Gəncə və Sumqayıtda növbəti, Lənkəran, Salyan və Naxçıvanda isə ilk “ASAN xidmət” mərkəzləri inşa olunur. Regionlarda 10 səyyar “ASAN xidmət” avtobusu və səyyar “ASAN qatar” vasitəsilə vətəndaşlara xidmətlərin göstərilməsi də davam etdirilir. Bu günədək “ASAN xidmət”ə 7 milyon 465 mindən çox vətəndaşın 45 milyondan artıq müraciəti daxil olub. Keçirilən rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,5 faiz təşkil edir. “ASAN xidmət mərkəzlərinin fəaliyyətindən razılığını bildirən Prezident İlham Əliyev “Demək olar ki, 100 faiz vətəndaşlarımız “ASAN xidmət” mərkəzlərindən məmnundurlar. Bu da təbiidir. Əslində bizim niyyətimiz də, istəyimiz də insanlar üçün çox gözəl, rahat və şəffaf xidmət yaratmaqdır. Biz buna nail ola bildik”, - deyə bildirib.

“ASAN xidmət” Azərbaycan dövlətinin müasir yanaşmasını nümayiş etdirir. Bu platformanın tətbiqi ölkəmizdə innovasiyaların inkişafına da çox böyük təkan verib. Artıq gözəl ənənə yaranıb.  Ölkəmizin bu və ya digər regionunda hər dəfə yeni “ASAN xidmət” mərkəzi istifadəyə verilərkən mütləq innovativ tətbiqlər də təqdim olunur. Bu baxımdan, yuxarıda bəhs olunan açılış mərasimi də istisna təşkil etməyib. Tədbirdə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev yeni innovativ tətbiqlər barədə məlumatları diqqətə çatdırıb. Dövlətimizin başçısına 16 ölkədən 500-dən çox iştirakçının qatıldığı Qlobal Müdafiə Texnologiyaları Hakatonu və Vətən müharibəsində tvit siyasəti barədə də məlumat verilib. Qeyd edək ki, müharibə dövründə ilk yerdə dövlətimizin başçısının tvitləri dayanıb. Bu tvitlərə 396 min baxış olub. #karabakhisazerbaijan həştəqi 800 mindən çox paylaşılmaqla bu mövzuda ən çox paylaşılan həştəq olub. Prezident İlham Əliyevə ASAN sosial innovasiyalar texnoparkı, Görmə məhdudiyyətli şəxslər üçün xüsusi eynək layihələri və ASAN ICESCO mükafatı barədə də məlumat verilib. “ASAN xidmət” mərkəzlərində innovasiyaların tətbiqini yüksək dəyərləndirən Prezident İlham Əliyev vurğulayıb: “ASAN xidmət”in fəaliyyəti Azərbaycanda innovasiyaların inkişafına da çox böyük təkan vermişdir. Şadam ki, bu innovasiyaları təqdim edən, onları icad edən gənclərdir. Beləliklə, qısa müddət ərzində ölkəmizin ictimai xidmətlər sahəsində inqilabi dəyişikliklər baş verdi”.

Azərbaycanın intellektual brendi olan “ASAN xidmət”ə beynəlxalq səviyyədə böyük maraq göstərilir

Azərbaycanın nümunəsi, ölkəmizin vətəndaşlara ictimai xidmətlər göstərilməsində nümayiş etdirdiyi təcrübə beynəlxalq səviyyədə yüksək dəyərləndirilir. 2019-cu ilin iyun ayında Bakıda Birləşmiş Millətlər Təşkilatı və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə BMT-nin Dövlət Xidmətləri Forumu keçirilib. Açılış mərasimində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da iştirak etdiyi Forumun keçirilməsində məqsəd dövlət idarəçiliyi, dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl modelləri, innovasiyalar və bu sahədə aktual məsələlər üzrə müzakirələrin aparılması, habelə dövlətlərin bu istiqamətlərdə qabaqcıl təcrübələrinin mübadiləsi olub. Dünyanın 190-dan çox ölkəsindən 500-dən artıq nümayəndənin iştirak etdiyi belə bir mötəbər Forumun Bakıda keçirilməsi Azərbaycanın təcrübəsinin bütün dünyada yüksək dəyərləndirildiyini təsdiqləyir. Öz növbəsində, Azərbaycanın intellektual brendi olan “ASAN xidmət”ə də beynəlxalq miqyasda böyük maraq var. Özünəməxsus hüquqi strukturu olan bu model bir çox beynəlxalq əməkdaşlar və ekspertlər tərəfindən təqdirəlayiq hesab olunur. Prezident İlham Əliyev Tovuzda “ASAN Həyat” kompleksi ilə tanışlıqdan sonra “ASAN xidmət” əməkdaşları və könüllüləri ilə görüşündəki çıxışında deyib: “Artıq “ASAN xidmət” “ASAN” adı altında başqa ölkələrdə də fəaliyyət göstərməyə başlayıb. Bu, bizim şərtimiz idi, çünki bu, bizim brendimiz, bizim intellektual məhsulumuzdur. Əlbəttə, biz öz təcrübəmizi istənilən ölkə ilə bölüşməyə hazırıq və bunu edirik”.

Qeyd edək ki, Azərbaycanın “ASAN xidmət” modeli əsasında Əfqanıstanda dövlət xidmətlərinin göstərilməsi sahəsində eyniadlı qurum təsis edilib. Bundan başqa, İtaliya, Koreya Respublikası, Fransa, İndoneziya, Monteneqro və ISESCO təşkilatı ilə əməkdaşlığa dair Anlaşma memorandumları imzalanıb. 2014-cü ildə “ASAN xidmət” İSO 9001:2008 və OHSAS 18001:2007 standartları üzrə beynəlxalq dərəcəli sertifikatlara layiq görülüb. “ASAN xidmət”, həmçinin Britaniya Əməyin Mühafizəsi Şurası tərəfindən beynəlxalq müsabiqənin qalibi olub. “ASAN xidmət” 2015-ci il BMT-nin “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında 1-ci yerə layiq görülərək xüsusi mükafat və diplomla təltif olunub. Bundan başqa, ISESCO-nun 2019-2021-ci illər üzrə üçillik fəaliyyət planında üzv ölkələrdə sektoral idarəçilik mexanizminin inkişaf etdirilməsi məqsədilə dövlət idarəçiliyi sahəsində Azərbaycanın “ASAN xidmət” modelindən faydalanmaq tövsiyə olunub.

Mübariz ABDULLAYEV

 
Paylaş
Baxılıb: 310 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31