Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Hikmət Babaoğlu: Prezidentin “Azərbaycanın sülh təklifi masa üstündə əbədi qala bilməz” fikri Ermənistana ciddi xəbərdarlıqdır

Hikmət Babaoğlu: Prezidentin “Azərbaycanın sülh təklifi masa üstündə əbədi qala bilməz” fikri Ermənistana ciddi xəbərdarlıqdır

16.08.2021 [09:54]

Azərbaycan Prezidenti İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsində bir çox məsələlərlə bağlı mühüm mesajlar verdi. Bunların bir qismi yaranmış yeni vəziyyətdə Ermənistan-Azərbaycan münasibətləri və onun perspektivləri ilə bağlı idi. Bu məsələdə Azərbaycanın iki ölkə arasında uzunmüddətli sülhlə bağlı mövqeyinin hələ də dəyişməz qaldığını bildirən qalib Lider İlham Əliyev bu mövqeyin daim belə olmayacağını da ifadə edərək dedi ki, əgər Ermənistan sülhə hazır olmayacaqsa, Azərbaycanın sülh təklifi masa üstündə əbədi qala bilməz. Bu mövqe Ermənistanı son günlər törətdiyi təxribatlardan çəkinməyə dəvət etməklə bərabər, həm də ona təmkinli, ancaq ciddi xəbərdarlıq idi. Yəni, sülhün əksi müharibədir və Azərbaycan buna hazırdır. Yaxşı olar ki, Ermənistan yeni məğlubiyyətə məhkum edilmiş müharibədənsə, inkişaf gətirəcək uzunmüddətli sülhə hazırlaşsın.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat qeyd edib ki, ikinci mühüm məsələ Azərbaycan Prezidentinin Qarabağda yaşayan erməni icmasını “yolunu azmış Azərbaycan vətəndaşları adlandırması” və onların Azərbaycan cəmiyyətinə inteqrasiya edilməsi oldu. Verilən incə mesaj o idi ki, Azərbaycan vətəndaşını, yolunu azmış olsa belə, Azərbaycandan qoruyacaq heç bir sülhməramlı missiyaya ehtiyac yoxdur. Bu missiyanı daimi, yaxud uzunmüddətli sayaraq yanlış hesab quranlar belə səhvə yol verməsinlər. Çünki üçtərəfli Bəyanatda hər bir məsələ konkret vaxt göstərilməklə açıq şəkildə qeyd edilib.

“Xüsusi diqqət çəkən üçüncü məsələ ilə əlaqədar obyektiv təsbit və dəyərləndirmə ondan ibarət idi ki, erməni xalqı və hakimiyyəti artıq məğlubiyyəti qəbul edib. Bu qənaətin əsas mənbəyi odur ki, 20 iyun seçkilərində ermənilərin 54 faizi məğlub ali baş komandanlarına səs verərək onu yenidən “lider” seçiblər. Bu həqiqətin bir qədər yumşaq ifadəsi odur ki, ermənilər yeni reallığı qəbul edir və sülhə məhkum olduqlarını anlayırlar. Ancaq təəssüf ki, yenə də kimlərsə erməniləri özlərinin imperialist məqsədləri naminə yeni avantüraya sürükləmək istəyir. Yəni, Rusiyanın müdafiə naziri nədənsə yenidən Ermənistan ordusunu silahlandırmaq və komplektləşdirmək barədə fikirlər səsləndirir. Əgər ermənilər yeni vəziyyətlə barışıblarsa və işğal faktının Azərbaycan tərəfindən aradan qaldırılması reallığını qəbul edirlərsə, onda, görəsən, Ermənistanı niyə zorla Azərbaycana qarşı silahlandırmağa cəhd göstərilir. Məqsəd nədir?”, - deyən deputat vurğulayıb ki, heç kim Azərbaycanın tarixi Qələbəsi ilə başa çatmış 44 günlük müharibədə baş verənləri unutmasın. Əgər Rusiyadan Ermənistana 30 ildə milyardlarla dollar dəyərində verilən silahlar hərbi balansı Ermənistanın xeyrinə dəyişə bilmədisə, bu gün o milyardlar hesabına əldə edilən ən müasir silahlar Azərbaycanın Hərbi Qənimətlər Parkında sərgilənirsə, növbəti cəhdin də aqibəti belə olmağa məhkumdur. Əgər belə təxribatlar davam edəcəksə, Azərbaycan tərəfi artıq önləyici tədbirlər görəcək və belə tədbirlər artıq görülür.

“Rusiyanın regionda oynadığı rol təbii hesab edilərək, eyni zamanda, 10 noyabr Bəyanatında əksini tapan müddəaların hamısının yerinə yetirilməsinin vacibliyi bir daha xatırladıldı ki, bu da hər şeydən əvvəl sülhməramlı missiyanın səlahiyyət zonasında olan bütün silahlı qruplaşmaların dərhal Azərbaycan ərazisindən çıxarılması ilə bağlı idi. Növbəti mesaj da çox konkret idi. Azərbaycan 44 günlük müharibədən dərs çıxarmayanlara yenidən dərs verməyə hazırdır. Biz ləyaqətli müharibə apardıq və hərbi cinayətə yol vermədik. Azərbaycan sülh istəyir. Sülhə gedən yol isə Zəngəzur dəhlizindən, silahsızlaşdırılmış, itaətkar və Azərbaycan cəmiyyətinə inteqrasiya etməyə hazır olan, hansısa missiyanın himayəsində yox, Azərbaycan dövlətinin və qanunlarının himayəsində yaşayan erməni icmasından və Ermənistan tərəfindən tanınan Azərbaycan sərhədlərindən keçir!”, - deyə H.Babaoğlu fikirlərini tamamlayıb.

Paylaş
Baxılıb: 104 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31